Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin.
M. Ə. Sabir
Şərqi Azərbaycan vilayətinin Təhsil İdarəsinin baş müdiri İsfəndiyar Sadiqi ana dilində təhsil ilə bağlı verdiyi açıqlamada bildirib ki, Təbriz Universitetində Azərbaycan türkcəsi dili və ədəbiyyatı ixtisası mövcuddur, lakin bu ixtisasa yetərincə maraq yoxdur. Onun sözlərinə görə, bu səbəbdən ana dili tədrisi məsələsi əsasən şüar səviyyəsində qalır və heç kim övladını göndərib türk dili oxutdurmaq istəmir.
Sadiqi həmçinin prezident Məsud Pezeşkiyanın ana dilində təhsillə bağlı vədinə toxunaraq bildirib ki, gələcəkdə bəlkə türkcə də ingiliscə kimi bir kitab formatında tədris olunsun, amma türkcə ümumi təhsil mümkün deyil.
Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və tənqid hədəfinə çevrilib. Cəmiyyətin müxtəlif təbəqələrindən, xüsusilə ziyalılar və milli fəallar tərəfindən Sadiqinin çıxışı təəssüf və narahatlıqla qarşılanıb.
Üniversitet müəllimlərinin müsbət münasibəti
Sadiqinin iddialarına cavab olaraq Təbriz Universitetinin Azərbaycan türkcəsi dili və ədəbiyyatı bölməsinin müdiri Məhəmmədəli Musazadə bu açıqlamaların həqiqəti əks etdirmədiyini bildirib. Musazadə qeyd edib ki, Azərbaycan türkcəsi bölməsi hazırda fəaliyyət göstərir və hər il tələbə qəbul edir.
O, həmçinin iş imkanları məsələsinə də toxunaraq əlavə edib İxtisas seçiminə marağın formalaşmasında əmək bazarındakı vəziyyətin böyük rolu var. Əgər məzunlar üçün iş imkanları yaradılmasa, təbii ki, bu sahəyə maraq da azalacaqdır deyib. Bu fikir, dilin təkcə mədəni yox, həm də sosial və iqtisadi sistemlə sıx bağlı olduğunu bir daha göstərir.
Oxu ama ortada bir iş yoxdur
Sadiqinin ictimai elmlərdən məzun olduğu deyilir. Lakin onun çıxışında nə ictimai elmlərin, nə də təhsil sisteminin əsas prinsiplərinin izinə rast gəlmək olur. Sosial elmlərin ən fundamental anlayışlarından biri olan sosial sistemlərin qarşılıqlı asılılığı anlayışı belə nəzərə alınmayıb.
Dil təhsili cəmiyyətin digər sahələrindən müstəqil mövcud ola bilməz. İnsanlar təkcə “sevgi” ilə deyil, həm də “reallıq”la seçim edirlər. Fizika, tibb, hüquq və digər sahələrdə təhsilə maraq da əsasən iş imkanları ilə formalaşır. Dil sahəsində də bu belədir. Əgər dil ixtisası üzrə təhsil alanlar üçün iş perspektivləri yaradılmasa, təbii ki, valideynlər də övladlarını bu sahəyə yönləndirmək istəməzlər.
Dünyadan nümunələr
Əslində, ana dilində təhsil tələbinin müzakirəyə açılması belə bir dönəmdə artıq vaxt itkisidir, çünki bu məsələ dünyanın əksər bölgələrində çoxdan həll olunmuş, hüquqi və institusional çərçivəyə salınmışdır. Bugün Əfqanıstan kimi konservativ və siyasi baxımdan sabit olmayan ölkələrdə belə neçə dildə təhsil imkanları tanınır. Qərb ölkələrində isə çoxdilli təhsil artıq normaya çevrilmiş, etnik və dil azlıqlarının hüquqlarını qorumaq məqsədilə geniş tətbiq olunan bir model halını almışdır.
Belə bir şəraitdə, sosial elmlər sahəsində təhsil aldığı iddia edilən və regionun təhsil məsələlərinə cavabdeh olan bir şəxsin nə çoxdilli təhsil modellərindən, nə də bu modellərin sosial inteqrasiyada və vətəndaşlıq hüquqlarının təminindəki rolundan xəbərdar olduğu aydın şəkildə görünür. Onun çıxışları göstərir ki, nə ana dilində təhsilin pedaqoji və psixoloji əhəmiyyətini anlayır, nə də dil məsələsinin ictimai dəyərlərlə, identikliklə və sosial ədalətlə əlaqəsini qavrayır. Bu isə yalnız fərdi bir savadsızlıq deyil, eyni zamanda dövlətin məsələni necə qeyri-ciddi və siyasi maraqlarla idarə etdiyini ortaya qoyur.
Tarixi mübarizə və cəmiyyətin haqq tələbi
Ana dili təhsili məsələsi Azərbaycanın müasir tarixi ilə bərabər addımlayan bir mübarizə mövzusudur. 1945-ci ildə Azərbaycan türkcəsində yalnız ədəbiyyat deyil, həm də fizika, riyaziyyat və digər elmlərin tədrisi mümkün olduğu sübut edilib. Sonrakı illərdə milli dövlət yıxılsa da o ideya heç vaxt yıxılmadı və ana dilinə olan maraq müxtəlif formalarda özünü qorudu. Gizli dəftərlərdə, şifahi nağıllarda, aşıqların havasında, sürgünlərdə və ürəklərdə Pəhləvi zülmündən qorunub saxlanıldı.
İslam Respublikası dönəmində də ana dili məsələsi daim gündəmdə olub. Qeyri-rəsmi türk dili kurslarının təşkili, Azərbaycan türkcəsində şeir və nəsr əsərlərinin yazılması bu marağın əsas təzahür formalarındandır. Eyni zamanda, dil tələbi sadəcə mədəniyyət sahəsi ilə məhdudlaşmamış, futbol meydanlarından tutmuş xiyabanlardakı etirazlara qədər geniş ictimai müstəvidə səsləndirilmişdir. il, hətta bəzən hər ay milli fəallar ana dilində təhsil tələbi ilə çıxış etdiklərinə görə həbs olunur, işgəncəyə məruz qalırlar. Bu gün bir jurnalist təhsil müdirinə açıq şəkildə “niyə türkcə təhsil yoxdur?” sualını verirsə, bu, sadəcə fərdi maraq deyil – bu sualın arxasında onilliklərin mücadiləsi və milyonlarla insanın haqlı tələbi dayanır. Müdirin sözünü etdiyi Təbriz Universitetində mövcud olan türkcə ixtisas belə həmin mübarizənin məhsuludur.
Pezeşkiyan və gözləntilər
Əslində bu kimi çıxışlar Pezeşkiyan hökumətinə bağlı şəxslərdən ilk deyil. Daha öncə də İran parlamentində dövlət nümayəndəsi dövlətin ana dilində təhsil məsələsinə qarşı münasibətindən açıq şəkildə danışmışdı. Bu isə sual doğurur: Pezeşkiyan hökuməti də sələfləri kimi bu məsələ üzərində oyun oynayacaq mı?
Məsud Pezeşkiyan Azərbaycan bölgələrində xalq tərəfindən böyük dəstək alaraq prezident seçilib. Lakin əgər onun ətrafında olan şəxslər bu kimi mövqelərlə çıxış edərsə və o buna reaksiya verməzsə, bu dəstək sürətlə azala bilər. Çünki ana dili məsələsi artıq nəinki bir idarəçinin, hətta bir prezidentin belə səlahiyyətini aşan geniş ictimai-siyasi bir tələbatdır.