Kitab Tanıtımı: Azərbaycan şeirində modernizm

Google+ Pinterest LinkedIn Tumblr +

Ədəbiyyat tənqidçisi Hümmət Şəhbazi Azərbaycan Şeirində Modernizm kitabını iki cilddə, 1244 səhifədə, Azərbaycan türkcəsində yazılıb. Yazar kitabın ön sözündə, dünyada modernlik axarının izini tutaraq onun Fransız devrimi(1789-1799) ilə başladığını yazır. O, İnsanın əqlə(usa) və elmə(biliyə) inamının artmasını, eyni zamanda ağılasığmaz və doğaüstü düşüncələrdən (Ətəkyazı: və inanclardan) uzaqlaşmasını, bu dövrün yaranmasına nədən bilir.
Bu yolda bir sıra ölkələrin ictimai inkişafının, tusbağa sayağı irəliləyən başqa ölkələrdə etkili olmasını vurğulayır. Sonra artırır ki buna baxmayaraq bu ölkələrin bu axarda sürünə–sürünə gəlmələri, onlardan tam şəkildə gəlişmə imkanını alır.

Bir yandan bu ölkələrin, modernliyə aid özəlliklərə heyran olduqları, başqa yandan hakimlərinin modernlik dəyərlərini ayaq altına aldığını söyləyir. Örnək olaraq iran və Rza şahın bu yolda atdığı səhv addımları göstərir.
Yazar qısa açıqlamadan sonra, Azərbaycan toplumunda modernləşmə sürəcinin üç mərhələdə olduğunu yazır:

a) Aydınlanma dövrü
b) Çağdaşlanma dövrü
c) Modern dönəm

O, yazır ki bu modernləşmə mərhələləri toplumun hər iki qatında, yəni 1. kütlələr və 2. aydınlar arasında özünə məxsus özəlliklərlə keçir. Onun fikrincə, Azərbaycanda kütlələrdə modernləşmə Avropadan çox sonra yayğınlaşır. Bu uzun müddətdə Azərbaycan kütləsi sivil ölkələrin yalnız modern tükətimçisi (istehlakçısı) olur. Aydınlarda modernləşmə isə ümumiyyətlə Avropa modernləşməsi ilə birgə və ya ondan çox az sonra başlamış bir cərəyandır. O Azərbaycan ziyalılarını və yaxud aydınlarını, Azərbaycan modernləşməsi mərhələlərinin qabaqda gedənləri olduqlarını bildirir.

O yazır ki aydınlanma dövründə başda Mirzə Fətəli Axundzadə (1812-1878) olmaqla Azərbaycan aydınları, xurafəçilyi və dini fanatizmi tənqid ediblər. O, bu dövrün 1920.ci illərə qədər sürməsini, həmçinin bu mərhələdə Güney və Quzey Azərbaycanın aydınlarının ayrı-ayrı dəyərləndirilməməsini müdafiə edir.
İkinci mərhələnin, yəni çağdaşlanma adlandırdığı dövrün başlanışını Rza şah dönəminin başlanışı ilə bir tutur(1921.ci il). O bu mərhələdə, iki Azərbaycanda sınırların (sərhədlərin) möhkəmlənməsini və ondan dolayı yazarların siyasilşməyə doğru getdiyini yazır.

Üçüncü mərhələ, yazıçının fikrincə 1960-ci onillikdən başlamışdı. O modern dönəm adlandırdığı bu mərhələdə aydınların əsas çalışmalarının “kimlik dartışması ” olduğune deyir. Önsözdə açıqlanmış bu üç mərhələ kitabın bölmələrində də yetərincə açıqlanıb. Yazar bu üç mərhələnin necə gəlişməsi barədə belə yekünlaşdırması var: “Azərbaycan şeirində məşrütə dövründə olan yenilik, düşüncə və məzmun faktoru üzrə qurulur, çağdaşlanma dövründəki yenilik isə , modernizmin “tarixsəl” mərhələsini əks edir. 90-ci onillikdən bu yana isə ,biz modernizmin hər iki üzünü yaşayırıq. Yəni bu dövrdəki şeirimiz , düşüncə və tarixsəl mərhələlərini qarışdıraraq yığcam bir modern düşüncəni əhatə etməyə başlayır”

Yazar qərb ədəbiyyatında sürən “modernləşmə” ilə Azərbaycanda sürən modernləşmənin əsas fərqlərindən birini elmi dartışma və tənqidlərin olmamasını deyir. O qərbdə ziyalılar arasında yaranan dartışma və çəkiş-bərkişləri, çeşidli düşüncələrin yaradılmasına və modernizmin çeşidli yön və axımlarının üzə çıxmasına əsas nədən kimi sayır. Lakin Azərbaycan modernləşmə gedişatında sistematik və çeşidli nəzəriyyələr yaranmamasına çox təəssüflənir. O bu çatımamamzlığın Azərbaycan şairlərində ortaq bir düşüncəyə çatmaq yolunda böyük bir maneə kimi durduğunu düşünərək yazır ki Azərbaycanda həm ictimai və həm də ədəbi istiqamətlərdə ilk yenilik gətirənlər Azərbaycanlılar olublar.

Şeirimizin yeniləşməsində Sahirin böyük rolu olduğuna baxmayaraq, onun bu yeniliyindəki texnika metodları açıqlanmır [tənqidin olmamasını nəzərdə tutur]. Bu, Səhənd, Oxtay kimi şairlərə də eynidir. Yazar bu kontekstdə Mirzə Fətəli Axundzadəni istisna edir və onun yazılarında janrların texniki xüsusiyyətlərini də oxucuya öyrətməsini dəyərləndirir. Axundzadənin yazdığı pyes janrının Azərbaycan ədəbiyyatındakı böyük çatışmazlıqları doldurmaq baxımından əhəmiyyətli olduğunu qeyd edir.

Kitabın birinci bölməsində yazar, aydınlanma dövrü adlandırdığı mərhələni, bu dövr aydınlarının düşüncə əsaslarını və ümumilikdə Mirzə Fətəli Axundzadənin ideyalarının təməlini geniş şəkildə izah edir və oxucuya tanıdır.

İkinci bölmədə isə çağdaşlanma adlandırdığı ikinci mərhələni və bu mərhələnin əsas özəlliyi saydığı «siyasiləşmə»-nin nədən və necəliyini açıqlayır. Yazıçı şair Sahir və Səhəndi bu dövrün əsas nümayəndələri sayaraq, onların şeirlərindən örnəklər gətirərək fikirlərini şərh edir.

üçüncü bölmə “modernləşmə\modernizmə giriş” ünvani ilə, dünya ədəbiyyatında və şeirində, modernizimin nəliyi , necəliyi , özəllikləri və bu sahədə dünya ədəbiyyatçıları və filosoflarının nəzəriyyə və baxışları, çox-çox geniş, etkili və uzmancasına açıqlanılıb. Modern şeirin özəllikləri nələrdir? şeirdə qəlib, forma və məzmun nə deməkdir? modern şeirin dili, vəzni hansı xüsusiyətlərə malik olur? səs, quruluş və harmoni necə yaranır? modern şeirdə düşüncə, xəyal, realizm, simbolizm , estetika, bədii təsəvvür, lirika hansı məqamlara malikdir? insan və toplum modern şeirdə hansı durumdadır? fəlsəfə və ideolojinin modern şeirlə əlaqəsi nədir? modern şeir kim və nələr barədə özünü sorumlu bilir? modern şeiri şeirsəllikdən uzaq salan nələr ola bilər? vs. kimi məsələlər bu bölmədə olduğu qədər açıqlanılıbdır. Bu bölmə oxuculara , xüsusi ilə şairlərimizə modern ədəbiyyat, şeir və incəsənət barədə geniş məlumat verir. Modernizmin sahələri, o sahələrin arasında olan qarşıtlıqlar və dartışmalar, bu qarşıtlıqlar və dartışmaların gəl ha gəl modernizmi yeniliklərə gətirib çıxarması, yazarın bu bölmədə toxunduğu yol göstərici fikirləri olmuşdur.

Modernizmin bir yandan gərginlik törətməsi başqa yandan isə, onun qarşısını almağa yol axtarması, onun həm yaradıcı və həm dağıdıcı olması, insanları ənənəvi əzab-əziyətlərdən qurtarması və eyni halda onlara yeni əziyət sahələri açması, yazarın fikrincə modernizmin maraqlı və özəl özəllikləridir.
“Modern şəirimiz” ünvanı daşıyan dördüncü bölümdə, Azərbaycan modern şeirinin məzmun, forma, sərbəstlik, sətir bölgüsü, musiqi və harmoniya, dil, estetika, simvol və bədii təsvir, metafora, qapalılıq (ibham), quruluş, lirika, ironiya, mif (usturə), qısa şeir, qadınsal ifadə tərzi və digər cəhətləri yeni şairlərin əsərlərindən nümunələrlə izah edilir.

beşinci bölümdə yazar Azərbaycan modern şeirinin yaranış və sürəcindən söz açır. O modern şeirin əsas və birinci özəlliyini çoxları kimi sərbəstlik olaraq bildirsə də, çoxlarından fərqli olaraq, təkcə bunun şeiri modern etmədiyini vurğulayır. Onun fikrincə, modern şeir klassik şeirdə olan bütün elementləri yeni formada və yeni məzmunla əks etdirməlidir.

Yazar bu mövqedən çıxış edərək, yalnız formaca sərbəst olan şeirləri modern saymır və bu əsərləri kitabda araşdırmır. Ona görə də yalnız qəlib baxımından yeni və sərbəst olan şeiri modern şeir saymağı düzgün hesab etmir, bu baxımdan şeirləri bu kitabda araşdırmaqdan göz örtmüşdür. Bu yanaşmadan dolayı Sahir və Səhəndin sərbəst formalı şeirlərinin də tam mənada modern adlandırıla bilməyəcəyini bildirir və tanıtdığı ölçülərlə uyğun gələn şeir örnəklərini ilk dəfə Həmid Nutqi və tam şəkildə Əlirza Nabdildə görür.

Beləliklə, yazar modern şeirimizin başlanğıc nöqtəsini 1960-cı illər, əsas yaradıcılarını isə Həmid Nutqi və Əlirza Nabdil (Oxtay) hesab edir. O yazır ki, 1960-cı illərin ortalarından 1990-cı illərin əvvəllərinə qədər modern şeirimiz durğunluq, geriyə dönüş, təkrarçılıq və böhran yaşamayıb.
90-cı illərdən və 2000-ci illərdən etibarən modern şeirin yenidən inkişaf etdiyini bildirən yazar, altıncı və yeddinci bölümlərdə həmin dövrlərdə meydana çıxan şairləri və onların şeirlərinin xüsusiyyətlərini geniş şəkildə təqdim edir.
Məsələn:
• Səhər xanımın şeirində “qayğıkeş lirika”,
• Urmulunun poeziyasında “ənənəvi poetika”,
• Həmid Şəhanəqinin şeirində “axıcı təsvirlər zənciri”,
• Nigar Xiyavinin şeirində “cinsiyyətləşmiş poetika”,
• Hadi Qaraçayın şeirində “epik dil və obrazlar”,
• Saleh Ətainin şeirində təhkiyə və obrazlı ifadə,
• Kiyan Xiyavinin şeirində “ölümün ölməzliyi” mövzusu,
• Nasir Merqatinin şeirində misra və sətirlərin poetik struktura doğru hərəkəti,
• Nəsim Cəfərinin şeirində “çöküş fəlsəfəsi”,
• Rəsul Yunanın şeiri əsasında sadə və bayağı poeziya arasındakı fərqlərin təhlili aparılır.

Sonda isə son üç onillikdə şeirimizin çatışmayan cəhətləri modern şeir meyarları əsasında təhlil edilir.
Başqa sözlə desək, burada şeirin estetikası və onun forması, məzmunu, ismarıcı, kinayəsi, süjeti, hekayəsi, mifoloji strukturları, bədii təsvir və simvolları, qafiyə və misra quruluşu, lirizmi və sairə şablon və təkrarlanan elementlərlə deyil, onların yenidən yaradılmış və təkrarsız formaları ilə ortaya qoyulmalıdır.

Not: bu tanıtım yazısı əslində @online.kitabci instagram səhifəsinin kitab tanıtımı adlı yarışmasında iştirak etmək üçün yazılmış və həmən səhifə vasitəsilə yayımlanmışdı. Yazıçı həmən səhifənin müdüründən təşəkkür etməyi özünə borc bilir.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.