Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Donald Trump ilə birlikdə sülh sazişini imzaladılar. Bu razılaşmanın şərtlərinə əsasən Cənubi Qafqazda “Zəngəzur Dəhlizi” adlanan 43 km-lik əsas tranzit koridoru yaradılacaq. Bu koridor Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirəcək və “Trump Route for International Peace and Prosperity” (TRIPP) adını daşıyacaq.
İmzalanan sənəddə Cənubi Qafqazda yeni nəqliyyat dəhlizinin inşası və ABŞ-ın bu xəttin inkişafına 99 il müddətinə hüquq əldə etməsi nəzərdə tutulub. Layihə çərçivəsində 43 km uzunluğunda dəhliz boyunca dəmiryol, avtomobil yolu, neft və qaz kəmərləri, eləcə də optik kabel xətləri çəkiləcək. Bəyanata görə, razılaşma tərəfləri artıq atəşkəsi daimi sülhə çevirmək, münasibətləri normallaşdırmaq və qarşılıqlı suverenliyə hörmət göstərməklə uzunmüddətli sülhə töhfə verəcəklər. ABŞ Prezidenti Donald Trump 35 illik münaqişənin bitdiyini və bu liderin “indi dost olduqlarını” qeyd edib. Bu yeni dostluq hamıya eyni şəkildə təsir etmir, bəzi ölkələr sevinirkən digərlərinın narahatlığına səbəb olub. Narahat olan dövlətlərin biri də İran dövlətidir.
Bu layihə niyə əhəmiyyətlidir?
Zəngəzur Dəhlizi layihəsi Avrasiyada yeni ticarət yollarının açılmasına imkan verərək Şərqdən Qərbə “Böyük İpək Yolu” funksiyasını yerinə yetirəcək. Bu koridor Orta Asiya ölkələrindən Türkiyə və Avropaya birbaşa əlaqə yaradacaq, Rusiya və İranı iqtisadi dövrədən çıxararaq onların regiondakı təsirini zəiflədəcək. Azərbaycan üçün isə bu, Türkiyə və Avropa ilə birbaşa ticarət və enerji nəqli üçün qısa yol kimi böyük əhəmiyyət daşıyır. Ermənistan isə həmin əraziləri icarə verərək iqtisadi qazanc əldə edəcək.
ABŞ bu layihədə mühüm rol oynayır və burada geosiyasi üstünlük qazanmaq niyyətindədir. Ağ Ev bildirir ki, ABŞ şirkətləri tranzit koridorunu inkişaf etdirəcək və əldə olunan gəlirlərdən pay alacaq. Tramp administrasiyası bunu Rusiyaya qarşı böyük geosiyasi qələbə kimi qiymətləndirir. Türkiyə layihəni regional sülh və sabitlik üçün vacib addım hesab edir, Rusiya isə ehtiyatlı mövqe tutur və danışıqların region dövlətləri tərəfindən həllini önə çəkir.
Gürcüstanda isə həm hakimiyyət, həm müxalifət sazişi alqışladı; rəsmi Bakı və İrəvanla əməkdaşlığa maraq ifadə edənlər oldu, amma keçmiş hakimiyyət korporasiyası narahatlıqla “Qafqazda Gürcüstan harda qaldı?” sualını qaldırdı. Avropa Birliyi isə yüksək səviyyəli nümayəndəsi bu razılaşmanı “onilliklər boyu münaqişəni bitirmək üçün əhəmiyyətli irəliləyiş” adlandırdı.
İran rəsmilərinin münasibəti və Pezeşkiyan höküməti
İranda vəziyyət tamamilə fərqli olub. Saziş ölkə miqyasında əsasən mənfi qarşılanıb, amma ən yumşaq reaksiya rəsmi hökumətdən gəlib. Ümumilikdə, siyasi cərəyanlar və tanınmış ictimai-siyasi fiqurlar bu razılaşmanın İranın maraqlarına zidd olduğu qənaətindədirlər. Bəzi tənqidçilər isə daha da irəli gedərək, bu sazişin İranın Avropaya çıxış yolunu kəsdiyini iddia edib və bu vəziyyətə dərhal qarşı çıxmağın vacibliyini vurğulayıblar. İranın ali liderinin xarici siyasət məsləhətçisi Əli Əkbər Velayati koridorun “Trampın əsgərlərinin məzarı” olacağını söylədi. Şəriətmədari, Keyhan qəzetinin baş redaktoru isə “Zəngəzurun icarəyə verilməsinə cavab olaraq Hörmüz boğazını bağlamalıyıq.” Deyib. İran Xarici İşlər Nazirliyinin Strateji Şurasının üzvü Əli Baqeri-Kəni isə “İslam Respublikası Zəngəzur məsələsininin üstündən rahatlıqla keçməyəcək” deyib.
İran XİN-i də razılaşmanı “davamlı sülh üçün əhəmiyyətli addım” adlandırsa da, ölkəsinin sərhədləri yaxınlığında xarici müdaxilə təhlükəsindən narahatlıq bildirdi. Prezident Pezeşkiyan “Tramp yolu” ilə bağlı açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi məsələsində İran İslam Respublikasının tələbləri nəzərə alınıb. Onun sözlərinə görə, doktor Əraqçinin təqdim etdiyi məruzə göstərir ki, məsələ xəbərlərdə şişirdildiyi qədər böyük deyil. Pezeşkiyan vurğulayıb ki, layihə ərazi bütövlüyü prinsipi, əlaqələrin qurulması, Avropa və Şimala gedən yolun açıq qalması və dövlətin mövqeyinə uyğun şəkildə formalaşdırılıb. Yeganə narahatlıq isə bu yolun amerikalı və erməni şirkəti tərəfindən inşa olunmasıdır.
İran kimə uduzur? niyə uduzur?
Moctəba Bəharvənd, iqtisad və xarici ticarət şərhçisi İranın vəziyyətini belə açıqlayıb: “Regionda İrandan kənar keçməyən hansı tranzit xətti var ki? Şimaldan cənuba, şərqdən qərbə—hamısı bizdən yan keçməyi hədəfləyir, içimizdən keçməyi yox.” Bu tənqid son illərdə dəfələrcə fərqli şəxslərin dilindən səslndirilib. İran Dövlətinin elit təbəqəsi köhnə bir adət üzərə xarici gücləri günahlandırır lakin bu nə qədər doğrudur?
Təbrizin keçmiş millət vəkili Əkbər Ələmi bu vəziyyətin İranın xarici siyasətində uzun müddət davam edən səhvlərin nəticəsi olduğunu deyib: “Bu vəziyyətin kökləri İran diplomatiyasının tarixi və struktural səhvlərinə söykənir və bu səhvlər son 30 ildə, xüsusilə Rəfsəncani dövründən Ruhaniyə qədər davam edib.” O, Xatəmi dövründə Ermənistanla münasibətləri gücləndirməyə çalışsa da, Azərbaycanla əlaqələrin inkişafında uğursuz olduğunu və bu vəziyyətin Türkiyə və İsrailin regiondakı nüfuzunun artmasına şərait yaratdığını bildirib. Bundan əlavə, Ruhani dövründə və Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında bu prosesin pik həddə çatdığını, Ermənistan üzərində həddindən artıq diqqətin, Azərbaycanın strateji əlaqələrinin gözardı olunmasına və passiv reaksiyaların İranın regional mövqeyini ciddi şəkildə zəiflətdiyini səbəb olduğunu vurğulayıb.
Təbrizin indiki nümayəndəsi Əlirza Novin isə məsələyə belə reaksiya verib: “Bu gün yaşananlar … dövlətlərin lazımi diqqəti göstərməməsi və imkanlardan vaxtında faydalanmaması nəticəsində baş verib.” O həmçinin sazişin iqtisadi təsirlərinə diqqət çəkib: “Zəngəzur dəhlizi İranın gələcək tranzit, ticarət və investisiya sahələrində həyati əhəmiyyətə malikdir.”
Moctəba Bəharvənd, iqtisad və xarici ticarət şərhçisi həmçinin deyib ki, “Zəngəzur dəhlizinin açılması ilə İranın regional tranzitdən aldığı pay 30 faiz azalacaq və ölkənin Avropa ilə birbaşa əlaqələri ciddi şəkildə məhdudlaşacaq. İran, Şərq ilə Qərbi birləşdirən əsas tranzit qovşağı olmaq imkanını itirir, çünki yeni marşrutlar İrandan kənarda planlaşdırılır.” O, bu vəziyyətin yaranmasını İran daxilindəki hakim elitanın ideoloji yanaşmasının nəticəsi hesab edir: “Bu, uzun illər milli maraqlardan uzaq siyasət yürüdülməsinin və müəyyən qrupların öz maraqlarını üstün tutmasının nəticəsidir. Əgər gələcək nəsillər İranı qınamamalıdırsa, siyasi rəhbərlik bu reallığı qəbul edib, milli maraqlara uyğun siyasətləri yenidən qurmalıdır.”
Savaş ritorikası və tarixin təkrarı
İranda bəzi şəxslər yenə də savaşdan yana olduqlarını deyiblər. Möhsün Rzaei, İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun üzvü və Məsləhət Şurasının Katibi olaraq, Zəngəzur dəhlizi ilə bağlı hadisələrə münasibət bildirərək, sosial şəbəkədə yazıb ki, İranın bu keçid vasitəsilə Rusiya və Avropaya ticarət yolunu bağlamaq cəhdi uğursuzluğa məhkumdur və belə bir hərəkət onun arxasında duranlar üçün kabusa çevriləcək bir yuxudur.
Rizayinin örtülü təhdidinin yanında bir çox başqa şəxs Azərbaycana hücum etməkdən söz edərək açıq təhdid dili istifadə etdilər. Təhdid mesajları müxtəlif şəxslər tərəfindən səsləndirilsə də, bəzi dövlət tənqidçiləri onları əsassız hesab ediblər. Siyasi şərhçi Əhməd Zeydabadi bildirib ki, Azərbaycan Respublikəsinə qarşı hücum seçənəyi heç vaxt ciddi seçənək deyil. Onun fikrincə, İran əhalisinin tərkibində azərbaycanlıların önəmli yeri nəzərə alınaraq, İranın Azərbaycana hücüm etməsi heç vaxt mümkün deyil. Eyni zamanda, o, təhdid dilindən istifadə edən siyasi ritorikanı tənqid edərək, ironik şəkildə əlavə edib ki, belə olsa biz gərək hər tərəfə hücum edək.
Təbrizin keçmiş millət vəkili Əkbər Ələmi İran streteji mövqeini bərpa etmək üçün dərhal siyasətində ciddi islahatlar etməli olduğunu deyib. Hazırkı millət vəkili Əliriza Novin isə ölkə rəhbərliyinin bu fürsətdən səmərəli istifadə etmək üçün qəti iradəsini praktiki addımlarla nümayiş etdirməli olduğunu deyib.