Azərbaycan qəzeti arxivindən: Azərbaycanlıları qətliam edirlər

Google+ Pinterest LinkedIn Tumblr +

27 noyabr 1945-ci ildə Azərbaycan qəzetində Tehranın yaxınlığında yerləşən Şimşək kömür mədəninin azərbaycanlı işçiləri tərəfindən yazılmış bir ərizə dərc edilib. Qəzetin 64-cü sayında çap edilmiş bu ərizədə mədəndə işləyən azərbaycanlı fəhlələrin günahsizkən bəzilərinin öldürüldüyü, 30 fəhlənin həbs edildiyi və çox sayda fəhlələrin döyülüb, qarət olunduğu yazılıb. Qəzetin 65-ci sayında isə Mir Cəfər Pişəvəri və Azərbaycan Demokrat Firqəsi tərəfindən bu ərizəyə münasibət bildirilib.

64-cü sayda dərc olunan fəhlələrin müraciətini  Ətəkyazı oxucularına təqdim edirik.

 

Azərbaycan qəzeti

Sayı 64, Çərşənbə axşamı, 6 Azər 1324-cü il

Azərbaycanlıları qətliam edirlər

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi

300 nəfər Azərbaycanlı fəhlənin və onların 200 nəfər ailə üzvlərinin ürəkləri dağıdan nalələrinə qulaq asın. Görək nə vaxta qədər və nə qədər səbr etməyə dözəcəkdir. Demokrat firqəsinin təşkil olunduğu vaxtdan başlayaraq Təbrizdə dövlət idarələrinin başçıları və məsulları tərəfindən “Şimşək” mədəninin 300 nəfər Azərbaycanlı fəhləsinə qarşı şiddətli bir muxalifət başlanmışdır.

Lakin bizim mətanətimiz onların (dövlət adamlarının) alçaq məqsədlərinin yerinə yetirilməsinə mane olurdu. Nəhayət, 18.10.1945- ci il tarixində Seyid Zyaəddinin və mühəndis Nasir Enşaiyanın qolu bağlı nökəri olan hesabdarlığın rəisi Seyid Əli Əkbər Təbətəbainin təhriki ilə Şimşək, Dorud, Dərbəndsər, Meyqun və Sefidostan məntəqələrinin bütün əhalisinə, biz yazıqların üstünə odlu silahlarla silahlanmış insanlar hücüm etdilər. Halbuki bizim heç ruhumuzun da bu cərəyanlardan xəbəri yox idi.

Bizdən 50 nəfəri yaraladılar və 30 nəfərimizi həbs etdilər. Mədəndə işləyən bütün Azərbaycanlıları qarlı və yağışlı bir havada çölə atdılar. Bir neçə mənzili qarət etdilər və bir mağazanı da taladılar. Fəhlələrin əşyalarından yaxşı olanı qamçı ilə əllərindən aldılar. Həbs edilmişlərin arvad-uşaqlarını başsız olduqlarına görə ağlaya-ağlaya küçələrə qovdular, evlərini qarət etdilər. 3 gün onlar nə çörək yedilər, nə su içdilər.

Bircə onu demək lazımdır ki, Əlinin oğlu Hüseyn Kərbalada bu qədər müsibət görməmişdi. Onun balalarını əgər istidən qırırdılarsa, bizim balalar da soyuqdan tələf olurdular. Şimşəkdə asayiş yaratmaq üçün gəlmiş jandarm qüvvələri yalnız mədən rəisinin və hesabdarlığın rəisinin əmrlərini yerinə yetirirdilər və bu namərd əməliyyatda iştirak edib hücum edənlərə köməklik göstərirdilər.

Vallah, gözümlə gördüyüm hadisələri qələmlə izah etməyə gücüm çatmır. Ola bilsin ki, Tehranın izahatları ilə tanışsınız, köməksiz fəhlələr dörd ay idi ki, maaş almırdılar. Onlar bir dəstə arvad-uşaqları ilə birlikdə yurdsuz-yuvasız Tehran küçələrində sərgərdan gəzişirdilər. Sanki təbiət də bu yazıqlara qarşı müxalifətdə durmuşdu və öz zəhərli oxlarını qış adı ilə onlara sancırdı.

Xülasə, məsələ budur:

1- Kötəyi biz yemişik və namusumuza edilən söyüşləri də biz eşitmişik. Bizlərdən bir neçə nəfər ölümlə şərəflənmişdir.

2- Təqsirsiz olmuşuq.

3- Mədəndən qovulmuşuq.

4- Mallarımız, əşyalarımız qarət olunub.

5- Dövlət idarələri tərəfindən bizə heç bir mərhəmət göstərilməyib.

6- Bu müsibəti törədənlərdən və fəsad yaradan kəslərdən heç kəs həbs edilməmişdir.

7- Bizlərdən 29 nəfəri “Qəsr-Qacar” zindanında həbs etmişlər

8- Bilirsinizmi, nə üçün? Ona görə ki, Azərbaycanlıyıq və bizlərə Türk deyirlər.

Məgər biz İran xalqı deyilikmi? Bizim də bu torpaqda yaşamaq haqqımız vardır. Məgər qanun da bu ölkədə bir tərəflidir? Axı, heç müstəmləkələrlə belə rəftar etmirlər. Ölüm bu cür yaşamaqdan daha şərəflidir. Bəs əlacımız nədir? Kimə şikayət edək? Kim şikayətimizə baxacaq? Biz Azərbaycanlıların hər yerdən ümidimiz kəsilib. Ümid yerimizi yalnız Azərbaycan Demokrat Firqəsində görürük. Əgər sizin köməyiniz olmasa, bizim hüquqlarımız əlimizdən alınmaqdan əlavə yoldaşlarımız uzun müddət göstərilən səbəblərə görə zindanlarda qalacaqlar. Demokrat Partiyası tərəfindən bu barədə bir tədbir görülməsini gözləyirik.

Şimşək mədəninin 300 nəfər Azərbaycanlı fəhləsi və 200 nəfər ailə üzvləri tərəfindən: Səttar Sərabi, Hüseynqulu Qaraçadaği, Hüseyn Miyançı, Ələkbər Ərdəbili və Məhəmmədəli Mərəndi.

 

 

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.