Səndən yaxşılıq ummuram, artıq zərər də yetirmə

Google+ Pinterest LinkedIn Tumblr +

Mir Cəfər Pişəvərinin bu məqaləsi 20 Sentyabr 1945-ci tarixində Azərbaycan qəzetinin 8-ci sayında nəşr edilmişdir. 

 

Tarix təkrar olmaqdadır. İran camaatını, zülm, əsarət və qaranlıqda saxlamağı lazım görən siyasət müharibə nəticəsində cəbrən meydana çıxan zahiri demokratiyaya son qoymağa çalışmaqla vətənimizi əcnbilərə satan xain ünsürlərin fəaliyyətinə geniş meydan açmışdır.

Tehran sürətli addımlarla irticaya tərəf getməkdədir. Başımıza Yunan xalqının başına gələn oyunu gətirmək fikrindədirlər. Parlament, dövlət və mətbuat satılmış xain adamların əlinə düşmüşdür. Bunlar vurub, yıxıb, dağıdıb öz siyasətlərini yeritmək istəyirlər.

Azadlıq, demokratiya naminə çalışmaqda olan qüvvələr cürbəcür bəhanələrlə boğulub tarumar edilməkdədir. Rza xandan daha qaba, daha kobud bir cəllad vücuda gətirmək planı ciddi surətdə zamanında icraya qoyulmuşdur.

İran maharibə zamanı demokratya cəbhəsinin qalibiyyət körpüsü olduğu halda, “sülh zamanı böyük istismar dünyasının səngəri olmalıdır” deyib, milyonlarla zəif xalqları əsarət və qul halında saxlamaq üçün ondan qalxan və səngər yaratmaq, azadlıq və hürriyətimizi bu məqsədə qurban etməyə çalışırlar.

Seyid Ziya əlilə çıxan saysız – hesabsız irticaçı qəzetlər, Dəşti, doktor Tahiri, İsfəndiyari və sairlərinin Parlamentdə oxuduqları rəcəzlər və çevirdikləri hoqqalar hamısı bundan ötrüdür.

Bundan ötrüdür ki, hətta Təbrizdə belə bəzi pis adamlar cürət edib azadlıq əleyhinə xaincəsinə şayiələr yayır, meyxanalarda, pis yerlərdə sel kimi pul xərc edir, macəra axtaran ünsürləri satın alıb, xalqın fikrini onların vasitəsilə zəhrləməyə çalışırlar.

Satılmış irticaçı mətbuat ilə zümzüməyə başlamış xarici radioların həmahəng olması da təsadüfi bir məsələ deyldir. Əleyhimizə qalxan irticaçı qüvvələr xarici istismarçı mənbələrin barmağı ilə oynmaqdadır.

Tarix bizim öhdəmizə böyük bir vəzifə qoymuşdur. Biz Azərbaycanda sarsılmaz bir azadlıq qalası vücuda gətirməliyik. Tehranda və İranın ayrı əyalətlərində əcnbi göstərişi ilə əzilən demokrat və azadlıqsevər şəxəslər bizə pənah gətirəcək, azad və demokrat vətənimizin şanli bayrağı altında müqəddəs vəzifələri olan azadlıq mübarizəsini davam etdirəcəklər.

Azərbaycan Tehranla bir yerdə əsır Hindustan olmaqdansa, özü üçün azad İrlandiya olmağa üstünlük verir.

Tehran pozğun və küçə gözəlləri kimi hər gün bir lotunun qucağına atıla bilər. Azərbaycan isə namus və heysiyyətinə maraqlıdır. O bir daha biganələrin alçaq nökəri olan rzaxanların boyunduruğu altına girməz və gündə bir lotuya təslim olmaz.

Biz hər qiymətə olur olsun, dünyadakı hadisələrin verdiyi imkandan istifadə edib azadlığımızı təmin edəcəyik. Boşboğaz və xain yazıçıların qeyli-qalı bizi tutduğumuz yoldan geri qaytara bilməz.

Firqəmiz bütün Azərbaycan xalqının sağlam və azadlıqsevər ünsürlərini öz bayrağı altına toplamağa müvəffəq olmuşdur.

Izə cə-ə nəsrullahi val-fəth(1). Va ra-əytən-nəsə yədxulunə fi dinillahi əfvacə ayeyi şərifəsi mücibincə bizim fəth və qələbəmizi hiss edən camaat dəstə-dəstə, qrup-qrup sıralarımıza daxıl olmaqdadır.

İdarəmizə ətrafdan sel kimi axıb gələn təbrik telqraflarını çap edib yaymağa belə fürsət tapa bilmirik. Bu isbat edir ki, Azərbaycan xalqının düşmənləri vəhştə düşməkdə səhv etməmişlər.

Azərbaycan azadlıq və demokratiya yolunda böyük qədəmlərlə irəli gedir. Tehran isə əksinə, irticaya uyub geri getməkdədir. Ona görə azadlıqsevər Azərbaycan ilə Tehranı zorlayıb çənginə alan irticaçı dövlət arasında fasilə artır, böyüyür, keçilməz bir hala gəlir. Bu isə bizim təqsirimiz deyildir.

Tehran xalqı öz gedisini ciddi surətdə bir daha nəzərdən keçirməlidir. O gözlərini açıb qabağa çox diqqətlə baxmağa məcbürdür. O hələ bilmir ki, zor ilə iş başına keçənlər onu hara aparır və nə kimi məqsədə sövq edirlər.

İşin axırını hesab etmək nəticəsindədir ki, biz Tehranı gözləməyib, bir çox məsələlərdə hesab və xərcimizi ayırıb öz əlimizə almağa çalışırıq. Biz heyvan deyilik ki,noxtamızı sirli və şübhəli adamlara tapşırıb, onların dalınca gedək. Yolumuzu ayrıdır. Biz azadlıq, demokratiya yolundan dönə bilmərik. Bu yoldan dönmək məhv olmağı və yoxa çıxmağı qəbul etmək deməkdir.

Bu işi biz görməyəcəyik. Siz isə muxtarsınız, hara gedirsiz gedin. Lakin bizim ilə işiniz olmasın. Farslar demişkən: «məra be xeyre to omid nist şər məresan»

Paylaş.

Müəllif haqqında

Mir Cəfər Pişəvəri

Şərhlər bağlıdır.