Azərbaycan qəzeti arxivindən: Birinci dəfə olaraq Azərbaycan xanımları seçkilərdə iştirak etdilər

Google+ Pinterest LinkedIn Tumblr +

1945-ci ildə Azərbaycan Milli Hökuməti dövründə güney Azərbaycan qadınları ilk dəfə səsvermə hüququ əldə etdilər. O dövrdə nəşr edilmiş Azərbaycan qəzetində noyabr ayının 27-dən dekabr ayının 1-ə qədər 5 gün ərzində Təbriz şəhəri və onun ətrafında keçirilmiş səsvermədə qadınların iştirakı ilə bağlı yazı dərc edilib. Qəzetin 7 dekabr 1945-ci ildə çıxmış 73-cü sayında Təbrizin müxtəlif məhəllələrində qadınların səsvermədə iştirakı ilə bağlı statistika dərc edilib.

Azərbaycan Milli Məclisinin birinci çağırış seçkilərində Təbrizin mərkəzi və ətrafında  seçki məntəqələrində səsvermədə iştirak etmiş qadınların sayı:

  1. Mərkəzi seçki məntəqəsi – 500
  2. Çərəndab və Lilabad seçki məntəqəsi – 459
  3. Qaraməlik və Şamqazan seçki məntəqəsi – 14
  4. Dəvəçi və Sırxab seçki məntəqəsi – 506
  5. Əmirxiz və Çustduzan seçki məntəqəsi – 156
  6. Xiyaban və Maralan seçki məntəqəsi – 754
  7. Bağmeşə və Vilankuh seçki məntəqəsi – 262
  8. Hökmabad və Axuni seçki məntəqəsi – 521

Dərc edilmiş statistikaya əsasən Təbriz və ətrafındakı seçki məntəqələrində ümumilikdə 3172 qadın səs verib.

Azərbaycan qəzetinin 69-cu sayında bu haqda yazılan məqaləni Ətəkyazı oxucularına təqdim edirik.

 

Azərbaycan qəzeti

Sayi 69, Bazar ertəsi, 12 azər 1324-cü il (3 dekabr 1945)

Birinci dəfə olaraq Azərbaycan xanımları seçkilərdə iştirak etdilər

M. Tahir

Zülm, əsarət, istibdad və zorun pəncəsi altında qara çadralarda bütün ictimai hüquqlardan məhrum olan şərq qadını olan azərbaycanlı bacılarımız, hər bir zəhmətə qatlaşan, qoynunda gecə səhərə qədər bizləri bəsləyib böyüdən analarımız bu bədbəxt və bu fəlakət halında bizim kişilərimizdən daha çox elmdən, maarifdən məhrum olmuşlar. İrtica bizim qeyrətli, namuslu ana-bacılarımızın üzünə elm, mədəniyyət qapılarını bağlamış, onları bütün bəşər hüquqlarından məhrum edib zavallı, biçarə halına salmışlar.

Ana nə qədər hörmətli, nə qədər ethiramlıdır. Analar olmazsa, kainat yaşamaz. Bəşər nəslinin ən yüksək bir gövhəri varsa, o da anadır.

Arvadların kişilərlə bərabər hüquqa malik olması və seçkilərdə iştirak etməsi təzə bir məsələ deyildir.

Dünyanın bir sıra demokratik ölkələrində xanımlar öz haqlarına malik olmuşlar. Yəni dövlət işlərində iştirakları var. Biz bu gün qadınların silah götürərək cəbhələrdə vuruşmalarını gördük. Göylərdə uçan təyyarəni, maşını idarə edən qadınlar vardır. Lakin bizim ölkəmizdə qadınlarımızı biçarə və bədbəxt etmişlər.

Bu gün Azərbaycan qadınları bütün İran qadınları üçün səadət qapılarını açmaq yolunda Azərbaycanın mərd, qəhrəman 800 azadlıqsevərləri kimi ilk addımlarını atdılar. Bəli, ola bilsin ki, irtica və qara fikirli adamlar üçün qadınlarımızın rəy verməsi təəccüblü gəlsin. Lakin heç bir təəccübün yeri yoxdur.

Qadınların dünya azadlıq hərəkatında böyük əhəmiyyətləri və iştirakları olmuşdur. Yunanıstanda qadınlar irticaçı qüvvələrlə vuruşmuş, daş ilə, silah ilə düşməni əzmişdirlər. Qadınlar cəmiyyətin üzünü işıqlandırır. Bu gün Azərbaycan xalqı öz tarixinə bir şeyi əlavə etdi, o da ana və bacılarımızın Milli Məclis vəkillərinə rəy verməsidir. Bu da Azərbaycan Demokrat Firqəsinin bizim anabacılarımıza olan diqqətidir. Qoy dünya millətləri eşitsin və görsün ki, Azərbaycan qadınları ürəklərində şadlıq və sevinc dolu hisslərlə dəstə-dəstə öz rəylərini Məclis vəkillərinə verdilər.

ana-bacılarımız bunlarla kifayətlənməyəcəklər. Onlar hətta yerli məsələlərin həlli üçün gələcəkdə özlərindən vəkillər seçəcəklər. Qoy analarımızın taleyi gülsün. Bu bütün İran xanımlarına bir müjdədir.

Bununla da ana-bacılarımız öz doğru və həqiqi hüquqlarını müdafi etmək üçün tarixin səhifələrinə qızıl xətt ilə adlarını yazdılar.

Tarix həmişə Azərbaycan qadınlarının qəhrəmanlığını və azadlıqsevərlərini qeyd edib. Gələcək nəsillərimiz onların bu işlərini yad edəcəklər. Xalq şairi cənab Biriyanın qəzetimizdə çap edilən şeirində şair deyir ki:

Günəş səhər doğacaq qütbdən səadətlə

Bu günəşli mənzərədən qurtulub şərafətlə

Həmişə ömr elərsən cahanda asudə

O şanlı dövrə fəqət hökmran olar tudə.

Sevimli şairimizin sözləri Azərbaycan Demokrat Firqəsinin bütün xalqımızın və məsum ana-bacılarımızın üzünə saçdığı günəşdir. Xalqımız bu qəmli fəlakətdən xilas olub öz milli muxtariyyatını yaradıb həmişə saədətlə yaşayacaqdır.

Yaşasın Azərbaycanın şərafətli və namuslu azadixah ana-bacıları və qızları!

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.