Fəcr Festivalı: Film festivalı yoxsa fars dominantlığının qoruyucusu?

Google+ Pinterest LinkedIn Tumblr +

Yeni çəkilmiş “Qolçaq” filmi türkcə olduğu üçün İranda keçirilən 40-cı  Fəcr Beynəlxalq Film Festivalına qəbul edilməyib.  İranın adlım kinorejissorlarından olan Bəhruz Əfxəmi deyib ki “Qolçaq” filmi heyranedici bir film olsa da türkcə olduğu üçün Fəcr Festivalında iştirak etməyəcək. Filmin qəbul edilməmə səbəbini onun türkcə olduğunu göstərən rejissor deyib ki: “film türkcə idi və jürilər farsca alt yazı tez-tez dəyişdiyinə görə onu oxuya bilməyib festivala qəbul etmədilər.”

İranda türkcə filmlərə təzyiqlər

İrandakı kino sənayesində də başqa sahələrdə olduğu kimi fars mədəniyyəti və dili dominantlıq təşkil edir. İş o yerə çatıb ki, beynəlxalq bir festival olan Fəcr Festivalında da filmi türkcə olduğu üçün qəbul etməyiblər. Rejisor Əsgər Yusifinejadın “Qolçaq” filmindən başqa “Ev” filmi də bu taleyi yaşayıb. Fəcr Film Festivalında jüri olan o, bildirib ki “Ev” filmi də məhz türkcə olduğuna görə festivala buraxılmayıb. “Atabay” filmi də 38-ci  Fəcr Beynəlxalq Film Festivalında türkcə olduğuna görə kəskin tənqidə məruz qalmışdı. Festivalın mətbuat konfransında bir jurnalist filminin rejisoru və aktrisa Niki Kərimidən nəyə görə İranda altyazı ilə film izləməyə məcbur olduqlarını sual vermişdi.

Türk dilində filmlərin sayı artdıqca onlara qarşı təzyiqlər də çoxalır. “Atabay” filmi ilə yanaşı “Dəri” filmi də 38-ci  Fəcr Beynəlxalq Film Festivalında türkcə olduğuna görə neqativ münasibətlə qarşılandı. Bundan sonra isə İranın Mədəniyyət naziri orada çəkilən bütün filmlərin adlarının farsca olmalı olduğu haqqında sərəncam verdi. Bu sərəncam ölkədə fars olmayanlara qarşı atılmış bir addımdır. Festivaldan sonra kinoteatrlarda nümayişə edilən “Dəri” filminin afişalarında türkcə “Dəri” yazmağa icazə verilmədi, əvəzində ingiliscə “Skin” və farsca “Pust” yazıldı.

İran kinosunda türkcə filmlər

Türkcə filmlər İran kino sənayesində yeni dalğa olaraq dəyərləndirilir. Uzun illərdən sonra mədəni müqavimətin nəticəsi olaraq İranda azərbaycanlılar türkcə filmlər çəkmə haqqını qazandılar. İnqilabdan sonra “Saray”, “Dəli Domrul” azərbaycanlılar tərəfindən çəkilsə də, dövlət türkcə film çəkməyə icazə vermədiyi üçün bu filmlər farsca çəkilib türkcəyə dublyaj olunurdu. Sonradan Rza Siaminin çəkdiyi “Həsrət günləri” filmi İranda Azərbaycan müstəqil kinosunun ilk türkcə filmi olaraq tarıxə düşdü. Sonra isə Rəhbər Qənbəri “O” filmini çəkdi. Bununla da türkcə filmlər yavaş yavaş artmağa başladı.

Son bir neçə ildə isə “Dəri”, “Ev”, “Atabay”, “Qocalar ölməz” və başqa türkcə filmlər çəkilib. Türkcə çəkilən bu filmlər Güney Azərbaycanlıları tərəfindən çox rəğbətlə qarşılandı. 2020-ci ildə çəkilmiş “Atabay” filmi İranda kinoteatrlarda bədii filmlər içində ən çox satılan film oldu. Təkcə bu film Ərdəbil vilayətində uzun illər qapısı bağlı qalmış kinoteatrlara yeni həyat verdi.  Covid 19 pandemiyasına baxmayaraq Güney Azərbaycanında türkcə çəkilmiş filmləri izləməyə gedən insanların sayı pandemiyaya qədərki adi dövrə nisbətən kəskin şəkildə artıb.

Türkcə filmlərə qarşı təzyiqlərə azərbaycanlıların münasibəti

“ Qolçaq” filminin türkcə olduğu üçün festivalda iştirakına icazə verilməməsi İranda azərbaycanlılarının narazılığına səbəb olub. Güney Azərbaycanında tanınmış ədəbiyatçı Hümmət Şahbazi bu hadisəni siyasi bir nəticə olaraq dəyərləndirərək mövzu ilə bağlı Ətəkyazıya bunları deyib:

“Qolçaq” filmini görməmişəm. Ancaq bildiyimə görə onu dilinə görə festivala qəbul etməyiblər. Məncə filmin bədii dəyərini nəzərə almadan onu sırf dilinə görə festivala qəbul etməməyin səbəbi siyasidir bu isə dünya səviyyəli bir festivalın mahiyyətini sorğulamağımıza səbəb olur. Demək bu festivalda filmlərə qarşı demokratik davranış yoxdur. Bu isə özlüyündə festivalın səviyyəsini aşağı salır. Lakin belə görünür ki onlara vacib olan festivalın səviyyəsinin aşağı düşməsi yox festivalda fars dilində olmayan filmlərin iştirakının qarşısını almaqdır. Yəni onların siyasətlərinin əsasını hansı yolla olursa olsun fars dominantlığını qorumaq təşkil edir.”

Güneyli rejisor Əli Həsənzadə “Qolçaq” filminə olaq irqçi münasibəti türkcəyə qarşı olan qorxudan qaynaqlandığını bildirib. Daha sonra o deyib:

“Düşünürdüm ki, kinematoqrafçılar təkdilliliyin vəhdət və yüksəlişin təməli olduğu haqda düşüncələrdən kənar, daha üstün və insani səviyyəyə malikdirlər. Ağılsız və uzaq görə bilməyənlər hökmranlıqlarını davam etdirmək üçün başqa vətəndaşlarının dillərini kəsirlər. Yusifinejad heç vaxt siyasətçi olmayıb və deyil, əslində şovinistlər türkcə bir səhifənin yazılmasından, türkcə bir filmin çəkilməsindən nigarandılar. Çünki türkcə olan bu əsərlər şovinistləri və ya pəhləvilər kimi alçaq, irqçi ünsürləri ifşa edə bilər . Mən hələ sevgili Əsgərin filminə baxmamışam, amma şovinizmə görə festivala qatıla bilməyən Qolçaq filmi onların yuxusunu pozacaq bir fenomen kimi meydana çıxacağını vəd edir.”

Təbrizli vokalisti  Məsud Əmirsepehr isə Qolçaq filmininin festivala qəbul edilməməsi haqqında hakimiyyət kültür və mədəni faaliyyətlərimizə mane olmamalıdır, əksinə onlara zəmin yaratmalıdır deyib. Daha sonra isə bunları əlavə edib:

“ Təbii ki biz birinci dəfə deyil ki belə bir münasibət görürük. 100 ilə yaxındır ki bizdə belədir.  Son zamanlar yavaş yavaş oyanış baş verir və biz də mədəni yollarla öz mədəniyyətimizi göstərəcəyik. Biz düz və mədəni yollarla haqlarımızı almalıyıq. Necə ki, “Atabay” filmində bizim türk millətimiz isbat etdi ki türkcə əsərlərin arxasındadırlar. Bu onu göstərir ki belə əsərlərin tərəfdarları var. Məncə insanların bu dəstəyini gördükdən sonra belə süni manelər yaradırlar. Amma bu gerçəkliyi mütləq qəbul etməlidirlər ki İranda 30-40 milyon türk yaşayır və onların əsas mədəni haqları olmalıdır. Onlar öz dillərində yazıb oxumalıdırlar. Bununla yanaşı türklərə öz mədəni fəaliyətlərini və öz kimlikləri ilə bağlı fəaliyyət göstərmələri üçün gərək azad şərait yaradılsın. “

Uzun çəkən mübarizədən sonra cənubi azərbaycanlılar müstəqil Azərbaycan sinemasını qurublar. Bu gün azərbaycanlı rejissorlar tərəfindən ana dilimizdə çəkilən filmlər kinoteatrlarda azərbaycanlılar tərəfindən çox böyük dəstəklə izlənilir. İranın müstəqil kino tənqidçiləri türkcə çəkilən bu filmlərin yüksək bədii keyfiyyətə malik olduğunu dəfələrlə vurğulayıblar. Müstəqil Azərbaycan sineması uzun müddət davam edən mübarizənin nəticəsidir. Və təzyiqlərə baxmayaraq bu filmlərə azərbaycanlılar tərəfindən göstərilən qayığı onu göstərir ki müstəqil Azərbaycan sineması daima irəliləyib ekrana yeni əsərlər çıxaracaq.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.