Malkolm İks kim idi və nəyə görə öldürüldü?

Google+ Pinterest LinkedIn Tumblr +

Malkolm İks vəkil kimi yaşamaq istəsə də müəllimi ona bunun bir qaradərili üçün yaxşı hədəf olmadığını deyib. Gənc afroamerikalını təhsildən uzaqlaşdıracaq olan bu söz sonralar dünya şöhrətli Malkolm İksi formalaşdıracaqdı.

Kimilərinə görə o ifratçı bir millətçi, kimilərinə görə radikal islamçı və kimilərinə görə isə irqçilik qarşısında yorulmadan savaşan fəal idi. Əslində onu alqışlayanları da, qınayanları da haqlamaq olar. Çünki Malkolm İks 39 illik həyatında fərqli düşüncələri və fəaliyyətləri mənimsəyib və keşməkeşli bir həyat yaşayıb.

O gəncliyində narkotik maddələr ticarəti, qumar, qadın ticarəti və oğurluqla məşğul olub. Lakin sonradan bu qanunsuz işlərdən əl çəkib. Malkolm İksin radikal mövqeləri onu köhnə dostlarının düşməninə və Martin Lüter Kinq kimi uzaq durduğu şəxslərin alqışladığı mübarizə çevirir. Dünyanın fərqli ölkələrində konfranslarda çıxışlar edir və dövrünün siyasi liderləri ilə müxtəlif mövzularda danışır. Nəhayətdə isə köhnə dostları olan İslam milləti terrorçuları tərəfindən öldürülür.

Uşaq yaşları, irqçilik və yetimlik

Soyadı əslində Litl olan Malkolm 1925-ci ilin may ayının 19-da  Nebraska ştatının Omaha şəhərində anadan olub. Atası Örl Litl siyasi düşüncələri və fəaliyyətləri ucbatından dəfələrlə sürgün edilib. Malkolmun ailəsi Miçiqan ştatına köçməyə məcbur olur, lakin bunun doğru seçim olmadığı bilinir.

Örl Litl xristian keşiş idi və qaradərililərin hüquqlarını müdafiə edirdi. O Omaha şəhərini ağdərili irqçi təşkilatların təqiblərinə görə tərk etmişdi. Lakin sonradan köçdüyü yerlərdəndə Ku Kluks Klan kimi irçqi təşkilatların təqiblərinə məruz qalırlar. Malkolm xatirələrində bu qrup tərəfindən onlara çox əziyyət verildiyini və onların terrorçu olmaqları ilə bağlı da yazıb.

Örl Litl Miçiqanın Lansinq şəhərində bir ferma alır, lakin qısa müddətdən sonra o ferma yanır. Polis bu yanğının təsadüfən baş verdiyini desə də Malkolm heç vaxt onu qəbul etməyib və fermanın terror niyyəti ilə yandırıldığını deyib. 1931-ci ildə isə Örl Litlın ikiyə bölünmüş cəsədi  tramvay relslərinin yanında tapılır. O zaman Malkolmun sadəcə 6 yaşı var idi.

Sonrakı illərdə anası Luiziyanın həyatı da çətin keçib. Örlın ölümü ona çox pis təsir edir və o, əsəb sarsıntısı keçirir. Luiziya xəstəxanda yaşamalı olur və bu səbəbdən Malkolm ilə birlikdə digər 7 bacı qardaşı da  himayəçi ailələrə verilirlər.

Bütün bu olanlar Malkolm Litlın çox ağır şərtlərdə uşaqlığını başa vurmasına səbəb olur. Xüsusilə onun sonrakı illərdə radikal düşüncələrə meyilli olmasının səbəbi yəqin ki uşaqlıq illərindəki çətin və şiddətli vəziyyətindən qaynaqlanır.

Vəkillikdən cinayətkarlığa gedən yol

Malkolm Litl ilk təhsil illərini müvəffəqiyyətlə başa vurub. Onun uşaq yaşlarında yaxşı oxuduğu, məktəbin seçilən şagirdlərindən biri olduğu bilinir. Malkolm gələcəkdə vəkil olmaq istədiyini deyəndə müəllimi ona bunun bir qaradərili üçün yaxşı hədəf olmadığını deyərək ona  dülgərliyi seçməyi tövsiyyə edib. Bu isə onu təhsildən uzaqlaşdırıb.

Getdikcə təhsildən soyuyan Malkolm qanunsuz fəaliyyətlərə yönəlir. Bir müddət Miçiqan ştatının Flin şəhərində yaşayır və daha sonra 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçür. Cinayətkarlıqla tanınan bu məhəllədə Malkolm bir çox çirkli işlərə qarışır. Narkotik maddələr ticarəti, qadın alveri, içki, qumar və oğurluqla məşğul olur və Qırmızı Detroit adı ilə tanınır.

1946-cı ildə 10 illik həbsə məhkum edilir. Çarlztaun Dövlət Həbsxanasında keçirdiyi həbs illəri onu təhsil illərindəki hədəflərə doğru getməyə şərait yaradır. O düşünmək üçün universitetdən sonra ən yaxşı yerin həbsxana olduğunu deyir. Malkolm yenidən oxumağa başlayır və Harlem məhəlləsindəki qanunsuz fəaliyyətlərindən uzaqlaşır. Bu müddətdə o islam dinini qəbul edir və qardaşı vasitəsilə İslam Milləti hərəkatı ilə tanış olur.

Çıxış edir Malkolm İks

Malkolm 1952-ci ildə həbsdən azad edilir. İlk mədəni üsulla mübarizəsini soyadını dəyişdirməklə başlayır. O Litılın köləlikdən yadigar qaldığını deyir və onu ağdərililərin onları aşağılamaq üçün verdiyi soyad kimi qəbul edərək rədd edir. O İks (X) soyadını seçir və bununla da Amerika qaradərililərinin tarixindən adı silinməyəcək Malkolm İks ortaya çıxır. Daha sonra bir çox afroamerikalı öz soyadını İksə dəyişdirərək qaradərililərin irqçiliyə qarşı apardıqları mübarizəyə qatılırlar.

Həbsdən azad olan kimi dərhal İslam Millətinə qatılır. 1930-cu ildən fəaliyyətə başlayan bu hərəkat dini və siyasi bir hərəkat idi. Bu hərəkat ağdərililərin irqçiliyinin pik dövründə yaranır. Volles Fərd Məhəmməd adında bir şəxsin başçılığında qurulan hərəkat radikal çıxışları ilə seçilir. Onlar qaradərililərin ağdərililərdən uzaq durmalı olduqlarını, Afrikaya qayıtmalı olduqlarını, bütün ağdərililərin düşmən və şeytan olduqlarını deyirdilər. Eyni halda onlar islam dinini rəsmi dinləri kimi qəbul edirlər.

1934-cu ildə Fərd Məhəmməd itir və onun yerinə Eliyah Məhəmməd adlı bir başqası keçir. Elyah Məhəmməd həmin ildən ölənədək (1975-ci il) bu hərəkata rəhbərlik edir. Malkolm İks də onun müridlərindən birinə çevrilir. Nitq bacarıqları və xarizmatik duruşu onun pillə-pillə yüksəlişinə səbəb olur. Malkolm İks əvvəlcə Harlem məscidinə rəhbər təyin edilir və daha sonra bu hərəkatın sözcüsü rütbəsinə qədər yüksəlir və Eliyah Məhəmmədin ən yaxın şəxslərindən birinə çevrilir.

Malkolm İks İslam Milləti hərəkatında

Malkolm İks 1954-cü illərdə Harlem məscidinin imamı kimi fəaliyyət göstərdiyi zaman Betti Sanders adlı gənc bir qızla tanış olur. Həmin qız daha sonralar soyadını İksə çevirərək İslam Milləti hərəkatına qoşulur. 1958-ci ildə Betti və Malkolm evlənmək qərarına gəlirlər və bu evliliyin nəticəsində onların 6 qız övladı olur. Onların adları Atallah, Xubilay, İlyasa, Cəmilə, Məleykə və Mələk olub.

Onun nitqləri sərt olurdu və qaradərililərin hər yolla öz hüquqlarını tələb etməli olduqlarını deyirdi və mədəni metodlarla fəaliyyət göstərən Vətəndaş hüquqları hərəkatına tənqidlə yanaşırdı. Malkolm iks nitqlərində ağdərililəri düşmən olaraq göstərərək, qaradərililəri daha radikal addımlar atmağa dəvət edirdi.

Malkolm iksin hərarətli nitqləri hərəkatın üzv sayının yüksəlişinə səbəb olur. 1950-ci ildə hərəkatın üzvlərinin sayı 400 olduğu halda 1960-ci ildə bu rəqəm 30 mini keçir. Bir dəfə o Nyu-Yorkda bir polis qaradərilini döydükdən sonra polis qərargahına gedir. 4000 şəxs isə dəstək üçün onun ardıca qərargahın qabağında toplaşırlar. Bu onun böyük kütlə arasında sevildiyinə bir nümunədir.

Bəzi sərt çıxışları da məşhurdur. O bir dəfə Vaşinqton yürüşünü Vaşinqton axmaqlığı kimi dəyərləndirmişdi. Sonralar ABŞ prezidenti Kennediyə olan sui-qəsdi bir növ qisas kimi dəyərləndirdi. Lakin bu çıxışı onun həyat yolunu dəyişəcəkdi.

Malkolm İks İslam Millətindən ayrılır

Kennediyə qarşı olan sui-qəsdə münasibəti Eliyah Məhəmmədlə arasında fikir fərqliliyini üzə çıxardı. Eliyah Məhəmməd onu 90 gün nitqdən məhrum etdi lakin Malkolm buna razılıq vermədi. O Eliyah Məhəmmədin cinsi rüsvayçılıqlarını ortaya qoydu və bununla da bütün vəzifələrindən kənarlaşdırıldı.

1964-cü ildə Malkolm iks rəsmi şəkildə İslam Milləti Hərəkatından ayrıldığını bildirdi. Həmin vaxt Afro-amerikan birliyi təşkilatını yaratdı. Mart ayında ilk və son dəfə Martin Lüter Kinqlə görüşdü və bir ay sonra isə həcc səfərinə getdi. O artıq Malik əl-Şabbaz idi və bir çox islam dünyası rəhbərləri ilə görüş təyin edirdi. Eyni  halda o artıq yalnız sünni müsəlman olduğunu və islam milləti fikirlərini qəbul etmədiyini deyirdi.

İslam ölkələrinə səfərləri, daha sonra Avropa və Afrika səfərləri Malkomun düşüncələrində böyük dəyişikliklər yaratdı. O artıq irq ayrılığını qəbul etmir və irqçiliyin ağını da qarasını da pisləyirdi. Eyni halda o  Vətəndaş Hüquqları hərəkatını dəstəkləyir lakin yalnız ABŞ-da deyil, məsələnin dünya səviyyəsinə çıxmasını daha düzgün hesab edirdi.

Yeni Malkolm sosialist düşüncələrə meyl göstərirdi və nasizm təhlükəsini dilə gətirirdi. Malkolm İks həm də baş verən dəyişiklikləri dilə gətirməkdən çəkinmir, keçmişdəki səhvlərindən döndüyünü deyirdi. Bu isə İslam Millət hərəkatının üzvləri və rəhbərlərinin reaksiyalarına səbəb olurdu.

Malkolm həm də mədəni üsullarla mübarizəni üstün bilərək keçmiş metodların səhv olduğunu deyirdi. Bu illər öncə Martin Lüter Kinqin ona verdiyi tövsiyələrlə üst-üstə düşürdü. Martin Lüter Kinq Malkolm İksin hərarətli nitqlərini alqışlasa da onların zorakılığa dayanan mübarizə metodlarını tənqid edib və bunun ABŞ vətəndaşları olan qaradərililər üçün zərərli olduğunu demişdi. Malkolm İks artıq keçmiş yoldan dönüb,  mədəni üsullarla mübarizəyə təşviq edirdi. Eyni halda o ABŞ-da qaradərililərin silah daşıma hüquqlarını da əvəzedilməz hesab edirdi.

Keçmiş dostlar və yeni düşmənlər 

İslam Milləti hərəkatından ayrılan Malkolm İks keçmiş dostlarının qəzəbi ilə üzləşir. Onlar Malkolmun mövqelərini tənqid etməklə yanaşı aqressiv davranışlarla öz müxalifliklərini göstərirdilər. Xüsusilə İslam Milləti hərəkatının üzvləri arasında sevildiyi üçün onun hərəkat üçün təhlükəli olduğu düşünülürdü.

Bir dəfə “Müsəlman” adlı bir qəzetdə Malkolmun başının bədənindən ayrılmış halda bir karikaturası dərc edildi. 1965-ci ilin fevral ayının 14-də Malkomun evi yandırılır. Özü və ailəsi yanğından xilas ola bilirlər. Lakin bununla da təqiblər və hədələr bitmir.

Malkolm İksin 1965-ci ilin fevral ayının 21-də Harlem şəhərində bir çıxışı olacaqdı. O, çıxışına başlamamış 3 silahlı şəxs ona atəş açır və 39 yaşındakı Malkolmu öldürürlər. Malkolmun bədəninə cəmi 21 güllə boşaldan 3 şəxsin kimlikləri təyin edilir və onlar məhkəməyə verilirlər. Onların 3-ü də İslam Milləti hərəkatının üzvləri idilər. Malkolmun tərəfdarları və xüsusilə onun ailəsi dəfələrlə İslam Milləti rəhbərliyini bu terrorla bağlı günahlandırıblar.

Ölümündən sonra

Sözsüz ki Malkolm İks çox yüksək səviyyəli nitqin sahibi idi. Ondan yadigar qalan çox sayda hərarətli və sadə dildə deyilmiş nitqlər var. 1963-cü ildə Aleks Laley adlı bir jurnalist onun avtobioqrafiyasını hazırlamaq üçün Malkolmdan müsahibələr almağa başlayır. Malkolm İks bu kitab hazır olana qədər sağ qalmayacağını düşünürdü. Və bu həqiqətən də belə oldu. Avtobioqrafiyası ölümündən sonra hazır oldu.

Ölümündən sonra bəzi tanınmış şəxslər onun ölümünə münasibət bildirdilər. Bunlardan biri də Martin Luter Kinq idi: “İrqçilik problemlərinə həll tapmaq üçün hələ görüşmədiyimiz dövrlərdə, hər zaman Malkolma qarşı dərin sevgim var idi. Onun problemə diaqnoz qoyma və problemi kökündən həll etmə məsələsində möhtəşəm bacarıqlara sahib olduğunu düşünürəm. Öz düşüncəsini əks etdirmə məsələsində uğurlu bir natiq idi və üz-üzə qaldığımız irqçilik problemlərini həll etmək üçün mükəmməl cəhdlər etdiyi danılmaz gerçəkdir.”

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.