12 şəhrivər müraciətnaməsi 77 yaşında

Google+ Pinterest LinkedIn Tumblr +

1945-ci ilin sentyabr ayının 3-də Təbrizdə bir müraciətnamə yayıldı. Bu müraciətnamədə insanların sinf və təbəqələrinə baxmadan milli mücadiləyə qoşulmaları tələb edilmişdi. İki dildə, yəni Azərbaycan türkcəsi və farscada yazılan bu müraciətnaməyə tanınmış 48 şəxs öz imzasını atmışdı.

Müraciətnamədə İranın müxtəlif millətlərdən təşkil olunduğu, ölkə inkişafının bu millətlərin azadlığı yolundan keçdiyi yazılmışdı. Azərbaycanda öz etnikini tanımış, özünəməxsus dil və mədəniyyəti olan 4 milyonluq bir xalqın varlığını elan edən bu müraciətnamə ölkə çərçivəsində Azərbaycanın muxtariyət qazanmasını vacib hesab edirdi.

Kiçik bir müqəddəmə və 12 bənddən ibarət olan bu müraciətnamədə Azərbaycan demokrat firqəsinin Azərbaycanın ictimai, iqtisadi və siyasi məsələlərinə münasibəti dərc edilib, rəsmi şəkildə işə başlayan Azərbaycan demokrat firqəsininin əsas hədəfləri qeyd edilmişdi. Bəzilərinə görə 12 şəhrivər müraciətnaməsi adı ilə tanınan bu müraciətnamə hələ də iranda yazılmış ən mütərəqqi müraciətnamələrdən biridir.

12 şəhrivər müraciətnaməsinin yayılmasının ardıca sözü gedən hədəflərə olan ümumi maraqdan pərdə götürülür. Az zaman ərzində Azərbaycanın bütününün bu müraciətnaməyə müsbət münasibəti bəlli olur, yenicə işə başlamış Azərbaycan demokrat firqəsinə dəstəklər yağdırılır. İki gün sonra Azərbaycan qəzeti Azərbaycan demokrat firqəsinin orqanı kimi “Firqəmiz işə başladı” titri ilə Azərbaycan tarixində yeni bir dövrün başlandığını bildirdi.

12 şəhrivər müraciətnaməsi ilə başlayan milli mücadilə milli hökumətin yaranması ilə nəticələndi. Bir illik Azərbaycan milli höküməti dövründə yaranan geniş islahlar gizlənilməzdir. Bu uğurların əldə edilməsi yolunda 12 şəhrivər müraciətnaməsinin mütərəqqi hədəfləri çox əhəmiyyətlidirlər. Azərbaycanın tarixini və bugünkü vəziyyətini anlamaq üçün onu yenidən oxumağı faydalı hesab edərək, 77 il qabaq səslənən mütərəqqi səsləri yenidən səsləndirmək adına onu Ətəkyazı oxucularına təqdim edirik.

 

Bizim Şüarlarımız Bunlardır

1- İranın istiqlal və təmamiyyətini saxlamaqla bərabər Azərbaycan xəlqinə daxili azadlıq və mədəni muxtariyət verilməlidir ki, edə bilsin özünün fərhəngi yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümum məmləkətin adilanə qanunlarını gözləməklə bərabər öz sərniviştını təyin etsin.

2- Bu mənzuru həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət Əncümənlərini intixab edib işə başlamalıdır. Bu əncümənlər fərhəngi, behdaştı və iqtisad sahəsində fəaliyət göstərməklə bərabər qanun əsası mucibincə təmam dövlət işçilərinin əməliyatını təftiş edib onların təğyir və təbdilində izhar nəzər edəcəkdir.

3- Azərbaycanın ibtidayi məktəblərində üç kilasa qədər dərslər fəqət Azərbaycan dilində aparılmalıdır və üç kilasdan yuxarı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda milli darulfununun təşkili Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.

4- Azərbaycan Demokrat Firqəsi sənaye və fabrikaların genişlənməsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabrikaları təkmil etməklə bərabər işsizliyi rəf etmək üçün, əl və maşın sənayeini genişləndirmək üçün vəsilələr yaradıb taza fabrikalar vicuda gətirsin.

5- Ticarətin genişlnməsini, Azərbaycan Demokrat Firqəsi çox lazim və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qallması çoxlu kəndlilərin, məxsusən bağdarların və xırda maliklərin sərvətlərinin əllərindən çıxmasına və onların dilənçi halına düşməsinə səbəb olmuşdur.

Bunun qabağını almaq məqsədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtiələrinin xaricə çıxarılması üçün tranzit yolları axtarmaq işinə ciddi iqdam etməyi və bu vəsilə ilə ümumi sərvətin nüqsanının qabağını almasını nəzərdə tutmuşdur.

6 – Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşmasıdır. Bu məqsuda çatmaq üçün Firqə səy edəcək ki, çox tezliklə şəhər əncümənlərinin qanunu təğyir tapıb şəhər əhalisinə müstəqil bir surətdə şəhərin abadlığına çalışıb onları abırumənd və müasir hala salmağa imkan verilsin. Məxsusən Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox fövri- cari məsələlərindəndir.

7 – Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, məmləkətin sərvət tovlid edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvətli qoludur. Ona görə bu Firqə edə bilənməz ki, kəndçilər arasında vicuda gələn hərəkəti nəzərə almasın. Buna görə də Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını təmin etmək üçün əsaslı qədəmlər götürülsün. Məxsusən kəndli ilə ərbabların arasında müəyyən bir hüdud təyin etmək və bəzi ərbablar tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağın almaq Demokrat Firqəsinin fövrı vəzifələrindəndir.

Firqə səy edəcək bu məsələ elə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın və həmdə maliklər özlərinin gələcəyindən itminan hasıl edib, rəğbətlə kəndlərinin və öz məmləkətlərinin abadlığına çalışsınlar.

Xalisə yerləri və Azərbaycanı tərk edib qaçan və Azərbaycan xəlqinin zəhmətlərinin məhsulunu Tehranda və sayir şəhərlərdə məsrəf edən ərbabların yerləri, əgər tezlik ilə Azərbaycana müraciət etməsələr, Demokrat Firqəsinin əsasnaməsinə müvafiq olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz özlərinin eyş və nuşundan ötəri Azərbaycanın sərvətini xaricə aparanları Azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, onlar üçün Azərbaycanda bir haq qail dəyilik. Bundan əlavə Firqə çalışacaq ki, çox səhl və sadə bir surətdə Azərbaycan kəndlilərinin əksəriyətini torpaq və əkin aletleri cəhətdən təmin etsin.

8 – Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu xətər çox ciddi bir surətdə özünü göstərməkde dir.

Gələcəkdə bu sel gündən – günə qüvətlənəcəkdir. Mərkəzi dövlət və məhəlli məmurlar tərəfindən bu xüsusda heç bir iş görülməmişdir. Əgər iş bu minval ilə davam edərsə, Azərbaycan xəlqinin əksəriyəti fəna bir hala düşməyə məhkumdur. Firqə çalışır bu xətərin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabrikaların təsisi, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosa yolların çəkilməsi kimi tədbirlər, mümkündür bir qədər faydalı olsun.

9- İntixabat qanununda Azərbaycanın həqqində böyük zülm edilmişdir. Dəqiq iltilaata görə bu ölkədə dörd miliondan yuxarı Azərbaycanlı yaşamaqdadır. Bu qeyri adilanə qanun mucibincə Azərbaycana məclis- şovrai millidə, 20- vəkil yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü dəyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək Azərbaycan nüfusuna nisbət vəkil intixab etmə həqqi olsun. Bu təqəribən məclis nümayəndələrinin üçdə birini təşkil edə bilər.

Azərbaycan Demokrat Firqəsi məclis intixabatının mütləqən azad olması tərəfdarıdır. O, dövlət işçilərinin daxili və xarici, həmçinin pulluların qorxutmaq və aldatmaq yolu ilə intixabat işınə qarışmalarına ciddən müxalifət edəcəkdir. İntixabat gərək təmam- İranda ani- vahiddə başlanıb, çox səri bir surətdə qurtarsın.

10- Azərbaycan Demokrat Firqəsi fasıd, müxtəlis və rüşvə alan şəxslər ilə ki dövlət idarələrinə soxulmuşlar, ciddi mübarizə edəcək və dövlət məmurları arasında saleh və dürüstkar şəxslərdən qədirdanlıq edəcək. Məxsusən Firqə çalışacaq onların maaşları və zindəganlıq şəraitləri elə islah olsun ki, onlar üçün oğurluq və xəyanət etməyə bahana qalmasın, onlar eliyə bilsinlər ki, özləri üçün abırlı həyat vicuda gətirsinlər.

11- Demokrat Firqəsi səy edəcək Azərbaycanda alınan vergilərin yarısından yuxarısı Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və qeyri- müstəqim vergilər ciddi surətdə azalsın.

12- Azərbaycan Demokrat Firqəsi bütün demokratik dövlətlər, məxsusən müttəfiqlərlə dostluq saxlamaq tərəfdarıdır və bu dostluğu davam etdirmək üçün çalışacaq mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövləti işlərdən kənar etsin.

Budur Demokrat Firqəsini yaradanların əsl məqsədləri.

Biz ümidvaruq ki, hər bir vətənpərəst Azərbaycanlı istər Azərbaycanın daxilində və ya Azərbaycandan xaricdə bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmmsəda və əl bir olacaqdır. Təbii dir ki, insan əvvəl əgər öz evini islah etməsə məhəllə, şəhər və ya məmləkət üçün işləyə bilənməz.

Biz əvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin çəngalından nicat tapacaqdır.

Yaşasın Demokrat Azərbaycan!

Yaşasın Müstəqil və Azad İran!

Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokrat Firqəsi!

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.