Son günlər İranda ölkənin parçalanması ilə bağlı müzakirələr yenidən alovlanıb. Xüsusilə 12 günlük İsrail–İran gərginliyindən sonra sərhədlərin bütövlüyü mövzusu ciddi şəkildə gündəmə gətirilir. Bu müzakirələr təbii olaraq dil siyasətinə də diqqət ayırmağı zəruri edir, çünki Iran patriyotizmi hələ də əsasən fars millətçiliyinin ekssklüziv yanaşmasının əsiri olaraq qalır. Belə bir mənzərədə, dövlət səviyyəsində yalnız fars dilini üstün tutan siyasətlər ölkənin etnik və dil müxtəlifliyini gözardı edir, yerli icmaların hüquqlarını məhdudlaşdırır. Bəzilərinə görə bu vəziyyətin çarəsi İranda neçə millət yaşadığını qəbul etmək və çoxdillik siyasətini tətbiq etməkdir. Ama bu göründüyü qədər də asan olmayacq.
İranda “çoxdillilik” mövzusu gündəmə gələn kimi bəziləri dərhal etiraz səsləri qaldırır ve ortadoğunu Avrupa ilə qarışdırmayın deyirlər. Halbuki çoxdillilik siyasəti hazırda inkişaf etmiş, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə də uğurla tətbiq olunur ama İranda bu siyasət hələ də “təhdid” kimi qəbul edilir. Çoxdillilik təkcə fərdlərin ana dilində təhsil almaq və öz dilində ifadə olunmaq hüququnu təmin etmir, eyni zamanda ictimai idarəetməni gücləndirir, demokratik iştirak imkanlarını genişləndirir, sosial ədalətin möhkəmlənməsinə xidmət edir və sözdə yox gerçəkdə birlik və bərabərliyə səbəb olur. Çünki belə inklüziv yanaşma cəmiyyətdə qarşılıqlı anlaşmanı artırır və müxtəlif etno-mədəni qruplar arasında etimad mühitini formalaşdırır.
Çox dillilik siyasətini tətbiq edən ölkələrin bir də İraqdır. İraq, yer üzünün ən qədim mədəniyyət ocaqlarından biri olmaqla, tarixi boyunca müxtəlif etnik qrupların və dillərin vətəni olmuşdur. Bu gün ölkənin Konstitusiyasına görə də İraq “çoxsaylı milliyyətlər, dinlər və məzhəblər ölkəsi” kimi tanınıb. 2005-ci il Konstitusiyası ərəb və kürd dillərini rəsmi elan edir, digər dillərdə (məsələn, türkmən, asuriya, erməni və s.) təhsili təmin etmək hüququnu tanıyır.
Tarixi kontekstdə İraq 1925-dən günümüzə qədər
İraqın 1925-ci il “Basic Law” (birinci konstitusiyası) qanunundan sonrakı müstəqillik illərində rəsmi dil siyasəti əsasən vahid dil (ərəb dili) ətrafında formalaşmışdı. Məsələn, 1970-ci il Bağdad konstitusiyası ərəb dilini bütün ölkə üzrə rəsmi elan edib, kürd dilini isə yalnız Kürdüstan regionunda (sözdə) ikinci rəsmi dil kimi tanıyırdı. Bu çərçivədə bəzi etnik qrupların dil hüquqlarına məhdudiyyətlər də qoyulub – məsələn, Saddam Hüseyn rejimi türkmən icmasında türk dilinin istifadəsini qadağan etmişdi. 2003-cü ildə mövcud hakimiyyətin dəyişməsindən sonra federal quruluşa keçid dönəmi başladı və 2005-ci ilin yeni Konstitusiyası dil siyasətində əsaslı dönüş yaratdı.
2005‑ci il Konstitusiyası ölkənin dil siyasətində mühüm dönüş nöqtəsi idi: bu sənəddə Ərəb və Kürd dilləri milli rəsmi dil statusu qazandığı kimi, Türkmən (İraq türklərinin yerli dialekti) və Süryani (Asuri) dillərinin də əhalinin sıx məskunlaşdığı inzibati vahidlərdə regional rəsmi dil kimi tanınması nəzərdə tutulmuşdur. Həmçinin, Konstitusiyanın müvafiq bəndi hər bir regional idarəetmə orqanına referendum yolu ilə başqa dilləri də yerli səviyyədə rəsmi elan etmək imkanı verir. Bu, dövlət strukturlarının vətəndaşlarla ünsiyyətində, hüquqi aktların hazırlanmasında və təhsil müəssisələrinin dil seçiminin müəyyənləşdirilməsində çevik yanaşma təmin edərək mədəni müxtəlifliyi qorumağa xidmət edir.
2014‑cü ildə qəbul edilən “Rəsmi Dillər Qanunu” isə Konstitusiyada yaradılmış əsasları təsdiq edib daha da sistemləşdirdi: Ərəb və Kürd dillərinin milli səviyyədə rəsmi dil kimi qalması, Türkmən və Süryani dillərinin isə regional miqyasda rəsmi statusunun qorunması prinsip olaraq saxlanıldı. Qanunla eyni zamanda dövlət məktəblərində Türkmən və Süryani tədris proqramlarının tətbiqi nəzərdə tutuldu, belə ki, bu icmaların şagirdləri ana dillərində təhsil almaq, lazim fənləri yerli dildə öyrənmək hüququna malik oldular. Bu tədbirlər İraqda dil hüquqlarının qorunmasını gücləndirməklə yanaşı, etnik və mədəni qruplar arasında qarşılıqlı anlaşmanı və idarəetmədə ədalətli təmsilçiliyi təmin etməyə xidmət edir.