Güney Azərbaycanda çəkilmiş filmlər haqqında paylaşdığımız son yazıdan sonra güneyli soydaşlarımız Quzey Azərbaycanda çəkilmiş filmlər haqqında da yazı yazmağımızı istədilər. Bu yazıda son illər müstəqil Quzey Azərbaycanda çəkilmiş və bəzi xüsusiyyətlərinə görə müsbət fərqlənmiş filmləri toplamışıq. Ümidvarıq ki bu filmlər sizin xoşunuza gələcək və siz də öz növbənizdə çəkilmiş bu filmləri digər soydaşlarımızla bölüşüb, film haqqında fikirlərinizi də sosial şəbəkələrdə yazacaqsınız. Biz öz mədəniyyətimizi və tariximizi təbliğ etməli, yatmış soydaşlarımızı da oyatmalıyıq.
Çölçü filmi (2012)
Rejissoru Şamil Əliyev olan Çölçü filmi 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən ekranlaşdırılıb. Ssenari müəllifi Vidadi Həsənovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmdəki bütün hadisələr çöldə baş verir. Burada yaşayan yaşlı kişi və gənc oğlan saxladıqları dəvələrin yununu sataraq yaşayırlar. Yaşlı kişinin ölümündən sonra tək qalan gənc bir günü gözəl bir qızla rastlaşır. Və bununla da hər şey dəyişir. Həyatından həzz almağa başlayan gənc ata olmağa hazırlaşır. Lakin o sonradan öyrənir ki sevdiyi qadın əslində başqasından hamilədir. Bundan sonra o iki seçim arasında qalır. Bu həqiqəti qəbul etsin, ya yox?!
Film 2014-cü ildə “Xarici dildə ən yaxşı filmə görə” nominasiyasında “Oskar” mükafatına təqdim olunub. Sonrakı illərdə beş qitəni əhatə edən 73 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.
Filmi izləmək üçün link:
(https://www.youtube.com/watch?v=6khTU0NpCaM )
Nar bağı (2017)
2017-ci ildə çəkilmiş “Nar bağı” filmi “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalıdır. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, bəstəkarı Firuddin Allahverdidir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.
Bölgələrin birində yaşayan Şamilin iri nar bağı var, onu kəndin varlı adamlarından biri almaq istəsə də o, öz torpağını satmır. Şamilin oğlu Qabil ailə qursa da, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Şamil gəlini Sara və nəvəsi Cəlalla birlikdə yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyirək, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qaçır. Çünki onun Rusiyada başqa ailəsi var və borcu olduğuna görə onun Rusiyadakı qızı girov götürülüb. Bu pulla isə o, öz qızını xilas etməyə çalışır.
Film 2018-ci ildə “Xarici dildə ən yaxşı filmə görə” “Oskar” mükafatına təqdim olunub. “Nar bağı” filmi bir neçə xarici film festivallarında iştirak edib müxtəlif nominasiyalarda qalib olub.
Filmi izləmək üçün link:
(https://kinoo.az/487-nar-bagi-pomegranate-orchard.html )
Dolu (2012)
Dolu filmi 2012-ci ildə Aqil Abbasın eyniadlı romanı əsasında çəkilib. Filmin rejissoru Elxan Cəfərov, bəstəkarı Polad Bülbüloğludur. Filmdə Qarabağda gedən müharibə təsvir edilib. Romanın müəllifinin sözlərinə görə əsərdəki personajlar real insanlardır. Filmdə o dövrdə ölkədəki hərc-mərclik, Vətən uğrunda döyüşən könüllülərin qeyri bərabər döyüşlərdə göstərdikləri fədakarlıqlar göstərilib. Film müxtəlif festivallarda mükafatlara layiq görülüb.
Filmi izləmək üçün link:
(https://www.youtube.com/watch?v=0DNAsucfsFc )
Miras (2018)
“Miras” bədii-sənədli filmi 2018-ci ildə “Bakı Media Mərkəzi” tərəfindən çəkilib. Filmin rejissoru və ssenari müəllifi Zaur Qasımlıdır. Filmdə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti, onların burada dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənləri yaratmaqları, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verməkləri və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən bəhs olunur. Filmdə Nobellər ailəsinin üzvləri Piter Nobel ( Robert Nobelin nəticəsi), Tomas Tiden (Lüdviq Nobelin nəticəsi, professor) və tanınmış ekspertlər Villiam Brays ( ABŞ neft tarixçisi) və Brita Asbrinkdən (İsveç yazıçısı, jurnalist) alınmış müsahibələr də öz yerini alıb.
Filmi izləmək üçün link:
(https://daytube.az/videos/98258/ )
Əzizim Fellini (2010)
Rejissoru və ssenari müəllifi Cavid Təvəkkül olan “Əzizim Fellini” filmi 2010-cu ildə “Carçı film” studiyasında çəkilib. Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin başına gələn hadisələr üzərində qurulub. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir.
Filmi izləmək üçün link:
(https://www.youtube.com/watch?v=3OZEYd1zq7M )
Hədəf Bakıdır! (2015)
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi 2015-ci ildə faşizm üzərində qələbənin 70 illik yubileyinin şərəfinə çəkilib. Filmin çəkilişləri “Bakı Media Mərkəzi” və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb. İkinci Dünya Müharibəsinə həsr edilmiş bu filmdə əsas diqqət Bakı neftinin müharibədəki roluna çəkilir. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir.
Bu sənədli ekran əsəri Azərbaycan dili ilə yanaşı rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Film 2015-ci ildə “National Geographic” kanalı vasitəsi müxtəlif ölkələrdə göstərilib.
Filmi izləmək üçün link:
(https://www.youtube.com/watch?v=62P7RB3c7JQ )
Yarımçıq xatirələr (2015)
2015-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən çəkilmiş filmin rejissoru Elxan Cəfərovdur. Filmdə II Dünya Müharibəsində Brest qalasını müdafiə etmiş və müharibədə iştirak etmiş Azər adlı personaj 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə çalışır. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir.
Filmi izləmək üçün link:
(https://www.youtube.com/watch?v=8gw06wOl9AE )
Bir günəş altında (2016)
“Bakı Media Mərkəzi” tərəfindən 2016-cı ildə çəkilmiş sənədli film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir. Çəkiliş heyəti bir ilə yaxın müddətdə Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə ekspedisiyalar təşkil edilib. Eksperiment xarakteri daşıyan bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Çəkiliş üçün hər etnik qrupun onlarla nümayəndəsindən biri seçilib. Filmdə müxtəlif dini etiqadların təmsilçiləri öz dini ayinlərini icra edir, 17 etnik qrupun mədəniyyətinin və adət-ənənəsinin izləri görünür. Filmin qəhrəmanları 17 dildə – hər kəs öz ana dilində – danışır.
Filmi izləmək üçün link:
(https://www.youtube.com/watch?v=xJwkF81ylIE )
Pərdə trilogiyası (2016, 2017, 2019)
Rejissor Emil Quliyevin sosial dram trillogiyası. İlk iki filmdə müəllif mental, məişət, ailə problemlərini mənəvi-əxlaqi dəyərlər müstəvisində göstərir. Trilogiyanın son hissəsində isə mənəvi dəyərlər ailə sərhədlərindən çıxaraq sosial, təbəqələrarası münasibətlər müstəvisinə proyeksiya olunur.
İlk filmdə ata məsləhəti, el adət-ənənəsi ilə evlənərək sonradan bədbəxt olan Zaur, hal-hazırda seçim qarşısındadır. O, öz bacısı Lalənin sevdiyi oğlan Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün Zaur, bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur. Onun seçimindən bir ailənin taleyi asılıdır. Görəsən o, nəyi seçəcək?!
Filmi izləmək üçün link:
(https://www.youtube.com/watch?v=7yQs4O_HlQc )
“İkinci pərdə” filmində hadisələr Bakı məhlələrindən birində baş verir. Bu məhlələrdə hamı yazılmamış mentalitet qanunları ilə yaşayır. Belə məhlələrdən birində Tima adlı personajın həyat yoldaşı ona Arif adlı biri ilə xəyanət edir. İbiş adlı digər personaj isə bunu Timaya xəbər verir. Hadisələr bundan sonra cərəyan etməyə başlayır.
Filmi izləmək üçün link:
(https://www.youtube.com/watch?v=ihgdTu5Ltc8 )
“Son Pərdə” filmində iş adamı Nəriman Bakının kənar məhəllələrindən birinin həyətində nəsə tikmək istəyir. Lakin sakinlərdən biri Fərman buna imkan vermir, onu fırıldaqçı hesab edir. Tərəflər arasında baş verən konflikt isə faciə ilə nəticələnir…
Filmi izləmək üçün link:
( https://www.youtube.com/watch?v=ONTJWGpevXA )
Son iclas (2018)
“Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə 2018-ci ildə “Bakı Media Mərkəzi” tərəfindən çəkilib. Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələr təsvir edilib. Burada cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur.
Filmi izləmək üçün link:
( https://www.youtube.com/watch?v=RFXZfZkgU6k )