Rüqəyyə Kəribi ilə Toronto Universitetinin Orta və Yaxın Şərq Departamenində Görüş

Google+ Pinterest LinkedIn Tumblr +

2024-cu ilin mart ayının 12-də, ədəbi əsərləri ilə tanınmış yazıçı Rüqəyyə Kəbiri Toronto universitetinin qonağı idi. Bu görüş müəllifin yaradıcılığı və fikirləri ilə tanış olmaq istəyən müxtəlif etnik və akademik mənşəli insanları özünə cəlb etmişdi. tələbələr, professorlar və universitet işçiləri, Kəbirini dinləmək üçün görüşə qatılmışdılar. Xüsusiylə proqrama qatılan fərdlərin müxtəlif yaş qruplarından olduğunu görmək maraqlı idi.

Proqramın açılış hissəsi bitdikdən sonra Kəbiri öz həyatı və əsərləri haqqında qısa məlumat verib, romanlarının mövzularından, personajlardan və İlham qaynaqlarından danışdı. O yüksək ruh və ehtirasla yaradıcılıq prosesi haqqında fikirlər sundu və ədəbiyyatın insan təcrübəsini işıqlandırmaq gücünə sahib olduğu haqda düşüncələrini paylaşdı. Romanlarında olduğu kimi, danışığında da ədəbiyyat və sosyal məsələlər arasında körpü qurmağı başardı. Yazarın dediklərinə əsasən ədəbiyyat, tarixi ədalətsizlik və aktual sosyal problemlərlə bağlı maarifləndirmə və empati hissi qurma vasitəsi ola bilir. Bununla bağlı Kəbiri xüsusiylə roman karakterlərindən və yazılarının ilham qaynaqlarından danışdı. Məsələn, edam cəzasının şahidi olmaq kimi hadisələrin roman və hekayə personajlarına necə yandığını əsərlərindən nümunə verərək göstərdi.

Kəbiri, anadili farsca olmayan bir qadın olaraq İranda yaşadığı çətinliklərdən bəhs etdi. İranda fars dilindən başqa heç bir dildə sistemli təhsilə icazə verilmədiyi üçün, Azərbaycan türkcəsində yazarkən qarşılaşdığı bir çox çətinliklərdən danışdı. İlk öncə dilin yazılı şəklini öyrənməyə çalışarkən yaşadığı çətinliklərə işarə etdi. Daha sonra nəşriyyatda yazı editorluğu yetməzliyi kimi problemlərə toxundu. Ən sonunda oxucu azlığı məsələsi üzərində durdu və dedi ki, türkcə kitablar bir çox çətinlikdən sonra nəşr edilsə də, bu kitabları alıb oxuyan böyük bir kütlə yoxdur. Kəbiri bu azlığın səbəbini ana dilində oxumaq çətinliyində görürdü. İnsanlar öz ana dilində rəsmi təhsil ala bilmirlər, sonuc olaraq da, ana dilində yazılan materialları oxumaqda çətinlik çəkirlər və oxuyarkən sıxıldıqları üçün kitab almaqdan belə vaz keçirlər. Nə də olsa, oxunulmayacaq bir kitabın sadəcə bir guşədə qalacağını düşünürlər.

Danışığın ana bölümündən sonra, proqram maraqlı sual-cavab oturumuna çevirildi və qatılanlar üçün Kəbiri ilə birbaşa danışmağa imkan yarandı. Qatılanlar yazıçının yaradıcılığının müxtəlif cəhətləri haqqında, eləcə də hekayə və yazılarının gəniş sosyal və mədəni təsirləri haqqında sorular soruşdular. Sual-cavab bölümü çox canlı və düşündürücü idi və öyrəniləcək bir çox şey var idi. Kəbiri hər suala dəqiq və düşünülmüş şəkildə cavab verməklə birlikdə, şəxsi həyatından bəzi acılı-şirinli anıları da paylaşdı və dinləyicilər arasında yazıçı olmaq istəyənlərə məsləhətlər verdi.

Proqram uluslarası səviyyədə Güney Azerbaycan ədəbiyyatına açılan bir pəncərə idi və həm yazıçı üçün həm də ordakı akademiklər və tələbələr üçün bir çox yenilik ilə dolu idi. Bu isə hamıda maraq və həyəcan oynadırdı. Məsələn proqrama qatılan professorlardan biri, azərbaycanlı müəlliflərin İranda qarşılaşdığı ayrı-seçkilik ilə bağlı uluslarası ictimaiyyəti bilgiləndirməyə ehtiyac olduğunu dedi və Kəbiryə əsərlərinin uluslarası platformalarda təbliğ etmək üçün necə yardım edə biləcəyini soruşdu. Kəbiri bu sözlərə şəffaf, mətin və gözəl cavablar verdi. Onun sözlərinə görə, insanları bilgiləndirmək sistematik dəyişiklik tələb etsə də, bu işə yardım etmənin bir çox yolu vardır. Kəbirinin önərdiyi yollardan ikisi bunlardan ibarət idi:

1) Bu gün olduğu kimi, Güney Azərbaycandan olan yazıçıların öz əsərləri haqqında danışa biləcəkləri proqramlara daha çox imkan yaratmaq

2) Güney Azərbaycandan olan əsərlərin daha geniş oxucuya sahib olmasını təmin etmək üçün onların başqa dillərə tərcümə edilməsinə dəstək olmaq

Proqramda bir çox maraqlı suallar soruşuldu. Bunlardan bəlkə də ən maraqlısı hindistanlı bir tələbə tərəfindən soruşulan sual idi. O, Kəbiriyə Hindistandakı müstəmləkəçilik ilə İrandakı vəziyyət arasında hər hansı bir paralellik olub-olmadığını soruşdu. Tələbə, Hindistanda müstəmləkəçilik tarixinin qullanıldığını dedi və bu səbəbdən Hindistanda bəzi azlıq qruplarının öz ana dillərində təhsil almaq hüququna malik olmadığını söylədi. O xüsusən də İngilislərdən öncə Hindistanın tək bir ölkə olmadığı və daha kiçik kırallıqlardan ibarət olduğu haqda açıqlamalar verdi. Hətta “Hindistan” sözünün bir çoxları tərəfindən bəyənilmədiyini vurğuladı, çünki bu söz ölkənin sadəcə hindulara aid olduğunu nəzərdə tutur.

Hindistan kökənli tələbənin sualının devamında, Kəbiri müstəmləkə mövzusunun onun uzmanlıq alanı olmadığını və bu suala tam olaraq cavab verə bilməyəcəyini söyləsə də, uzman olmayan bir şəxsin də bəzi paralellər görə biləcəyini vurğuladı. O dedi ki, Pəhləvilər dövründə başlayan məcburi assimilyasiya ilə hindistanlı tələbənin açıqlamaları arasında oxşarlıq görürük. Pəhləvilərdən öncə müxtəlif etnik qrupların dil və mədəniyyətlərini yox etmək üçün bir siyasət uyğulanmırdı. Qeyri-farsların dillərinə və mədəniyyətlərinə sistemli qadağa yalnız Pəhləvi hökuməti ərsəyə gəldikdən sonra başladı. Kəbiri Pəhləvilərin bu siyasəti ilə tələbənin anlatdığı Hindistanda müstəmləkəçilik siyasəti arasında bənzərlik ola biləcəyini söylədi.

Soruşulan son suallardan biri də, yazıçılığın kəbirinin şəxsi həyatında necə qəbul gördüyü və qadın olduğuna görə hər hansı xüsusi çətinliklərin olub-olmadığı haqqında idi. Kəbiri əsasən qadınların yaşadığı əlavə toplumsal qısaltmalara işarə edərək yazıçılıq həyatından nümunələr verdi. Məsələn, Quşlar Daha Qorxmurlar adlı romanındakı bəzi səhnələri daha diqqətli yazmaq üçün Xəzər dənizinin sahilinə getdiyi günlərdən və orda baş verən bir hadisədən danışdı və bu sualın cavabında o hadisəni örnək göstərdi. Xəzər sahilinin atmosferini yaxşı başa düşmək üçün sahilə yaxın bir hoteldə tək başına qaldığı günlərdə, özü də qadın olan bir hotel sahibinin şübhəli rəftarları ilə qarşı-qarşıya qaldığı və rahatsız edildiyi üçün hoteli tərk edib Təbrizə qayıtmağa məcbur qaldığını anlatdı.

Bu oturumda bizim kimi bir çoxlarının diqqətini çəkən şey bəlkə də Kəbirinin anasının bir illik Milli Hökumət dönəmində ana dilində təhsil alması məsələsi idi. Çünki Kəbiri hətta öz övladlarının və digər ailə üzvlərinin istər qadına biçilmiş analıq və həyat yoldaşlıq kimi sosyal normlar səbəbi ilə, istərsədə ana dildə eyitimsizlik səbəbi ilə ona yetərli qədər dəstək olmadıqlarını, amma ən böyük dəstəkçisinin anası olduğunu söylədi. Anasının dəstəklərini analiz edərkən, onun bu anlayışının əsas səbəbini 1945-ci ildə qurulan Azərbaycan Milli Hökuməti olduğunu dedi. Kəbirinin anası Milli Hökumətin qanadları altında bir il də olmuş olsa, ana dilində təhsil almışdır. O ədalətin, bərabər hüquqa sahib olmanın və ana dilinin əhəmiyyətini Milli Hökumətdə təcrübə ilə öyrənmiş və bu dəyərləri ilk dəfə yaşamağa imkan tapmışdır. Ona görə də öz qızına hər zaman dəstək olub, onu arzularının ardınca getməyə həvəsləndirmişdir.

Son olaraq, Xoy şəhərindən olan Rüqəyyə Kəbirinin Toronto universitetində Türk Araşdırmalarını Gəlişdirmə Dərnəyi tərəfindən ağırlanması, onun ədəbiyyat aləminə verdiyi əsərləri akademik dünyaya tanıtmaqla yanaşı, üniversitetdə İrandakı azərbaycanlıların yaradıcılıqlarına marağı gücləndirmiş oldu. Bu proqram ədəbiyyatın aktuallığına və toplumların təcrübələrinin ədəbiyyat vasitəsi ilə yazılı yaddaşa keçməsinə diqqət çəkən bənzərsiz bir proqram idi.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.