“Kommunist manifesti”nin əsas məqamları

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə Nicki Lisa Cole tərəfindən  2019-ci ilin Noyabr ayında ThoughtCo saytında dərc edilib və Ətəkyazı tərcümə qrupu onu Azərbaycan türkcəsinə tərcümə edib.

1848-ci ildə Karl Marks və Fridrix Engels tərəfindən yazılmış “Kommunist manifesti” sosiologiyada ən çox öyrədilən mətnlərdən biridir. Əvvəlcə alman dilində nəşr olunan bu əsər, Londondakı Kommunist birliyi tərəfindən sifariş edilib. O zaman bu, Avropada kommunist hərəkatı üçün siyasi bir çağırış kimi qəbul edilirdi. Bu gün isə o, kapitalizmin və onun sosial və mədəni nəticələrinin zəkalı və erkən tənqidini təqdim edir.

Sosiologiya tələbələri üçün bu mətn Marksın kapitalizmi tənqid etməsində faydalı bir əlifba kimidir, lakin bu sahədən kənarda olanlar üçün çətin gələ bilər. Manifestin əsas məqamlarını seçən xülasə, sosiologiya ilə yeni tanış olan oxucular üçün həzm edilməsini asanlaşdıra bilər.

Manifestin tarixi

“Kommunist manifesti” Marks və Engelsin ideyalarını birgə inkişaf etdirmələrindən qaynaqlanıb, lakin son layihəsini Marks özü yazıb. Mətn alman ictimaiyyətinə əhəmiyyətli siyasi təsir etdi və Marksın ölkədən qovulmasına səbəb oldu. Bu, onun daimi olaraq Londona köçməsinə və ilk dəfə olaraq 1850-ci ildə ingilis dilində kitabçanın nəşrinə səbəb oldu.

Almaniyada mübahisələrə səbəb olmasına və Marksın həyatında mühüm rol oynamasına baxmayaraq, mətn 1870-ci illərə qədər çox diqqət çəkmədi. Sonra Marks birinci internasionalda görkəmli rol aldı və 1871-ci il Paris kommunasını və sosialist hərəkatını açıq şəkildə dəstəklədi. Mətn həm də Almaniya Sosial Demokrat Partiyasının liderlərinə qarşı keçirilən vətənə xəyanət məhkəməsində oynadığı rola görə populyarlıq qazandı.

Daha geniş şəkildə tanındıqdan sonra Marks və Engels kitabı yenidən işləyib bu gün oxuculara tanış olduğu variantda yenidən nəşr etdirdilər. Manifest 19-cu əsrin sonlarından bəri bütün dünyada geniş oxunur və kapitalizmin tənqidi üçün təməl olaraq qalır. O istismar əvəzinə bərabərlik və demokratiya ilə təşkil edilən sosial, iqtisadi və siyasi sistemlərə yönəlmiş çağırışların ilham qaynağı olub.

Manifestə giriş

“Bir ruh Avropanı lərzəyə salır- kommunizm ruhu.”

Marks və Engels manifestə, Avropa güclərinin kommunizmi təhlükə olaraq təyin etdiklərinə işarə etməklə başlayırlar. Bu liderlər kommunizmin güc strukturunu və kapitalizm kimi tanınan iqtisadi sistemi dəyişdirə biləcəyinə inanırlar. Potensialını nəzərə alaraq, Marks və Engelsin fikrincə, kommunist hərəkatı bir manifest tələb edir və sözügedən mətn də məhz bu tələbi yerinə yetirmək niyyətindədir.

1-ci hissə: Burjua və proletarlar

“Bu günə qədər mövcud bütün cəmiyyətlərin tarixi, sinfi mübarizələrin tarixidir.”

Manifestin birinci hissəsində Marks və Engels kapitalizmin təkamülünü və onun nəticəsində yaranan istismarçı sinfi quruluşu izah edirlər. Siyasi inqilablar feodalizmin qeyri-bərabər iyerarxiyalarını alt-üst edərək, onların yerinə ilk növbədə burjuaziyadan (istehsal vasitələrinin sahiblərindən) və proletariatdan (muzdlu işçilərdən) ibarət yeni sinif sistemi yarandı. Marks və Engels bunu belə izah edirdilər:

“Feodal cəmiyyətinin xarabalıqlarından cücərmiş müasir burjua cəmiyyəti sinfi ziddiyyətləri aradan qaldırmadı, köhnələrin əvəzinə yeni siniflər, yeni zülm şəraiti, yeni mübarizə formaları yaratdı”.

Burjuaziya post-feodal siyasi sistemi yaradaraq və ona nəzarət edərək dövlət hakimiyyətinə nail oldu. Beləliklə Marks və Engels izah edirlər ki, dövlət cəmiyyətin əksəriyyətini təşkil edən proletariatın deyil, varlı və güclü azlığın dünya görüşlərini və maraqlarını əks etdirir.

Sonra Marks və Engels, işçilərin yaşadığı qəddar və istismarçı reallığı müzakirə edirlər. İşçilər bir-biri ilə rəqabət aparmağa və əməklərini sərmayə sahiblərinə satmağa məcbur olurlar. Bu baş verdikdə, əvvəllər insanları bir-birinə bağlayan sosial bağlar yox olur. İşçilər xərclənə bilən və dəyişdirilə bilən “şeylər” olurlar ki bu anlayış “maddi əlaqə(cash nexus)” kimi tanınır.

Kapitalist sistemi böyüdükcə, genişləndikcə və təkamül etdikcə, daxilində onun üsulları, istehsal və mülkiyyət münasibətləri daha çox mərkəzləşir. Bugünkü kapitalist iqtisadiyyatının qlobal miqyası və sərvətin qlobal elita arasında həddindən artıq cəmləşməsi bizə Marks və Engelsin 19-cu əsr müşahidələrinin dəqiq olduğunu göstərir.

Kapitalizm geniş yayılmış iqtisadi sistem olsa da, Marks və Engels onun uğursuzluq üçün yaradıldığını iddia edirlər. Ona görə ki, mülkiyyət və sərvət cəmləşdikcə muzdlu işçilərin istismar şərtləri zaman keçdikcə pisləşir və üsyan toxumu əkilir. Müəlliflər əslində bu qiyamın artıq qızışdığını və Kommunist Partiyasının yüksəlişinin bunun xəbərçisi olduğunu iddia edirlər. Marks və Engels bu hissəni bu nəticə ilə bitirirlər:

“Buna görə də burjuaziyanın istehsal etdiyi şey, hər şeydən əvvəl, öz məzar qazanlarıdır. Onun süqutu və proletariatın qələbəsi eyni dərəcədə qaçılmazdır.”

Tez-tez sitat gətirilən mətnin bu bölməsi manifestin əsas hissəsi hesab olunur. O, həm də ixtisar edilmiş variant kimi tələbələrə öyrədilir. Mətnin digər hissələri daha az bilinir.

2-ci hissə: Proletarlar və Kommunistlər

“Sinifləri və sinfi ziddiyyətləri ilə birlikə qədim burjua cəmiyyətinin yerinə, hər bir insanın azad inkişafı, hamının azad inkişafının şərti olduğu bir birlik yaranacaqdır”.

Bu bölmədə Marks və Engels Kommunist Partiyasının cəmiyyət üçün nə istədiyini izah edirlər. Onlar təşkilatın işçilərin müəyyən bir fraksiyasını təmsil etmədiyi üçün fərqləndiyini qeyd etməklə başlayırlar. Daha doğrusu təşkilat, bütövlükdə işçilərin (proletariatın) maraqlarını təmsil edir. Kapitalizmin yaratdığı və burjuaziyanın idarə etdiyi sinfi ziddiyyətlər, milli sərhədləri aşan bu maraqları formalaşdırır.

Kommunist Partiyası proletariatı aydın və sinfi mənfəətlərinə sahib vahid sinfə çevirməyə, burjuaziyanın hakimiyyətini devirməyə, siyasi hakimiyyəti ələ keçirməyə və yenidən bölüşdürməyə çalışır. Marks və Engels deyirlər ki bunu etməyin yolu, xüsusi mülkiyyətin ləğvidir. Marks və Engels burjuaziyanın bu təklifə rişxənd və istehza ilə qarşılıq verəcəyini qəbul edirdilər. Müəlliflər buna belə cavab verirlər:

“Siz bizim şəxsi mülkiyyəti ləğv etmək niyyətimizdən dəhşətə gəlirsiniz. Amma sizin mövcud cəmiyyətinizdə əhalinin onda doqquzu üçün şəxsi mülkiyyət onsuz da yoxdur; şəxsi mülkiyyətiniz, ancaq onda doqquzun buna sahib olmaması sayəsində varlığını qoruyur. Deməli, cəmiyyətin böyük əksəriyyəti üçün heç bir mülkiyyətin olmamasını zəruriləşdirən bir mülkiyyət formasını aradan qaldırmaq istədiyimiz üçün bizi məzəmmət edirsiniz.”

Şəxsi mülkiyyətin əhəmiyyətindən və zəruriliyindən yapışmaq kapitalist cəmiyyətdə ancaq burjuaziyaya xeyir verir. Qalan hər kəsin ondan istifadə həqqı ya çox azdır ya da heç yoxdur və onun hakimiyyəti altında əziyyət çəkir. (Müasir kontekstdə ABŞ-də sərvətin böyük dərəcədə qeyri-bərabər paylanmasını və əhalinin əksəriyyətini quylayan mənzil və təhsil borcu dağı maneəsini nəzərdən keçirin.)

Marks və Engels daha sonra Kommunist Partiyasının 10 məqsədini bəyan edirlər:

1.Torpaqda mülkiyyətin ləğvi və bütün torpaq icarələrinin ictimai məqsədlər üçün tətbiq edilməsi.

2. Ağır artan faizli və ya mərhələli gəlir vergisi.

3. Bütün vərəsəlik hüquqlarının ləğvi.

4. Bütün mühacirlərin və üsyançıların əmlakının müsadirə edilməsi.

5. Dövlət sərmayəli və inhisarda olan milli bank vasitəsilə kreditin dövlətin əlində mərkəzləşdirilməsi.

6. Nəqliyyat vasitələrinin dövlətin əlində mərkəzləşdirilməsi.

7. Dövlətin sahib olduğu zavodların və istehsal alətlərinin genişləndirilməsi; boş torpaqların əkilməsi, ümumi plana uyğun olaraq torpağın yaxşılaşdırılması.

8. Hamının işləmək üçün bərabər məsuliyyəti. Xüsusilə kənd təsərrüfatı üçün sənaye ordularının yaradılması.

9. Kənd təsərrüfatının istehsal sənayesi ilə birləşməsi; əhalinin ölkə üzrə daha bərabər paylanması ilə şəhər və kənd arasındakı bütün fərqlərin tədricən aradan qaldırılması.

10. Dövlət məktəblərində bütün uşaqlar üçün pulsuz təhsil. İndiki formada uşaq işçiliyinin ləğvi. Təhsilin sənaye istehsalı ilə birləşməsi və s.

3-cü hissə: Sosialist və kommunist ədəbiyyatı

Manifestin üçüncü hissəsində Marks və Engels burjuaziyaya qarşı üç növ tənqidin icmalını təqdim edirlər. Bunlara mürtəce sosializm, mühafizəkar və ya burjua sosializmi və tənqidi-utopik sosializm və ya kommunizm daxildir. Onlar izah edirlər ki, birinci tip ya feodal quruluşuna qayıtmağa çalışır, ya da şərtləri olduğu kimi qoruyub saxlayır. Bu növ əslində Kommunist Partiyasının məqsədlərinə qarşıdır.

Mühafizəkar və ya burjua sosializmi sistemi olduğu kimi saxlamaq üçün proletariatın bəzi şikayətlərini həll etmək lazım olduğunu biləcək qədər fərasətli burjuaziya üzvlərindən törənir. Marks və Engels qeyd edirlər ki, iqtisadçılar, xeyriyyəçilər, humanitar insanlar, xeyriyyə təşkilatlarını idarə edənlər və bir çox başqa “yaxşılıq edənlər”, dəyişiklikdənsə sistemdə kiçik düzəlişlər etməyə çalışanlar bu xüsusi ideologiyanı müdafiə və istehsal edirlər.

Nəhayət, tənqidi-utopik sosializm və ya kommunizm sinfi və ictimai quruluşun real tənqidini təklif edir. Bu tip kommunizmin nə ola biləcəyə dair bir baxışı olmaqla, məqsədin mövcud olanda islahat keçirmək üçün mübarizə aparmaqdansa, yeni və ayrı cəmiyyətlər yaratmaq olduğunu göstərir. O, proletariatın kollektiv mübarizəsinə qarşı çıxır.

4-cü hissə: Müxtəlif Mövcud Müxalifət Partiyalarına münasibətdə kommunistlərin mövqeyi

“Kommunist Manifestinin” yekun bölməsində Marks və Engels qeyd edirlər ki, Kommunist Partiyası mövcud ictimai və siyasi nizama meydan oxuyan bütün inqilabi hərəkatları dəstəkləyir. Manifest proletariatın, yəni fəhlə sinfinin bir araya gəlməsi çağırışı ilə bitir. Marks və Engels məşhur mitinq fəryadlarını səsləndirərək deyirlər: “Bütün ölkələrin proletarları, birləşin!”

Paylaş.

Müəllif haqqında

Nicki Lisa Cole

Şərhlər bağlıdır.