Şərqi Azərbaycanın 700 kəndində içməli su problemi var

Google+ Pinterest LinkedIn Tumblr +

Şərqi Azərbaycan vilayətinin su və kanalizasiya şirkətinin müdiri vilayətin 700 kəndində su böhranı olduğunu bildirib. O eyni halda 150 kəndin su ehtiyacının su maşınları ilə təmin edildiyini deyib. Güney Azərbaycanda su böhranı hər gün daha da böyüməkdədir. Böhran yalnız kəndlərdə deyil şəhərlərdə də aktualdır.

Şərqi Azərbaycanda ən az 8 şəhərdə su böhranı var. Bunlar başda Təbriz olmaqla Mərənd, yeni Səhənd şəhəri, Hadişəhr (Gərgər-Ələmdar), Heris, Duzduzan və Azərşəhr (Tufarqan) şəhərləridir. Böhran yalnız Şərqi Azərbaycanda deyil, Azərbaycanın başqa vilayətlərində də özünü göstərir.

Son zamanlar güneydə su problemi müxtəlif növlərdə müşahidə olunur. Ən başda Urmu gölü olmaqla bir çox hallarda suyun azlığı gündəmə gəlir. Xüsusilə insanların gündəlik istifadəsi üçün mövcud olan su xətlərində də artıq su çatışmır. Bu isə narazılıqlara səbəb olur.

Şərqi Azərbaycan su və kanalizasiya şirkətinin müdirinin də dediyi kimi hazırda yüzlərlə kəndin içməli suyu su maşınları ilə təmin edilir. Bu kəndlərdə ya su xətləri mövcud deyil ya da daha əvvəl istifadə edilən su mənbələri quruyub.

Su böhranı geniş perspektivdə

Güney Azərbaycanın demək olar ki hər yanında su böhranı yaranıb. Bu böhran bir zamanlar 30 milyard kubmetr su ehtiyatını özündə saxlayan Urmu gölündən Muğanadək, Culfadan Qəzvinə və Zəncandan Həmədanadək mövcuddur. Şərqi Azərbaycanın vəziyyəti hardasa digər vilayətlərdə də eynidir.

Ərdəbil vilayətində hazırda 700 kənd və 650 qışlaq su böhranı yaşayır. Bu kəndlərdə və qışlaqlarda su ehtiyacı səyyar su maşınları ilə təmin edilir. Ərdəbil vilayəti ölkə səviyyəsində ən çox su böhranı olan vilayətlər arasında yer alıb.

Zəncanda da vəziyyət yenə ağırdır. Zəncan vilayətində bu il ərzində ən az 500 kəndin su böhranı yaşayacağı proqnozlaşdırılıb. Eyni zamanda Zəncan regional su şirkətinin verdiyi məlumata əsasən Zəncan şəhərinin içməli suyunu təmin edən Təhəm su anbarının 70 faizi yayın ilk günlərində boşalıb.

Təsnim xəbər agentliyi Zəncan vilayətində ildə yeraltı su mənbələrinin 1 metrdən çox azaldığını bildirirb. Çünki sənət və içmək üçün istifadə edilən su da həmin yeraltı su mənbələrindən təmin edilir. Həmçinin əkin yerlərinin yarıdan çoxu selləmə kimi köhnə suvarma metodları ilə suvarılır.

Qəzvin vilayətində də bu il ən azı 147 kənd su böhranı yaşayır. Eləcə də Qəzvin, Məhəmmədiyyə, Mehriqan, Abyek, Təkistan, Ərdaq və Səqzabad şəhərlərində də suyun keyfiyyəti və azlığı ilə bağlı problemlər movcuddur. Qəzvin vilayətinin su və kanalizasiya şirkətinin müdiri Darab Beyrənvəndi vilayət səviyyəsində hər saniyədə şəhərlərdə 400 litr və kəndlərdə 550 litr su azlığının olduğunu bildirib.

Qəzvin düzündə böyük miqyasda topraq sürüşmələri də baş verib. Bu sürüşmələr yeraltı su mənbələrinin boşalması nəticəsində baş verir. Ekspertlərin fikrincə Qəzvin düzünün vəziyyəti getdikcə ağırlaşır. Bəzilərinin fikrincə bu gedişat nəticəsində Qəzvin düzü bütünlüklə səhraya dönə bilər.

Həmədan vilayətində 87 kəndin su böhranı yaşadığı bəlli olub. Hazırda bu kəndlərin su ehtiyacları səyyar su maşınları ilə ödənilir. Həmədan düzündə yeraltı su mənbələrindən həddindən artıq istifadəsi nəticəsində ən azı 30 yerdə topraq qatı çöküb və çuxurlar yaranıb.

Qərbi Azərbaycan bir zamanlar ən çox su ehtiyatlarına malik olan vilayətlər sırasında gəlirdisə, indi ən susuz vilayətlər siyahısında yer alır. Urmu gölü və onun ətrafında olan su ehtiyatları əksər hallarda ya tamamilə quruyub ya da şorlaşıb. Xüsusilə Qərbi Azərbaycanın quzey bölgələrində yerləşən şəhər və kəndlərin çoxu ağır su böhranı yaşayırlar. Bunlardan Makı, Poldəşt, Şot və hətta Xoy şəhərlərini nümunə göstərmək olar.

Qeyd edildiyi kimi İranın şimal qərbində yerləşən Güney Azərbaycanın təxminən hər yerində su böhranı müşahidə olunur. Ümumi perspektivdə bütün İran ağır su böhranı yaşayan ölkələr sırasında yer alır. Bəs mövcud siyasətlərlə bu ağır vəziyyətdən xilas olmaq mümkündürmü?

Böhranın səbəbləri, nəticələri və həll yolları

Dünya səviyyəsində iqlim dəyişiklikləri bir reallıqdır. Lakin bu reallıq bütün ölkələrdə eyni nəticələrə səbəb olmayıb. İran dünya səviyyəsində ən çox su böhranı yaşayan ölkələr sırasındadır. Bu ölkələrin daxili və hətta xarici su siyasətlərinin əhəmiyyətli rolunu göstərir.

Urmu gölünün quruması ilə yaranan narazılıqlar ilk dəfə olaraq ölkə səviyyəsində su siyasətinin əhəmiyyətini gündəmə gətirdi. Həmin vaxtlardan etibarən ölkə cavabdehləri iqlim dəyişiklikləri və yağıntıların azalmasına toxunaraq yaranan faciənin ağırlığından boyun qaçırmaq istəyiblər. Lakin ekspertlərin fikrincə Urmu gölünü qurudan əsas amil pis idarəçilik olub.

Ölkənin su istehlakının təxminən 80 faizi əkinçiliklə bağlıdır. Köhnə suvarma metodları həmin su istehlakının böyüz faizinin hədər olmasına səbəb olur. Buna baxmayaraq suvarma metodlarını dəyişmək üçün hər hansı ciddi addımın atılmadığı müşahidə olunur.

Eyni halda İranın su siyasəti əkinçilik ərazisini genişlətmək istiqamətində olub. Misal üçün Urmu gölü ətrafındakı əkin sahəsi keçən 30 il ilə müqayisədə neçə dəfə genişlənib. Əkin ərazilərinin genişlənməsi gölə tökülən çayların qabağında su anbarları tikməklə gerçəkləşdi. Ərazi genişlənsə də gölün həyatında böyük maneələr yarandı.

Yerüstü su mənbələrinin taleyi su anbarları ilə kəsildisə, yeraltı su mənbələri də həddindən artıq su götürməyin nəticəsində böyük ziyan gördü. Daha əvvəl qeyd edilən torpaq sürüşmələri və çatları həmin siyasət nəticəsində baş verib. Dövlət orqanlarının laqeydliyi və var olan korrupsiya on minlərlə qanunsuz su quyusunun qazılması ilə nəticlənib. Bu isə yeraltı su mənbələrinin hədər edilməsi deməkdir.

Yaranan su böhranında da iqlim dəyişikliklərinin rolu danılmazdır. Lakin əsas problem yenə də pis idarəçilikdir. Çünki yaranan böhran hələ də cavabdeh qurumların ciddi müdaxiləsinə səbəb olmayıb. Selləmə suvarma metodu hələ də geniş yayılmış suvarma metodu olaraq su itkisinə səbəb olur. Minlərlə qanunsuz su quyusu öz fəaliyyətinə davam edir. Çox su istehlak edən lakin az gəlirli məhsullar yenə də becərilir. Bir sözlə reallıqda dəyişən hər hansısa ciddi bir şey yoxdur və faciə durmadan irəliləyir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.