Məşrutə fərmanının imzalanmasından 116 il keçib. Lakin hələ də onun təsirləri mübahisəli mövzular sırasındadır. Bu haqda son zamanlar İstanbulda “Doğu kütüphanesi”-də nəşr edilən “İranda meşrutiyyet devrimi” adlı kitabın yazıçısı Rza Talibi Ətəkyazıya müsahibə verib.
Rza Talibinin daha əvvəllər də Məşrutə İnqilabı ilə bağlı tədqiqatları olub, bu haqda başqa kitablarında da yazıb. Lakin son kitabında xüsusilə bu inqilabda iştirak edən etniklər və ya başqa dini kimliklərin rolları barədə daha çox məlumat verib. Yazıçının fikrincə “İranda meşrutiyyet devrimi” adlı kitab arxivlərə əsaslanan və sosiologiya baxışlı akademik bir kitabdır. O həm də əlavə edir ki Türkiyə və Azərbaycan respublikalarında Məşrutə inqilabı ilə bağlı səhv baxışlar çoxdur və ya bu mövzu haqqında kifayət qədər tədqiqat aparılmayıb.
Qeyd edildiyi kimi Məşrutə inqilabı və onun nəticələri xüsusilə güney azərbaycanlılar arasında mübahisələrə səbəb olur. Rza Talibi var olan görüşləri əslində iki əsas hissəyə bölür. Onun fikrincə Məşrutə inqilabı kimilərinə görə türk hakimiyyətini dəyişmək üçün ortaya gəlib, kimilərinə görə isə hakimiyyətdə olan türklərin öz hökumətlərində reform yaratmağı hədəf alan hərəkatdır. O həm də qeyd edir ki hazırkı zamanın gözü ilə tarixə baxmaq səhvdir və Məşrutə hərəkatında gedən prosesləri öz zamanı içərisində analiz etmək lazımdır.
Məşrutə İnqilabında Azərbaycanın mövqeyi
Yazıçı Rza Talibinin fikrincə Məşrutə İnqilabı dövründə siyasi elitaya Qafqaz və İstanbulun təsiri çox böyükdür. Təbii olaraq güneyin bu iki bölgəyə daha yaxın olması üçün yeni fikirləri alan ilk şəxslər də güneylilər arasından olub. İslahatların olmasının vacibliyi də bu fikirlər arasında yer alıb. Lakin Azərbaycanda islahatların tarixi məşrutədən əvvələ gedir. Yazıçı xüsusilə Nasirəddin şaha işarə edərək islahatların Qacar şahları tərəfindən başladıldığını deyir.
Rza Talibi hesab edir ki Avropada gedən inkişaf Tehrana Azərbaycan vasitəsilə çatıb. İstanbuldakı Səadət əncüməninin təbrizli tacirlərinin təşəbbüsü ilə yaranması bu əlaqənin bir nümunəsidir. Təbrizin İranda bir çox sənətdə və inkişafda birincilik əldə etməsi də elə onun Qafqaza, Osmanlı İmperiyası və Avropaya yaxınlığına görədir.
Məşrutə illərində Təbriz əncümənindən Məmmədəli şaha ünvanlanan müraciətlər Rza Talibinin diqqət yetirdiyi digər məqamdır. O bir müraciətdə sərt şəkildə şahdan islahat istədiklərini, qəbul edilmədiyi təqdirdə Azərbaycan milləti olaraq buna qarşılıq verəcəklərini yazdıqlarını deyir.
Rza Talibi əlavə edir ki Məşrutənin bir hədəfi də şahdan qüdsiyyəti (müqəddəsliyi) almaq idi. Lakin hələ də bəzilərinin fikrincə Qacarları tənqid etmək yolverilməzdir. Yazıçının fikrinə görə Qacarlarda mövcud olan korrupsiya danılmazdır. Eyni halda inqilabın əsası da türklərə aiddir. Lakin nəticədə Azərbaycan yaranan statusdan faydalı deyil, daha çox ziyanlı çıxdı.
Səttarxan qəhrəmandırmı, xaindirmi?
Rza Talibi daha əvvəl də bildirdiyi kimi tarixə bu günün gözü ilə baxmağı səhv hesab edir. Bu istiqammətdə Səttarxanın da bu günün ölçüləri ilə ölçülməsini düzgün saymır. O eyni halda belə bir dual sistemi, ağ-qara baxışı problemli hesab edir. Onun fikrinə görə tarix ağ-qara deyil, daha çox boz çalarlıdır. Belə baxsaq Səttarxan da nə milli xadim nə də xaindir, o kütləvi bir hərəkatın lideridir.
Rza Talibi Səttarxana olan tənqidlərdən də söz açıb. Lakin bu tənqidlərin bu günün ölçüləri ilə tarazlandığını bildirib. Onu hazırkı dövrün insanları ilə müqayisə etməyi də səhv hesab edir. Yazıçının fikrincə Səttarxanın həm müsbət və həm mənfi tərəfləri olub. O həm də əlavə edir ki o dövrdə Səttarxandan başqa ikinci bir seçim mövcud olmayıb.
Rza Talibi hesab edir ki Səttarxanın əsas hədəfi islahatlar olub, Qacar hökumətini zəiflətmək və ya devirmək yox. O kimilərinin qəhrəmanıdır, kimilərinsə yox, lakin o bizim tariximizin gerçəkliyidir. O müxtəlif zamanlarda müxtəlif duruşlar sərgiləyib və onu tanımaq üçün müxtəlif Səttarxanları tanımalıyıq.
Məşrutə İnqilabının milli hərəkatda rolu nədir?
“İranda Məşrutiyyet devrimi” kitabının yazıçısının fikrincə Məşrutə inqilabının bu günkü milli hərəkatda rolunu təyin etmək tarixə olan baxışımızdan asılıdır. O deyir ki narksist baxışda tarix davamlı )və davam etdiyi( təsəvvür edilir. Lakin postmodern baxışda tarix adalar cəmi olaraq görülür və müəyyən bir hadisə özünəməxsus adadan qırağa çıxmır.
Rza Talibiyə görə günümüzdə milli hərəkatda keçmişin rolunu qabarıq görənlər marksist bucaqdan yanaşırlar. Bu baxışa əsasən nəinki Məşrutə hətta daha əvvəlki tarixlərin də günümüzdə rolları diqqətə layiqdir.