Tarixin tələbi: Azərbaycanda ana dilində təhsil tələbi hər küncdən səslənir

Google+ Pinterest LinkedIn Tumblr +

Son dövrlərdə İranda Azərbaycan türkcəsinin rəsmi dil statusu alması tələbi ilə bağlı müraciətlər və vətəndaş təşəbbüsləri genişmiqyaslı şəkildə davam edir. Bu istiqamətdə ən son mərhələdə İran Prezidenti Məsud Pezeşkiyana ünvanlanan onlayn petisiya kampaniyası aktiv şəkildə davam edir və hələ də imzalar toplanır.

Hazırkı petisiya, indiyə qədər ən azı 6131 nəfər tərəfindən imzalanıb və bu rəqəm artmaqda davam edir. Məktubda türk dilinin (Azərbaycan türkcəsinin) İranda yaşayan milyonlarla vətəndaşın ana dili olması, onun fars dili ilə yanaşı rəsmi dil kimi tanınmasının təbii hüquq olduğu qeyd edilir. Mətn dini, konstitusiya və insan hüquqlarına istinad edərək, dil müxtəlifliyinin qorunmasının ölkənin milli birliyini gücləndirəcəyini iddia edir.
Məktubda İran Konstitusiyasının 15-ci maddəsi, Quran ayələri və Prezident Pezeşkiyanın Təbrizdəki çıxışlarında ana dilin qorunması ilə bağlı verdiyi vədlər əsas gətirilir. Prezidentin “bütün dillərin qorunacağı” ilə bağlı bəyanatları xatırladılaraq, bu vədlərin türk dilinin rəsmi statusu ilə bağlı həyata keçirilməsi tələb olunur.

Daha əvvəlki müraciətlərlə müqayisədə dəyişən nədir?

Bu petisiyadan əvvəl də Təbriz universitetlərinin 196 müəllimi tərəfindən Azərbaycan türkcəsinin təhsil sistemində tətbiqinə dair Prezidentə müraciət edilmişdi. Hökumət nümayəndələri də bir neçə dəfə ana dilində təhsil məsələsinə dəstək verdiklərini və bu istiqamətdə qanuni dəyişikliklər üzərində işlədiklərini bildirmişdilər.

Aktivistlər və türkdilli icma, petisiyanın davam etməsi ilə öz hüquqları uğrunda mübarizənin genişləndiyini vurğulayırlar. Onlayn petisiya platformalarının (məsələn, fa.petitions.net) bu cür təşəbbüslər üçün mühüm bir vasitə olduğu qeyd edilir. İmza sayının artması, tələbin yalnız Güney Azərbaycan regionu ilə yox, bütün ölkə daxilindəki türkdilli əhalini nəzərdə tutduğunu göstərir.

2018-ci ildə də 4085 tələbə Azərbaycan türkcəsinin də farsca ilə bərabər ölkənin rəsmi dili olmasını o dövrdə prezidentdən tələb etmişdilər. Ondan üç il əvvəl də 1185 azərbaycanlı tələbə Azərbaycan dilinin rəsmi dil olmasını tələb etmişdilər. Ana dilində təhsil məsələsi Azərbaycanın müasir tarixində ən çox təkrarlanan şüarlardan biridir, lakin sonuncu prezident seçkilərindən sonra sanki bu tələb daha çox səsləndirilir.
Hökumətin ana dil məsələsindəki mövqeyi mübahisəlidir. Hökumət sözçüsü də bu barədə münasibət bildirib. O dövlətin ana dilində təhsili müsbət yanaşdığını bildirərək, ana dildə təhsil ilə ana dilin təhsili arasındakı fərqə diqqət çəkmişdi. Bu açıqlama fars millətçilərinin etirazlarından sonra ortaya çıxdı və hökumət başçılarının hələ də ilk addımda durduqlarını göstərdi. Çünki ana dildə təhsil tələbi məktəblərdə 2 kreditə sığdırılacaq bir tələb deyil.

Dünyada çoxdilli dövlətlər: İran 100 illik bir səhvdən dönəcəkmi?

Dil müxtəlifliyi insan sivilizasiyasının formalaşmasından bəri dövlətlərin qarşısında dayanan təbii bir reallıq olub. Tarix boyu böyük imperiyalar (Roma, Osmanlı, Sasani) çoxsaylı xalqları və dilləri eyni siyasi sistemdə birləşdirməyə çalışıb. Məsələn, Roma İmperiyasında latın dili rəsmi idarəetmə vasitəsi olsa da, əyalətlərdə yunan, aramey və kelt dilləri sərbəst şəkildə yaşayırdı. Müasir dövrdə isə qlobalizasiya və milli kimlik hərəkatları çoxdilli siyasətləri daha da aktual edib. BMT məlumatlarına görə, dünyada 80-dən çox ölkənin iki və ya daha çox rəsmi dili var. İsveçrə (4 dil), Cənubi Afrika (11 dil) və Hindistan (22 dil) kimi ölkələr bu modeli həm inklüzivlik, həm də tarixi irsi qorumaq məqsədilə tətbiq edir.

Orta Şərq ölkələrində dil müxtəlifliyi tez-tez etnik-siyasi münaqişələrlə üz-üzə qalır. İraq bu baxımdan ən gözə dəyən nümunədir: 2005-ci il Konstitusiyası ərəb və kürd dillərini əsas rəsmi dillər kimi tanıyır, həmçinin türkmən, assur və erməni dillərinə regional səviyyədə icazə verir. Kürdüstan Muxtar Regionunda məktəblər, məhkəmələr və hökumət qurumları kürd dilində fəaliyyət göstərir. İsrail isə ərəb dilinə rəsmi status verən nadir Orta Şərq dövlətidir. Bu qərar 1948-ci ildə dövlət qurularkən ərəb azlığının hüquqlarını qorumaq məqsədi daşıyıb. Digər tərəfdən, Livanın dil siyasəti fransız müstəmləkəçiliyinin izlərini daşıyır: ərəb dili nominal rəsmi dil olsa da, elitar təbəqə fransız dilini üstün tutur, bu da cəmiyyətdə linqvistik ierarxiya yaradır. Kiprdə isə yunan və türk dillərinin rəsmi statusu, hətta adanın siyasi bölünməsinə baxmayaraq, konstitusiyada qeyd edilib.

Avropada çoxdillilik tez-tez regional muxtariyyətlə əlaqələndirilir. İsveçrə dörd rəsmi dil (almanca, fransızca, italyanca, romanşca) ilə federativ sistemin uğurla işləyən nümunəsidir. Hər kanton öz dil qaydalarını müəyyənləşdirir; məsələn, Zürixdə almanca, Cenevrədə fransızca üstünlük təşkil edir. Belçikada isə dil mübarizəsi dövlətin siyasi strukturuna təsir edib: ölkə fransız, flamand (niderland) və alman dilli icmalar arasında inzibati bölgələrə ayrılıb. Kanadada ingilis və fransız dilləri federal səviyyədə bərabər hüquqludur. Kvebek əyalətində fransız dili 1977-ci ildən “Fransız Dili Xartiyası” ilə müdafiə olunur; burada ingilis dilində küçə nişanları və ticarət təbliğatları qadağandır. Kanada modeli göstərir ki, dil hüquqlarının konstitusiya ilə qorunması milli birlik və mədəni müxtəlifliyi uzlaşdıra bilər.

Çoxdilli dövlətlərin təcrübəsi göstərir ki, dil müxtəlifliyi həm fürsət, həm də risk yaradır. Tarixi kökləri olan və konstitusiya ilə qorunan modellər (İsveçrə, Kanada) sosial ədalət və milli stabilliyə töhfə verir. Dünya təcrübəsi, dil müxtəlifliyinin təkcə “problemlər” yox, həm də inklüziv inkişaf üçün əsas olduğunu sübut edir.
İran çox dilli və ya bəzi oxunuşlara əsasən çox millətli bir ölkədir. Modern dövlət qurulduğu gündən farscanın hegemoniyası digər yerli dillərə təhdid kimi baxır ama bu gün, 100 il sonra basdırılmış dillərin səsi kəsilməyib. Bu çox həsas məsələdir: İran 100 illik bir səhvdən dönəcəkmi?

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.