Tehran musiqi mafiyası Azərbaycan musiqisinin qarşısında durub

Google+ Pinterest LinkedIn Tumblr +

Güneyli musiqiçi Rza Hüseyni Bəqanam İranda Azərbaycan musiqisinə qarşı olan mənfi münasibəti sərt şəkildə tənqid edib. O deyib ki İranda Azərbaycanın ənənəvi musiqisi ölkə səviyəsində keçirilən ənənəvi musiqi festivallarına qəbul edilmir. Bəqanam buna səbəb kimi həm də “Tehran musiqi mafiyası”nı göstərib.

Bu yaxınlarda İslami Fərhəng və İrşad Nazirliyinin birinci dərəcəli incəsənət medalını qazanan R.H. Bəqanam vilayətin cavabdehlərini ağır sözlərlə tənqid edib. O deyib ki “Vilayətdə (Şərqi Azərbaycan vilayətində) mədəniyyət işləri ilə bağlı cavabdeh bir kəs yoxdur. Olanlara isə söz haqqı verilmir.”

Rza Hüseyni Bəqanam cavabdeh qurumları bayağı müsiqiçilərin təbliğatçısı kimi dəyərləndirib və bununla da orjinal musiqinin yoxsullaşdığını deyib.

İranda musiqiyə qoyulan qadağalar nəticəsində musiqinin səviyyəsi düşüb.  Bəqanam isə belə bir vəziyyətdə Azərbaycanda ifa edilən az sayda musiqi ifasının da bayağı musiqilərə aid edilməsini, cavabdeh qurumların orjinal musiqiyə qarşı olmaqları ilə izah edib.

Bundan öncə tanınmış xanəndə Məsud Əmir Sepehr də bu məsələyə diqqət çəkmişdir. Onun fikrincə müxtəlif yollarla Azərbaycan musiqisini bayağı və bəsit göstərmək istəyirlər.

Məhəlli musiqi nə deməkdir

İranda “məhəlli” sözü dominant olmayan etnik qrupların mədəni fəaliyyətlərinə verilən addır. Belə ki mədəniyyət sahəsində ölkədə fars etnik qrupuna aid olan mədəniyyət nümunələri milli, digər etnik qruplara aid olan mədəniyyət nümunələri isə məhəlli mədəniyyət nümunələri sayılırlar.  Misal üçün fars dili, fars musiqisi, fars geyimi və farslara aid digər mədəniyyət nümunələri millidir, ancaq türkcə və ya bəluç dili məhəllidir, Azərbaycan və ya ərəb musiqisi məhəllidir.

İranda “məhəlli” sözü dominant olmayan etnik qrupların mədəni fəaliyyətlərinə verilən addır. Belə ki mədəniyyət sahəsində ölkədə fars etnik qrupuna aid olan mədəniyyət nümunələri milli, digər etnik qruplara aid olan mədəniyyət nümunələri isə məhəlli mədəniyyət nümunələri sayılırlar.

Rza Hüseyni Bəqanamın qeyd etdiyi məsələ haqda bağımsız araşdırmaçı, memar və musuquçi Səməd Purmusəvi “Ətəkyazı” ilə danışıb. Onun fikricə Azərbaycan musiqisinin ölkə səviyyəli milli ənənəvi musiqi festivalına qəbul edilməməsinin səbəbi şəxsi deyil. Bu sadəcə dövlətin İranda yaşayan fars olmayan etniklərə qarşı ədələtsiz davranışının bir nümunəsidir. Daha sonra o əlavə edib:

“İranda etnik qrupların statusları nədir sualına cavab verə bilsək onların mədəni fəaliyyətlərinin rəsmi tədbir və mövqelərdə yer ala bilməməklərinin də səbəbini başa düşərik. “

Səməd Purmusəvi deyib ki İranda yaşayan fars olmayan etniklərin mədəniyyət nümunələrinin məhəlli, nəvahi və submədəniyyət kimi başlıqlar altında hətta bir azlığın haqqı qədər də haqqı və statusu yoxdur. Onun fikrincə İranda yaşayan ermənilər azlıq kimi qəbul edilirlər və demək olar ki, konstitusiya bəndlərində etniklərin haqları ilə bağlı qeyd edilmiş bütün haqlara malikdirlər. Lakin məhəlli mədəniyyət kimi qeyd etdikləri fenomenin heç bir haqqı tanınmır.

İranda yaşayan fars olmayan etniklərin mədəniyyət nümunələrinin məhəlli, nəvahi və submədəniyyət kimi başlıqlar altında hətta bir azlığın haqqı qədər də haqqı və statusu yoxdur.

İran fars deməkdir?

Səməd Purmusəviyə görə İranda fars mədəniyyətinə aid bütün elementlər rəsmi olaraq milli mədəniyyət nümunəsi kimi tanınıb. Daha sonra o əlavə edib:

“İranda rəsmi adlanan nə varsa fars mədəniyyətinə aiddir, amma dildə bir manevrlə İran sözünü fars sözünün yerinə qoyub, o mədəniyyəti bütün etniklərə aid bir varlıq kimi göstərirlər. Misal üçün İran musiqisi dedikləri əslində fars musiqisidir. Eləcə də İran ədəbiyyatı, İran rəqsi və ümumiyətlə İran mədəniyyəti adlandırdıqları əslində fars ədəbiyyatı, fars rəqsi və fars mədəniyyətidir. Deməli üstü örtülü şəkildə dominant olan fars mədəniyyətini İran mədəniyyəti adı altında başqa etniklərə qəbul etdirirlər. “

İranda rəsmi adlanan nə varsa fars mədəniyyətinə aiddir, amma dildə bir manevrlə İran sözünü fars sözünün yerinə qoyub, o mədəniyyəti bütün etniklərə aid bir varlıq kimi göstərirlər.

Səməd Purmusəvi fars olmayan mədəniyyətlərin məhəlli adlandırılmasını hiylə hesab edir. Azlıqların hüququ beynəlxalq qanunlarda, həmçinin İran konstitusiyasında müəyyən dərəcədə qorunur. Misal üçün azlıq hesab edilən ermənilər İranda geniş mədəni hüquqa malikdirlər. Onların öz dillərində məktəbləri, ədəbiyyatları, musiqiləri, müstəqil şəkildə öz həyatını davam etdirir. Lakin məhəlli adlandırılan mədəniyyətlərin hüququ haqqında konstitusiyada dəqiq bir şey yazılmayıb.

Dərində olan məsələ

İranda milli kimlik yaratma işləri Məşrutə inqilabından sonra başlayıb. Pəhləvilərin hakimiyyətə gəlməsi ilə də eksklüziv millətçilik dövrü başlayıb. Bu millətçilik fars etnikinə mənsub mədəni varlıqları bütün ölkə üçün milli dəyər kimi ortaya qoyub. O illərdən etibarən “bir millət bir dil” şüarı altında fars olmayan etnikləri farslaşdırma siyasətinə başladılar.

1979-cu il İslam İnqilabından sonra da eyni millətçilik davam etdi. Səməd Purmusəvi bu haqda Ətəkyazıya deyib:

“İran dövlətinin həm kostitusiyadakı yazılı siyasəti həm də praktikada tətbiq etdiyi siyasət (fars olmayan) etniklərin mədəniyyətini, dilini və musiqisini statussuz bir vəziyyətə salmaq üstündə qurulub. Beləliklə bu siyasət fars olmayan mədəniyyətləri “məhəlli” kimi adlar altında müəyyən edərək onları statussuz edib, daha sonra isə assimilyasiya etməyi və aradan qaldıra bilməsə də deformasiya edib submədəniyyətə çevirməyi hədəfləyir. Buna əsasən də hər hansısa rəsmi bir işdə azərbaycanlıların ciddi mədəniyyət nümunələrinə yer verilmir. Deməli dövlətin strukturunda bir dəyişiklik olmadığı müddətdə vəziyyət belə də qalacaq.“

Sənətçi Xosrov Əmiri də bu haqda Ətəkyazı ilə danışıb. O Rza Hüseyni Bəqanamın sözlərini təsdiqləyərək bildirib ki müasir dünyada artıq belə ictimai problemler qalmayıb, istər kiçik istərsə də böyük saya malik olan cəmiyyətlərdə hər kəs öz milli mədəni varlığını azad şəkildə yaşadır.  Ən geridə qalmış ölkələrdə belə bu kimi problemlər öz həllini tapıb.

O, bu mövzuda İslam Respublikasının siyasətini Pəhləvi rejimi ilə eyni hesab edərək əlavə edib:


”Təəssüflər olsun ki İranşəhri və mərkəzçi siyasət istər Pəhləvilər və istərsə də Cümhuriyi-İslami dövründə azərbaycanlıların dilini, mədəniyətini, kültürünü və demək olar ki bütün varlıqlarını kiçik görərək yox etməyə çalışıblar. Ancaq onlar xəbərsizdilər ki Azərbaycan türkləri min ilə yaxın bu torpaqlarda öz mədəniyyətləri ilə hökm ediblər. Pəhləvilər bunlara tarixi təhrif edib yanlış öyrətdikləri üçün və bunların tarixdən xəbərsiz olduqları üçün belə cəsarətlə bizim mədəniyyətimizə, kültürümüzə, dilimizə və bütün varlığımıza aşağı və xor baxmağa davam edirlər.”

İranşəhri və mərkəzçi siyasət istər Pəhləvilər və istərsə də Cümhuriyi-İslami dövründə azərbaycanlıların dilini, mədəniyətini, kültürünü və demək olar ki bütün varlıqlarını kiçik görərək yox etməyə çalışıblar.

Güneydə Azərbaycan musiqisi hansı istiqamətdə gedir

Xosrov Əmiri hazırda güneydə var olan millətləşmə prosesini bu ədalətsizliyin yox olmasında önəmli hesab edir. O deyib ki:

“Dəyərli millətimiz son 10 ildə artıq bunu sübut edib ki, öz haqlarından vaz keçməyəcək və buna inadla davam edir. Buna sübut olaraq çox dəyərli qəhrəmanlarımız öz canlarından keçərək dustaq ve zindanlarda öz sinələrini qabağa verərək millətimizin, tariximizin, və bütün varlığımızın savaşını verirler. Bu da bizim böyük millətimizə yaraşan işdir.”

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.