Yoldaş jurnalının arxivindən(1979): Neçə dəqiqə doktor Rza Bərahəni ilə

Google+ Pinterest LinkedIn Tumblr +

1979-cu ilin may ayında Tehranda nəşr edilən “Yoldaş” jurnalı Rza Bərahənidən müsahibə alıb. May ayının 19-da nəşr ediln 11-ci sayda bu müsahibənin bir qismi dərc edilib. Bu müsahibəni “Ətəkyazı” oxucularına təqdim edirik.

Latın əlifbasını hazırlayan

Səməd Bayramzadə,

dosent, tarix üzrə fəlsəfə doktoru,

AMEA akad.Z.Bünyadov adına Şərqşünaslıq

İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri

 ***

“Araz”: Keçmişdən bir az söhbət elə. Keçənlərdə siz heç azərbaycanca əsər yazmısınız?

Bərahəni: Mən 10 yaşında idim ki, azərbaycanca bir şeir yazdım. O şeirin ictimai cənbesi (sosial aspekti) var idi. Biz o zaman Azərbaycan dilində dərs oxuyurduq.

“Araz”: Azərbaycan Demokrat Firqəsinin təşkilatı olan zaman, yəni 1324-1325-də (1945-1946-da)?

Bərahəni: Bəli, o zaman. Amma sonrakı ouza (şərait) çevrildi və Azərbaycan Pəhləvi çəkmepuşlarının (Pəhləvi əsgərlərinin) əlinə keçdi və Azərbaycanın hər yerində qətli-ama (kütləvi qırğına) başladılar. Ana dilimizdə olan kitabları da oxumağa icazə vermədilər. Bizə dedilər ki, bu kitablar gərək yana və bəzi müəllimlər də qabağa düşdülər və kitabları yığıb Təbrizdə “Saat qabağı”nda yandırdılar. Sonra bizə fars dilində dərs deməyə başladılar. Farsi oxumaq çətin idi. Mən və məndən böyük qardaşım doktor Nağı Bərahəni ki, indi daneşqahda (universitetdə) dərs deyir, bir proletar xanevadedən (ailədən) idik. Ata-anamız savadsız idi; nə farsi savadları var idi, nə türki. Bu xanevadedə biz savadlı olmağa başladıq. Biz evdə azərbqaycanca danışırdıq, küçədə, bazarda və mədrəsədə yoldaşlarımız ilə və müəllimlərimiz ilə azərbaycanca danışırdıq. Amma dərs oxuyanda farsca oxuyurduq və farsca yazırdıq. Bu müqəttedə (zaman kəsiyində) bir nəsil yarandı ki, şəxsiyyəti aradan getdi, nəinki iki şəxsiyyətli insan, bəlkə bir insan ki, əsl şəxsiyyəti əzildi  və çalışdılar ki, ona ayrı bir şəxsiyyət verələr – “şəxsiyyət-e şekafte” (parçalanmış şəxsiyyət və ya ikili şəxsiyyət). Mən bu zaman səy edirdim, hətta təqlid ilə də olmuş olsa, farsi danışmaq öyrənəm və öyrəndim. Amma o əvatef (hisslər, duyğular) ki, var idi və aradan getmədi və sonra mən istədim əsli hoviyyəti (milli kimliyi) tapam və Azərbaycan dilini öyrənəm, çün əvatefimin (hisslərimin, ruhumun) şəkil tapması (şəkillənməsi) azərbaycanca idi və bisavad anamın dediyi və qoşduğu qoşma və bayatıları eşidirdim və bu çox müəssir (təsirli) idi. Sonra çün şeir deyirdim, məcbur idim farsca yazam, amma mənim əvatefim (hissim, ruhum) kargərlərin (fəhlələrin) dili idi və kargər atasının dili idi. Buna görə də ayrı bir zad və tam sitəm altda yaşayan adamların və millətlərin sözlərində bu ikicəlik – “şəxsiyyət ikicəliyi” var idi. Bu mored (hal) hamı (bütün) dili və fərhəngi (mədəniyyəti) əlindən alınmış millətlərdə görünür. Sonra məndən bir məqalə də çap olanda iftixar eliyirdim və öyünürdüm ki, farsca bir zad yazam və bu öyünmək Azərbaycan yazıçılarının çoxunda var. Vəli (amma) rəvani nəzərdən (psixoloji cəhətdən) mən bir növ nəqdə (tənqidə) başladım ki, ona sonra “şəllaqi nəqd” (qamçı tənqidi) adı qoydular. İlləti (səbəbi) də bu idi ki,  mən görürdüm, fars yazıçılarının çoxunun yazdıqlarının mənim zendeqanlığım (yaşayışım, həyatım) ilə heç bir irtibatı (bağlılığı, əlaqəsi) yoxdur. Belədə mənim dilim və bəyanım farsidə bir ayrı şəkil tapdı. Həqiqətdə oldu bir azərbaycanlı yazıçının “şəllaqı” dilinin yolu fars dilində.

“Araz”: Siz özünüz indi bilirsiniz ki, niyə bəyanınız belə oldu?

Bərahəni: Bəli, zülm görmüş insan əgər bir zülm görmüş millətdən də olsa, bir vaxt ki, öz dili bağlı ola və öz dili ilə zülm edənləri tapdayanmaya başlar, zülm edənin öz dili ilə onları tapdamağa və onları ki, həmeqani (hamılıqla) milli bir sitəmdə əlləri vardı.

“Araz”: Aya, şəhər və cəngəl şeirləri bu ehsas (hisslər) üzərində yarandı?

Bərahəni: Bəli, orada mənim bəyanım bir halda ki, farsca şeir dilidi, azərbaycanlılıq hoviyyəti (kimliyi) və şəxsiyyətini hifz eləyib və sitəmlərdə – milli tapdanışlarda, habelə 1342-ci (1963) ildə bu məcmuəni Calal Al-Əhməd çap elədi. Al-Əhməd mənə dedi, fikir eləmirsən ki, ana dilinin zülm görməsindən çox danışırsan?

Sonra mən bu cəryanı “Səfər-e Mesr”də (Misir səfəri), “Dər məna-ye səd-o-yek osyan” (Yüz bir üsyanın mənası) adında münəks (əks) elədim.

“Araz”: Fikir eliyirəm, 45 ya 46-cı ildə (1345-1346/1966-1967-ci illər nəzərdə tutulur) ola və “Firdovsi” həftəliyində çap olundu, düzdü?

Bərahəni: Bəli, düzdü. Amma axırıncı bəhs, yəni ünvan elədiyim “Dər məna-ye səd-o-yek osyan” söhbəti o həftəlikdə çap olmadı, yəni qoymadı.

“Araz”: Aya, o zaman bir iddə (qrup) var idi ki, Tehranda bu məsələyə fikirləşə? Mənzurum hünərməndlər və rouşənfikirlərdi (Məqsədim sənətçilər və aydınlardır).

Bərahəni: Bəli, 1340-da (1961-ci ildə) bir qohumumuz var idi. Hünərməndlərdən (sənətçilərdən) və yazıçılardan ki, nəzərdə var idi, Azərbaycan hünərləri (incəsənəti) haqqında Çalışqan və hətta Mənsur Qəndriz də bu işdə var idi və çoxlu sədaqət də göstərilirdi. Amma olmadı.

“Araz”: Azərbaycan şeirindən daha danışmaq istəmirsiniz?

Bərahəni: Baxın, Azərbaycan şeiri deməkdə bir qissədi (hekayədi), yəni Azərbaycan şairi bir növ hekayə yazandı, hətta  ğənai (insanın hiss və duyğularını ifadə edən ədəbi əsərə xas xüsusiyyət: lirik poeziya) və bu məsələ çox mühümdü ki, şeir bir növ dialoqa təbdil olar (çevrilər).

“Araz”: Niyə belə olur, nəzəriniz nədir?

Bərahəni: Çün dilimiz bağlı idi, pəs (ona görə) səy eliyirdik, macəraları dialoq şəklində sinəbəsinə (sinədən sinəyə) bir-birimizə nəql eliyək və bir-birindən soruşaq, cavab alaq. Bu cəryan şeirə daxil olur və şeirimiz hekayə mislli (kimi) bir zad olur. Nə hekayənin özü, bəlkə dialoq onda görünür, sual tərh eləyir (verir), cavab verir və bir macəranı hekayə macərası kimi təqib edir. “Heydər babaya salam” belədi və Səhəndin şeirləri düz bu xətt üstədi və Məftunun şeirləri və hətta cavan şairlərinki. Məgər sizinkilər belə deyil? Baxın, əcib bir əlaqə (maraq) Azərbaycan yazıçılarının əsərlərində Səməd Behrəngi və Behruz Dehqaniyə nisbət (münasibətdə) görünür (səh.8).

“Səfər-e Mesr”də (Misir səfəri), “Tarix-e mozəkker” (Danışan tarix) və “Fərhəng-e hakem və məhkum”da (Hakim və məhkum mədəniyyət) bunlar aşkar deyildi və mən aşkar açıb dedim ki, “Ağa, millətlərin dilini özlərinə verin, millətlərin dilini bağlamayın” və bu iş mənim zindana getməyimə səbəb oldu və 1325-dən (1946) sonra ilk dəfə idi ki, aşkar deyildi: “Aga, həzərat, cənablar! Bizə öz dilimizi, bizə dil azadlığı verin” və zindanda Sabiti mənə dedi ki, “Bərahəni, demək sən istəyirsən, Pişəvəri olasan?” və təəccüb buradadı ki, bu sözü elə indi də mənə deyirlər (səh.42).

Mən xaricdə dedim, yazdım ki, İranda 65% fars deyillər, bu millətlərə dil və fərhəng (mədəniyyət) azadlığı vermək gərək, ta öz fərhənglərində yaradıcılıqların göstərsinlər və istedadların bəsləsinlər.

“Yoldaş” jurnalı, No 11, birinci il, şənbə günü, 29 ordibeheşt 1358/19 may 1979

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.