Professor Cavad Heyət məhdud fürsətlərin dahisi

Google+ Pinterest LinkedIn Tumblr +

Professor Cavad Heyət 1925-ci ilin may ayının 24-də Təbrizdə dünyaya göz açıb. 1940-cı ildə orta məktəbi bitirir və bir il sonra Tehran Universitetində tibb ixtisasında təhsilini davam etdirir. 1943-cü ildə Türkiyəyə göndərilən ilk tələbə qrupunda yer alır və İstanbul Universitetinə daxil olur. 1946-ci ildə o univetsiteti bitirərək həkim olur. 3 il sonra cərrahlıq ekspertizası üçün Parisə gedir və 3 il sonra peşəkar cərrah kimi Tehrana qayıdır.

Cavad Heyət Tehranda cərrahiyyə klinikaları qurub və burada bir çox ilklərə imza atıb. Bunlara nümunə kimi hipotermiya ilə İranda ilk açıq ürək əməliyyatını, aorta qapağı darlığı əməliyyatını, insanlarda ürək qapağı dəyişdirmə və böyrək köçürmə, itlərdə isə ürək köçürmə əməliyyatlarını göstərmək mümkündür. Cavad Heyət sonrakı illərdə Dünya Cərrahlar Cəmiyyətinə, Fransa Cərrahlar Cəmiyyətinə, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinə üzv seçilərək, dünya şöhrətli həkim kimi tanınır. Bunlarla yanaşı o, İranda tibb elmi jurnalını nəşr etditməyə başlayır. Lakin sonradan İran təhlükəsizlik qüvvələri tərəfində jurnalın nəşrinə qadağa qoyulur. Ümumi cərrahlıq və cərrahlıq dərsləri professor Heyətin cərrahlıq mövzusunda çap etdirdiyi kitablardandır.

Varlıq jurnalı və Güney Azərbaycan türklüyündə oyanış

Cavad Heyətin həyatında cərrahlıq önəmli məqamlardan hesab edilsə də o, sadəcə cərrahlıq sahəsinə sığmayacaq qədər böyükdür. Əslində Cavad Heyəti daha da əhəmiyyətli qılan məsələ onun milli fəaliyyətləridir və onun ən əhəmiyyətli fəaliyyətlərindən biri də şübhəsiz ki “Varlıq” jurnalıdır.

1979-cu inqilabından sonra ölkədə nisbi azadlıqlar yarandı. Pəhləvi hakimiyyəti dövründə sıxışdıqca sıxışdırılan türk dili və mədəniyyəti artıq nəfəs ala bilir və bəzi azərbaycanlı şair və yazıçılar türkcə yazmağa başlayırlar. Türk dili və ədəbiyyatı ilə xüsusi maraqlanan Cavad Heyət yaranan yeni atmosferi görür və xalqının özləşməsi yolunda ondan istifadə etmək qərarına gəlir. Cavad Heyət bəzi yaxın yoldaşları ilə birlikdə 1979-cu ilin may ayının 5-də “Varlıq” jurnalının əsasını qoyur və bununla da Güney Azərbaycanın tarixində əvəzedilməz rol oynayır.

Professor Cavad Heyət az zamanda azərbaycanlı yazıçılar və intellektualları ətrafına toplayaraq yeni bir dövrün başlamasına imza atır. Onlar yaranan yeni atmosferdə assimilyasiya siyasətləri nəticəsinə özlüyündən uzaqlaşdırılan millətin ruhuna yeni ruh qatacaq, milli dəyərlər üzərinə diqqət yetirəcək və etnik və milli bağlarına sadiq qalan yeni bir nəsl yetişdirəcəkdilər.

Həmid Nitqi, Məhəmmdəli Fərzanə, Məhəmmədtağı Zehtabi, Qulamhüseyn Beqdeli, Həmid Məhəmmədzadə, Hidayət Hisari və Səməd Sərdariniya kimi usta adları bir damın altında toplayan bu jurnal demək olar ki bir məktəbə çevrilmişdi. Bu məktəb türk dili və ədəbiyyatı, tarix, folklor və digər mövzularda elmi məqalələri oxucularına təqdim edir və maraqlı şəxslərin fəaliyyətlərinə imkan yaradırdı. Xüsusilə İranda varlığı danılan böyük miqyasda türk əhalisinin mədəniyyətini digər türk ölkələrinin və hətta dünyanın diqqətinə çatdırmağa çalışırrdı.

İranda rəsmi əlifba ərəb əlifbasıdır və türkcə yazılan əsərlər də həmin əlifbada yazılır. Lakin hansısa bir rəsmi qurumun yoxluğu nəticəsində yazılış metodları uzun bir siyahı təşkil edirdi. Eyni kəlmə iki yazıçı tərəfindən fərqli şəkillərdə yazılırdı. Bu isə oxucu kütləsinin çətinliklərlə qarşılaşmasına və yeni nəsli yazmaqdan çəkinməsinə səbəb olurdu. Bu çətinliyə son qoymaq üçün başda professor Cavad Heyət olmaqla bir seminar təşkil olunur və o seminarda yazı qaydaları və ortoqrafiya ilə bağlı vacib qərarlar verilir.

Bu seminar nəticəsində ərəb əlifbası ilə Azərbaycan türkcəsinin yazılış qaydaları tənzimlənir və nisbi birlik təmin edilir. Daha sonra həmin seminarın qəbul etdiyi qərarları ehtiva edən bir kitab hazırlanır.

1979-2014-cü illərdə Tehranda nəşr edilən bu jurnal Professor Heyətin ölümündən sonra Ankara şəhərində çap edilir və öz fəaliyyətini davam etdir.

Türkologiya sahəsində fəaliyyətləri və əsərləri

Professor Cavad Heyət cərrah və naşir olmaqla yanaşı dünyada bir türkoloq kimi də tanınır. Yaxın yoldaşı professor Həmid Nitqi ilə birlikdə İranda türkologiya sahəsində vacib əsərlər yaratmışdır.

Cavad Heyət 1980-ci ildə “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” adlı kitab yazıb. 1984-cü ilə “Müqayisətül lüğəteyin”, 1987-ci ildə “Türk dili və ləhcələrinin tarixi”, “Türklərin tarix və mədəniyyətlərinə bir baxış”, 1988-ci “Azərbaycan şifahi xalq ədəbiyyatı”, 1990-cı ildə “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” adlı kitablar onun bu sahədə yazdığı əsərlərdir. Eyni zamanda onun bu mövzu haqqında yüzlərcə elmi məqaləsi çap olunub.

Türkologiya və cərrahlıq ixtisasında göstərdiyu fəaliyyətin nəticəsində Azərbaycan respublikasında bir çox universitetin fəxri akademiki, doktoru və professoru seçilib. Eyni zamanda o, İstanbul Universitetinin fəxri türkologiya doktoru, türk dil qurumunun fəxri üzvü seçilib və Yüksək xidmət bərati ilə təltif edilibdir.

O eyni halda Hüseyn Qazi dərnəyinin Türk kültürünə xidmət mükafat layiq görülübdür. Ankara Universitetində 2011-ci ildən bəri “Varlıq” jurnalının təsis edildiyi gün 5 may tarixi Türkologiya günü kimi qeyd edilir.

Təbrizin oğlu, Bakının fəxri.

Rza Bərahəni professor Heyətin həyatı və xidmətləri barədə deyirdi ki o məhdud fürsətlərdən faydalanıb, xəstəliyin üstünə gedirdi. Universitetlərdən universitetlərə gedən, təmsil etdiyi rütbələr və məqamlarla məşğul olan bir elm adamı kimi deyil, xalqı ilə iç-içə olan, problemi seçən və həlli üçün əlindən gələni əsirgəməyən şəxs idi. Bərahənin fikricə o təfərrüatlara diqqət yetirib və həmin təfərrüatları həll etmək üçün ayağa qalxıb və bu yolda böyük nailiyyətlərə çatıb.

Bu sözləri o yoldaşı professor Heyətin ölümü münasibəti ilə yazmışdı. Professor Cavad Heyət 2014-cü ilin avqust ayının 12-də özündən sonra qoyduğu yüksək qiymətli mirası ilə Azərbaycan xalqının yaddaşında əbədiləşdi. Son nəfəslərini Bakı şəhərində verən alim, avqusun 15-ci günündə Bakıda İkinci Fəxri Xiyabanda dəfn edilib.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.