Hannah Arendt 1961-ci ildə Qüds məhkəməsində iştirak edərkən bir canavarla, qeyri-adi bir insanla üzləşəcəyini gözləyirdi. Ancaq gördüyü şey bir dəftərxana məmuru oldu; özünün “dəhşətli dərəcədə normal” adlandırdığı bir adam. Bu adamın əsas xüsusiyyəti sadizm deyil, düşüncənin yoxluğu idi (Arendt, 1963). “Şərin banallığı” anlayışı heç vaxt o demək olmayıb ki, şər kiçik və ya əhəmiyyətsiz bir şeydir. Arendtin nəzərdə tutduğu bu idi: şər necə və kimlərin əli ilə formalaşır. Ən böyük faciələr çox vaxt adi insanların davranışının məhsuludur; adi işlər görən, eyni zamanda özlərini heç vaxt cinayətkar və ya şər saymayan insanların.
Bəli, Qüds məhkəməsindən bugünkü ağıllı telefonlara və sosial şəbəkələrin yayılmasına qədər altmış ildən çox vaxt keçir və eyni həqiqət rəqəmsal məkana köçüb. Sosial şəbəkələrdə və səsli platformalarda bir fikir cərəyanına, bir diaspora ya da tanınmış və qəbul olunmuş bir simaya zərər vurmaq üçün nə ofis və təşkilat lazımdır, nə rəsmi geyim, nə də komandanlıq zənciri. Bir anonim istifadəçi adı, inandırıcı bir profil şəkli və hamısından önəmlisi özün haqqında sadə bir təqdimat kifayətdir: “adi bir adam”.
Elə bu adi görkəm özü iş alətinə çevrilir; danışana bitərəf müşahidəçi etibarı verir, eyni zamanda onun əsl motivini gizlədir. Əsas məqam da elə budur: belə bir davranış, danışanın motivindən asılı olmayaraq, təşkilatlanmış bir nüfuzdansalma əməliyyatı ilə tam eyni funksiyanı yerinə yetirir. Qurban üçün bu ikisi arasında heç bir fərq yoxdur.
Anonimlik və əxlaqi cilovun itməsi
John Suler “onlayn dizinhibisiya effekti” (the online disinhibition effect) adlandırdığı nəzəriyyədə bu mexanizmi aydın izah edir: anonim olmaq, görünməmək və heç bir səlahiyyət mərcinin olmaması insanları real həyatda heç vaxt dilə gətirməyəcəkləri sözləri deməyə vadar edir və onlar öz onlayn şəxsiyyətlərini əxlaqi “mən”lərindən ayrı bir şey kimi yaşayırlar (Suler, 2004).
Albert Banduranın “əxlaqi özünüazadetmə” (moral disengagement) nəzəriyyəsi bundan sonra nə baş verdiyini izah edir. Adi insanlar yumşaldılmış sözlərdən istifadə etməklə, məsuliyyəti başqasının üzərinə keçirməklə və qurbanı insanlıqdan çıxarmaqla davranışlarını vicdanlarından ayırır və eyni zamanda özləri haqqında müsbət təsəvvürü qoruyub saxlayırlar (Bandura, 1999).
Philip Zimbardo da sosial şəraitin rolu ilə bağlı araşdırmalarında oxşar nəticəyə gəlir: qəddarlıqların böyük hissəsi xəstə şəxsiyyətlərdən deyil, strukturların, sistemlərin və sosial şəraitin içindən doğur (Zimbardo, 2007).
Bu nəzəriyyələrin heç biri istisna və ya qeyri-adi insanlardan danışmır. Onların hamısı məhz Arendtin məhkəmədə gördüyü insanı təsvir edir: şeytansifət deyil, düşüncəsiz.
Ancaq düşüncəsizliklə təsadüf arasında fərq var. Aylarla davam edən, hədəflərini seçən və sabit bir modeli təkrarlayan hücum artıq təsadüfi ola bilməz. Nüfuzdansalmanın və şəxsiyyət suiqəsdinin davamlılığı və sistemliliyi onun qəsdən edildiyinin aydın dəlilidir.
Şəxsiyyət suiqəsdi — təşkilatlanmış bir üsul
Bugünkü tədqiqatçılar insanların nüfuzunun məhv edilməsini sadəcə bir şayiə yayımı saymırlar. Martijn Icks və Eric Shiraev şəxsiyyət suiqəsdini bir insanın nüfuzunun və abrının qəsdən məhv edilməsi kimi müəyyən edirlər; qədim Romadan bu günə qədər davam edən siyasi bir üsul (Icks və Shiraev, 2014).
Routledge Handbook of Character Assassination and Reputation Management bu hadisəni bir-biri ilə bağlı beş ünsürdən ibarət sistem sayır: hücum edən, hədəf, vasitə, auditoriya və kontekst. Elə buna görə də dağınıq təkziblər adətən nəticə vermir; çünki baş verən sadə bir mübahisə və ya fikir ayrılığı deyil, təşkilatlanmış bir strukturdur (Samoilenko və b., 2020).
Belə hücumların ortaq xüsusiyyəti sübutun olmamasıdır. İttiham irəli sürülür, amma heç vaxt isbat edilmir; iddiaçıdan sənəd istənəndə isə sübut əvəzinə həmin ittiham bir daha təkrarlanır. Təkrar və qaralama üsulu repressiv sistemlərin və onlara bağlı orqanların müxalifləri hədələmək və susdurmaq üçün istifadə etdikləri tanınmış bir vasitədir.
Diktator rejimlərin üsulları
Nüfuzdansalma kampaniyalarının tanınmış və təkrarlanan bir modeli var; bu model bir-birindən uzaq ölkələrdə, fərqli dillərdə və fərqli platformalarda heyrət doğuracaq dərəcədə oxşar şəkildə özünü göstərir.
Birinci, hədəflər təsadüfi seçilmir. Hücum adətən ən tanınmış və ən etibarlı fəallara yönəlir, çünki bir siyasi və insan haqları fəalını təsirli edən yeganə sərmayə onun etibarıdır; məhz buna görə həmin şəxsin sözü və mövqeyi həm xalq, həm də xüsusilə digər fəallar tərəfindən ciddiyə alınır. Digər tərəfdən, diktator rejimlərin açıq şəkildə hərəkətə keçməsi repressiv sistemə böyük xərc və ağır nəticələr yükləyir — bu baxımdan da şəxsiyyət suiqəsdi avtoritar və totalitar sistemlərin adi vərdişlərindən birinə çevrilir.
İkinci, ittihamlar düşməni inandırmaq üçün deyil, hədəfi yəni xalqın tanıdığı və etibar etdiyi simaları öz müttəfiqlərindən ayırmaq üçün seçilir. Müxalifət mühitində ən böyük ittifaq-dağıdan qüvvəyə malik ittihamlar məhz həmin mühitin öz dəyərləri ilə ziddiyyət təşkil edənlərdir: “irqçi”, “anti-demokratik cərəyanların tərəfdarı”, “xarici dövlətlərin muzduru”. Məqsəd şəxsi düşmənin gözündə biabır etmək deyil; onu dostlarının içində tənha qoymaq və qrupdaxili təcridə salmaqdır.
Üçüncü, bir nəfər eyni vaxtda bir neçə bir-birinə düşmən olan dövlətə bağlanır. Məntiqi baxımdan bu ittihamlar bir-birini inkar edir; ancaq məqsəd inkar edilməz bir iddia qurmaq deyil, auditoriyanın zehnində şübhə və tərəddüd yaratmaqdır.
Dördüncü, suallar “sənəd və dəlil” istehsal etmək üçün düzülür. Ölkə daxilindəki fəallara cavabı öncədən müəyyən edilmiş suallar verilir və alınan cavablar sonradan öz kontekstindən qoparılır. Belə sitatlar təhlükəsizlik orqanlarının əlində asanlıqla ittiham və məhkumluq üçün “dəlil”ə çevrilir və burada artıq məsələ abır məsələsi deyil, insanların azadlığı və can təhlükəsizliyi məsələsidir.
Beşinci, bütün bunlar “sual verən adi bir vətəndaş”ın adı altında aparılır. Hücum edən özünü nə siyasi rəqib, nə də təşkilatlanmış bir qüvvə kimi təqdim edir; sadəcə “sual verən”, “həqiqəti axtaran” bir insan kimi görünür. Bu məqam təsadüfi deyil belə kampaniyaların ən əsas texniki elementi məhz budur: zahirən çox sadə, əməldə isə qorxunc bir kəşfiyyat-təhlükəsizlik sisteminin layihəsini irəli aparan, qəsdən və ya bilməyərəkdən repressiv təhlükəsizlik aparatının alətinə və oyuncağına çevrilən bir davranış.
Bu modelin ən mühüm nəticəsi budur: nüfuzdansalma kampaniyasında heç kim təhlükəsizlikdə deyil və məsələ yalnız digər fəalların və müxaliflərin nə vaxt hədəfə çevriləcəyinin növbəsidir məşhur deyimlə, dəyirman növbə ilədir. Bu gün başqasının nüfuzdan salınmasına biganə qalan, ya onu yayan, ya da bunu öz siyasi rəqiblərini aradan qaldırmaq və zəiflətmək üçün bir fürsət sayan adam yenə də dolayı yolla cinayət şəriki rolunu oynayır; və şübhəsiz ki, sabah özü eyni şəkildə hücuma məruz qalacaq və növbəti qurban olacaq. Bu, əxlaqi bir xəbərdarlıq deyil, empirik bir müşahidədir.
Sərhədlərin o tayından səsi susdurmaq
Siyasi müxaliflər və sürgündəki fəallar üçün təhlükə altında olan yalnız abır deyil; həm də müxaliflərin fəaliyyətinin davamı və avtoritar sistemlərin təbliğat bombardmanına məruz qalan cəmiyyət içində onların təsir dərəcəsidir.
Marcus Michaelsenin “rəqəmsal transmilli repressiya” ilə bağlı araşdırmaları göstərir ki, avtoritar hökumətlər hədə-qorxu, nüfuzdansalma kampaniyaları və müəyyən edilməsi çətin olan vasitəçilər şəbəkəsi vasitəsilə diaspor fəallarına təzyiqi davam etdirirlər (Michaelsen, 2020). Freedom House da eyni modeli onlarla ölkədə sənədləşdirib və vurğulayıb ki, inkaredilə bilənlik bu dizaynın qüsuru deyil, elə dizaynın özünün bir hissəsidir (Freedom House, 2021). Yəni hər hansı şübhə yaratmaq hücum edən üçün bir qələbə sayılır; onun son məqsədi azadlıq hərəkatlarının potensial liderlərini təcrid etmək və nüfuzdan salmaqla yanaşı, təbliğat bombardmanını zərərsizləşdirmək üçün onların enerjisini tükətmək və hədəf şəxsləri müdafiə mövqeyinə salmaqdır ki, repressiv rejimə qarşı heç bir geniş ittifaq formalaşmasın, ya da sarsıntıya uğrasın.
Məsələnin məntiqi sadədir. Ölkədən kənardakı bir fəala əli çatmayan hökumət bilir ki, müxaliflərin fiziki aradan qaldırılması kimi sərt addım bahalıdır və ağır beynəlxalq nəticələr doğura bilər. Ona görə də daha ucuz, eyni zamanda daha təsirli bir üsula əl atır: nüfuzlu və yaxşı ad qazanmış fəalların etibarını yerlə bir etmək. Beləliklə, şəxsiyyət suiqəsdi avtoritar rejimlərin müxaliflərə qarşı siyasətinin bir hissəsinə çevrilir və sosial şəbəkələr həm qorxutma alətinin, həm də müxaliflərə qarşı psixoloji əməliyyat və şəxsiyyət suiqəsdinin bir hissəsinin rolunu oynayır.
Bu planın ən mühüm xüsusiyyəti budur ki, belə bir modeldə hökumətin birbaşa əmr verməsinə ehtiyac yoxdur. Kifayətdir ki, nüfuzdansalmanın heç bir xərci olmadığı bir mühit mövcud olsun; könüllülər özləri tapılır, bəzi sadəlövh adamlar təhlükəsizlik layihələrinin tələsinə düşür, bəlkə də rejimin muzdurları rahatlıqla şəxsiyyət suiqəsdi layihəsini icra edirlər və bu yolla şərin adiləşdirilməsi asanlıqla baş verir. Elə buna görə də doğru sual “kim əmr verib?” deyil bu sual adətən cavabsız qalır. Doğru sual bu olmalıdır: bu davranış əməldə kimin xeyrinə başa gəlir?
Bu arada təkrar, şəxsiyyət suiqəsdinin ən təsirli alətlərindən biridir. Koqnitiv psixologiya araşdırmaları göstərir ki, təkrardan doğan həqiqət illüziyası (Illusory Truth Effect) insanların bir iddianı sırf dəfələrlə təkrarlandığı üçün daha etibarlı saymasına səbəb olur; hətta onun üçün heç bir şahid olmasa belə. Elə buna görə də yanlış məlumat (Misinformation) və şəxsiyyət suiqəsdi (Character Assassination) kampaniyalarında təkrar sübut təqdim etməyin yerini tutur və onun məqsədi iddianı isbat etmək deyil, tərəddüd yaratmaq, etibarı aşındırmaq və hədəf şəxs və ya qrup barədə ictimai qavrayışı dəyişdirməkdir.
Nəhayət, Hannah Arendtin həll yolu nə qisas idi, nə də sükut; əksinə, şüurlu mühakimə idi. Yəni düşünməkdən heç vaxt əl çəkməmək barədə şüurlu qərar. Əməldə isə: emosional reaksiya əvəzinə sənədləşdirmək; öz günahsızlığımızı isbat etməyə çalışmaq əvəzinə iddiaçıdan sübut tələb etmək; və bu prinsipdə israr etmək ki, anonimlik heç kimi əxlaqi məsuliyyətdən və cavabdehlikdən azad etmir.
Bu yazıda gələnlər nizamsızlıqların və pis davranışların siyahısı deyil. Bu, bir mexanizmdir; tərkib hissələrini adlandırmaq və işini qabaqcadan görmək mümkün olan bir mexanizm. Adi vətəndaş olmaq, yaxud anonim qalmaq əxlaqi əyləci boşaldır. “Mən sadəcə sual verdim”, “məsuliyyəti mənlik deyil” ya da “mən adi bir adamam” kimi sadə bəraətlər bu adamların ən dağıdıcı işləri rahatlıqla görməsinə və yenə də gecələr rahat yatmasına imkan verir. Bu davranışı mümkün edən şey isə hücum edənin psixi xəstəliyi deyil; başqalarının nüfuzdan salınmasının və şəxsiyyət suiqəsdinin onun üçün heç bir əhəmiyyət və xərc daşımadığı bir mühitdir. Bu üçünün cəmi məhz Arendtin altmış il əvvəl məhkəmədə gördüyü səhnədir.
Ancaq adi olmaq günahsızlıq gətirmir. Aylarla davam edən, hədəflərini diqqətlə seçən və hər dəfə heç bir etibarlı sənəd olmadan həmin bir neçə tanış ittihamı təkrarlayan hücum artıq düşüncəsizlikdən deyil. Nizamı var, məntiqi var, və məntiqini oxumaq mümkündür. Danışanın əslində nə düşündüyü də önəmli deyil; çünki bu davranış, arxasında hansı motiv olursa olsun, qorxunc təhlükəsizlik aparatlarının təşkilatlanmış nüfuzdansalma əməliyyatının gördüyü işi görür. Hədəfə çevrilmiş şəxs üçün, və hamıdan artıq ölkə daxilində yaşayan fəallara və meydan liderlərinə qarşı ittiham və yalan yaymaq onlara ağır bir bədəl yükləyir; elə bu ittihamlar və nüfuzdansalma kampaniyaları göstərişli məhkəmələr, təhlükəsizlik və repressiya orqanları üçün təsirli adamları cinayətkar elan etmək və cəzalandırmaq işini asanlaşdıran yaxşı bir bəhanəyə çevrilir.
Ancaq bu işin az danışdığımız bir hissəsi bizim rolumuzdur; hədəf olmayan və tamaşa edən bizlərin. Sükutun bədəli isə düşündüyümüzdən qat-qat ağırdır.
Heç bir nüfuzdansalma kampaniyası tək bir adamla irəli getmir. Hücum edən ittihamı qurur, ancaq ona etibar qazandıran bizik yaymaqla, ya məsləhət xatirinə susmaqla, “sadəcə məlumat üçün” bir postu izləyicilərə göndərməklə ya da bir səs faylını virtual şəbəkə qruplarında paylaşmaqla, mövzusu bir fəalın və bir fikir cərəyanının nüfuzdan salınması olan bir mühitdə oturmaqla. Bu məkanda sükut bitərəflik deyil; cinayətə bir növ şəriklikdir. Qarşısı alınmayan ittiham get-gedə iddia halından çıxır və bir “keçmişə” çevrilir: hamının eşitdiyi, heç kimin təkzib etmədiyi və bir müddət sonra artıq isbat edilməsinə ehtiyac qalmayan bir şeyə.
Bundan sonra zərər yalnız bir nəfərə dəymir. Elə bir zəncir başlayır ki, hər halqası hərəkatı daha da zəiflədir; aşağıdakı çətin bərpa olunan itkiləri qeyd etmək olar.
Birinci, təsirli qüvvələrin tökülməsi: aylarla ittiham hədəfi olan fəal sonda ya yorulub kənara çəkilir — bəlkə də hücum edənlərin niyyəti elə budur ya da mübarizəyə sərf etməli olduğu vaxtını öz müdafiəsinə sərf edir. Hər iki halda əldən gedən şey illərlə qurulması üçün vaxt sərf edilmiş bir sərmayədir. Adətən təsirli adamların seçilməsi milli məqsədlərin irəli aparılması üçün həlledici anlarda onların təsirli rolunun qarşısını almaq məqsədi daşıyır; İslam Respublikası rejiminin təhlükəsizlik aparatı bundan tam xəbərdardır və bilir ki, həlledici məqamda bu təsirli adamlar aradan qaldırılsa və ya zəiflədilsə, onların bu qədər tez əvəzlənməsi qeyri-mümkündür bu isə çətin bərpa olunan zərərlərə səbəb olur, hətta bir millətin taleyini məhvə sürükləyə və böyük bir fürsətin əldən çıxmasına gətirib çıxara bilər.
İkinci, qalan qüvvələrin iflici: hamı birinin başına nə gəldiyini görəndə qalanları ehtiyatlı olur. Daha az danışır, daha az təşəbbüs göstərir, daha az məsuliyyət götürürlər. Bu özünüsenzura hər cür birbaşa repressiyadan təsirlidir, çünki rejim üçün xərci sıfırdır və onu öz üzərimizə özümüz qoyuruq.
Üçüncü, etibarın çökməsi. Hər kəsin sabah ittiham oluna biləcəyi bir hərəkat artıq ittifaq qura bilmir. Ortaq iclas keçirilmir, kollektiv iş formalaşmır, hər qrup öz qınına çəkilir. Etibarsızlıq isə fikir ayrılığından fərqli olaraq müalicə qəbul etmir; yalnız dərinləşir.
Dördüncü, çöldə etibarsızlaşma. Çöldən baxan jurnalist, insan haqları qurumu və diplomat bizim daxili dava-dalaşımızın təfərrüatını anlamır. Onun gördüyü budur ki, bir cərəyanın fəalları durmadan bir-birini muzdurluqda ittiham edir. Nəticəsi sadədir: heç birimizlə ciddi iş görmürlər. Burada biz öz əlimizlə rejimin illərlə büdcə və təbliğatla arxasınca düşdüyü işi görmüşük.
Beşinci, və hamısından təhlükəlisi, daxildəki liderlər və fəallar üçün iş qaldırılması: ölkə daxilindəki fəaldan çıxarılan və öz kontekstindən qoparılan hər sitat bir gün istintaqçının masasında ola bilər. Burada artıq söhbət abırdan getmir; hökmdən, həbsdən və fəalların canından gedir. Belə bir məzmunu yayan adam, niyyəti sırf maraq olsa belə, sonunda fəallar üçün bir həbsxana, həmfikirləri və ailələri üçün isə böyük dərdlər dayanan bir zəncirin halqasına çevrilib.
Altıncı, üsulun özünün adiləşməsi. Ən pis təsir budur ki, sükutla nüfuzdansalma rəqabətin qanuni alətinə çevrilir. Söyüşün və sənədsiz ittihamın nəticə verdiyini və heç bir xərci olmadığını görəndə, gec-tez elə hərəkatın öz içindən də kimlər bu alətdən istifadə edəcək. Onda artıq rejimin bir iş görməsinə ehtiyac qalmır; üsulunu bizə öyrədib və biz özümüz onu davam etdiririk. Əslində rejimin müxalifləri elə həmin rejimin aradan qaldırma və şəxsiyyət suiqəsdi üsullarından istifadə edərək repressiv rejimlə eyniləşir və eyni şəklə düşürlər.
Və elə buradaca o sadə qayda məna qazanır: bu bazarda təhlükəsiz tamaşaçı yoxdur. Dəyirman növbə ilədir. Bu gün başqasının nüfuzdan salınmasına göz yuman və laqeyd qalan adam sadəcə öz növbəsini təxirə salıb. Bu bir moizə deyil; dəfələrlə gördüyümüz bir şeydir — və son nümunəsi dünən tamaşaçı olub bu gün özləri hədəfə çevrilənlər idi.
Bəs nə etməli?
Hər şeydən əvvəl qəbul etmək lazımdır ki, bir struktura və sistemli hücumlara fərdi cavab nəticə vermir. Hər yeni təkzib elə həmin dövrana verilən yeni yanacaqdır. Əsl işə yarayan şey qeydə almaqdır: tarix, saat, məzmun, və hamısından önəmlisi hücumların zaman modeli. Bir dəfə yazılıb sonra yalnız ona istinad edilən vahid bir istinad sənədi on dağınıq cavabdan səmərəlidir. Son vaxtlar biz virtual məkanda meydan liderlərinə və siyasi məhbuslara qarşı hər cür təşkilatlanmış nüfuzdansalmanın şahidiyik; İranın mərkəzçi sistemi zəiflədikcə bu hücumlar bütün sahələrdə gündən-günə şiddətlənir və İran rejiminin təhlükəsizlik aparatı təsirli fəalların təcrid edilməsi və şəxsiyyət suiqəsdi üçün bütün gücündən və imkanlarından maksimum istifadə edir ki, fars faşizmini keçmək üçün hər hansı ittifaqın və praktik addımın formalaşmasını qeyri-mümkün etsin və ya təxirə salsın.
İkincisi, sübut yükünü heç vaxt iddiaçının çiynindən götürmək olmaz; çünki təkrarın bütün gücü elə bundadır ki, hədəfi öz müdafiəsinə məcbur etsin və ittiham bu gedər-gələrlə “müzakirə mövzusu”na çevrilsin. Qayda sadədir və sadə də qalmalıdır: kimin iddiası varsa, sənədini gətirsin. Sənədi olmayan ittiham min dəfə də təkrarlansa, yenə sənədsizdir.
Üçüncüsü və bu təkcə şəxsiyyət suiqəsdi qurbanlarının deyil, hamının vəzifəsidir: nüfuzdansalmanı yaymayaq, işi nüfuzdansalma olan bir mühitdə oturmayaq, və kimsə sənədsiz ittiham olunanda onunla fikir ayrılığımız olsa belə həmin bir cümləni deyək: “Sənədin hanı?” Bu cümlənin bizə xərci demək olar ki, heçdir; ancaq dövranı dayandıran elə həmin cümlədir.
Bir sual qalır. Adətən “kim əmr verib?” deyə soruşuruq və adətən də cavab almırıq, çünki bu struktur elə özündən heç bir iz qoymayacaq şəkildə qurulub. Ancaq doğru sual başqadır: bu davranış əməldə kimin xeyrinə başa gəlir? Nə üçün bütün dağıntıların baisi olan və bütün güc mənbələrini əlində saxlayan repressiv rejim sorğu-suala tutulmur, əksinə azadlıq yolunun mübarizləri kimliyi bəlli olmayan və ya məlum-hal adamların amansız hücumu altındadır?
Hannah Arendtin həll yolu nə qisas idi, nə də sükut; mühakimə idi. Onun baxışında bizim məsuliyyətimiz budur ki, düşünməkdən və əxlaqi mühakimədən heç vaxt əl çəkməyək hətta yorulduğumuz və ya hadisələrin yanından biganə keçmək vəsvəsəsinə düşdüyümüz vaxtlarda belə. Şərin adiləşməsi qarşısında nə qəzəb yol açır, nə də sükut; onun yayılmasının qarşısını ala biləcək şey mühakimə qabiliyyətini qorumaq və düşünməkdə, mühakimə etməkdə əxlaqi məsuliyyətə sadiq qalmaqdır.
Son söz özümüzdən soruşmalı olduğumuz bir sualdır: qrupdaxili rəqabətlərlə təşkilatlanmış nüfuzdansalma arasında aydın bir sərhəd çəkməyin vaxtı çatmayıbmı?
Bir tərəfdə siyasi mübahisə və qrupdaxili rəqabət var ki, təbiidir və hər canlı cərəyanda olur; digər tərəfdə isə kəşfiyyat-təhlükəsizlik aparatlarının şəxsiyyət suiqəsdi layihəsini planlaşdırmaq və icra etməkdəki təşkilatlanmış nüfuzdansalması dayanır ki, nə bizim müzakirə mövzumuzdur, nə də ona rəqabət demək olar. Ona görə də açıq və dili dolaşmadan, rəqiblərin nüfuzdan salınması istiqamətindəki hər cür praktik və nəzəri addımı pisləməli və ondan ikrahımızı bildirməliyik; bunun ilk nəticəsi Milli Hərəkatın düşmənlərinin fitnələrinin suya düşməsi olacaq.
Fikir ayrılığı və özünütənqid hərəkatı canlı saxlayır. Ancaq nüfuzdansalma qarşısında susmaq ya da ondan da pisi, ona körük vurmaq şüubi şiəçiliklə qarışmış İran faşizminə və fars rasizminə qarşı mübarizəni içəridən çürüdür, daxili parçalanmaya aparır və şəri adiləşdirir. Bu sərhədi çəkməyincə, doğrunu yalandan və dostu düşməndən ayırd etmək mümkün deyil.