Federalizm və ana dili; “qan”, “çomaq” və “əl tormozu” arasında || Əlirza Ərdəbilinin arqumentlərinə bir baxış

Google+ Pinterest LinkedIn Tumblr +

Qorxu siyasəti ictimai davranışı və siyasi mövqeləri formalaşdırmaq məqsədilə təhlükə, qeyri-müəyyənlik və fəlakət ehtimalının sistemli şəkildə ön plana çıxarılmasıdır. Bu yanaşmada müzakirə edilən siyasətin konkret məzmunu, mümkün üstünlükləri və onun həyata keçirilməsi üçün zəruri olan institusional şərtlər arxa plana keçir; ən pis ssenari isə əsas qiymətləndirmə meyarına çevrilir. Beləliklə, siyasi seçimlər “hansı model daha ədalətli və işləkdir?” sualı ilə deyil, “birdən hər şey dağılsa nə olacaq?” qorxusu ilə qiymətləndirilir.

Qorxu siyasəti çox vaxt status-kvonun müdafiəsinə xidmət edir. Mövcud sistemin — bu yazının mövzusu baxımından etnik dominantlığın — yaratdığı problemlər təbii və dəyişməz göstərilir, dəyişiklik təklifləri isə risk, qarşıdurma və xaosla əlaqələndirilir. Belə olduqda mövcud etnik bərabərsizlik sistemi öz uğursuzluqlarını əsaslandırmağa məcbur edilmir, alternativ isə hələ baş verməmiş bütün mümkün fəlakətlərin məsuliyyətini əvvəlcədən daşımalı olur.

Tanınmış jurnalist, Azərbaycan Demokratiya və İnkişaf Partiyasının qurucularından və Mərkəzi Şurasının üzvü cənab Əlirza Ərdəbilinin “İranda Gerçəkləşməsi Mümkün olan Federalizm” başlıqlı müsahibəsi bu yanaşmanın aydın nümunəsidir. Federalizmdən danışılan kimi “qan”, daxili savaş və parçalanma; ana dili məsələsi açılanda isə “əl tormozu”, “ziyanlı karxana”, “çomaq”, “nəzir”, “macəraçılıq” və nəhayət, “geriyə dönüş” ortaya çıxır. Bu sözlər yalnız müsahibəyə rəng vermir; dəyişikliyi əvvəlcədən təhlükəli, hüquq tələb edənləri isə məsuliyyətsiz göstərən bir çərçivə yaradır.

Ancaq İranda yaşayan müxtəlif millətlərin siyasi təmsilçilik, kollektiv kimliklərini qoruma, yerli özünüidarə və ana dili ilə bağlı tələbləri bir neçə metafora ilə yox olmur. Mövcud əyalətləri olduğu kimi qoruyub onlara “federal” adı vermək də federalizm yaratmır; bu, daha çox söz sehrinə bənzəyir. Federalizm rədd edilirsə, onun yerinə hansı model təklif olunur? Dil hüquqları təhlükəli sayılırsa, bərabərlik necə təmin ediləcək? Müsahibə bu suallara cavab vermir. Risklər federalizmin daha diqqətli şəkildə həyata keçirilməsi və uyğun hüquqi mexanizmlərin hazırlanması üçün deyil, ümumiyyətlə federalizmə keçməmək və ana dilində təhsilə qarşı çıxmaq üçün səsləndirilir.

Hamını bir coğrafiyada toplamaq lazımdırmı?

Cənab Ərdəbilinin əsas arqumentlərindən biri budur ki, bütün türkləri, kürdləri, ərəbləri və başqa etnik qrupları vahid coğrafiyada toplamaq mümkün deyil. Azərbaycan türklərinin başqa əyalətlərdə, başqa millətlərin isə Azərbaycan bölgəsində yaşaması federalizmə qarşı sübut kimi təqdim edilir.

Halbuki federalizm etnik baxımdan steril və tam homogen xəritə yaratmaq layihəsi deyil. Federal bölgələrdə regional çoxluqla yanaşı, başqa qrupların yaşaması adi haldır. Əsas məsələ həmin insanların dil, təhsil, siyasi iştirak və yerli idarəçilik hüquqlarının necə qorunmasıdır.

Azərbaycan türklərinin çoxluq təşkil etdiyi bölgədə kürdlərin, ermənilərin, assurların, farsların və başqalarının yaşaması həmin bölgəni mümkünsüz etmir. Belə bir vəziyyət sadəcə regional azlıqlar üçün konstitusion təminatlar, ikidilli idarəçilik və lazım olan yerlərdə yerli muxtariyyət tələb edir.

Federalizmin əsas sualı sonuncu türkü, kürdü və ya ərəbi tapıb müəyyən sərhədin daxilinə salmaq deyil. Sual budur: müəyyən bölgədə yaşayan əhali öz məktəbi, dili, büdcəsi və yerli idarəçiliyi haqqında nə dərəcədə qərar verə biləcək?

“Qan”

Federalizm gündəmə gələn kimi “qan” sözünün və vətəndaş müharibəsi ehtimalının təkrar edilməsi bu siyasi modeli əvvəlcədən fəlakətə çevirir.

Müqayisəli təcrübə göstərir ki, federalizm nə avtomatik şəkildə sülh gətirir, nə də avtomatik şəkildə müharibə yaradır. Belçikada mərkəzləşdirilmiş dövlətdən federal sistemə keçid mərhələli konstitusiya islahatları və siyasi danışıqlar yolu ilə baş verdi. İraq, Efiopiya və Nepal kimi ölkələrdə isə federalizm müharibə, repressiya və dövlət böhranının artıq mövcud olduğu şəraitdə gündəmə gəldi.

Deməli, zorakılığın səbəbi “federalizm” sözünün özü deyil. Əsas məsələ keçidin hansı şəraitdə həyata keçirilməsidir. Əhatəli konstitusiya prosesi, razılaşdırılmış sərhədlər, regional azlıqların qorunması və resursların şəffaf bölüşdürülməsi qarşıdurma ehtimalını azalda bilər. Dövlətin qəfil çökməsi, silahlı qrupların ərazi uğrunda mübarizəsi və xarici müdaxilə isə bu təhlükəni artıra bilər.

Siyasi məsuliyyət təhlükəni təkrarlamaq və problemin həllindən yayınmaq deyil; həmin təhlükəni azaltmağın yollarını tapmaq, başqa ölkələrin təcrübələrini öyrənmək və mümkün mexanizmləri göstərməkdir.

Cənab Ərdəbilinin Qarabağ münaqişəsini İran daxilində federalizmə qarşı nümunə kimi təqdim etməsi də eyni qorxu çərçivəsinin davamıdır. Qarabağda söhbət mövcud bir dövlətin ərazisində yeni dövlət qurmaq cəhdindən və bu məqsədlə ətraf şəhər və rayonlarda etnik təmizləmə siyasətindən gedirdi. Bunun eyni ölkə daxilində federal sistemə keçidlə birbaşa əlaqəsi yoxdur. Federalizm mərkəzi və regional hakimiyyətlər arasında konstitusion səlahiyyət bölgüsünü nəzərdə tutur; ayrılma və yeni dövlət qurmaq layihəsi isə tamam başqa siyasi prosesdir. Bu iki prosesi eyniləşdirmək arqumentdən çox, yanlış analogiyadır.

“Əl tormozu”

Cənab Ərdəbili müsahibədə federalizm məsələsindən ana dilinin tədrisi məsələsinə keçir — hələ ana dilində tam təhsildən yox — və hətta bunu da problemli təqdim edir. Onun fikrincə, ana dilinin bir neçə dərsdə istifadəsi uşaqların təhsilində geriləmə yaradarsa, “əl tormozunu çəkmək” lazımdır.

Bu sözlər o halda səslənir ki, İranın rəsmi qurumları mövcud farsdilli sistemdə ikidilli uşaqların qarşılaşdığı çətinlikləri artıq açıq şəkildə etiraf edir. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət qurumu — Milli Uşaq Təhsili və Tərbiyəsi Təşkilatının rəhbəri — birinci sinifdə təxminən 50 min uşağın sinifdə qaldığını açıqlayıb. O, problemin ikidilli bölgələrdə daha çox müşahidə edildiyini bəyan edib.

Bununla belə, cənab Ərdəbili bu rəsmi məlumatlara toxunmadan ana dilinin bir neçə dərsdə istifadəsinin mümkün zərərindən danışır. Mövcud sistemin real uğursuzluğu görünməz saxlanılır, alternativin fərz edilən uğursuzluğu isə əsas təhlükəyə çevrilir. Bu, tərəfsiz qiymətləndirmə deyil.

Təbii ki, hər bir siyasətin tətbiqi və nəticələri mütəmadi şəkildə qiymətləndirilməlidir. Ancaq bu qiymətləndirmənin məqsədi problemin həllindən yayınmaqdırsa, artıq siyasi analizdən deyil, problemin adiləşdirilməsindən danışırıq. Hər bir siyasətin qiymətləndirilməsində əsas meyarlardan biri budur: həmin siyasət problemin kökünü hədəfə alır, yoxsa yalnız onun nəticələri ilə məşğul olur?

“Ziyanlı karxana”

Ana dili məsələsini “ziyanlı karxana” kimi təqdim etmək insan hüququ ilə iqtisadi müəssisəni eyni tərəzidə çəkməkdir. Karxananın əsas məqsədi mənfəət əldə etməkdir. Təhsilin məqsədi isə yalnız büdcə səmərəliliyi deyil; bərabər vətəndaşlıq, bilik, sosial iştirak və insan potensialının inkişafıdır. Bundan əlavə, millətlər kollektiv kimliklərini qorumaq istəyir və bunun uğrunda mübarizə aparırlarsa, bu da onların hüququdur.

Eyni iqtisadi məntiqlə əlilliyi olan şəxslərin təhsili, ucqar kəndlərdə məktəblərin saxlanması və azsaylı icmalara dövlət xidmətlərinin göstərilməsi də “ziyanlı” sayıla bilər. Ancaq demokratik dövlətin vəzifəsi yalnız ən ucuz xidməti göstərmək deyil. Onun vəzifəsi bütün vətəndaşların bərabər iştirakını təmin etməkdir.

Çoxdilli təhsil də naməlum və sınaqdan keçirilməmiş layihə deyil. Belçikada müxtəlif dil icmaları məktəbəqədər təhsildən ali təhsilə qədər öz dillərində təhsil sistemlərinə malikdir. İraqda ərəb və kürd dilləri məktəbdən universitetə qədər tədris dili kimi istifadə olunur. Başqa ölkələrdə də regional dillər ortaq dövlət dili ilə paralel şəkildə öyrədilir.

İranda keçid də mərhələli şəkildə həyata keçirilə bilər. Proqram əvvəlcə uşaqların öz dillərini yaxşı bildiyi bölgələrdə ibtidai təhsildən başlaya, daha sonra müəllim hazırlığı və dərslik istehsalı ilə paralel şəkildə yuxarı siniflərə və universitetlərə genişləndirilə bilər.

Türk, ərəb və kürd dilləri üçün qonşu ölkələrdə məktəbdən universitetə qədər geniş təhsil təcrübəsi, dərsliklər və akademik terminologiya artıq mövcuddur. Bu resursların yerli tədris proqramına uyğunlaşdırılması keçidi asanlaşdıra bilər. Buna görə də məsələ müsahibədə təqdim edildiyi kimi mütləq sıfırdan qurulmalı, idarəolunmaz xərc tələb edən və tamamilə naməlum layihə deyil.

Bunlar bir qrup “macəraçının” birdən-birə ortaya atdığı fikirlər də deyil. Mütəxəssislər illərdir bu mövzuları müzakirə edir, müxtəlif ölkələr isə həmin təhsil siyasətlərini fərqli formalarda sınaqdan keçiriblər.

Fürsətlər

Cənab Ərdəbili uşaqların gələcək imkanlarının azala biləcəyi ehtimalını da ana dilində təhsilə qarşı arqumentlərdən biri kimi təqdim edir və bunu “yanlış ünvan” adlandırdığı siyasətdən “geriyə dönüş” üçün əsas sayır. Buradakı əsas problem ana dili məsələsini etnik bərabərlikdən ayrı düşünməkdir.

Əgər yalnız dominant dili ailədən hazır şəkildə öyrənənlər universitetlərə, dövlət vəzifələrinə və iqtisadi imkanlara daha asan çıxış əldə edirlərsə, problem ana dilində deyil. Problem fürsətlərin bir dil ətrafında qeyri-bərabər şəkildə təşkil edilməsidir. Bu vəziyyət cəmiyyətdə sosial təbəqələşmənin davam etdiyini göstərir.

CharlesTilly sosial stratifikasiya ədəbiyyatında bu vəziyyəti fürsətlərin inhisara alınmasıopportunity hoarding — anlayışı ilə izah edir. Bu, fürsətlərin müəyyən qruplar tərəfindən mənimsənilməsi və qorunması deməkdir. Etnik bərabərlik uğrunda mübarizə yalnız ana dilində təhsil uğrunda mübarizə deyil. Bu, eyni zamanda ölkənin maddi və qeyri-maddi resurslarının ədalətli bölüşdürülməsi, fürsətlərin dil, din, ləhcə və etnik mənsubiyyət əsasında deyil, bütün vətəndaşlar arasında bərabər şəkildə paylaşılması uğrunda mübarizədir. Buna çatmağın yolu isə uşağı öz dilindən imtina etməyə məcbur etmək deyil.

Ana dilində təhsil hətta yeni fürsətlər də yarada bilər. Məsələn, Azərbaycan türkcəsində akademik savadlılıq Türkiyə, Azərbaycan Respublikası və digər türkdilli ölkələrlə iqtisadi, elmi və mədəni əlaqələrdə əlavə üstünlük yarada bilər. Düzgün siyasət mövcud olduqda çoxdillilik məhdudiyyət deyil, üstünlükdür.

“Nəzir”, “çomaq” və “macəraçılıq” müsahibəni yaddaqalan edə bilər. Ancaq insanların nəzir paylanarkən bir-biri ilə mübahisə edib-etməməsi federalizmə və ana dilində təhsil hüququna qarşı arqument deyil. Siyasi təmsilçilik, yerli idarəçilik və ana dilində təhsil “macəraçılıq” deyil; sosial ədalət və millətlərarası bərabərlik uğrunda real siyasi mübarizədir.

İranın ölkədaxili inzibati bölgüsü də dəfələrlə dəyişdirilib və bu dəyişikliklərin hamısı “çomaq” və qan tökülməsi ilə nəticələnməyib. Əlbəttə, bəzi bölgələrdə daha həssas davranmaq lazımdır. Bunun üçün münaqişələrin həlli mexanizmlərindən, yerli razılaşmalardan, hüquqi təminatlardan və mərhələli keçiddən istifadə etmək mümkündür.

Təbii ki, federalizmin və çoxdilli təhsilin də hər bir başqa siyasət kimi özünəməxsus çətinlikləri var. Bu çətinliklər açıq şəkildə müzakirə edilməlidir. Ancaq müəyyən modellər yalnız qorxu siyasətinə əsaslanaraq rədd edilirsə, artıq tərəfsiz siyasi müzakirədən deyil, hüquq tələblərinə qorxu yaratmaq yolu ilə qarşı çıxmaqdan danışırıq.

Cənab Ərdəbili bu müsahibədə özünü Azərbaycan Demokratiya və İnkişaf Partiyasının təmsilçisi kimi də təqdim edir. Məncə, əgər bu partiya əvvəlki mövqeyini dəyişərək yeni siyasi xətt qəbul edibsə, bunu şəffaf və açıq şəkildə elan etməsi daha doğru olar. Əgər partiya qurucularından və Mərkəzi Şura üzvlərindən birinin səsləndirdiyi fikirlərlə razı deyilsə, bu mövqedən məsafəsini də açıq şəkildə göstərməsi ən uyğun addım olardı.

 

Paylaş.

Müəllif haqqında

Ramin Cabbarlı

Ramin Cabbarlı (1983) Güney Azərbaycanda anadan olub. Vaşinqton universitetində Sosiologiya üzrə bakalavr təhsilini bitirdikdən sonra həmən universitetdə Sosiologiya üzrə doktorluq təhsili alır. Sosial Hərəkatlar, Siyasət Sosiologiyası, Tarixi-tətbiqi Sosiologiya, və Kültür Sosiologiyasına maraqlıdır.

Şərhlər bağlıdır.