Payam Türk: Güneyin çılpaq üzü

Google+ Pinterest LinkedIn Tumblr +

Payam Türk 1990-cı ildə Muğan bölgəsində yerləşən Biləsuvar şəhərinin yaxınlığında bir kənddə dünyaya gəlib. 11 uşaqlı bir ailənin sonbeşiyi olan Payam hal-hazırda anası ilə birlikdə Ərdəbil şəhərində yaşayır. O, İranda musiqi qadağaları və çətinliklərinə baxmayaraq ayaqda qala bilmiş, səsi ilə təkcə Ərdəbili deyil, ölkə sərhədlərini belə aşmağı bacarmış reperdir.

Hazırda Azərbaycanın ən çox dinlənilən reperi kimi tanınan Payam, Şimali Azərbaycan və Türkiyədə də çox sayda dinləyici qazanıb. Youtube platforması vasitəsilə məhşurlaşan sənətkarın bir neçə mahınısı milyonlarla baxış qazanmışdır.

Payam Türk İranda türk repinin lideridir. Onun yazdığı şeirlər təkcə onun şəxsi həyatı və istəkləri ilə bağlı olmayıb, eyni zamanda o bir çox önəmli sosial problemlərə də işarə edir və buna görə də xalq arasında hər hansı bir sənətkar kimi deyil, xalqın qeydinə qalan, onun problemləri ilə dərdlənən insan kimi tanınır.

Son zamanlar Payam Türkün “Güdmə” adlı son treki rəqəmsal platformalara yüklənib.

İranda musiqinin çətinlikləri

İranda bəzi dini alimlər musiqinin haram olduğunu deyirlər. Bəziləri isə bütün musiqiləri deyil, insanların əhvalını dəyişən, onları oynadan, Allahın yad edilməsini unutduran, onları təhrik edən musiqiləri haram hesab edirlər. Eyni zamanda hansı musiqilərin belə olduğunu öyrənmək yenə dini alimlərin öhdəliyində hesab edilir.

1979-cu il inqilabından sonra demək olar bütün musiqiçilər ölkədən qaçıb yaxud ölkədə qalıb təzyiqlərə məruz qaldılar. İnqilabçı qüvvələr evlərdən musiqi alətlərini yığır yandırır, onun sahiblərini isə əziyyət edirdilər. Beləliklə yeni dövlətin musiqiyə münasibəti açıq-aydın oldu.

Lakin zaman keçdikcə dövlət orqanları geri çəkilir, əvvəldən haram kimi bilinənlər yavaş-yavaş cəmiyyət içində öz yerini qazanırdı. Hazırda İranda bir çox musiqi qrupları və müğənnilər mövcuddur və onlar müxtəlif yerlərdə konsert verirlər. Əlbəttə ki, yenə də İranda sənətkarlar başqa ölkələrdə olduğu kimi azad deyillər, lakin inqilab illərindəki vəziyyət xeyli dəyişib.

Musiqiçilər öz əsərlərini əvvəlcə “İrşad” idarəsinə təqdim etməli, icazə alındıqdan sonra onu yaymaqda azad olurlar. Konsert və ya başqa fəaliyyət tələbləri də yenə həmin idarənin nəzarəti ilə həyata keçirilir. Bu isə o deməkdir ki siyasi atmosferdən uzaqlaşan və dövlətin qırmızı xətləri sayılan sərhədləri pozmayan müğənnilər istədikləri lisenziyanı ala bilirlər. Çox sayda pop musiqi qruplarını və müğənnilərini buna nümunə kimi göstərmək mümkündür. Lakin yenə hər şey həmin idarənin ixtiyarındadır və sənətkarların fəaliyyətini sığortalayacaq heç nə yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, bəzi musiqi janrları ümumiyyətlə qanunsuz hesab edilirlər. Bunlardan biri də repdir.

Rep: Yeraltına həbs edilən musiqi

Hazırda dövlətin barışa bilmədiyi musiqi növlərindən biri də repdir. İranda rep yazılmamış qanunlara əsasən qadağandır və reperlərin sərbəst şəkildə fəaliyyəti mümkünsüzdür. Buna görə də reperlər və rep qrupları əksər hallarda ölkənin xaricində fəaliyyət göstərir yaxud yeraltı və illeqal qruplar kimi yaşayırlar. Bütün bunlara baxmayaraq hazırda İranda rep musiqisi gün keçdikcə daha çox dinləyici qazanır.

Son illər İranda rep musiqisinə nəfəs aldıran sosial şəbəkələr olub. Sosial şəbəkələrin yaratdığı imkanlar nəticəsində sənətkarlar həmin şəbəkə vasitəsi ilə öz dinləyicilərini tapır, dövlət orqanlarının müdaxiləsi olmadan öz əsərlərini dinləyicilərinə çatdırırlar. Bu həm də təkcə repin yox, ümumiyyətlə musiqiçilərin daha rahat fəaliyyət göstərmələrinə gətirib çıxarıb.

Payam Türk necə yüksəlib?

Yazılan çətinliklər hamıda eyni səviyyədə deyil. Misal üçün türk musiqisi ilə məşğul olan sənətkarların qarşılaşdıqları çətinlik hardasa iki qatdır. Misal üçün bir azərbaycanlı sənətkar həm əsərinin dili üçün çətinlik çəkir həm də ölkə içərisində hökm sürən çətinlikləri qəbul etməlidir. İranda farsca yeganə rəsmi dildir və ölkədəki digər dillər milli hesab edilmirlər. İranın çoxmillətli bir ölkə olduğunu nəzərə aldıqda, fars olmayan millətlərin dilləri yad dil hesab edilərək onların sənətkarları da ikinci səviyyəli sənətkar kimi hesab edilirlər.

Payam Türk bu çətinliklərin ortasında çiçəklənib. O icazəsiz hesab edilən musiqi janrında, ölkənin rəsmi dili olmayan bir dildə, türk adı ilə fəaliyyət göstərir. O məktəb illərində bir fars reper yoldaşından ilk dəfə rep eşidir. Onun mütləq türkcəsini oxuyacağını deyir və buna da nail olur.

Replə maraqlanan gənc Payam, fars reperlər arasında tək qaldığını, buna görə də özünə Türk ləqəbini seçdiyini deyir. O, eyni zamanda Türk ləqəbinin seçilmə səbəblərinin birinin də uydurma “Azəri” nəzəriyyəsinə qarşı olduğunu göstərmək üçün deyir. Daha sonra onun “Mənəm türk” adlı treki 20 milyondan çox baxış qazanmış, Azərbaycan və Türkiyədə də xeyli bəyənilmişdir.

Payam Türk nədən danışır?

Payam Türkün əsərlərində şəxsi istəklər olmaqla birlikdə bir çox ictimai məsələlər də öz əksini tapır. Bunlara misal olaraq bahalıq, qadın hüquqları, milli məsələlər və türklük kimi məsələləri saymaq mümkündür. O əslində təkcə öz şəxsi tələbləri ilə məşğul olan biri kimi deyil, cəmiyyətin içindən çıxan və onun qeydinə qalan bir sənətkardır. Elə məhz buna görə də onu sırf sənət adamı kimi deyil, ictimai bir fəal kimi də dəyərləndirmək mümkündür.

Payamın ən çox baxış qazanan treki “Mənəm türk” adlı trekidir. Həmin mahnıda o ölkədəki türklüyə qarşı aparılan assimilyasiya siyasətinə qarşı çıxıb, türklüyü ilə fəxr etdiyini söyləyir. Eyni zamanda o, zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsini nəzərə alaraq quzeydə çıxan günəşin güneydə parladığını deyir. Hazırda bu trek “Youtube”-da 20 milyondan çox baxış qazanıb.

“Nənə 2” adlı trekində sosial və iqtisadi səbəblərdən dolayı vətənini tərk etməli olan azərbaycanlılardan söz edir. ”Üzü qaralar” adlı digər əsərində isə güneydəki çətinliklər və sosial problemlərə işarə edərək gəminin sahilə yetişdiyini və artıq palçıq gəmirdiyini deyir. Payam Türk həm də bir çox sevgi mahnısı da yazmışdır. O bütün əsərləri ilə birlikdə, bir kompleks kimi Güney Azərbaycanı və güney gəncini göstərir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.