Monoloq; Azərbaycan məsələləri, Türkan Bozkurt ilə müsahibə

Google+ Pinterest LinkedIn Tumblr +

“Monoloq”un on alltıncı müsahibəsində feminist fəal və hüquqçu Türkan Bozkurt, “Sentyabr ayının 20sindən başlayan ayaqlanmalara qadınlar və gənc qızlar öncülük etdi. Bu protestoların Azərbaycana yansıması və Azərbaycandaki özəllikləri haqqında nə düşünürsünüz?”, “Azərbaycanda türk qadınlarının durumunu necə dəyərləndirirsiniz? Sizcə türk qadınları hansı basqı sistemlərinə məruz qalıblar? Sizcə türk qadınları bu basqılara necə, harda və hansı yöntəmlər ilə qarşılıq verə bilər?” və “siz öz həyatınızda çox boyutlu basqı sistemini necə təcrübə edibsiniz və ona necə təpgi göstəribsiniz” kimi sualları cavablayır.

İrandakı qadın ayaqlanmalarının Azərbaycandakı xarakteri haqqında danışarkən Türkan Bozkurt deyir ki, hərəkətin başlarında səsləndirilən “Zən, Zendeqi Azadi” şüarı zamanla fərqli bölgələrə uyğulaşdırılaraq o bölgənin kültürü və problemlərini əks etdirən şüarlara çevrilməyə başlandı və Azərbaycanda da “Azərbaycan qızları, azadlıq ulduzları”, “Qadın, Yaşam, Azadlıq” və “Azadlıq, Ədalət, Milli hökümət” kimi şüarlar səsləndirilməyə başlandı.

“Əslində bu, Azərbaycan qadınlarının iştirak etdiyi birinci ayaqlanma deyil. Azərbaycan qadınları daha öncəki bütün ayaqlanmaların da bir parçası olmuşdur. Bunu həps olunanlardan, ölənlərdən də görə bilərik. Ancaq say olaraq daha az olduqlarından səsləri bu qədər çıxmırdı. Onlar topluma düzgün təqdim edilmirdilər. Buna görə də mübarizələri bəzi güclər tərəfindən xalçanın altına süpürülüp yaddan çıxarılırdı. Amma bu orda olmadıqları və ya bu ayaqlanmaların bir parçası olmadıqları anlamına gəlmir.”

Türkan Bozkurt qeyd edir ki, Azərbaycan bölgəsində böyümədiyi üçün onun qarşılaşdığı basqılar və problemlər bu bölgədə yaşayanlara görə daha az olub. O, Azərbaycanda 12-13 yaşlarında evləndirilən, oxuyub bitirsə belə təhlükəsizlik, geyim tərzi və başqa məsələlərə görə iş tapa bilməyən qadınların varlığının böyük problemlərdən biri olduğunu qeyd edir.

“Hicab problemi İrandakı bütün qadınları basqı altında qoysa da, Tehranda və Təbrizdəki hicab problemi eyni problem deyil. Sənin polis tərəfindən, qanun tərəfindən, qəşte erşad tərəfindən məruz qaldığın şeylər əslində etnik olaraq haralı olduğun, sinif olaraq, finansal olaraq toplumdakı yerin, sənin bu sistemin içindən çıxıb çıxa bilmədiyinlə bağlıdır. Əgər Tehranda yaşayan bir qadının hicabı düzgün deyilsə o pul verərək cəzadan qaçına bilər. Amma bu, Təbrizdə və ya Bəlucistanda, Urmiyada eyni dərəcədə deyil. Sənin problemin Tehranda hicabındırsa, Azərbaycanda qadınların təhsil məsələsi, azyaşlı qızların evlənməsi ilə bağlı probləmləri var. Ona görə də hicab, əslində, daha üst səviyyədə olan və dominant kültürdən gələn qadınların problemləri olur.”

Türkan Bozkurtun sözlərinə görə, Azərbaycan qadınları öz aralarında müəyyən təşkilatlanmalar şəklində mövcuddurlar, lakin bunlar siyasi təşkilatlanmalar olmadığı üçün səsləri xaricə çıxa bilmir, buna görə də Azərbaycan qadınlarına passivlik damğası vurulur.

“Bütün Azərbaycan qızlarına edildiyi kimi kiçik yaşlardan mənimlə evlilik, ər barədə danışıblar ki, sən bu zaman evlənməlisən, bu qədər uşağın olmalıdır. Amma eyni dərəcədə mənə deyilməyib ki, sən mədrəsəyə getməlisən, oxumalısan, işin olmalıdır. Dünyaya gələndən mənə deyirdilər ki, sən mənim gəlinim olacaqsan. Məni insan kimi yox, sadəcə ana olaraq görür və sadəcə düşünürlər ki, onların oğullarına yaxşı xidmət edən arvad olacağam ya yox. Bunu fiziki və sözlü şiddətə qədər apara bilərik. Məsələn, bir çoxu mənə ‘Türkan qızım’ deyir. Yox, mən sənin qızın deyiləm, əgər məni həqiqətən sevirsənsə sən mənə dəyərini belə göstərməməlisən. Mənim ağzımdan çıxan sualları və ya ideolojiləri o yerə endirirlər ki, mən filankəsin qızı olduğum üçün və ya filankəslə bərabər olduğum üçün onlar var. Demirlər ki, filankəs bu qədər oxuyub və diplom alıb.” Xüsusilə evlilik məsələsi düşünüləndə adətən qadınlar satılır. “Qızını ver” və ya “qız al” deyirik. Bu, qadınları obyektivləşdirir və həyatları ilə bağlı aktiv qərarlar verməli olan insanlara deyil, onları verilə və ya alına bilən şeylərə çevirir.”

Bu ayaqlanmalarda qadına baxış mövzusunda danışarkən Türkan Bozkurt deyir ki, sadəcə qadın olduqları üçün haqqlarını müdafiə etmə cəhdlərini duyğusallığa bağlayır, məsələnin təməlinə gedib bu sözlərin niyə, hansı baxış açısından gəldiyini önəmsəmirlər.

“Qadınların arxasından bir şey deyildiyi zaman bu həmişə çox şəxsi olur. Məsələn, bir nəfər mənim dediyim bir şeyə qarşıdırsa mən filan məsələdə bu fikrə qarşıyam demir. Onun yerinə bu qadın filan işi görür, pis söyüşlər söyür və s. deyərək, əslində, fikrə deyil, onu deyən qadına qarşı durur. Bu problemlərin hamısı Azərbaycan toplumunun içində də olur və tezliklə bitən bir şey də deyil. Çünki biz oradan çıxsaq da, bizim üçün yaradılan kültür, məntiq və basqını da özümüzlə gətirmişik və bu hələ də davam edir.”

Türkan qeyd edir ki, Kanadada böyüdüyü və bir çox kültürü özündə birləşdirdiyi üçün onun türklüyü həmişə sual altındadır. O deyir ki “Düşünürəm ki, bu cinsiyyətə xas bir problemdir. Bizim kültürümüzdə qadınlar passiv göründüyü üçün, etdikləri şeylərin çoxu təsir kimi görünür, idarə olunan və düşünülmüş qərar kimi deyil. Baxmayaraq ki, mən ana dilimi düzgün şəkildə öyrənmək və kültürümü tətbiq etmək üçün başqalarından daha çox vaxt ayırıb çalışıram, mənim ideologiyalarım həmişə qərbləşmiş kimi damğalanıb”. O, deyir ki, onun arqumentlərinin və qərarlarının məntiqinə çox məhəl qoyulmur və bunun əvəzinə Azərbaycan qızının necə olması gərəktiyi və adət-ənənələri yer alır. Misogynist və irqçi bir hökumət altında yaşayan bir xalq olaraq bunun özü dərin bir problemlidir.

“Monoloq”, AZ Civic Nation ilə Ətəkyazının ortaq projəsidir. Onun məqsədi Azərbaycan fəalları, düşünürləri və çalışanları arasında söyləmsəl dialoq qurmaq və fikir alış-verişi imkanı yaratmaqdır.

Bu projə çox aşamalı bir çalışmadır. İzləyəcəyiniz bu sıra video müsahibələr onun ilk aşamasıdır. Projəni Ətəkyazı mediasından və AZ Civic Nation youtube kanalından izləyə bilərsiniz.

Maraqlananlar və əlavə məlumat istəyənlər aşağıdaki email vasitəsiylə bizimlə əlaqə saxlaya bilərlər:

[email protected]

[email protected]

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.