Təbrizin xalça sənəti dağılmaq üzrədir

Google+ Pinterest LinkedIn Tumblr +

2020-ci ildən bəri yekunlaşan tariflərə və Ticarət İnkişafı Təşkilatının statistikasına əsasən, İrandakı fərqli bölgələrin xalçalarının hər kvadrat metri dollarla qiymətləndirilib. Bu da geniş qiymət diapazonunu əhatə edir. Bu xalçalarının dünya bazarında qiyməti 1 kvadratmetri 20 dollardan başlayır və ən yüksək qiymətlə hər kvadrarmetri 900 dollara çatır. Təbriz əl işi xalçasının kvadratmetri 100 dollarla qiymətləndirilib. Tam ipək xalçasının kvadrarmetri isə 500 dollar qiymətləndirilib. Ancaq dünyada marka olaraq tanınan Təbriz xalça sənətinin vəziyyəti günümüz də heç də ümidverici deyil.

Təbriz xalçası, rəngləri, müxtəlif gözəl dizaynları, yüksək keyfiyyəti və davamlılığı ilə dünya miqyasında məşhurdur. Təbriz, əllə tikili xalçaların yaradıcı şəhəri kimi Dünya Fikri Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən də təsdiq olunmuşdur. Lakin, bu sənaye və sənət, keçmiş illərdə bir çox çətinliklərlə qarşılaşıb və sektorun fəaliyyət göstərənlərini məyus edib.

Təbriz xalçası dünya üzrə böyük məşhurluğa malik olmasına baxmayaraq, bu sənayədə fəaliyyət göstərən toxuyucular və işçilər böyük və kiçik çətinliklərlə üzləşirlər. Təbriz xalçasının qarşısındakı çətinliklər sadəcə xammalın bahalaşması ilə məhdud deyil, həmçinin iş təhlükəsizliyi əskikliyi və ixrac yolu ilə görülən işlərin kifayətsizliyi kimi bir çox məsələləri daxil edir. Bütün bu çətinliklər bir zamanlar böyük bir canlılıq nümayiş etdirən bu sənayeni zəiflətməyə və bu sahədə fəaliyyət göstərənləri başqa iqtisadi sahələrə keçməyə məcbur etmişdir.

Dünya sənətinə incilər bəxş edən Təbriz xalçaçılıq məktəbi

Azərbaycanda xalçaçılıq nümunələrinin yarandığı ilk şəhərlərdən biri Təbrizdir. Bu şəhərdə toxunan “Ləçəkturunc” kompozisiyalı xalçalar hər yerdə məşhur idi. Bundan başqa, “Leyli və Məcnun”, “Dörd fəsil”, “Təbriz” fərqli dizaynı ilə seçilirdi. Təbriz xalçaçılıq məktəbinə mənsub olan xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbi olub, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalçaçılıq məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynayıblar.

Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. Öz kompozisiya tələbatına, süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur. Lakin indi əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Sujetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çevrilir, artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları, ov motivləri naxışlarla əvəz olunur.

Təbriz xalçaçılarının toxuduqları ən məşhur xalçaçılıq nümunələrindən biri də “Şeyx Səfi” xalısıdır. On altıncı əsrə aid sənət əsəri hal-hazlrda Londonun Viktoriya və Albert muzeyinin şah əsərlərindəndir. Təbrizdə toxunmuş “Ləçəkturunc” kompozisiyalı məşhur “Şeyx Səfi” xalısının tarixi 1539-cu ilə aiddir. Ancaq fərqli səbəblərdən dolayı get gedə bu sənətin gələcəyi bilinməz yola doğru gedir.

Təbriz xalçasının ixracatının azalması və xalçaçıların iş təhlükəsizliyi

Əli Süleymani, Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının xalça Departamentinin rəhbəri, Təbriz xalçasının ixracatının azaldığını vurğulayır. Bu şəxsin dediklərinə görə, Təbriz xalçasının ixracatı əvvəlcə 2 milyard dollar civarında idi. Ancaq bugün Təbriz əl toxuması xalçasının digər ölkələrə ixracı azalıb. Bu vəziyyət, xalça istehsalının ixracdakı payının 35% azalması ilə nəticələnib. Onun dediklərinə görə, istehsaldakı istifadə olunan xammalların qiymətlərinin yüksək olması və birbaşa valyuta məzənnəsi ilə əlaqəli olması, bu məhsulun ixracının azalmasının ən əsas səbəblərindəndir. Ölkə içində də ümumi olaraq xalqın alış gücünün azaldığı və insanların Təbrizin incə toxuma xalçası yerinə daha böyük toxuma xalçalar almağa yönəldiyi bir dövrü yaşayır.

Xalça toxuma kartı və ticarət lisenziyasını sayı ilə əl işi xalçaların istehsal miqdarı təxmin edilir. Şərqi Azərbaycan əyalətində adam başına orta hesabla təxminən beş kvadrat metr incə toxuma xalça və on beş kvadrat metr qalın toxuma xalça istehsal olunur.

İş güvənliyinin olmaması, Təbriz xalça sahəsindəki digər maneələrdən və çətinliklərdən biridir. Bu sahədə fəaliyyət göstərənlər, xalça toxuyanların sığortasının kəsildiyini bildirirlər. Təxminən səkkiz il bundan əvvəl xalça toxuyanların sığortası kəsilib və lazım olan miqdar da büdcədə yer almayıb. Bu səbəbdən xalça toxuyanlar və bu sahədə fəaliyyət göstərənlər digər işlərə yönəlirlər.

Təbriz xalça şirkətinin müdürlərindən Behruz Məhmmədzadə, əyalət başçılarının xalça sahəsindəki problemlərdə gücsüz və iradəsiz olduqlarını bildirib, ölkənin icra səviyyəsindəki məsullarını bu problemlərdən günahkar bilir.

Əyyub Bəşiri, Təbriz Xalça Satıcıları Birliyinin sədr köməkçisi, xalça sənayesinin Sənaye və mədən, Cihad-i Keşavərzi və Miras-i Fərhəngi nazirliklərinin dəstəyini alması gərəkdiyini vurğulayır. Ancaq böyük bir yükün Sənaye Nazirliyinə yükləndiyini və bu orqanın kifayət qədər səlahiyyətlərə malik olmaması səbəbindən, məsələlərin bu nazirliyə yansıdığını bildirir. Banklar da kifayət qədər səlahiyyətlərə malik olmadıqları üçün bu sənayəyə dəstək verə bilmirlər.

Təbrizdə xalçaçılıq fakültəsinin mövcud olmasına baxmayaraq, bu potensialdən də hələlik istifadə edilməmişdir. Günümüzə qədər industriya və onların potensialından da faydalanmırlar.

Xalça toxumaqda qazanc yoxdur

30 ildən çox xalça toxuma sahəsəsində fəaliyyət göstərən Əhdad Mirzəlu deyir ki, xalça toxuma işi məcburiyyətə görədir, iqtisadi baxımdan sərfəli deyil. O əlavə edir ki: səhər tezdən xalça toxumağa başlayıram və günün sonunda, yorulmuş bir şəkildə iş bitəndə və hesab edəndə görürəm ki, əgər sərbəst satış etsəm və ya elə meyvə və tərəvəz satsam, işim daha yüngül, gəlirim isə daha çox olar. Bu da Təbriz xalça sənayesində fəaliyət göstərənləri digər sahələrə yönləndirir.

Mirzəlu xatırladır ki: xalça toxumanın sığorta olunması müzakirə olunduğu zaman, yaşı artdıqda və ya işsiz qaldıqda gəlir və maaşa sahib olacağımıza sevindik, amma bir dəfə mən sığorta sosial təminat agentliyindən sığorta kartını yeniləmək üçün müraciət edəndə, bildirdilər ki, dövlət sizin üçün büdcə ayırmayıb və özünüz iş yerindən ödənişi etməlisiniz. İşimiz çətin və zərərli olduğundan, çox zaman xəstə olur və həkimə getmək məcburiyyətində qalırıq. Bu səbəbdən özümü və ailəmi müstəqil fəaliyyət yolu ilə sığortaladım. Bugün bizim günlük gəlirimiz 300.000 tümən belə etmir. Bu gəlirlə ehtiyaclarımızı ödəyə bilmərik.

Təbriz xalçasının dünya şöhrətindəki yerinə baxmayaraq, bu sahədə mövcud olan çətinliklər onun gələcəyini təhdid edir. Günümüzdə dünya markası olan bu xalça getdikcə unudulur. Bu sahədə olan çətinliklərin çözülmədiyi müddətdə artıq nə xalça toxuyan nə də Təbriz xalçası deyə bir şey qalmayacaq. Bugün ölkədə nə Təbrizin dünya şöhrətli sənayesinə dəyər verən var nə də bu sənayedə çalışanlara.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.