2025-ci ilin may ayının son günlərində 24 yaşlı İlahə Hüseynnejadın yoxa çıxması xəbəri İran cəmiyyətini sarsıtdı. Bu gənc qadın mayın 25-də Tehrandakı iş yerindən İslamşəhrdəki evinə getmək üçün yola çıxmışdı, lakin heç vaxt evinə çatmadı. On bir gün sonra onun cəsədi İmam Xomeyni hava limanı yaxınlığında tapıldı. Polis açıqladı ki, özünü sərnişin daşıyan kimi təqdim edən bir sürücü onun bahalı mobil telefonunu oğurlamaq istədikdə İlahənin müqaviməti ilə qarşılaşıb və onu bıçaq zərbələri ilə qətlə yetirib.
Təqsirləndirilən şəxsin etiraf görüntülərinin yayılması — orada o, telefonu atdığını və adam öldürmək niyyətində olmadığını deyir — ictimai qəzəbi daha da artırdı və “oğurluq” motivini şübhə altına saldı. Bəzi medialarda əvvəlcə mərhuma qarşı cinsi zorakılıq törədildiyini yazmasına baxmayaraq, məhkəmə bu iddianı təkzib etdi. Cinayətdən sonra yayılan ziddiyyətli xəbərlər, polis və məhkəmə orqanlarının qeyri-müəyyən açıqlamaları və İlahənin “Qadın, Yaşam, Azadlıq” hərəkatına sosial şəbəkələrdə dəstək vermiş olması, cəmiyyətdə həm də şübhəyə səbəb oldu.
Bu prosesdə qatilin kimliyi — Bahman Fərzənə adlı bir şəxs olduğu və Meşginşəhrdən (Ərdəbil vilayəti) gəldiyi- bildirildikdən sonra bəzi media qurumları və istifadəçilər cinayətin səbəbləri üzərində dayanmaq əvəzinə qatilin etnik kimliyinə vurğu etdilər. Lakin belə bir vurğulama nə qədər doğrudur? Bu, əksinə, etnik və irqi stereotiplərin yayılmasına fürsət yaratmırmı?
“Şərq” qəzetinin başlığı: “İlahə Hüseynnejadın qatilinin milliyyəti bəlli oldu”
İran qəzetləri arasında islahatçı mövqedə olan “Şərq” qəzeti “İlahə Hüseynnejadın qatilinin milliyyəti bəlli oldu” başlıqlı xəbərində hadisənin detalları ilə yanaşı qatilin evli, Ərdəbilin Meşginşəhr şəhərindən olan və Tehranda “evsiz” bir şəxs olduğunu xüsusi olaraq vurğulayıb. Burada diqqətçəkən məqam “milliyyət” və doğum yeri üzərindəki vurğudur. Bu ifadə tərzi, qatili müəyyən bir bölgədən olan “problemli” bir fərd kimi təqdim edir. Mediada bu cür yanaşma etnik etiketləmə kimi dəyərləndirilə bilər.
Fars, türk, kürd, lor, ərəb və digər etnik qrupların bir arada yaşadığı İran kimi çoxmədəniyyətli bir ölkədə “qatilin milliyyəti” mövzusunda bu cür vurğulamalar mənfi stereotipləri gücləndirir və irqi özünü üstün görmə hisslərini qızışdıra bilər. Digər sözlə, “Şərq” qəzetinin qatilin doğulduğu yeri (Ərdəbil vilayətinin Meşginşəhri) qabartması, hadisənin özündən kənara çıxaraq, müəyyən bir siyasi-mədəni mesaj verir. Bu cür yanaşma, hakim dominant diskursun bir ifadəsi olaraq oxuna bilər.
Qeyd etmək lazımdır ki, “Şərq” qəzeti İranda “mərkəzçi islahatçı” cərəyana yaxın sayılır və açıq şəkildə fars milliyyətçiliyinə meyilli bir redaksiya xəttinə sahibdir. Bu qəzet bir neçə dəfə Məsud Pezeşkiyanı — xüsusilə türk dilində verdiyi müsahibələrdən sonra — dolayı və ya açıq şəkildə “etnosentrik diskursu yaymaqda” ittiham etmişdir.
Qədim bir nağılın yeni variantı: Mərkəzdən uzaqda canavarlar yaşayır
Edward Said yazır ki, Qərb diskursunda şərq mədəniyyətləri və cəmiyyətləri Qərbdən “mütləq fərqli” şəkildə təqdim olunur. Qərblilər şərqliləri dəyişməyən, geri qalmış və aşağı səviyyəli varlıqlar kimi görür. Bu baxış bucağına görə şərqli öz müstəqil kimliyini müəyyən etmə gücünə malik deyil. Şərqşünasların fikrincə şərqli məntiqlə deyil, duyğularla, din və köhnə ənənələrlə idarə olunur, Qərb tərəfindən “xilas”, “yönəldilmə” və “mədəniyyətləşdirilmə”yə ehtiyacı var.
Said öz məşhur əsəri Orientalismdə göstərir ki, Şərqşünaslıq yalnız bir elmi sahə deyil, həm də siyasi və mədəni hakimiyyətin vasitəsidir. Qərb bu vasitə ilə Şərq haqqında öz istədiyi kimi bir obraz yaradıb, onu idarə etmək və tabe etmək imkanını əldə edib.
Bu yanaşma təkcə Qərbin Şərqə baxışına aid deyil; onun izlərini İran cəmiyyətində də görmək mümkündür. Məsələn, qatilin “azərbaycanlı olması”na etnik bir problem kimi yanaşan “Şərq” qəzeti dolayısı ilə onu mənfi və stereotipik bir şəkildə təqdim edir. Başqa sözlə, “Qərb–Şərq” qarşıdurması modeli bu dəfə İran daxilində tətbiq olunur və fars etnosunu mərkəzi, sivil bir güc, qeyri-farsları isə periferiyadakı “təhlükəli” varlıqlar kimi təqdim edir. Bu, sadəcə mədəniyyət sahəsində deyil, iqtisadi və siyasi hakimiyyət sahələrində də özünü göstərən bir üstünlük quruluşudur.
Etnik–irqi stereotiplərin sosial mediada təkrar istehsalı
Qatilin etnik kimliyinə fokuslanmaq yalnız “Şərq” qəzetinin başlığı ilə bitmir; sosial mediada da bu mövqe geniş şəkildə əks-səda doğurub. Bir çox istifadəçi cinayətin əsas səbəbləri üzərində dayanmaq əvəzinə — məsələn, təhlükəsizlik çatışmazlığı, iqtisadi problemlər, ictimai mədəniyyət və s. — birbaşa qatili etnik mənsubiyyətinə görə hədəf alır. Məsələn, bəzi şərhlərdə oxuyuruq: “Bu türkü tez bir zamanda edam edin.”
İranda qeyri-fars etnoslara qarşı zorakılıq, vəhşilik, patriarxal, dini fanatizm və sadəlövhlük kimi stereotiplər belə hadisələr zamanı daha da üzə çıxır. Bir istifadəçi “Məşriq” saytının şərh bölməsində yazıb: “Doğrudan da axmaqdır, kənddən gəlib Tehranda adam öldürür.” Digəri isə yazır: “Bu pis iy verən murdar insan dərhal cəzalandırılmalıdır. Bu, bütün İran xalqının tələbidir.”
Bu ifadələr göstərir ki, bəzi insanlar (bəlkə də Tehranda və ya digər mərkəzi şəhərlərdə yaşayanlar) üçün bu cinayətə reaksiya rasional deyil, əksinə, etnik önyarğılardan qaynaqlanan ibtidai və irqçi bir cavabdır. Daha diqqətçəkən məqam isə budur ki, Ilahə Hüseynnejadın özü də əslən Şərqi Azərbaycan vilayətinin Sarab şəhərindəndir, yəni özü də bir türkdür. Belə olduqda, qatilin “türk olması” üzərində xüsusi fokuslanmaq qəribə görünür. Sanki burada etnik tolerantlıq görüntüsü altında bir oyun oynanır: qurban eyni etnosdan olsa da, bu faktdan keçilərək, yalnız qatildəki “türklük” qabardılır.
Bəzi hallarda irqçilik caizdirmi?
Şərqşünaslıq intellektual görünüşlüdür, amma irqçilik çox vaxt açıq və kobud formada özünü göstərir. İranda “namus üstündə qətl” xəbərlərində əgər cinayətkar Əfqanıstandan gəlmiş biri olsa, dərhal bütün əfqanlara qarşı irqi şübhə və nifrət canlanır. İlahə Hüseynnejadın qətlində də əvvəlcə qatili əfqan zənn edən şayiələr dolaşırdı. Eyni zamanda, əgər qatil mərkəzdən deyilsə, müxtəlif irqçi stereotiplər avtomatik olaraq işə düşür.
Əgər bu irqçilik çox vaxt qeyri-farslar tərəfindən hiss edilirsə, görünür ki, bəzi hallarda, xüsusilə ictimai duyğular yüksək olduqda, irqçiliyə “icazə verilir”. Belə hallar sonda qeyri-fars bölgələr haqqında sərt və irqçi klişelərin təkrar istehsalına səbəb olur. İlahə Hüseynnejadın qətli nümunəsində də bəziləri bu cinayəti “türklərə xas” bir hadisə kimi gördülər, amma ümumi emosional reaksiya diskriminativ diskursa qarşı geniş bir müqavimət göstərməyə mane oldu. Halbuki hissi vəziyyətlər belə irqçilik üçün bəraət yaratmamalıdır. Əksinə, hər zaman bu cür irqçi diskurslara qarşı açıq şəkildə mövqe tutmaq zəruridir.