Kapitalizm

Google+ Pinterest LinkedIn Tumblr +

 

Tərif və növləri

Kapitalizm, istehsalçıların birbaşa ehtiyaclarını ödəməkdən daha çox, satış, mübadilə və qazanc məqsədinə xidmət edən bir əmək haqqı və meta istehsalı sistemidir. Kpitalizm, modern dövrdən əvvəl də müxtəlif formalarla mövcud olmuşdur. Lakin bu mərhələlərdə kapitalist mübadilələr siyasi və dini nəzarət ilə məhdudlaşdırılmışdı. Tədqiqat sahəsi “modernlik” olan tələbələri ən çox təsirləndirən məqam kapitalist təşəbbüsün (və bununla bağlı maliyyə münasibətləri və bazar şəbəkələrinin) siyasi və mədəni sahələrdəki böyük və tənzimlənməmiş təsir gücüdür. Kapitalizm sənayeləşmənin əsas (lakin tək olmayan) vasitələrindən birini təmin etmişdir və onun sənayeləşmə ilə qarışdırılması düzgün olmaz. Kapitalizmi xarakterizə edən xüsusiyyətlər hələ də əsasən Karl Marks və Maks Veberin qabaqcıl yazılarından götürülməkdədir.
Marks kapitalizmin istehsal münasibətlərini onun ən əsas xüsusiyyəti hesab etmiş və Adam Smitin ardınca metaların daxili (Ətəkyazı: istehlak) dəyərini onların bazarda mübadilə dəyərlərindən fərqləndirmişdir. Sərmaye, metaların (xammal, maşınlar, əmək gücü) satın alınması və bunların ilkin alınan məbləğdən daha yüksək dəyərə malik yeni məhsula çevrilməsi ilə yaradılır. Bunu mümkün edən amil isə əmək gücünün kapitalist sistemdə özünün də bir meta halına gəlməsidir. Marksa görə, əmək gücü istismar məqsədilə istifadə olunur: əmək gücünün mübadilə dəyəri (əmək haqqı şəklində, Ətəkyazı: işçiyə ödənən pul) kapitalist adına yaradılan ümumi dəyərdən azdır. Artıq dəyər adlanan bu fərq kapitalist tərəfindən mənimsənilir və kapital ehtiyatına əlavə edilir. Bu dövr davamlı olaraq təkrarlanır və sinfi münaqişələrin əsasını təşkil edir.
Lakin Marksın kapitalizmi “istismarla” eyniləşdirməsi, əmək gücünün bütün dəyərlərin, dolayısı ilə qazancın yeganə mənbəyi olduğu tezisinə əsaslanır. Bu tezis, əsas iqtisadi düşüncədə və hətta bəzi marksistlər tərəfindən belə tənqid edilir.
Veber də əmək haqqının əhəmiyyətini tanımış, lakin kapitalizmin əsas xüsusiyyəti kimi bazardakı mübadiləni görmüşdür. Ona görə, müasir Qərbdə kapitalizm, rasionallıq, gələcək qazanc üçün sərvət yığımı və iqtisadi münasibətlərin sosial münasibətlərdən ayrılması ilə xarakterizə edilir. Kapitalizm üçün mühüm hesab edilən digər institutlar bunlardır: xüsusi mülkiyyət, formal olaraq azad əmək, xammal üçün bazarlar şəbəkəsi, əmək məhsulu və geniş bir pul sistemi. Veberin nəzəriyyəsi, Marksınkından fərqli olaraq, bu institusional xüsusiyyətləri bir araya gətirən əsas mexanizmləri müəyyənləşdirə bilməməsi ilə tənqid olunur.
Kapitalizm anlayışının indiki analitik dəyəri, bu anlayışın çox geniş tarixi dövrü əhatə etməsi səbəbindən azalmışdır. Viktoriya dövrünün ortası ilə iyirminci əsrin sonundakı Britaniyanı eyni şəkildə kapitalist cəmiyyət olaraq xarakterizə etməyin anlayışımıza gətirəcəyi fayda məhduddur. Bu problem kapitalizmin coğrafi və mədəni müxtəlifliyi üçün də keçərlidir. Yaponiya, İsveç və Avstraliya kimi çox fərqli müasir cəmiyyətlərin inkişafını sadəcə kapitalist istehsal sisteminə malik olmaqla izah etmək kifayət deyil. Bu səbəbdən kapitalizmin növlərinin ya keyfiyyət, ya da kəmiyyət amillərinə görə təsnif edilməsi daha aydınlaşdırıcı ola bilər.

Keyfiyyət təsnifi

Keyfiyyət təsnifatı kapitalın fərqli yollarla yığıla biləcəyini göstərir. Məsələn, merkantil kapitalizm, kapitalist olmayan metodlarla istehsal olunan malların ticari dövriyyəyə daxil edilməsi sistemidir. Kənd təsərrüfatı kapitalizmi, Britaniyada torpaq sahibi olan yüksək sinfin XVII və XVIII əsrlərdə həyata keçirdiyi fəaliyyətlərlə təmsil olunur. Bu dövrün aparıcı kənd təsərrüfatı inqilabı, dolanışıq iqtisadiyyatına (təbii təsərrüfat) əsaslanan istehsal sistemini bazara yönəlmiş və əvvəlcədən satış məqsədli istehsala çevirdi. Bu dəyişikliklər yenilənmiş və mexanikləşdirilmiş kənd təsərrüfatı sayəsində mümkün oldu.
Sənaye kapitalizmi, kapitalizmin klassik və ya stereotipik formasıdır. Sənaye kapitalizmi, istehsalı fabrik sistemi çərçivəsində həyata keçirir. Burada iş prosesləri arasında kompleks iş bölümü mövcuddur, planlanmış iş yerləri və fabriklər qurulur, ənənəvi əl sənətləri sıradan çıxarılır və işlər avtomatlaşdırılır.
Maliyyə kapitalizmi və ya pul kapitalizmi, kapitalist istehsal prosesini pul axınına və maliyyə aktivlərinə, nəticədə isə bu yolla pul qazancının toplanmasına bağlayır. Bu sistem yüksək səviyyədə inkişaf etmiş bankçılıq sistemi, istiqraz bazarları və səhmdarlar vasitəsilə resurs yığan şirkətləri ön şərt kimi qəbul edir. Torsteyn Veblenin qeyd etdiyi kimi, bütün sənaye kompleksləri, binalar və torpaqlar spekulyativ qazanc və zərər-ziyan mövzusu halına gəlmişdir.
Dövlət kapitalizmi, sənayeləşməni və kapitalizmi inkişaf etdirmək məqsədilə dövlət tərəfindən müəssisələrin qurulması və idarə edilməsinin məcburi olduğu hallarda tətbiq edilir. Formal olaraq “kommunist” sayılan iqtisadi sistemlərdə belə, dövlət müəssisələri beynəlxalq ticarətin və maliyyənin təzyiqləri ilə üzləşir və kapitalist istehsal metodlarının idarəetmə məhdudiyyətlərinə məruz qalırlar.

Kəmiyyət təsnifatı

Kəmiyyət təsnifatı, kapital yığımının miqyası və iqtisadi kapital gücünün konsentrasiyasındakı böyük dəyişiklikləri əks etdirmək məqsədini daşıyır. Kiçik yığım, kapitalizmin tarixi başlanğıcında tipik olaraq müşahidə olunan, lakin müasir dünyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə hələ də geniş yayılmış, fərdi istehsalçılar və sənətkar şəbəkələri ilə xarakterizə olunur. Bunun formal mənası odur ki, kapital sahibi eyni zamanda işləyən şəxsdir və sistemdə formal olaraq sinif yoxdur.
Girişimçi kapitalizm, kapital yığımının kapital sahibləri ilə işçilər arasında bölüşdürülməsinə imkan verdiyi dövrlərdə meydana çıxır. Bu mərhələnin tipik göstəricisi olan girişimçi iş adamları, idarəetməni əllərində saxlayan və əksər hallarda müəssisələrin sahibi olan şəxslərdir.
Şirkət kapitalizmi və ya monopoliya kapitalizmi, səhmlərə sahibliyin, məhdud fərdi məsuliyyətin və kapitalın banklar və maliyyə qurumları vasitəsilə böyük monopoliya və ya oliqopoliya holdinqlərdə cəmlənməsinin təbii nəticəsidir. Kapitalizmin bu növü şirkətlərin böyüməsi və mülkiyyətçilərlə idarəçilər arasında iş bölümü ilə xarakterizə olunur.
Kapitalizmin uzun tarixinə baxmayaraq, meta istehsalının və nizamsız mübadilələrin sosial nizam üçün zərərli olduğu barədə geniş yayılmış bir iddia mövcuddur. Bu baxışın ən məşhuru, Marksın kapitalizmin barışmaz sinif münasibətlərinin zorakı bir inqilabla devriləcəyi fikridir. Lakin bu proqnoz hələ də gerçəkləşməmişdir. Sistemin mühafizəkar əleyhdarları isə kapitalist bazarın təşviq etdiyi hesablayıcı davranışların mənəvi ənənələri sıradan çıxararaq nizamsızlığa səbəb olduğunu iddia edirlər.
Bütün bu baxışlara baxmayaraq, qeyri-sabitlik kapitalist sistemlərin müəyyənedici xüsusiyyəti kimi görünməz. Bunun səbəbi, formal olaraq kapitalist olan istehsal münasibətlərinin daxilində yerləşən kültürün geniş miqyasda azadlıqlarına dayanır.

Tom Bottomorun “Theories of Modern Capitalism” (1985) kitabı kapitalizm mövzusunu geniş miqyasda və ümumi şəkildə izah edən yaxşı bir giriş mənbəyidir. Syuzan Streyncin “Casino Capitalism” (1986) əsəri isə müasir beynəlxalq maliyyə dünyasını detallı və tənqidi şəkildə təhlil edir. Streyncin fikrincə, kapitalist dəyişiklikləri əsas alan bir çox sosioloji model dar baxışla məhdudlaşıb və əsasən girişimçi və ya şirkət əsaslı sənaye kapitalizmini təsvir edir. Lakin müasir dövrün pul və mal bazarları ilə bağlı olan genişmiqyaslı spekulyativ fəaliyyətlər çox vaxt nəzərə alınmır.

Bu yazı, Qordon Marşalın redaktorluğunda bir qrup sosioloq tərəfindən yazılan “Sosioloji Sözlüğü” kitabının Türkiyə türkcəsinə tərcüməsinin 382-384-cü səhifələrindəki kapitalizm tərifinin Ətəkyazı saytı üçün Azərbaycan türkcəsinə tərcüməsidir. Ankarada “Bilim ve Sanat” nəşriyyatı tərəfindən nəşr olunan bu kitab, ingiliscədən Türkiyə türkcəsinə Osman Akınhay və Derya Kömürcü tərəfindən çevrilmişdir.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.