ABŞ-da yerləşən “İnklüziv Toplum Fondu” (FIS) 2025-ci ilin birinci və ikinci rübü (yanvar–mart və april-iyun ayları) ərzində İranda Azərbaycan Türklərinə qarşı baş verən insan haqları pozuntularını sənədləşdirən yeni hesabatlarını yayımlayıb.
Hesabatları buradan oxuya bilərsiniz:
İranda Azərbaycan Türkləri ilə bağlı insan haqları hesabatı (yanvar–mart 2025)
İranda Azərbaycan Türkləri ilə bağlı insan haqları hesabatı (aprel–iyun 2025)
birinci üç ayın hesabatında bildirilir ki, bu dövrdə 8 nəfər saxlanıldıqdan sonra azadlığa buraxılıb, 16 nəfər isə ictimai və ya mədəni fəaliyyətlərinə görə həbs cəzası alıb. Ən azı 16 nəfərin edam edildiyi qeyd olunub. İkinci üç ayın hesabatında isə bildirilir ki, bu dövrdə 20 nəfər saxlanıldıqdan sonra azadlığa buraxılıb, 8 nəfər isə fəaliyyətlərinə görə həbs cəzası alıb. Ən azı 13 nəfərin edam edildiyi də ikinci üç ayda qeyd olunub. Bu fakt beynəlxalq ictimaiyyətin ölüm cəzasının ləğvi ilə bağlı artan çağırışlarına baxmayaraq, İran hakimiyyətinin bu cəzanı tətbiq etməkdə davamlı israrını göstərir.
Yanvar-mart ayları hesabatında arasında fəallara qarşı zorakılıq və qorxutma məqsədilə həyata keçirilən hücum və döymə hadisəsi ilə yanaşı, iki nəfərin təhlükəsizlik qüvvələri tərəfindən hədə-qorxuya məruz qalması və dindirilməyə çağırılması faktları da sənədləşdirilib.
Aprel-iyun ayları hesabatında isə doğum şəhadətnamələrinin verilməməsi ilə bağlı narahatedici hallar da diqqətə çatdırılır. Xüsusilə etnik azlıqlar arasında bu sənədin alınmasında qarşıya çıxan maneələr, uşaqların təhsil, səhiyyə və vətəndaş hüquqlarına çıxışını məhdudlaşdıran ciddi insan haqları pozuntusu kimi qiymətləndirilir. Bu hesabat dövründə ən azı 7 yeni doğulmuş uşağa doğum şəhadətnaməsi verilmədiyi qeyd olunur.
“İnklüziv Toplum Fondu” bildirir ki, bu hallar İranda Azərbaycan Türklərinə qarşı həyata keçirilən sistematik repressiyaları və dövlət səviyyəsində ayrı-seçkiliyin davam etdiyini açıq şəkildə göstərir. Fond beynəlxalq ictimaiyyəti İran hökumətinə qarşı təzyiqləri gücləndirməyə, edamları dayandırmağa, uşaqların hüquqlarının qorunmasını təmin etməyə və ədalətli məhkəmə sisteminin yaradılmasına dəstək verməyə çağırır.
İnklüziv Toplum Fondu azlıqların hüquqlarını müdafiə edən, ABŞ mərkəzli qeyri-hökumət təşkilatıdır. Fond insan haqları, ictimai-siyasi və ekoloji problemlər sahəsində tədqiqatlar aparır və mütəmadi hesabatlar dərc edir. Daha ətraflı məlumat üçün təşkilatın rəsmi veb-saytına daxil olmaq mümkündür: www.inclusivevision.org