İranda əkinçilikdə hər il eyni mənzərə yaşanır: ötən ilin “qalib” məhsulu hamını cəlb edir və növbəti mövsümdə əkin sahələri ona yönəlir. Yığım vaxtı bazar həmin məhsulla dolur, qiymətlər çökür və satış dəyəri hətta yığım və daşınma xərclərini belə qarşılamır. Bu dövr təkrarlandıqca əkinçilikdən asılı bölgələr ciddi zərər görür: yerli ticarət daralır, borclar artır, gənclər sabit iş axtarışı ilə böyük şəhərlərə köçür. Zamanla təkrarlanan qalib məhsul əkini, ərzaq təhlükəsizliyini gərginləşdirir, insanları köçməyə məcbur buraxır və bərabərsizliyi dərinləşdirir.
Bu məsələ, İranda siyasi-iqtisadiyyat quruluşu ilə bağlı problemdir. Bir çox yerdə əkinçilik hələ də ənənəvi üsullarla aparılır; anbara, maliyyəyə və gələcəyə yönəlik qiymət məlumatlarına çıxış məhduddur. Əkinçilər daima keçən mövsümün qiymətlərinə əsaslanırlar, çünki gələn mövsümlə bağlı etibarlı siqnallar çox azdır. Praktik maneələrdən biri də anbarlamadır: özəl sektor zəifdir, dövlət isə həddən artıq böyükdür; buna görə yığım həftələrində qiymət çökməsinin qarşısını ala biləcək yerli özəl anbar operatorları demək olar ki, yoxdur. Sistem mərkəzləşdiyi üçün mövcud (və məhdud) anbarların çoxu vilayət mərkəzlərində və böyük şəhərlərdə yerləşir; bu isə məhz qiymətlərin ən aşağı olduğu bir vaxtda nəqliyyat xərclərini artırır. Bir çox kəndli əkinçi bu xərcləri qarşılaya bilmir, çünki məhsullar mənfəət gətirmir. İran Azərbaycanında bu ağrı daha kəskindir: bir il qarpız gəlirli görünür və geniş sahələr əkilir; yığımda qiymətlər o qədər enir ki, bəzi sahələrə məhsul ümumiyyətlə yığılmır- çünki satış gəliri yığım və daşınma xərclərini qarşılamır. Son illərdə eyni dövr sarımsaqda, pomidorda və digər məhsullarda da təkrarlanıb. Yerli əhali bunu demək olar ki, hər il yaşayır, lakin problemi həll etmək üçün yetərli siyasətlər həyata keçirilməyib.
Mərkəzləşmiş və rantlı sistemdə, büdcə və məzənnənin daimi dalğalanmaları ilə qarşı-qarşıya qalmaq adi haldır. Dövlətin təşviqləri idxaldan yaranan rantlara yönəldiyi üçün, mövcud şərtlərdə bazar infrastrukturu (altyapı) və gələcək göstəricilər yaratmaq demək olar ki, mümkünsüz olur. Bu səbəbdən “qaynaq lənətlənməsi” (Resource Curse) mexanizmlərinin dövrə girir: bazar altyapısına yetərli sərmayə qoyulmur, icra və nəzarət zəif qalır, siyasət isə yerli problemləri həll etmək əvəzinə idxala söykənir. Sənayenin azlığı və xidmət sektorunun zəifliyi səbəbindən İran Azərbaycanında kənd təsərrüfatı uğursuz olanda insanların seçimləri məhdudlaşır və miqrasiya çox vaxt əsas çıxış yoluna çevrilir. Bu mənzərə, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Joseph E. Stiglitz və başqalarının “qaynaq lənətlənməsə” ədəbiyyatında vurğuladığı nümunə ilə üst-üstə düşür.
Əkinçiliyi irəliləmiş ölkələr, əkinçilik sahəsində bu zərərli dövrü zəiflətmək üçün uğurlu təcrübəyə malikdirlər. Onlar sadə, amma təsirli mərkəzləşdirilmiş mexanizmlərdən istifadə edir: məsələn, bölgə üzrə qiymət və tələb məlumatlarının müntəzəm yayımlanması. Həmçinin qısa və orta müddətli perspektivlər ilə əkinçiyə kömək olunur ki, məhsul əkmə qərarlarını gələcək iqtisadi və qiymət göstəricilərinə əsasən versin, keçən ilin “qəhrəman” mənfəətinə görə deyil. Avropa İttifaqında, bazar müşahidə mərkəzləri bu işi diaqnostik panellər və fəsil hesabatları vasitəsilə həyata keçirirlər. Standartlaşdırılmış keyfiyyət dərəcələri və müqavilə şablonları mübahisələri azaldır, ödənişləri sürətləndirir. Amerika Birləşmiş Ştatlarında isə bazar qaydaları və razılaşmaları qanuni əsasla tətbiq olunur: istehsalçılar razılaşdıqdan və ABŞ Qida və Dərman İdarəsi təsdiq etdikdən sonra bəzi məhsullar üçün bazar qaydaları – məsələn, keyfiyyət, yığım vaxtı və daşınma sürəti – müəyyən edilə və həyata keçirilə bilər. Digər dayaq sütunları anbar və maliyyədir: dövlət dəstəkli anbar və soyuducu otaqlar “warehouse receipt systems” (anbar qəbzi mexanizmi) ilə birlikdə əkinçiyə məhsulu saxlamağa, ona qarşı kredit götürməyə və bazarı birdən-birə məhsulla doldurmaq əvəzinə daha sonra satmağa imkan yaradır.
Bu inkişaf etmiş iqtisadiyyatlar kənd təsərrüfatında həmçinin mərkəzləşdirilməmiş iqtisadi alətlərdən istifadə edirlər. Məsələn, “gələcək bazarları” və “öncədən satış bazarları” yaratmaqla onlar kənd əkinçilərin məhsullarının gələcək qiymətlərini açıq göstəricilərlə müəyyən edirlər. Beləliklə, gələcək yığım mövsümü üçün qiymət riskinə qarşı qoruma bazarları qurulmuş olur. Məsələn, bu günkü gələcək qiymət “gələn ilin iyul ayında çatdırılacaq pomidor qiyməti” üçün bazarın ümumi gözləntisini əks etdirir, yəni məhsulun yığım mövsümündəki dəyərini göstərir. Əkinçilər əkindən əvvəl bu gələcək qiymətləri görürlər və buna əsaslanaraq əkilən sahənin miqdarını müəyyən edirlər. Başqa sözlə, onlar qərarlarını gələcək qiymət göstəricilərinə əsasən verirlər. Hətta əgər gələcək bazarda qiymət siqnalları aşağı olsa da, əkinçiklər hələ də həmin məhsulu əkmək istəsə, gələcək yığım mövsümü üçün “gələcək müqavilə” və ya “öncədən satış” edə bilər. Bu cür müqavilələr əkinçiyə imkan verir ki, əgər sonradan nağd bazarda qiymətlər düşsə, onun gələcək mövqedən əldə etdiyi qazanc bu ziyanı qarşılasın. Beləliklə, xalis qiymət, yəni komissiyon və fərq çıxıldıqdan sonra təxminən müqavilədə əvvəlcədən razılaşdırılmış səviyyədə qalır. Böyük burslar eyni vaxtda bir neçə təhvil ayını siyahıda saxlayır və bəzən 15 aya qədər müqavilələr açıq olur; ona görə də belə axıcı bazarlarda (asanlıqla alınıb-satıla bilən bazar) əkinçilər və kooprativlər bir ildən də çox əvvəl qiymət riskini qoruya bilirlər. Banklar da anbarlanmış mallara qarşı kredit verməyə daha meyillidirlər; əgər sonrakı ayların qiymətləri məhsul yığım ayından yüksəkdirsə, anbarlama mənfəətli olur, satış zamana yayılır və yığım ayların qiymət şoku və zərbəsi yumşalır.
Hər iki yanaşmanın güclü tərəfləri və məhdudiyyətləri var. Mərkəzləşdirilmiş alətlər – bazar məlumatlandırması, anbara çıxış, müqavilə standartları və yığımın mərhələlənməsi – bazar savadlılığı olanda belə səmərəli işləyə bilər; amma bunların işləməsi üçün səriştəli və dürüst institutlar və davamlı maliyyələşmə vacibdir. Sistem zəif qurularsa, bürokratikləşmə yarana bilər və ya azsaylı oyunçular üstünlük qazana bilərlər. Bazar alətləri aydın gələcək qiymətləri sayəsində davranışları kordinasiya edir və riski aşağı xərclə ötürür; lakin işləmək üçün lazımi infrastruktur tələb olunur: şəffaf qiymətlər və etibarlı nerxlər, kooprativlər və ya toplayıcılar vasitəsilə sadə çıxış, eləcə də minimal təlim. Üstəlik, yerli nağd qiymətlər meyar burs qiymətini həmişə tam izləmədiyindən “bazis riski” qalır. Renta-asılı sistemlərdə xüsusilə inflyasiya sıçrayışları zamanı bu siqnalları görməzdən gələrək idxala üstünlük vermək siyasi baxımdan cazibədar görünə bilər və bu da yerli bazar infrastrukturuna etinasızlığı daha da gücləndirir.
Praktik yanaşma, İranın məhdudiyyətlərini nəzərə alaraq, bu iki mexanizmi birləşdirməkdir. Regional və beynəlxalq baxışlara söykənən həftəlik yerli bülletenlərlə irəliyə dönük siqnallar yayımlamaq, onları yerli anbarlara real çıxış və standart müqavilələrlə dəstəkləmək əkinçilərin yığım vaxtı “ucuz qiymətə məcburi satış” riskini azaldar. İran Azərbaycanında bu, təkcə uzaq vilayət mərkəzlərində deyil, istehsal edən kəndlərin yaxınlığında anbarların qurulması, xususi şirkətlərin bazara girişi üçün təşviqlərin yaradılması və yığım mövsümündə nəqliyyat xərclərinin aşağı salınması deməkdir. Eyni zamanda, kooperativləri və böyük alıcıları standart məhsullar üçün mövcud burslarda hedcinq (Hedcinq, qiymət dəyişkənliyindən yaranan itkiləri azaltmaq üçün əvvəlcədən müqavilə bağlamaq və ya maliyyə alətlərindən istifadə etmək deməkdir.) etməyə təşviq etmək (Başqa sözlə, bu proses qiymət dəyişkənliyi riskini azaltmaq üçün əvvəlcədən müqavilə bağlamaq və ya maliyyə alətlərindən istifadə etməkdir. Beləliklə, məhsulun qiyməti bazarda düşsə belə, onlar əvvəlcədən razılaşdırılmış qiymətlə satış və ya alış edə bilirlər və zərərdən qorunurlar.) və əkinçilərin istifadə edə biləcəyi bir əkin mövsümü siqnalı ötürmək lazımdır: gələn iyul ayında pomidorların ticarət qiyməti təxminən bu səviyyədədir və əgər pomidor əkirsinizsə, hedcinq və ya forward müqaviləsi (Qabaqcadan bağlanmış satış/alış müqaviləsi) vasitəsilə sizə təmin edə biləcəyimiz minimum qiymət budur.
Bu model bütövlükdə kənd təsərrüfatında, xüsusən də əsasən iqtisadiyyatı əkinçiliyə dayanan Azərbaycan bölgəsində qiymət çökmələrini azalda bilər. Bu vasitələrlə bölgədə gəlir stabilləşib, məhsul tarlalarda buraxılmayacaqdır və daha az ailə doğma yurdunu tərk etməyə məcbur qalacaqdır. Əks təqdirdə, sənaye baxımından geri buraxılmış və inkişaf etməmiş Azərbaycan əyalətlərində, məhdud iş imkanları miqrasiyanı qaçılmaz əsas çıxış yolu kimi gücləndirəcəkdir.
İstinadlar
Stiglitz, J. E. (İqtisadiyyat üzrə Nobel Mükafatı, 2001). Making Natural Resources into a Blessing rather than a Curse, in Covering Oil.
Humphreys, M., Sachs, J. D., & Stiglitz, J. E. (eds.). Escaping the Resource Curse. Columbia University Press.
van der Ploeg, F. Natural Resources: Curse or Blessing?
European Commission. Agricultural Market Observatories and short-term outlooks.
USDA Agricultural Marketing Service. Marketing Orders and Agreements.
FAO and World Bank. Warehouse receipt systems and post-harvest loss reduction.
CME Group and USDA ERS Extension. Hedging primers and contract listings.