İran məhkəmə sistemində təkdilliliyin nəticələri: yaşanmış təcrübələr

Google+ Pinterest LinkedIn Tumblr +

Keçən günlərdə İranda fars olmayan vətəndaşlar “Mənofarsi” kampaniyası kontekstində ölkədə var olan təkdilliliyin ağır nəticələri barədə xatirələrini paylaşdılar. Hazırda da davam edən bu kampaniyada iştirak edənlər ümumiyyətlə məcburi farsca təhsilin törətdiyi çətinliklərdən, fars olmayanların üzləşdikləri aşağılanmalardan və təhqirlərdən söz edirlər. Lakin təkdilliliyin mənfi nəticələri tək pis hislərin yaranması ilə bitmir, bəzən faciəyə də səbəb olur.

İranda başqa qurumlarda olduğu kimi, məhkəmə sistemində də yeganə rəsmi dil farscadır. İttiham olunan şəxslərin verdikləri ifadələr farsca yazılaraq hakimə təqdim edilir. Bu təqdimatda kiçik bir səhvin olması bəzən böyük faciələrə yol açır.

Müttəhimin yazılı müdafiəsi və məhkəmə iclasındakı şifahi müdafiəsi katib tərəfindən farsca qeydə alınır Və onun yazdıqları hakimin verəcəyi hökmlə birbaşa əlaqəlidir. Fars olmayanların farsca bilməməkləri təbii görünsə də onların bu səbəbdən ayrıseçkiliyə məruz qalmaqları heç normal deyil.

Bu mövzu bundan əvvəl də azərbaycanlı fəalların diqqətini cəlb edib. Tanınmış milli fəal Abbas Lisani məhkəmədə öz müdafiəsini türkcə edərək onu türkcə yazmışdı. Bu isə sonradan onun daha ağır cəzaya məhkum edilməsinə səbəb oldu.

Təbrizdə yaşayan Fərdin Muradpur bu haqda “Ətəkyazı”-ya yazıb. Uzun müddət məhbus həyatı yaşamış Fərdin Muradpur İran məhkəmə sistemində farscanın yeganə rəsmi dil olmasının birbaşa qurbanı olub. O başqa bir türk qadının da təkdillilik səbəbindən edama məhkum olunduğunu bildirib.

Xüsusi diqqətəlayiq hesab etdiyimiz bu mövzu haqqında Fərdin Muradpurun təcrübəsini və açıqlamalarını “Ətəkyazı” oxucularına təqdim edirik.

Əlbomb taraqqası

2006-ci il Xordad (may) etirazlarının üçüncü ildönümü (22 may 2009-cu il) münasibətilə Təbrizin Şahgölü parkında etiraz aksiyası keçirildi. Bu mədəni etirazda Azərbaycanın problemləri səsləndirildi. Məsələn ana dilində təhsil almaq hüququ haqqında və Urmu gölünün qurudulmasına qarşı şüarlar səsləndirildi. Həm də ölkədə sistemli şəkildə yeridilən etnik ayrıseçkiliyinin və şovinist siyasətlərin aradan qaldırılması istənildi. Bu etiraz mədəni olduğu halda hakimiyyət gücləri zorakılıq edərək, etiraz edənləri döyüb həbs etdilər.

O gün mən də ordaydım. Neçə dəfə döyülüb əllərindən qaçmağı bacarsam da, axırda qarnıma və qoltuğuma dəyən güllələrin nəticəsində yıxılıb yerdə qaldım. Yıxılanda qoltuq cibimdə olan taraqqa zərbənin nəticəsində partladı. Taraqqa hamının bildiyi hər il Novruz bayramında çərşənbə axşamı istifadə edilən “əlbomb”-u (əl bombası, atəşfəşanlıq üçün əldə düzəldilən bomba) idi. Bu əlbomblarının yıxma və öldürmə gücü olmur. Onlardan sadəcə səs və tüstü yaratmaq üçün istifadə edilir. Yaralı olduğum üçün öncə xəstəxanaya götürüldüm. Lakin hələ tam sağalmamış və yaralı vəziyyətdə Təbriz Ettelaatına (təhlükəsizlik qurumu) aparıldım.

İstintaq yazılı və farsca idi. Məmurlar dindirmə sırasında əlbombanın doğru anlam və mahiyyətini göstərən farsca qarşılığı olan “tərəqqə” (taraqqa) ya “tərəqqəyi əlbomb” və ya “tərəqqəyi bombi dəsti” əvəzinə “bombi dəsti” (əldə düzəldilən bomba) kimi tərcümə edib qeyd etdilər. Etirazlarıma baxmayaraq “bombi dəsti” yazmaqda israr etdilər. Hətta bir dindirmə kağızında “tərəqqə” (taraqqa) yazdığım üçün işgəncələrə məruz qaldım. Bildiyim qədər fars bölgələrində də atəşfəşanlıq üçün düzəldilən bu növ taraqqalara “əlbomb” və “tərəqqəyi əlbomb” deyilir.

Dindirmələrdə bu söz oyunu getdiyi bir vaxt, tutulmağım haqda olan yazılar “intiharçı terrorist”, “bombalama agenti” və digər başlıqlarla paylaşılırdı. Bu isə mənə qarşı aparılan mənfi təbliğat idi. Hətta deyilənə görə Təbrizin cümə imamı ayətullah Şəbüstəri də o xəbərlərdən sonra mənə edam hökmünün verilməsini istəyib. Əslində isə məni daha əvvəldən hazırlanmış bir Ettelaat ssenarisinə qurban edirdilər. Yaranmış şəraitə görə dostlarım, tanışlarım, fikirdaşlarım hətta qohumlarım belə ailəmə yaxın gəlməkdən çəkinirdilər. Hətta aylarla heç bir vəkil mənim işimi müdafiə etmək üçün götürmədi.

Yad dildə müdafiə yoxsa müdafiəsizlik?

Məhkəmə günü vəkilin müdafiəsi (yazılı və şifahi) farsca olur. fars olmayan müttəhim ümumiyətlə farsca çıxış etməlidir. Fars olmayan o cümlədən də farsca yaxşı bilməyən biri hüquqi baxımdan da özünü müdafiə etməkdə çətinlik çəkir. Məhkəmə iclasının müddətinin az olmasına diqqət yetirsək müttəhimin necə çətin vəziyyətdə olduğunu, iclasın onun əleyhinə işlədiyini başa düşmək olar. Bununla yanaşı hakim, oradakı heyət və ya başqa cavabdeh şəxslər etnik və dil münasibətlərinə görə yerli olsalar müttəhim özünü öz ana dilində müdafiə edə bilər. Belə olduğu halda katibin işi çətinləşir. O müttəhimin dediklərini farscaya çevirməli olur. İki işi birdən görməli olan katib təbii ki bunu çatdırmır və yalnız eşitdiklərinin xülasəsini hüquqi dillə yazır. Bu isə müttəhimə qarşı ədalətsizliyin baş vermə ehtimalını artırır.

Bu hal məhkəmədən əvvəl keçirilən Dadyarı və dindirmə eləcə də məhkəmədən sonra keçirilən apellyasiya məhkəməsində də təkrarlanır. Şərh etdiyim bu proses özümün və yaxud başqalarının tutulub, onun dindirilməsindən tutmuş məhkəmə qərarının veriləcəyi saniyəyədək yaşadıqlarına əsaslanır. Misal üçün 2008-ci il yanvarın 2-də edam edilmiş Rahilə Zamani adlı bir türk qadını qətl ittihamına görə asılıb. Rahilə Zamani məhkəmə günü özünü fars dilində müdafiə edə bilməmişdi və bu da onun edamına səbəb olub.

Bir başqa qurban isə mən idim. Bir söz oyunundan başlayan Ettelaat ssenarisi ilə yanaşı yaradılan mənfi təbliğat, həmçinin xəstə və yaralı halımda yad bir dillə dindirilmələr nəticəsində atılan iftiraların bir çoxundan qurtulsam da, 6 illik həbsə cəzasında qurtula bilmədim.

Farscanı yaxşı bilməyənlərin oxşar vəziyyətlərdə haqsızlığa məruz qalmaqları gözlənilən məqamdır. Bu kimi çox təkrarlanan vəziyyətlərin qarşısını almaq üçün, İran məhkəmə sistemində türkcənin rəsmi dil kimi qəbul edilməsi çox ciddi və haqlı tələb hesab edilməlidir. Lakin bu dünyada ilk deyil. Məhkəmənin həssaslığını nəzərə alaraq beynəlxalq məhkəmə qurumlarında ədalətsizliyə yol verməmək üçün müttəhim hesab edilən şəxsin müdafiəsi öz doğma ana dilində keçirilir. Bunun İran məhkəmə sistemində də tətbiq edilməsi vacib tələb kimi ortaya qoyulmalıdır.

Paylaş.

Müəllif haqqında

Fərdin Muradpur

Şərhlər bağlıdır.