Azərbaycan əyaləti niyə parçalanır?

Google+ Pinterest LinkedIn Tumblr +

Pəhləvi hökumətinin hakimiyyətə gəlməsi ilə ölkədə əyalət sərhədlərinin dəyişdirilməsində yeni bir politika izləndiyi müşahidə edilir. Qacar dönəmində Qacar dövlətinin ərazisi inzibati cəhətdən dörd əyalətə bölünmüşdü və bu əyalətlərin ən başlıcası Azərbaycan əyaləti, digər əyalətlər Kirman və Bəlucistan, Xorasan və Sistan, Xəlic və Bənadir idi. Azərbaycan əyaləti isə bügünkü Doğu Azərbaycan, Batı Azərbaycan, Ərdəbil, Zəncan və Qəzvin kimi şəhərlədən ibarət idi. Həmədan vilayəti də Azərbaycana bağlı idi. Bu dörd əyalət daxili işlərini özləri idarə edir, Mərkəzi hökumət yalnız bu əyalətlərə bir əmir təyin edirdi. Əmirin yeganə müdaxiləsi isə vergi toplamaq idi. Ancaq Qacar hökumətindən sonra ölkə əyalətlərindəki mövcud siyasət dəyişdi. Pəhləvilər hakimiyyətə gəldikdən sonra Azərbaycan güclü bir əyalətdən bölünmüş şəkildə fərqli adlar daşıyan ostanlara çevrildi. Azərbaycan kiçik ostanlara bölündükdən sonra hər bir ostan da kiçik rayonlara bölündü.

1937-ci ildə  əyalətlərin sayısı 6 oldu və Zəncan ilə Qəzvin Azərbaycandan ayrıldı. 1958-ci ildə isə Bicar şəhəri Azərbaycandan ayrılıb Kürdüstana verildi. 1960-cı ildə də Astara Gilana verildi. Qəzvin, Əbhər, Qeydar isə Zəncan ilə birlikdə 1980-ci ildə Zəncan Ostanı oldu. 1993-cü ildə Azərbaycanın digər önəmli bölgələri ayrılaraq Ərdəbil ostanı yaradıldı. 1994-cü ildə də Qəzvin müstəqil bir ostan elan edildi.

Bu bölünmələr günümüzə qədər davam etməkdədir və Azərbaycanın siyasi-iqtisadi gücünün zəyifləməsi ilə nəticələnir. Son günlərdə İranın İslam Şurası məclisində Təbrizin nümayəndəsi olan Əhməd Alireza Beygi də bu məsələni müzakirə etdi. Deputat internetdə yayımlanan bir videosunda Təbrizin parçalanıb kiçilməsinin İran Daxili İşlər nazirliyinin qəti siyasəti olduğunu etiraf etdi. O, həmçinin bu siyasətin yeni yaradılan rayon və şəhərləri gücləndirmək üçün tətbiq olunmadığını və məhz Təbrizi zəiflətməyə istiqamətləndiyini bildirdi. Bununla birlikdə İran prezidenti İbrahim Rəisinin Təbrizə gəlməsi ilə Azərbaycanda yeni bir ostanın yaranacağı da gündəm oldu. Hakimiyyətin bəzi saytları da yeni ostanın yaranmasını və Azərbaycananın daha kiçik ostanlara bölünməsini təbliğ etdi. Bu bölünmələr Azərbaycan cəmiyyətində fərqli təpkilərə nədən oldu.

Əyalət sərhədlərinin dəyişdirilməsi: Hakimiyyətin azərbaycanlılara reaksiyası

1990-cı illərdə Tehranda demoqrafiyanı və  müxtəlif problemlərə cavab olaraq əhalinin bəzi qruplarının iradəsini tənzimləmək məqsədilə əyalətlərin sərhədlərini dəyişdirmək çox təkrarlanırdı.

1992-ci ilin oktyabr ayında Tehran Şərqi Azərbaycan əyalətini bölmək üçün Səbəlan, Səhənd və Ərdəbil adları təklif olunan yeni bir əyalət yaratmağa qərar verdi. Bu qərarla bağlı müzakirələr bir çox azərbaycanlının rejimi açıq şəkildə tənqidinə səbəb oldu. Hətta hökumətin yanında olan  azərbaycanlılar belə bu bölgədə Azərbaycan adının qorunmasını dəstəkləyirdilər. 1990-cı illərin başında parlament üzvləri kimi radikal və ya müxalif sayılmayan çoxlu azərbaycanlı, Azərbaycan adının silinməsinin qarşısını almaq üçün sərt və açıq şəkildə mübarizə apardılar. Bu insanlar sadəcə rejimə bağlı İran azərbaycanlılarının bəzilərinin Azərbaycan əyalətləri ilə əlaqəli xüsusi kimliklərini və etnik kimliklərini qoruduqlarını da göstərdi. Bu əyalətin adı ilə bağlı müzakirələr, İran’da hər kəsin zaman zaman siyasi proseslə qoşula biləcəyini və fərqli siyasi məsələlərlə bağlı böyük müzakirələrin yaşandığını da ortaya qoydu.

Əyalətin bölünməsi fikrinə yalnız bəzi azərbaycanlılar məhdud şəkildə qarşı çıxdılar. Ərdəbil bölgəsi əhalisi, başqa bir əyalət hökumətinin qurulması ilə bölgəyə əlavə resurslar gətiriləcəyini və yeni iş yerlərinin açılacağını umaraq bu fikri dəstəklədilər. Yenə də “Azərbaycan” adının silinməsi qərarına həssaslıq var idi. Mətbuatda “Azərbaycan” adının silinməsinə qarşı çıxan məktublar dərc edilməyə başlandı. Bir çoxu, yeni əyalətə “Şərqi Azərbaycan” adının verilməsini və Təbriz mərkəzli əyalətin isə “Mərkəzi Azərbaycan” kimi adlandırılmasını tövsiyə edirdilər. Ərdəbildə yaşayan bir şəxsin “Varlıq” dərgisində dərc olunan məktubunda belə yazılırdı:

“Yeni əyalətə (ostana) bizim ana vətənimiz Azərbaycanın adından başqa bir adın verilməsi məntiqlidirmi? Savalanın Azərbaycanın ən hündür dağı və dünyanın isə ən gözəl dağlarından biri olduğu doğrudur. Yenə bir dağın adının Azərbaycan kimi şanlı və məşhur bir vətənin adının yerini tutması yaxşı olarmı? Azərbaycanın tarixi mərkəzi olan Ərdəbilin adı da Azərbaycanın yerinə istifadə edilə bilməz. Yeni əyalət, Sarab, Meşkinşəhr, Astara, Xalxal kimi şəhərlərdən ibarətdir. Orada yaşayanlar ərdəbilli deyil, azərbaycanlılardır. Bu səbəbdən, mərkəzi Ərdəbil olan yeni əyalətə Şərqi Azərbaycan adının verilməsi daha məntiqlidir. Mərkəzi “ana vətənimizin ən böyük oğlu” Ərdəbil olan əyalətin adından Azərbaycan sözünün silinməsi biz ərdəbillilər üçün özümüz və anamızla ziddiyət və ona zülm olar, deyilmi?”

1995-ci il oktyabrın 15-də hökumət yeni bir əyalətin yaradılması və adının Səbəlan olması qərarını elan etdi. Ancaq ad dəyişikliyinə qarşı mübarizə  davam etdiyinə görə, parlamentin Daxili İşlər Komitəsinin 1993-cü il yanvar ayındakı son qərar mətnində yeni əyalətin Şərqi Azərbaycan adlandırılacağı və mərkəzinin Təbriz olduğu Şərqi Azərbaycan əyalətinin adının Mərkəzi Azərbaycan olaraq dəyişdiriləcəyi qeyd olunurdu. Bu dəyişikliklərin həyata keçirilməsində səlahiyyətli komissiya üzvlərindən biri bir qanun layihəsini təqdim edərək belə deyirdi:

“Hökumət, təqdim etdiyi qanun layihəsində yeni əyalətin adını Səbəlan əyaləti olaraq təyin etmişdir. Ancaq komissiyadakı müzakirələr nəticəsində yeni əyalətə Azərbaycan adının verilməsi qərarlaşdırılmışdır. Bu qərarda, Azərbaycan adının, bütün Azərbaycanın cəsur, fədakar, inanmış və ölkəsinə bağlı xalqın qəhrəman üsyanlarının parlaq tarixi ilə əlaqələndirildiyi və bu adın həmişə bu torpağın məğrur xalqının xatirələrini daşıdığı hakimiyyəti nəzərə alınaraq, dastanlıq xatirələri qorumaq məqsədilə nəzərə alınmışdır. Nəticədə İran İslam Respublikasının Azərbaycan adlı 3 əyaləti olacaq: Urmiya mərkəzli Qərbi Azərbaycan, Təbriz mərkəzli mərkəzi Azərbaycan və Ərdəbil mərkəzli Şərqi Azərbaycan.”

Ancaq hökumət, Azərbaycan adının əyalətdən silinməsi məsələsində dirəndi. Bir çox azərbaycanlı bu dirənməyə etiraz etməyə davam etdi. Şərqi Azərbaycanda yer alan Şəbistərin millət vəkili, Hasan Aminlu parlamentdə bunları deyib:

“Savalan və Səhəndin Azərbaycanda iki gözəl dağın iki gözəl adı olmaları haqqındakı reallığa  baxmayaraq, azərbaycanlılar əsrlərlə bizim sevgili vətənimiz İranın müdafiəçisi və İslam dünyasının qoruyucusu kimi öz kimliklərini və saflıqlarını Azərbaycan və azərbaycanlı adları altında qoruyublar.”

Nəhayət, 1993-cü il aprelin 11-də təsdiqlənən son qanunda yeni əyalətin adı Ərdəbil əyaləti olaraq elan edildi və Təbriz mərkəzli əyalətin adı Şərqi Azərbaycan olaraq qaldı. Bu adın seçilməsi son an qərarı idi. Bəzi hökumət təmsilçiləri və agentliklər bu dəyişiklikdən xəbərləri olmadığı üçün səhvən yeni əyalətə Şərqi Azərbaycan və ya Səbəlan deyirdi.

Son təsdiqi dəstəkləyən Ərdəbil millət vəkili Nurəddin İqdam, yeni əyalətin yaradılmasını Azərbaycan Respublikasının siyasi nüfuzunu qırma arzusu ilə əlaqələndirirdi. O, yeni əyalətə dair son qərarın “siyasi faydaları”ndan birinin, Azərbaycan Respublikasına işarə edərək, “sərhədin o tayında yaradılan və çirkin bir fenomen olan, günahkar və həyat tapması mümkün olmayan Pantürkizm xəyalının qarşısını almaq olduğunu” açıqladı. Bu bəyanat, Şərqi Azərbaycan əyalətinin bölünmə qərarı və Azərbaycanla bağlı bütün onomastik əlaqələrin silinməsi məsələsində hökumətin dirənişinin, İran əyalətləri və Azərbaycan Respublikası arasındakı potensial əlaqənin qarşısını almaq arzusuna əsaslandığını göstərir.

Ad dəyişikliyindən sonra, bəzi azərbaycanlılar yeni əyalətdən “Azərbaycan” adının çıxarılması məsələsindəki hirslərini ifadə etməyə davam etdilər. 1994-cü ildə Azərbaycan tələbələri tərəfindən təşkil olunmuş məktub yazma kampaniyasında bu məsələ yenidən gündəmə gəldi. Özünü “Tehran Universitetlərinin Azərbaycanlı Tələbələri” adlandıran bir qrupun, Azərbaycan əyalətlərindən Məclis üzvlərinə göndərdiyi açıq məktubda yeni əyalətin adında “Azərbaycan” sözünün olmaması tənqid olundu. İlk olaraq Zəncanda həftəlik Ümid-i Zəncan qəzetində dərc olunan “Ölkə Universitetlərində Təhsil Alan Məşkinşəhərli tələbələrin İran İslam Respublikası Hökumətinə” açıq məktubunda, yeni əyalətin bir şəhərindən olan tələbələr, bu əyalətdən Azərbaycan adının silinməsinə etirazlarını belə ifadə edirdilər:

“qənaətimizcə, yeni əyalətin adının bir şəhər adı ilə dəyişdirilməsi, bir neçə il sonra çox daha ciddi bir səhvə səbəb olacaq tarixi bir yanlışdır. İran tarixində, bir zamanlar Pəhləvi xanədanlığı dövründə adı verilən Bahtaran əyaləti bunun bir nümunəsini təqdim edir.”

Tələbələr hökumətin Şərqi Azərbaycan əyalətini bölən qərarının “bütün xalq arasında narahatlığa səbəb olduğunu” bildirdilər. Onlar yeni əyalətin qurulması ilə əldə edilməsi gözlənilən faydalara inanmadıqlarını və hətta yeni adı qəbul etməyi rədd etdilər.

Digər bölgə və əyalətlər sürətli bir şəkildə iqtisadi, sosial və mədəni olaraq inkişaf edərkən, Azərbaycanın Ərdəbil əyaləti adlanan bu bölgəsi çətinlik və yoxsulluqla yaşayır. Bir zamanlar siyahıda üçüncü ən uğurlu olan əyalət indi yeddinci yerə düşüb. Əlbəttə, idarəçilərimiz yaradılan yeni əyalətdəki vəziyyətdən xəbərdardırlar. Həqiqət odur ki, şəhərlərimiz böyük kəndlərə oxşayır. Təhsil, ictimai sağlamlıq, mədəni və digər sahələrdə həqiqi bir qıtlıq var.

Bu əyalətin bölünməsi, bu üç əyalətin Azərbaycanın bir hissəsi olduğu fikrini dəyişdirmədi. Rəsmi statusa görə onlar müstəqil əyalətlər olsalar da, bu üç əyalətin Məclis nümayəndələri “Azərbaycana” təsir edən məsələlərdə birləşmiş bir blok kimi hərəkət edirdilər.

Digər əyalətlərdəki dəyişikliklər də reaksiyalara səbəb oldu. Qəzvin şəhərinə əyalət statusu vermək məqsədilə 1994-cü ilin avqust ayında Qəzvin qalmaqalı başladı. Qəzvinin qarışıq etnik əhalisi əsasən Azərbaycan türklərindən və farslardan ibarətdir. Bəzi azərbaycanlı etirazçılar, bu şəhəri, əhalisinin çoxu Azərbaycan türklərindən ibarət olan Zəncan şəhərindən ayırma cəhdlərini, türk köklü xalqın farsların ağırlıqlı olduğu bölmələr üçün dağıtma siyasətinin bir hissəsi kimi qiymətləndirir. İranın “Resalet” qəzetinin bildirdiyinə görə, Qəzvin  hadisələri zamanı “milli hisslər” ortaya çıxmışdır.[1]

Azərbaycan əyaləti niyə parçalanır?

Dövlətlərin ən vacib məqsədlərindən biri cəmiyyəti və ya toplumu asanlıqla idarə etməkdir. Hökumətlər öz istək və siyasətlərini cəmiyyətdə reallaşdırmağa çalışırlar. Bu durumda, idarəçilər ilə idarə olunanların arzuları, istəkləri, meylləri və idealları eyni olduqda, ümumiyyətlə, münaqişəyə yer qalmaz. Lakin hökumətin istək ve arzuları ən azından bəzi kəsimlər ilə üst-üstə düşmədiyində, toplum üzərindəki idarə və təsir cəhdi münaqişəyə də çevirilə bilər. Belə bir durumda hər qrupun öz marağı olduğu üçün və hər bir qrup öz düşüncələrini maraq və öncəliklərinə uyğun şəkildə digər tərəfə inandırmağa və tətbiq etməyə çalışır.

Ölkə idarə etməsində ölkə içindəki etnik, dini və ictimai çeşidlilik-müxtəliflilik nəzərə alınmazsa bu ciddi problemlərə səbəb ola bilər. İnsanlar ölkədəki siyasi-ictimai prosesdə daha çox kollektiv(cəmi) kimlikləri ilə iştirak etdikləri üçün ölkə idarəsində kollektiv kimliklərlə bağlı qucaqlayıcı siyasət olmazsa cəmiyyətə problemlərlərə yol aça bilər. Bu problemlər ictimai baxımdan toplumun bölünməsindən tutmuş etnik toqquşmaya qədər fərqli nəticələrdən ibarət ola bilər. Toplumun çeşidliyinin nəzərə alıb ona uyğun siyasət planlamaq yerinə bir sıra ölkələrdə toplumda insanların etnik çeşidliyini assimilyasiya yolu ilə silmək yöntəminə üstünlük verilmişdir. Son yüz ildə İranda dövlət ilə İran içində yaşayan millətlər arasında ziddiyətlər var olmasının və hökumətin toplumu zəyiflətməyə cəhd göstərməsinin əsas səbəbi də bu kimlik siyasətidir. Əyalətlərin kiçilmə səbəblərindən  biri də məhz bu məsələ olmuşdur; yəni İran dövləti əyalətlərin kiçilmə və parçalanmasında Azərbaycanlılıq kimi siyasi-ictimai baxımdan önəmi olan bir kollektiv kimliyi zəiflətməklə azərbaycanlıları başqa şəraitdə qəbul etməyəcəkləri yönətimə təslim etmək hədəfində olmuşdur . Son yüz ildə Azərbaycan əyalətinin bir neçə dəfə bölünməsi də əsasən bu səbəbdən baş vermişdir. Bu bölünmələr hökumət qarşısında müstəqil bir rol oynaya bilməyən, gücdən, iradədən məhrum, kollektiv(cəmi) kimliyi zəifləmiş və ya silinmiş kiçik əyalətlərin ortaya çıxması hədəfi ilə həyata keçirildi. Başqa sözlə, hökumət proqramlarının icrasını asanlaşdırmaq və eyni zamanda, hökumətin bəzi tələblərinə qarşı çıxan cəmiyyətləri və qrupları kollektiv kimlik baxımından zəif duruma salmaqla  onların fərqli bir siyasi güc kimi rol oynaya bilmək potansiyelini və gücünü ortadan götürür və bu hədəfə çatmaq və onları tabe etmək üçün əyalətləri bölməyi tətbiq etmişdir.

Bu müddətdə İrandaki hökumətlər mərkəziyətçi olub, fars kültür və siyasi dominantlığı əsasında tək tipli millət icad etməyə çalışmışlar. Bu siyasət də fars olmayanların zərər görməsi ilə nəticələnmişdir. Azərbaycan əyalətinin parçalanma siyasəti də bu nədənlə uyğulanmışdır. Əyalətin parçalanaraq zəyifləməsi mərkəzi hökumətin siyasət və planlarının tətbiq edilməsini asanlaşdırmışdır. Azərbaycan cəmiyyətinin nizam və bütövlüyünün zəifləməsi assimilyasiya siyasətini də asanlaşdırmışdır.

Unudulmamalıdır ki, Azərbaycan və Türk kimliyi İranda cəmiyyəti səfərbər edə biləcək amillərdən biridir. Azərbaycan adı İranda yaşayan Azərbaycanlılara onları başqalarından fərqləndirən kollektiv bir kimlik (Azərbaycanlılıq) bağışlayır. İranda dominant fars etniki əsasında təriflənən İran kimliyindən bağımsız Azərbaycan kimliyi İran siyasətinə qarşıdır. Buna görə də, fars kimliyiüzərində qurulmuşkimliyə də qarşı gəlir. Azərbaycan əyalətinin bölünməsi və yeni qurulan ostanlara(vilayətlərə) fərqli adların verilməsi zaman içində insanların özlərini Azərbaycanlılıq kimliyi tanımlamasının azalmasına və  assimilyasiya siyasətininin rahat gerçəkləşdirilməsinə səbəb olur.

İran rəsmilərinin yanaşmasında görə, Arazın quzeyində Azərbaycan adlı bir dövlətin var olmasının təhdid kimi görülməsinin bir nədəni də, güneylilərlə eyni etnik qrupdan olan insanların Arazın otayında dövlətlərinin olmasının verdiyi özgüvən və qürurdur. 1918-dən sonra quzeydə qurulan Azərbaycan dövlətinə qarşı aparılan propaqandaların, Azərbaycan adının inkar edilməsinin, zaman-zaman Aran, Bakı dövləti kimi adlarla adlandırılmasının bir nədəni də bu adda dövlətin var olmasının Güney Azərbaycanlıların etnik-milli qürur və özgüvənin artmasındakı təsiridir.

Yaxın tarixə baxıldığında da Qacar dönəminin sonuna qədər, Azərbaycanın önəmli bir əyalət olaraq ölkənin siyasətinin müəyyənləşdirilməsində əsas rol oynadığı görülür. Ölkənin siyasi, elmi, mədəni və iqtisadi elitalarının əksəriyyəti azərbaycanlı olmuşdur. Təbriz bu dönəmdə Qacar şahının şah olmadan əvvəl qalmalı olduğu vəliəhd şəhəri idi. Ancaq Pəhləvidən sonra Azərbaycanın gücü gündən-günə azalmağa başladı. Ölkənin ən zəngin əyaləti yoxsulluqla üzləşdi. Azərbaycanlılar zəifləmiş iqtisadiyyatlarına görə mərkəz bölgələrə köç etmək məcburiyətində qaldılar. İranın siyasi, elmi, mədəni və iqtisadi elitaları arasında Azərbaycanlıların sayı azalmağa başladı. Üstəlik, yeni qurulan ostanlarda, rayon və şəhərlərdə kifayət qədər şəhərçilik, sosial və iqtisadi altyapının olmaması da təbii ki, bu bölgələrin inkişafı ilə deyil zəifləməsi və iradəsizləşməsi ilə nəticələndi.

[1] Shaffer, B. (2002). Borders and brethren: Iran and the challenge of Azerbaijani identity. MIT Press.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.