Bu həftə biz Jane Goodallın vəfatı ilə bağlı kədərli xəbəri eşitdik. O, bizə heyvanlar və öz insanlığımız haqqında çox şey öyrədən, güclü və qorxmaz bir qadın idi. 91 yaşında vəfat edən bu alim haqqında bilməyənlər üçün bir az məlumat paylaşmaq və Azərbaycanla niyə uşaqlıqdan ən sevdiyim alimlərdən biri olmasının səbəbini izah etmək istədim. Kimdir bu Jane Goodall?
Jane Goodall dünyada primatologiya elminin simvoluna çevrilmiş görkəmli alim və humanistdir. O, xüsusilə Tanzaniyada şimpanzelər üzərində apardığı uzunmüddətli tədqiqatları ilə tanınır və heyvan davranışları haqqında elmi yanaşmaları tamamilə dəyişdirib. Onun müşahidələri göstərdi ki, şimpanzelər alətlərdən istifadə edə, mürəkkəb sosial münasibətlər qura və emosional həyat yaşaya bilirlər. Jane yalnız elmə deyil, həm də çevrənin (ətraf mühitin) qorunmasına, insanlıqla təbiət arasındakı əlaqələrin daha yaxşı anlaşılmasına böyük töhfə verib. O, həm alim, həm də təbiəti qoruma hərəkatının ən güclü səsi kimi yadda qalıb.
Əgər soruşsanız ki, onu nə xüsusi edir və ya digər alimlərdən nə ilə fərqləndirir, mən sizə onun təbiətə yalnız müşahidəçi kimi baxmamasından danışaram. O, heyvanlara bir “obyekt” kimi deyil, duyğuları, münasibətləri və həyatı olan canlı varlıqlar kimi yanaşırdı. Jane Goodall elmə soyuq bir məsafədən deyil, insanlıqla empatiyanı birləşdirərək yaxınlaşdı. Bu, onun işini yalnız elmi nailiyyətlərlə deyil, həm də insana və təbiətə verdiyi dərin humanist dəyər ilə fərqləndirirdi.
O, dövrünün elmi normalarını sarsıtdı. şimpanzelərə sadəcə nömrə deyil, ad verdi, onların fərqli xarakterlərini müşahidə etdi, ailə münasibətlərini və hisslərini araşdırmalarına daxil etdi. Jane həmçinin kəşf etdi ki, insanlar kimi, şimpanzelər də alətlərdən istifadə edirlər. O, 2002-ci ildə TED çıxışında belə demişdi: “Nəhayət anladıq ki, insanları digər heyvanlar aləmindən sərt bir xətlə ayıran hədd yoxdur.”
Darvindən sonra bir çox alimlər təkamülü elmi olaraq sübut etsələr də, insanın da bu dünyanın bir parçası, heyvan olduğunu göstərsələr də, bizə bunu həqiqətən hiss etdirən Jane Goodall oldu. Buna görə o, mənim ən sevdiyim alimlərimdən biridir. Biz çox vaxt hərəkətlər vasitəsilə anlamağın gücünü unuduruq. Mən uşaq olanda onun sənədli filmlərinə baxanda, təkamül prosesini həm görür, həm də hiss edirdim və insanlarla digər primatlar arasında o qədər də böyük fərq olmadığını dərk edirdim. Biz çox vaxt özümüzü heyvanlardan üstün hesab edirik və buna görə onları öldürmək, yemək, hətta işgəncə verməyi özümüzə haqq görürük. Qudall bir çox mənada bu üstünlük hissini aradan qaldırdı. O, bizə insanların və şimpanzelərin DNT-sinin 98%-nin eyni olduğunu və primatların bizim uzaq qohumlarımız olduğunu göstərdi.
Əlbəttə, biz həm də onun qadın olaraq STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahəsində fəaliyyətindən danışmalıyıq. O dövrdə qadınlara elmi imkanların demək olar ki, verilmədiyi bir mühitdə çalışırdı. Jane çoxlu çətinliklərlə üzləşdi, hətta şimpanzelərə nömrə yox, ad verdiyi üçün istehza və təzyiqlərə məruz qaldı. Həmkarları onun emosional davrandığını düşünürdülər, halbuki o, elmə mühüm kəşflər qazandırırdı. O, həyatı boyu ciddi seksizmlə mübarizə aparmalı oldu. Amma onun mübarizəsi bir çox qadının elm sahəsinə qoşulması üçün yol açdı. O, yüzlərlə qadını elmə təşviq etdi və onlara ilham verdi. Jane Goodall İnstitutunun 1970–2011-ci illər üzrə məlumatlarına əsasən, son altı onillikdə STEM sahəsində qadınların sayı 7%-dən 26%-ə yüksəlib.
O, həmçinin planetimizin məhvinə qarşı mübarizə aparan qətiyyətli bir ekoloq idi. İqlim dəyişikliyinə qarşı çıxır, meşələrin, vəhşi təbiətin və biomüxtəlifliyin qorunması üçün yorulmadan mübarizə aparırdı. Onun yaratdığı Roots & Shoots proqramı vasitəsilə dünyanın hər yerindən gəncləri daha dayanıqlı və mərhəmətli bir gələcək uğrunda fəaliyyət göstərməyə səfərbər etmişdi.
Jane Goodall bizə yalnız şimpanzelər və heyvanlar aləmi haqqında deyil, həm də insanlığın öz mahiyyəti haqqında dərindən düşünməyi öyrətdi. O, həyatını elmə, təbiətin qorunmasına və gələcək nəsillərə ümid verməyə həsr etdi. Biz onun sayəsində insanla təbiət arasındakı incə bağları daha aydın gördük və bu dünyaya daha böyük məsuliyyətlə yanaşmağı öyrəndik. Onun izi nə elm dünyasında, nə də qəlblərimizdə heç vaxt silinməyəcək. Bütün gördüyü işlərə və verdiyi ilhama görə ona minnətdarıq. Ruhun şad olsun, Jane.