Vərziqanın Süngün mis mədəni işçiləri tətilə başlayıblar

Google+ Pinterest LinkedIn Tumblr +

Şərqi Azərbaycan əyalətində yerləşən Süngün mis mədəni işçiləri ağır və təhlükəli iş durumu və gəlir azlığına görə mədəndə tətilə başlayıblar. Tətil 5 oktyabrda onlarla işçinin iştirakı ilə başlayıb və iki gün davam etmişdir. Etirazçılar soyuq gecəni də çadırlarda keçiriblər. Onlar mədənin bir neçə sorumlusunun istefasını istəyərək, yazılı plakatlara şüarlar yazaraq ədalətsizlikdən şikayət ediblər. İrankargar saytının verdiyi məlumata görə Süngün mədənində işçiləri 3 aylıq əmək müqaviləsi ilə işə götürürlər. “Acin”, “Neda”, “Mobin”, “No-avəran” və “Zühəl” kimi podratçı şirkətlər vasitəsilə işə düzələn işçilərin, işdə təhlükəsizlikləri təmin edilmir. İşçilər sorumluların onları istədiyi zamanda işə götürüb, istədiyi zaman isə işdən qovduqlarlnı deyiblər. Süngün mədəni işçilərinin tətil etdiyi hissədə 500 işçi işləyir. 15 ildən 20 ilə qədər iş təcrübəsi olan bu işçilərin gəliri 5-7 milyon tümən arasında olur. Mədən işçiləri bundan əvvəl bu ilin iyul ayında da tətil etmişdilər.

Süngün mədəni nəyə görə önəmlidir?

Vərziqan şəhərinin yaxınlığında olan Süngün mis mədəni dünya mis kəmərində yerləşir və Orta Doğunun ən böyük mis mədəni kimi tanınır. Tək bu mədən İranda çıxarılan misin 40 faizini təmin edir. Vərziqan millət vəkili Dehqaninin bildirdiyinə görə Süngün mədəni 4 milyard ton rezerv misə sahibdir. Bu gedişlə həmin mədəndən 380 il mis çıxarmaq mümkündür. Dehqani həm də bildirib ki bu mədəndən ölkəyə hər il 20 min milyard tümən gəlir gəlir. Süngün mis mədəni kompleksinin ümumilikdə 4 minə qədər işçisi var və mədən 25 ildir ki fəaliyyətdədir. Süngün mis mədəni yüksək gəlir gətirsə də mədən işlədiyi dövrdə yerli əhalinin həyatında heç bir müsbət dəyişiklik olmayıb. Mədənin gəlirlərinin Azərbaycandan çıxarılması eləcə də ətraf mühiti çirkləndirməsi yerli əhalinin etirazlarına səbəb olur.

Süngün mis mədənindən əldə edilən gəlir hara gedir?

Şərqi Azərbaycan əyalətinin valisi, iyun ayının yeddisində Fars xəbər agentliyinə hər gün 50 milyard tümən mis konsentratının Vərziqandan Kirmana getdiyini deyib. Vərziqan millət vəkili Dehqani keçən ilin avqust ayında “ANAJ” xəbər agentliyinə verdiyi müsahibədə Azərbaycanın bu mədəndəki payının sıfır həddində olduğunu bildirib. Təbriz millət vəkili Beygi isə hər gün Azərbaycandan 20 milyon dollar dəyərində mis konsentratının çıxarıldığını söyləyib. Süngün mədəninin gəliri ən son Traktor futbol klubunun maliyyə çətinlikləri ilə bir daha gündəmə gəlib. Traktor futbol klubunun Asiya oyunlarında iştirak etməmək istəyi bir çox etirazlara səbəb oldu və klubun Süngün mis mədəni tərəfindən alınması gündəmə gəldi. Buna ilk reaksiya verən Kirman millət vəkili Məhəmməd Rza Pur-İbrahimi oldu. Kirman millət vəkili mis çıxarma gəlirinin müflis bir futbol klubuna xərclənməsinin mümkün olmadığını deyib. Bu fikrə isə öz növbəsində Azərbaycan millət vəkilləri reaksiya veriblər. Təbriz millət vəkili Pezeşkiyan Süngün mis mədəni gəlirinin Kirmanda xərcləndiyini, İranın mis sənaye şirkətinin orada iki futbol klubunu bu gəlirlə idarə etdiyini deyib. O həm də bəzilərinin ölkə qaynaqlarını atalarının mirası hesab etdiyini söyləyərək Süngün mis mədəni gəlirinin Kirman millət vəkilinə heç dəxli olmadığını deyib. Vərziqan millət vəkili isə xalq tərfindən sorğu-suala tutulduğunu, əldə edilən qazancın bölgədə xərclənmədiyi üçün narazılıqların olduğunu deyib.

Süngün mis mədəni çevrəyə necə təsir edir?

Süngün mis mədəni bir çox çevrə problemləri də törədib. Bu mədənin tullantıları elmi yollarla zərərsizləşdirilmədiyi üçün yeraltı və yerüstü qaynaqları zəhərləyir.2020 ilinin yayında Sosial mediada yayılan videolarda mədən tullantılarının təbiətə atılması nəticəsində Ilqına çayı suyunun və o çayda yaşayan canlıların məhv olduğu göstərilirdi. Ilqına çayı bu tullantılar nəticəsinə zəhərlənib, suyundan içən mal-qaranın xəstəliyinə səbəb olub. Çinar telegram kanalı Vərziqanın Kəvər kəndində meşə və otlaqların məhv edilməsi haqda bir başqa video yayıb. Şərqi Azərbaycan əyalətində ən çox xərçəng xəstəliyi Vərziqan şəhərində yayılıb. Və buna səbəb kimi məhz Süngün mis mədəni göstərilir. Vərziqanın millət vəkili Dehqani, Süngün mis mədəni gəlirinin yalnız bir faizinin çevrəni qorumaq üçün ayrıldığını, lakin 5-6 ildir ki artıq o bir faizin də Vərziqana ödənmədiyini deyib.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.