Ey Güney Azərbaycan Gəncliyi!

Google+ Pinterest LinkedIn Tumblr +

Səyahət etməyi çox sevən biriyəm. Bir çoxları ev, maşın, qızıl arzulayanda, mən həmişə dünyanı görməyi arzulamışam. Sosial evrimi (təkamülü) görməyin ən asan yolu səyahətdir. Həmin coğrafiyada yaşayan insanların ətrafında baş verənlər sayəsində müxtəlif yollarla mədəniyyətlərini necə yaratdıqlarını görmək mənim üçün çox maraqlıdır.

Ancaq son iki ildə səyahət mənə yeni bir məna qazandırıb. Sadəcə yeni bir yerə getməyin həyəcanı və sevinci yox, eyni zamanda həmin yerdə yaşayan Güney Azərbaycanlılarla tanış olmağın zövqü də önəmli olub. Güney Azərbaycanlılar köçdükləri yerə uyğunlaşmaq üçün həmin ölkənin sistemini anlamaq və özlərinə bir məkan yaratmaq naminə müxtəlif sosial və siyasi dəyişikliklərdən keçiblər.

Bəzi insanlar bunu mənfi bir şey kimi görürlər. Azərbaycanlılığı sadəcə mövcud olan və illərdir yaşamış bir tarix kimi qəbul edirlər. Bizim tarixin içində olmayan bir düşüncəni və ya ənənəni yaşatmağı isə “qondarma” adlandırır, hətta bunu xəyanətə qədər aparanlar da olur. Ancaq həqiqətən, saf və yalnız türk və ya azərbaycanlı kimliyinə aid bir tarix mövcuddur? Tarix dediyimiz şey, daim qarşılıqlı təsirlər, qarışıqlar, assimilyasiyalar və yeni sintezlərin məhsulu deyilmi? Əgər belədirsə, o zaman ‘saf tarix’ axtarışı özü-özlüyündə illüziya, bəlkə də kimliyimizi dondurmaq cəhdidir. Daha da önəmlisi, Güney Azərbaycanın sərhədlərindən kənarda böyüyən gənclərimizdir. Təəssüf ki, bu yanlış düşüncə çox vaxt onları öz köklərindən uzaqlaşdırır, milli bağlarımızı zəiflədir.

İllərdir bir-birimizdən ayrı düşmüş, parçalanmış bir diaspora halına gəlmişik. Bunun saysız-hesabsız səbəbləri var, lakin bu yazıda onlara toxunmaq istəmirəm. Mənim yazımın məqsədi, əslində, heç bir şəkildə keçmiş deyil. Bu yazının hədəfi gələcəyimizdir. Səyahətlərimdə tanış olduğum hər bir insanda mən Güney Azərbaycanın sabahını görürəm. Fransız ədəbiyyatının incəliklərinə dalmış qızımızı, kompüter mühəndisliyinin zirvələrinə doğru addımlayan oğlumuzu görürəm. Bəlkə də dilimizi axıcı danışa bilməyən, lakin alman dilində tibb təhsili alan və gələcəkdə millətimizin xəstəliklərinə dərman tapacaq həkimimizi görürəm. Bəlkə də hələ Güney Azərbaycana ayaq basmamış, amma yaratdığı aplikasiyaya ‘Savalan’ adını verməklə kimliyini yaşadan gənc ixtiraçımızı görürəm. Onların öz sahələrində ən yüksək pillələrə yüksəldiklərini və qürurla ‘Mən Güney Azərbaycanlıyam’ dediklərini görürəm.

Artıq yeni bir nəsil yetişib və digəri də yoldadır; çox keçməz, onların da varlığını görəcəyik. Bizim borcumuz gəncləri özümüzdən uzaqlaşdırmaq deyil, əksinə, onları olduqları kimi qəbul edib qucaqlamaqdır. Əslində, bu yazını sizin üçün qələmə alıram. Dünyanın harasında olduğunu bilmirəm, yazdıqlarımı anlayırsanmı, yoxsa yalnız ispan dilindəmi danışırsan, onu da bilmirəm. Amma bir şeyi bil: Güney Azərbaycana ən kiçik bir bağlılığın varsa, sən bizim övladımızsan, sən bizdənsən. Mənim üçün ideologiya önəmli deyil. Sənin sağçı və ya solçu olmağın, sosialist və ya kapitalist düşüncəsinə sahib olmağın fərq etməz. Müstəqillik ya federaslizm və ya başqa siyasi model arzulamağın da əsas məsələ deyil. Bizim gücümüz yalnız bu günümüzdə deyil, birlikdə quracağımız sabahdadır.

Bizim gücümüz bir-birimizlə əlaqədə qalmaqdan keçir. Harada yaşamağımızdan, hansı dili daha yaxşı bilməyimizdən asılı olmayaraq, şəbəkələşmək və bir-birimizi tapmaq gələcəyimiz üçün ən böyük sərvətdir. Çünki yalnız birlikdə olduqda təcrübələrimizi paylaşa, imkanlarımızı bölüşə və Güney Azərbaycanın adını dünyada daha da güclü şəkildə tanıda bilərik. Bir-birimizlə əlaqə qurmaq təkcə dostluq deyil, həm də milli gələcəyimiz üçün bir məsuliyyətdir.

Ey Güney Azərbaycan gəncliyi, sən çox gözəlsən, ümid dolusan, ağıllısan, zirvələrdəsən. Biz səni olduğun kimi sevir, varlığını qürurla bağrımıza basırıq. Sən bizə bir əl uzatsan, biz sənə ürəyimizi, bağrımızı, bütün sevgimizi açarıq.

Paylaş.

Müəllif haqqında

Türkan Bozkurt

Şərhlər bağlıdır.