Urmu Gölü Böhranında Epistemik Zorakılıq (Epistemological Violence) və Susdurulmuş Rəvayətlər

Google+ Pinterest LinkedIn Tumblr +

 

Şəkil Gölün Uşaqları Filmindəndir.

Spivak Qərb intellektuallarını, xüsusilə də Fuko və Delyozu tənqid edərək göstərir ki, onlar qlobal güc qurluşunda və beynəlxalq iş bölgüsündə öz rollarını nəzərə almadıqları üçün, istəmədən “Qərb subyektini/sujəsini” analizlərinin mərkəzində yenidən istehsal edirlər. O, epistemik zorakılıq anlayışını kolonial/ müstəmləkə təhsil, hüquq və bilik istehsalı vasitəsilə subaltern (kənarlaşdırılmış) qrupları necə kənara itələdiyini və susdurduğunu izah etmək üçün istifadə edir. Bu çərçivədə, subaltern qadının səsi patriarxalizm və imperializm diskursları arasında itir. Spivak görə subaltern “danışa bilmir”, onagörə yox ki danışmaq bilmir ona görə ki hakim diskors nizamda onun təmsil olunması və eşidilməsi üçün real bir məkan yoxdur.

Baxmayaraq ki, Spivak Fukoya mühüm tənqidlər yönəldir, onun epistemik zorakılıq anlayışını Fuko tərəfindən irəli sürülən bilik istehsalı, həqiqət rejimləri və kənarlaşdırılmış səslərin susdurulması ideyalarının postkolonial və feminist bir genişləndirilməsi kimi də görmək mümkündür. Fuko “Həbsxananın doğuluşu: Nəzarət və cəza” əsərində göstərir ki, “güc bilik istehsal edir; bu yalnız bilik yaranması üçün şərait yaratmaqla və ya biliklərin gücə xidmət etməsi ilə izah oluna bilməz. Fukoya görə güc və bilik bir-birindən ayrılmaz şəkildə bir-birinə bağlıdır. Heç bir güc münasibəti eyni zamanda bir bilik sahəsi yaratmadan mövcud deyil və heç bir bilik də güc münasibətlərindən kənarda formalaşmır və onları yenidən istehsal etmədən mövcud ola bilməz”. Buna görə də güc və bilik iki ayrı sahə deyil, bir-birini qarşılıqlı şəkildə formalaşdıran və yenidən istehsal edən iki iç-içə prosesdir.

Fuko vurğulayır ki, “həqiqət gücdən müstəqil deyil”. Onun fikrincə, həqiqət müəyyən məhdudiyyətlər, institutlar və güc münasibətləri daxilində istehsal olunur və özü də bu güc münasibətlərini yenidən istehsal edir. Buna görə hər cəmiyyətin öz “həqiqət rejimi” var; yəni hansı biliklərin həqiqət kimi qəbul ediləcəyini, kimlərin bu həqiqəti söyləməyə səlahiyyətli sayıldığını və hansı bilik formalarının legitim/məşru və ya qeyri-legitim/ qeyri məşru olduğunu müəyyən edən mexanizmlər, institutlar və diskurslar toplusudur. 

Güc təhsil sistemi, universitetlər/bilimyurdlar, media və hüquq sistemi kimi institutlarla bu “həqiqət rejimi”nin formalaşmasında əsas rol oynayır. Bu institutlar hansı biliklərin “həqiqət”, “elm” və “legitim” sayılacağını müəyyən edir. Beləliklə, bilik sistemləri yalnız dünyanı anlama yollarını deyil, həm də həqiqətin sərhədlərini və kimlərin danışmaq, qərar vermək və reallığı müəyyən etmək hüququna sahib olduğunu müəyyən edir. 

Fuko “Epistemik zorakılıq” terminini istifadə etməsə də, bu anlayış onun yanaşmasından çıxarıla bilər. Epistemik zorakılıq o güc qurluşlarını ifadə edir ki, onlar müəyyən bilik və səs formalarını mərkəzə çəkərkən digərlərini kənarlaşdırır və görünməz edir. Bu zorakılıq fiziki güclə tətbiq olunmur; o, əsasən bilik istehsalı qurluşları vasitəsilə həyata keçirilir. Bu vəziyyət rəsmi bilik istehsalı sistemlərində açıq şəkildə görünür. Məsələn, İran və Türkiyə kimi ölkələrdə qeyri-dominant qruplar əhalinin böyük hissəsini təşkil etsələr də, onların dili, təcrübəsi və dünyaya baxışı təhsil, idarəetmə və hüquq sistemlərində sistematik şəkildə kənarlaşdırılır. Bu qrupların bilikləri adətən qeyri-rəsmi sahədə qalır və “qeyri-elmi”, “ənənəvi” və ya “etibarsız” kimi qiymətləndirilərək marjinallaşdırılır. Bunu dominant bilik sistemi edir. Bu, Epistemik zorakılığın açıq nümunəsidir, çünki bu qrupların öz reallıqlarını müəyyən etmə imkanları əlindən alınır.

Məsələn, İranda Urmiya Gölü hövzəsində mövcud olan su ədaləti hərəkətləri, kəhrizlər vasitəsilə su idarəçiliyi və iqlim dəyişiklikləri haqqında kəndlilərin, fermerlərin və yerli icmaların bilikləri su və kənd təsərrüfatı siyasətlərində nəzərə alınmır. Bunun əksinə olaraq, qlobal dominant mədəniyyətə və patriarxal və zəngin Qərb epistemoloji çərçivələrində istehsal olunmuş biliyə söykənən hidroloji modellər və texniki-mühəndislik yanaşmaları rəsmi sistemdə yeganə etibarlı bilik kimi qəbul edilir. Dominant sistem əvvəlcədən bəzi bilik növlərini “elmi”, və “rasional” , digərlərini isə “qeyri-elmi”, “qeyri-rasional”, “geridə qalmış”, “ənənəvi” və “aşağı məhsuldarlıqlı” kimi müəyyən edir. Nəticədə, rəsmi elmin Urmiya Gölü hövzəsindəki əkinçilərin, kəndlilərin qadınların təcrübələrinə, su ədaləti hərəkətlərinin yanaşma və baxış və istəklərini yerli su biliklərinə, idarə etmə, su qanunvericiliyindən, su qaynaqlarının qorunma və suvarma üsullarına üstünlük verdiyi bir bilik iyerarxiyası formalaşır.

Bu seçimlər və adlandırmalar son dərəcə siyasidir və transmilli, milli və yerli səviyyələrdə dominant qrupların güc münasibətlərini və maraqlarını yenidən istehsal etməyə xidmət edir. Yeni su idarəetmə sistemləri və texnologiyalar təbii, neytral və ya sadəcə texniki hadisələr deyil; onlar güc münasibətləri daxilində formalaşır və çox vaxt hakim elitaların maraqlarına xidmət edir. Buna görə də mövcud bilik və institusional strukturlar “inkişaf” və “səmərəlilik” adı altında kəhrizlər kimi alternativ sistemlərin və onlarla bağlı biliklərin zəiflədilməsinə, hətta məhv edilməsinə gətirib çıxarır. 

Bu prosesi epistemik zorakılığın nümunəsi kimi qiymətləndirmək olar. Çünki yerli biliklər etibarsızlaşdırılmaqla yanaşı, digər icmaların yaşayış və ekoloji həyat tərzlərini davam etdirmə imkanları da məhdudlaşdırılır və ya aradan qaldırılır. Epistemik zorakılıq müxtəlif hökmranlıq formalarını dəstəkləyən bir güc məntiqinə əsaslanır; bu, dominant  zəngin Qərb ağdərili kişisinin (əsasən bilgi istehsal edən və epistemologi quran) kəsimdən tutmuş milli və yerli səviyyədəki zəngin elit kişi qədər uzanır və istədiyi təbəqə kəsimi cinsiyyət və oistəditi bilik epistemologisi ilə və gücü ortaya qoyur. Nəticədə, bu proseslər yalnız yerli reallıqları, baxışları və bilikləri kənarlaşdırmır, eyni zamanda dominant olmayan qrupların hüquqi və siyasi iştirakını, eləcə də onların su kimi təbii qaynaqlarla bağlı iqtisadi maraqlarını və mənəvi bağlarını məhdudlaşdırır və ya təsirsizləşdirir. Halbuki həmin təbii varlıqlar onların kimliyinin və həyatının ayrılmaz hissəsidir. Bugün İranda və dünyanın bir çox bölgəsində müşahidə olunan Urmiya Gölünə bənzər böhran və fəlakətlərin səbəblərindən biri kimi, epistemik zorakılıqla nəticəsi olaraüq başa düşmək mümkündür. Belə hallarda bilik istehsalının özü hökmranlığın yenidən istehsal olunmasının mühüm mexanizmlərindən birinə çevrilir. Beləliklə, Urmiya gölünün ekoloji böhranı təkcə təbii və ya texniki problem deyil, həm də bilik və güc münasibətləri ilə sıx bağlı bir məsələdir.

Əslində, zorakılıq epistemologiyada institutlaşdıqda, o, özünü daim yenidən istehsal edən və bərabərsiz güc münasibətlərinin davam etdirən bir mexanizmə çevrilir. Belə şəraitdə dominant bilik sistemləri əsasən hakim qrupların maraqlarının qorunmasına xidmət edir və hətta siyasi dəyişikliklər baş verdikdə belə, mövcud epistemik zolakılıq uzun müddət davam edir və müxtəlif təcrid və kənarlaşdırma formalarını yenidən istehsal edə bilir. Bu baxımdan epistemik zorakılıq təkcə qeyri-dominant qrupların biliklərinin silinməsi ilə məhdudlaşmır, həm də kənarlaşdırılmış fərdlərin və cəmiyyətlərin həmin dominant epistemik meyarları təbii, neytral və ümumbəşəri kimi qəbul etməsinə və hətta öz reallıqlarını həmin çərçivələr vasitəsilə dərk etməsinə səbəb olur.

Urmiya gölü ilə bağlı bir çox müəlliflərin əsərlərinin təhlilində, hətta türkdilli müəlliflərdə belə, bu vəziyyəti müşahidə etmək mümkündür. Bir çox araşdırmalarda gölün böhranını anlamaq və həll etmək cəhdləri əsasən hidroloji modellərə, texniki məlumatlara və mühəndislik yanaşmalarına fokuslanır. Bu yanaşma yerli icmaların biliklərinin, yaşanmış təcrübələrinin və baxışlarının nəzərə alınmamasına gətirib çıxarır və nəticədə bərabərsizliklərin yenidən istehsalına, həmçinin hakim qrupların maraqlarının müdafiəsinə xidmət edir. Nəticə etibarilə, Urmiya gölü hövzəsində su ədaləti hərəkətinin baxış və yanaşmasını, su siyasəti, su idarəçiliyi, suvarma, iqlim dəyişiklikləri və təbii qaynaqların/varlıqların idarə olunması ilə bağlı bilikləri və mövqeləri hətta Azərbaycanlı müəlliflərin əsərlərində belə kənarda qalır. Epistemik zorakılıq “elmi” görünən, lakin neytral olmayan bir bilik formasının istifadəsinə gətirib çıxarır; bu bilik praktikada hakim gücü və qrupların maraqlarını əks etdirir və gücləndirir, eyni zamanda kəhrizlərin su idarəetmə biliyi, əkinçilər və Azərbaycan su ədaləti hərəkatlarının baxışları kimi digər bilik formalarının kənarlaşdırılmasına və dəyərdən salınmasına səbəb olur.Bu proses mövcud güc, su idarəçiliyi və ekoloji qərarvermə sahələrində mövcud olan bərabərsizliklərin yenidən istehsalına gətirib çıxarır.

Epistemik zorakılığı strukturlaşdırılmış bir mexanizm kimi başa düşmək olar; bu mexanizm güc münasibətləri vasitəsilə təhsil institutları, universitetlər, hüquq sistemi, elm, mühəndislər, tədqiqatçılar və akademiklər tərəfindən dominant biliyin istehsalını və yenidən istehsalını təmin edir, eyni zamanda alternativ bilik formalarını kənarlaşdırır. Bu proses çox vaxt birbaşa və şüurlu şəkildə deyil, gündəlikləşmiş və institutllaşmış praktikalar şəklində fəaliyyət göstərir və sistematik olaraq təkrarlandırır. Bu vəziyyətin nəticələri genişmiqyaslıdır. O, müxtəlif tarixlərin və kimliklərin silinməsinə gətirib çıxarır. Eyni zamanda siyasi və sosial iştirakı və kontrolu məhdudlaşdırır, çünki gücə çıxış çox vaxt bilik istehsalına çıxışla sıx bağlıdır. Nəticədə epistemik ədalətsizlik formalaşır: bəzi qruplar yalnız hüquqlardan məhrum edilmir, həm də “bilik sahibi” kimi tanınmaq imkanından belə kənarda qalır.

Bu vəziyyətlə mübarizə yalnız siyasi islahatlarla məhdudlaşmır; bu, dominant biliklərin necə formalaşdığını və bəzi narrativlərin/rivayətlərin, biliklərin və yaşanmış təcrübələrin necə sistematik şəkildə elmi bilik dövriyyəsindən çıxarıldığını köklü şəkildə yenidən düşünməyi tələb edir. Fukoya görə, “güc münasibətləri daxilindən kənara atılmış bu alternativ bilik formaları və təcrübələr yenidən aktivləşdirilməlidir ki, onlar rəsmi narrativlərlə qarşı-qarşıya gələrək mövcud “həqiqət rejim”ə (regime of truth)meydan oxusun”. 

 

Paylaş.

Müəllif haqqında

Həmid Cabbarlı

İstanbul Gelişim üniversitesi- yüksək lisans - sosyoloji öyrəncisi

Şərhlər bağlıdır.