Araz çayının çirklənməsi: Ekolojik təxrib, biolojik təhlükə, yoxsa adi çirklənmə?

Google+ Pinterest LinkedIn Tumblr +

Güney Azərbaycanlıların sosial media hesablarında ara sıra gündəmə gələn Araz çayının çirklənməsi, Quzey Azərbaycanda da gündəmdədir. Sosial mediada paylaşılan video və şəkillərdə Araz çayının suyunun yaşıl rəng aldığı bildirilir. Bəzi sosial şəbəkə istifadəçiləri Araz çayının rəng dəyişmə səbəbini Ermənistanın sənaye tullantılarını bu çaya axıtması ilə əlaqələndirirlər.

Araz çayının suyunun rəng dəyişməsi

Araz çayının suyunun rəng dəyişməsi

Ermənistan və İran uzun illərdir Araz çayını çirkləndirərək, Azərbaycanın təbii resurslarına zərər verən bir mövqe tutur və eyni zamanda Azərbaycan xalqının sağlamlığını ciddi təhlükə altında qoyur. Araz çayının çirklənməsi, bölgə üçün böyük bir ekoloji faciənin qapısını aralayır.

Ermənistan və İran tərəfindən Araz çayına tökülən yeraltı yataqların sənaye tullantıları və Mestamor atom stansiyasının zəhərli tullantıları, Azərbaycan ekologiyası üçün böyük bir təhlükə yaradır, əhalinin sağlamlığına isə ciddi təhdid yaradır. Öz növbəsində, mütəxəssislər Ermənistanın, beynəlxalq qurumların sənədlərinə riayət etmədiyini iddia edir və bu da ekoloji vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır.

Bu yazıda, Ermənistan və İranın Araz çayına vurduğu ziyanın nəzarət altına alınmasının vacibliyi və Araz çayının çirklənməsinin mənfi nəticələri müzakirə olunacaqdır.

Ekoloji təhlükə:

Araz çayının çirklənməsi bölgənin ekologiyasına böyük zərər vurur, bölgədə yaşayan insanlar və canlılar üçün ciddi təhlükəyə çevrilir. Araz çayının və digər axar suların çirklənməsi nəticəsində suyun tərkibində yaranmış böyük miqdarda zəhərli maddələr, balıqların kütləvi şəkildə tələf olmasına səbəb olur. Belə bir vəziyyət bölgədəki ekoloji sisteminin korlanmasına və nəhayətində insanların sağlamlığını itirməsinə səbəb olur.

Balıqların qırılması

Balıqların qırılması

Yeraltı yataqların çirkablarının Araza axıdılması, bu çayda metalların, gümüş, alüminium, serium, kobalt, mis, dəmir, fosfor və qurğuşun kimi digər elementlərin konsentrasiyasının artması ilə nəticələnir. Bu yeraltı yataqlar Ermənistan və İrana aiddir. Arazın suyunun çirklənməsi haqqında aparılan tədqiqatların nəticəsi alüminium, mis, dəmir və arsen kimi ağır metalların həddindən artıq konsentrasiyasını göstərir. Eyni zamanda, bu zəhərli sular yeraltı sulara da qarışaraq, onların da zəhərlənməsi ilə nəticələnir. Bunlarla yanaşı, Araz çayının, bu bölgədəki əkin yerlərinin suvarılmasında, heyvanların su ilə təmin olmasında istifadə edildiyini nəzərə alsaq, Azərbaycan ekologiyasının ciddi təhlükə ilə qarşı qarşıya olduğunu görə bilərik. Yeraltı yataqların çirkablarının Araza buraxılmasının yaratdığı təhlükə ilə yanaşı, Ermənistanın atom stansiyasının tullantılarının Araza buraxılması da bir digər böyük təhlüləni təşkil edir.

Vərziqandakı Mis mədəninin tullantıları da Araz çayına tökülür. Bu tullantılar İlqəna çayının da  zəhərlənməsinə səbəb olmuşdur. Belə ki, çirklənmə nəticəsində çayın rəngi ildə bir neçə dəfə dəyişir. Mis mədəninin tullantıları ilə çirklənmiş İlqəna çayı Araz çayına qarışaraq mis mədəninin zəhərli maddələrini Araza daşıyır.

Dünyanın ən təhlükəli atom stansiyası Metsamor, Arazı da ən təhlükəli çaya çevirəcəkmi?

Ermənistanın, yeraltı yataqlarının zəhərli tullantıları ilə yanaşı, Metsamor atom stansiyasının tullantılarını da Araz çayına tökməsi ciddi bir problem olaraq qarşımıza çıxır.

Metsamor atom stansiyası

Metsamor atom stansiyası

Doğu Azərbaycan Təbii Sərvətlər üzrə Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri, Əhməd Baybordi  Metsamor atom stansiyasının tullantılarının Araza tökülməsini bu çayın çirklənməsi və Araz boyunca yaşayan əhalinin sağlamlıqla bağlı problemlər yaşaması ilə nəticələnəcəyini bildirib. Bununla bağlı, İranın Bakıdakı keçmiş səfiri, Qafqaz üzrə ekspert Əfşar Süleymani də Metsamor atom stansiyasından radioaktiv materialların Araz çayına qarışması ilə bağlı xəbərdarlıq edib. “Payam Ma” qəzeti Araz çayının radioaktiv maddələr və ağır metallarla çirklənməsinin artıq inkar edilə bilməyəcəyinə işarə edərək, Araz çayı ətrafındakı əyalətlərdə xərçəng kimi xəstəliklərin artmasının danılmaz olduğunu qeyd edib. Bu qəzet, Ermənistandakı Metsamor atom stansiyasını Arazın ən böyük çirkləndiricisi kimi göstərib.  Meşkinşəhr millətvəki, İran parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini də, Metsamor stansiyasının tullantılarının Araza tökülməsi məsələsinə toxunaraq, zəhərli tullantıların yeraltı sulara qarışmasından və bunun xərçəng xəstəliyinə nədən olmasından danışmışdır. Azərbaycanlı ekoloji fəallar da Araz çayına Metsamor Atom Stansiyasının tullantılarının axıdılması ilə bağlı dəfələrcə xəbərdarlıq ediblər.

İranın “Payam Ma” qəzeti bir neçə akademik məqaləyə əsaslanaraq, Araz çayına radioaktiv materiallar və qurğuşun daxil olmaqla “çox zərərli sənaye və mineral tullantılar və çirkləndiricilərin” buraxıldığını yazmışdır. Beheşti Universitetinin Siyasi Coğrafiya Departamenti və İran Ali Milli Müdafiə Universitetinin Geosiyasət Departamentinin tədqiqat və eksperimentlər əsasında dərc etdirdiyi bu məqalələrin birində bildirilir ki, Arazın çirkləndirilməsi, bərpası mümkün olmayan mənfi nəticələrə və bu çayın çirklənmiş suyundan istifadə etmək, Ərdəbil, doğu və batı Azərbaycan vilayətlərində yaşayan insanların sağlamlığında ciddi problemlərə nədən olacaqdır.

“Payam Ma” qəzeti yazır ki, çirklənmənin ən təhlükəli mənbəyi Ermənistandakı iki “Metsamor” atom elektrik stansiyasıdır ki, onların çirkab suları “heç bir şəkildə təmizlənmədən” Araz çayına daxil olur. Adıçəkilən məqalədən sitat gətirən bu qəzet onu da iddia edir ki, bu “köhnə və qeyri-standart” elektrik stansiyasından radioaktiv materialların sızması “Avropa İttifaqı”nın ekspertləri tərəfindən də təsdiqlənmişdir.

Bu hesabatın başqa bir hissəsində, “Xodaafrin” bəndi ərazisindəki Araz suyunun “ağır metalları ehtiva edən” “maksimum çirklənməyə” malik olduğu yazılır. Halbuki bu bəndin suyundan yüz minlərlə insan içmək, əkinçilik və heyvan saxlamaq üçün istifadə edir.

“Payam Ma” qəzeti də “məlumatlı mənbəyə” istinad edərək yazıb ki, bu məqalə “sahə və laboratoriya araşdırmaları” ilə yanaşı, İran hökumətinə çatmış, lakin ictimaiyyətə açıqlanmayan “məxfi” hesabatlardan da istifadə edərək yazılmışdır. Bu qəzetə görə, digər universitet və hökumət araşdırmaları da Araz çayının radioaktiv çirklənməsini təsdiqləyib.

Xarəzmi Universitetinin Siyasi Coğrafiya və Beynəlxalq Əlaqələr Departamentinin dərc etdiyi bir məqalədə, Moğan düzənliklərinin və Qaradağ meşəsinin quruması və Güney Azərbaycanın “ərzaq təhlükəsizliyi” kimi təhdidlər Ermənistan tərəfindən Araz çayının çirklənməsi ilə əlaqələndirilmişdir.  Bu məqalədə, Arazın suyunun ağır metallar, alüminium, mis və dəmirlə standartdan artıq çirklənməsi, ağır sənaye tullantılarının və Mestamor Stansiyasının tullantılarının buraxılması barədə məlumat verilib. Nəşr edilmiş digər hesabat və məqalələr də Araz çayı balıqlarında radioaktiv maddələrin, qurğuşun və arsenin olduğunu təsdiqləyir.

Ətraf Mühitin Mühafizəsi Təşkilatının Su və Torpağın Çirklənməsinin İdarə Edilməsi və Mühafizəsi İdarəsinin hesabatında da Araz çayında metalların və gümüş, alüminium, serium, kobalt, mis, dəmir, fosfor və qurğuşun kimi digər elementlərin konsentrasiyasının artdığı göstərilir.

Əlavə olaraq qeyd etməliyik ki, Metsamor atom stansiyasının tullantılarının Araza tökülməsi ilə yanaşı, bu stansiyanın köhnəlməsi və hissələrinin işlənilməz hala gəlməsi də çevrə üzərində mənfi təsir yaradır. National Geographic bu stansiyanı Fukusima stansiyasından da daha təhlükəli sayır. Bu da deməkdir ki, köhnəlmiş stansiyada olası hər hansı bir hadisə Azərbaycanlıların həyatını təhlükəyə ata bilər.

Araz çayının suyunun çirklənməsi də, Arazın suyundan istifadə edənlərin sağlamlığını təhlükəyə atır.

Azərbaycanlıların sağlamlığı təhlükədə

Qarabağın illərdir Ermənistan işğalı altında olması səbəbindən, Araz çayının ətrafında indilik daha çox Güney Azərbaycanlılar yaşamaqdadır. Buna görə də, Arazın çirklənməsi Güney Azərbaycanlıların sağlamlığına birbaşa mənfi yöndə təsir edir. Araz çayı boyunca yerləşən əhalinin içməli suyu, ümumuyyətlə, bu çaydan təmin olunur. Əkin yerlərinin sulanması və heyvanların su ilə təmin olunmasında da Araz çayının suyundan istifadə olunur. Bu çirklənmənin təsirlərinə ən çox məruz qalan əyalətlərdən biri də Ərdəbildir.

İran əyalətlərinin ali şurasından Ərdəbil əyalətinin keçmiş nümayəndəsi, Pouya Mücərrəd, İlna xəbər agentliyi ilə olan danışığında Pars Abad şəhərinin əsas problemlərindən birinin xərçəng xəstəliyi olduğunu bildirmişdir. Onun dediklərinə əsasən xərçəng xəstəliyi Pars Abadda sürətli bir şəkildə çoxalmaqdadır. Mücərrəd qeyd edir ki, “Qonşu ölkəmiz Ermənistanda sənayi fabriklərinin çirklənmiş sularının törətdiyi xərçəng xəstəliyi, Pars Abadlıların ölümünə səbəb olur və bu da Ərdəbil əyalətində mədə və bağırsaq xərçəngi xəstəliyinin birinci sırada yer almasına səbəb olur.” Onun dediklərinə görə, Ermənistan fabriklərinin tullantısı xərçəng xəstəliyinin yayılması ilə doğrudan əlaqəlidir. Qastroenteroloq və qara ciyər uzmanı Abbas Yəzdanbən də, Ərdəbil, Doğu Azərbaycan və Batı Azərbaycan əyalətlərində mədə xərçənginin çox yayğın olduğunu və bu əyalətlərdə mədə xərçənginə yuluxmanın hər 100000 nəfərdə, kişilərdə %5, qadınlarda isə %25 olduğunu bildirib. Ətraf mühit fraksiyonu sözcüsü, Müəyyed Hüseyni isə Araz çayının çirklənməsi ilə bağlı tullantıların qalıcı təsirlərə sahib olduğuna toxunaraq belə deyir: “Ermənistan fabrikləri, ekoloji normaları pozaraq, saymazlıq və məsuliyyətsizliklə, sənayi tullantılarını Araz çayına və Xəzər dənizinə axıdır. Bu tullantılar Araz çayının suyuna və təbiətə ciddi ziyan vurur. Təsadüf deyil ki, tullantılar rahat ayrışmayan və qalıcı təsirlər buraxan sənaye toksinləridir.” Doğu Azərbaycan Təbii Sərvətlər üzrə Tədqiqat və Təhsil mərkəzinin rəhbəri, Əhməd Baybordi də dəfələrlə Arazın çirklənməsinə toxunaraq, Araz çayının rənginin dəyişməsini Ermənistandakı fabriklərin tullantı sularındakı alüminium konsentrasiyasının yüksək olması ilə əlaqələndirir: “Keçən il Araz boyunca yerləşən kəndlərdən birində çay suyunun çirklənməsi araşdırılmış və nəticələrin analizi alüminium, mis, dəmir və arsen kimi ağır metalların həddindən artıq konsentrasiyasını göstərmişdir”. O, həmçinin qeyd edir ki, sənaye çirkab suları daxil olmadan öncə sudakı mis konsentrasiyası 5,9% təşkil edirdisə, sənaye çirkab suları daxil olduqdan sonra bu konsentrasiya 30,6%-ə yüksəlmişdir.

Ermənistanın sənayi tullantılarının Araz çayına tökülməsi nəticəsində yaranan metallar kumulativdir, yox olmur və zamanla torpağa nüfuz edir. Bu da, Güney Azərbaycanda əkinçilik və heyvandarlığa mənfi şəkildə təsir edir. Bununla birlikdə insanların sağlamlığını da təhlükə altında qoyur.

Araz çayının çirklənməsi necə dəyərləndirilməlidir?

Azərbaycan mediasında gündəm olan  Araz çayının çirklənmə məsələsi insan sağlamlığı və Azərbaycan ekologyası üçün ciddi təhlükə yaradan bir məsələdir. Sosial mediada yayılan videolar və şəkillərdə Araz çayının yaşıl rəng aldığı görünür. Ermənistan və İranın sənaye tullantılarını bu çaya axıtması nəticəsində çay suyu metallar və ağır maddələrlə çirklənir. Bu çirklənmə Azərbaycan üçün böyük bir ekoloji faciənin qapısını aralayır. Ermənistan dövləti beynəlxalq norma və standartlara riayət etmir və bu isə ekoloji vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır. Metsamor atom stansiyasının tullantıları da çirklənmədə böyük və təhlükəli bir rol oynayır. Xərçəng və digər sağlamlıqla bağlı problemlər bölgədə yayılmağa başlamışdır. Araz çayının çirklənməsi ilə Güney Azərbaycanlıların sağlamlığı təhlükə altındadır. Çirklənmə məsələsinin idarə edilməsi və bu tullantıların neqativ təsirinin dayandırılması çok böyük əhəmiyyət daşıyır.

Güney Azərbaycanlı fəallarən etirazı

Güney Azərbaycanlı fəallarən etirazı

Azərbaycanlı ekspertlər Ermənistanın Araz çayını çirkləndirməsini bioloji təhdid kimi dəyərləndirirlər. Onların baxışına görə, Ermənistanın normları riayət etməməsi və zəhərli tullantıları Araza buraxması şüurli şəkildə baş tutur. Bu da, sıradan bir çirklənmə kimi görünməməli, Azərbaycanlılara qarşı bioloji təhdid məqsədi daşıya bilər.

İranda yeraltı qaynaqların, mədən fəaliyyətlərinin tullantılarının Araza buraxılması da Güney Azerbaycanlı fəalların diqqətini üzərinə çəkir. Güneyli fəallar Arazın çirklənməsinə qarşı dəfələrlə etiraz edərək mövzunu gündəmə gətirmişlər. Arazın çirklənməsini onlar tərəfindən, İranın Azərbaycanlılara qarşı həyata keçirdiyi çevrə irqçiliyi kimi dəyərləndirilmişdir. Güneyli çevrə fəaalları, Güney Azərbaycanın digər əyalətlərində də mədənlərin tullantılarının çevrəyə buraxıldığını və insanların sağlamlığının təhlükəyə atıldığını örnək göstərək Arazın da İran tərəfindən çirkləndirilməsini çevrə irqçılığı olaraq qiymətləndirirlər.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.