Cümhuriyyətçi Mirzə Bala, Güneydəki Milli Hökümət haqqında nə yazırdı?

Google+ Pinterest LinkedIn Tumblr +

Ətəkyazı: Mirzə Bala Məmmədzadənin Güney Azərbaycanda qurulmuş Milli Hökümət haqqında 15 Yanvar 1947 tarixində Türkiyənin Cümhuriyyət qəzetində dərc edilmiş yazısını təqdim edirik. Ətəkyazı, çağdaş tarixlə bağlı tarixi önəmi olan mətnləri olduğu kimi nəşr etməyə üstünlük verir və bu mətnlərin tarixi kontekstini nəzərə alaraq oxumağı təklif edir. 

AZƏRBAYCANDA NƏLƏR BAŞ VERİR?!

Qızıl fəlakətdən qurtulan bədbaxt Azərbaycan Türkü bu dəfə də İran hökümətinin əli ilə bir başqa fəlakətəmi sürüklənir?

Mirzə Bala Məmmədzadə

Azərbaycan Türkcəsinə çevirən: Aytən Rəhimli

İkinci Dünya Müharibəsinin yaratdığı millətlətarası problemlərdən biri də Azərbaycan məsələsi idi. Müharibənin müttəfiqlərin əlehinə cərəyan etdiyi bir vaxtda əsas məsələlərin başında Sovet İmperiyası müstəmləkəsində olan Şimali Azərbaycan məsələsi gəlirdi. Beləki, ll Dünya Müharibəsi əsnasında Rusiya Almaniya qarşısında məğlub olarkən, Şimali Azərbaycan öz müstəqilliyini elan etmiş, hətta qalib dövlətlərlə münasibət yaratmağa müvəffəq olmuşdu. Bu dəfə isə ll Dünya Müharibəsi Müttəfiqlərin lehinə nəticələndikdən sonra, ortaya İran hakimiyyəti altında olan Cənubi Azərbaycan məsələsi çıxdı. Cənubi Azərbaycan bütün İran daxil olmaqla 1941-ci ildən bəri işğal altında idi. Qeyd etmək lazımdır ki, Sovet İmperiyası Cənubi Azərbaycanı işğal etmək cəhdi gösdərdikdə azərbaycanlılar şiddətlə müqavimət göstərmiş, hökumət qüvvələri təslim olduqdan sonra belə müqavimətlərini dayandırmamışlardır.  Xüsusilə Ərdəbil, Qaradağ, Xalxal, Urmiyə bölgəsində davam edən silahlı xalq müqavimətinə ibrət dərsi vermək üçün bir çox azərbaycanlı ailəsi yurdlarını tərk etmək məcburiyyətində buraxılması məlumdur.

Cənubi Azərbaycanda sovet işğalı davam etdiyi müddətdə İranın şimalında olduğu kimi burada da, “Tudə” adlı solçu partiya təşəkkül tapmağa başladı. Bu partiyanın əsasını Sovet İttifaqının müxtəlif sənaye mərkəzlərindən və mədən ocaqlarından gəlib İranda illərlə işləmiş və həyat qurmuş şəxlər təşkil edirdi. Şimali Azərbaycanın yarandığı gündən bəri dövlət postlarını işğal edənlər belə, bu şəxslər arasından çıxmışdır (bugün hətta eyni vəziyyət davam etməkdədir).

Hərbdən bir müddət əvvəl Sovet İttifaqı bu “iranlılar”ı öz vətənlərinə sürgün etdilər. Yüzlərlə, minlərlə insandan ibarət topluluqlar şəklində öz torpaqlarına qayıdan iranlılar isə Rza Şah Pəhləvi tərəfindən xoş münasibət görürdü. Hətta təhsilli ixtisas sahibləri yüksək məmur rütbələrə də təyin edildilər.  Vətənlərində dərəbəyliyin, anarxiyanın, qanunsuzluğun, səfalətin höküm sürdüyü bir vaxtda istəməyərək yurdlarını tərk edən və dünyanın dörd bir yanından böyük camaatlar şəklində yaşayan bu zümrə indi vətənlərinə “qızıl fikirlər”lə qayıdırdılar.

ll Dünya Müharibəsindən bir az əvvəl Tehran hökuməti bu ünsürlər arasından suiqəsd də daxil olmaqla bir çox təhlükəli əməllər aşkarlamış və əsaslı tədbirlər görmək məcburiyyətində qalmışdır.

“Tudə” rusca “massa” deyilən və bizdə də “yığın” deyə tərcümə edilmiş olan rusca bir sözün eynən tərcüməsidir. Belə bir partiyanın sənayesiz və “proletarsız” Cənubi Azərbaycanda, özəlliklə kəndliyə xitab edəcəyi gözlənə bilərdi. Beləki, Azərbaycan şərtlərinə uyğunlaşdırılan bu partiya adını Azərbaycan Demokratik Firqəsi olaraq dəyişmiş və ölkədə baş verən önəmli ictimai, siyasi ixtilaflarda rol oynamağa başlamışdır.

Bir Müddət öncə isə İstanbuda partiyaya dəstək mənasında yayınlanan broşurda bu mövzuda deyilir: “İngilislər və  Sovet İttifaqı İranı işğal etdilər. Azərbaycan sovetlərin işğalında qaldı. Sovetlər bu dəfə nəinki xalqla zidd düşmədilər, hətta onlarla mülayim davranaraq Azərbaycanı fəlakətdən qurtarmaq üçün qurulmuş Demokratik Firqənin fəaliyyətinə maneçilik törətmədilər.”

Şimali Azərbaycanda Çarlığa qarşı 50 illik siyasi mübarizə tarixinə malik Milli Demokrat Partiyası mənsubları, hətta sosial-demokratlar ilə Rus düşüncə tərzinə malik olmayan ən köhnə kommunistər belə güllələnərkən, nədənsə Cənubi Azərbaycanda “fəaliyyətləri sərbəst buraxılan” Azərbaycan demokratları, Müttəfiqlərin İrandan çəkilməsi zamanı yaxınlaşınca “Muxtariyyət” tələbi ilə ortaya çıxdılar.

Yuxarıda da göstərdiyimiz kimi, “muxtariyyət” tərəfdarlarının istifadə olunmasına (istismarına) uyğun siyasi və ictimai “xəstəliklər” mövcud idi.

Pəhləvi sülaləsi İranda hakimiyyəti ələ keçirdikdən sonra, o zamana qədər davam edən feodal quruluşa son qoymuş və məmləkətdə qüvvətli mərkəzləşmə yaratmışdı.  Lakin, bu mərkəzləşmə və islahatlar sosial- iqtisadi baxımdan problemləri həll etmədiyi kimi, idarəçilik baxımından da qüsurlu idi. Yəni  Azərbaycan, Türkmənistan, Qaşqay Türkləri və Fevzistan kimi əyalətlər sırf fars olmadıqları üçün yarı muxtariyyət idarə üsulundan məhrum buraxılmışdılar. Bu səbəbdən də həmin əyalətlərdə hökumətə qarşı narazıçılıq son zamanlara qədər davam etməkdə idi.  Bütün şərqdə olduğu kimi, kəndli-torpaq münasibəti İranda da orta əsr qanunlarından qurtula bilməmişdi.

Azərbaycan demokratları, bilinən şərtlər altında və Tehranın hökumət rəhbərinin Moskvaya səyahətinin nəticəsi olaraq,  “muxtar” bir Azərbaycan hökuməti quran kimi kəndli zümrəni ələ almaq üçün dövlətə aid bütün əkin torpaqları onların arasında böldü və mülkiyyətlərinə verdi (İkinci mərhələdə əllərindən alıb kollektivə qatmaq üçün).

Azərbaycan demokratları ikinci addım kimi ictimai və siyasi “xəstəliklər”in başında gələn milliyət məsələsi ilə məşğul olmağa başladılar.

Bu bir həqiqətdir ki, İslam ümmətinin fikir və qənaətlərinin sarsılması, xüsusilə l Dünya Müharibəsindən sonra Yaxın Şərqdə başlayan Avropasayağı milliyət dönəmi, Türkiyənin Osmanlılıq dönəmini yaşayan İrana hələ də təsir etməmişdi. Demokratiyanın ən bəsit qanunlarından biri olan millətlərin taleyi haqqı və milli haqların və xüsusiyyətlərin qorunması məsələsi qarşısında İranda, fars olmayan millətləri farslaşdırmaq yolu ilə “İran milləti” adı altında mələz cəmiyyət yaratmaq zehniyyəti hakim idi. Bu zehniyyəti daşıyan İran fars ünsürlərinə görə orada türk və ərəb deyə bir topluluq yoxdur. Qacarlar sülaləsinin yıxılması, Pəhləvilərin hakimiyyətə gəlməsi ilə güclənən bu cərəyan aşağıdakı fikir və layihələri irəli sürməyə başlamışdı.

“Etiraf etməliyik ki, minlərlə illik tarixə malik olan və Aryan qövmünün en seçkin qismini təşkil edən İran milləti, sarı dərili Turanlılardan və Sami ərəblərdən ayrı tutulsa da, yenə dil ixtilafına görə milli vəhdət təşkil etmirlər, beləki, Azərbaycanda türkcə, Fevzistanda ərəbcə danışılmaqdadır”.

Bundan sonra aşağıdakı təkliflər irəli sürüldülər:

  1. Fars dili, Fars ədəbiyyatı və İran tarixi bütün məmləkətdə, xüsusilə Azərbaycan, Kürdüstan, Fevzistan, Bəlucistan və Türkmənistanda geniş yayılsın.
  2. Azərbaycanın və Fevzistanın bəzi əhalisi (yəni türk və ərəb olanları) farsların məşkunlaşdığı mərkəzi İrana köçürülsün və yerlərinə Farsistandan farslar gətirilib məskunlaşdırılsın.
  3. İran yeni siyasi və iqtisadi əsaslara görə əyalətlərə və vilayətərə bölünərək, Azərbaycan, Xorasan, Ərəbistan (*) sözləri ortadan qaldırılsın.
  4. Quldur və soyğunçu (!) Ərəb və Türklərin dilində olan coğrafi adlar farslaşdırılsın.
  5. Farscadan başqa dildə danışılmaması üçün rəsmi tədbirlər görülsün (**).

İstifadə etdiyimiz eynilə “Ayəndə” məcmuəsinin 11-12-ci saylarında üzərində açıq aşkar durulan, Ərəb və Türklərdən ibarət “daimi tarixi qonşuları”, İngiltərə və Rusiyadan ibarət “keçici qonşular” dan qorxunc düşmən yaradan fikirləri təlqin edən yazılar, İranın qəzet və məcmuələridə, tarix, coğrafiya və ədəbiyyat kitablarında davamlı təkrar edilmişdi.

Qızıl Demokratlar bunlardan bol-bol istifadə etdilər.  Azərbaycan Türkünün ana dilindən məhrum edildiyini, məhvə məhkum edildiyini, milli mövcudluğunu qorumaq üçün milli dövlət qurmaq zərurətində qaldığını, “Muxtar” Azərbaycan Hökumətinin yaşadığı müddət ərzində, radio və mətbuat vasitəsilə yuxarıda bəhsedilənlərdən daha sərt şəkildə yayınladılar. Onlar sözlə kifayətlənməyib, Azərbaycan türkcəsini ilk dəfə olaraq məktəblərdə, mətbuatda, dövlət dairələrində, məhkəmələrdə və orduda istifadə etməyə başladılar. O vaxta qədər yazı dili farsca, danışıq dii türkcə, ibadət dili ərəbcə olan Azərbaycanlı tarixdə ilk dəfə olaraq milli mədəniyyətinə qovuşdurulurdu.

Bu gün Azərbaycan demokratları Sovet İttifaqına sığınmış və Tehran ordusu isə Təbrizə girmişdir. Təbriz küçələrinin muxtariyyətçilərin cəsədləri ilə dolu olduğu, Təbriz meydanlarında türkcə yayınlanmış məktəb kitablarının yandırıldığı kimi şaiyələri, təbiğat nəticəsi sayaraq bir kənara buraxaq. Lakin, ortada olan iki həqiqət vardır: bunlardan biri Təbrizdə hərbi məhkəmələrin edam hökmləri çıxarmaqla məşğul olduqları, digəri isə, Təbriz radiosunun (hansı ki, muxtariyyətçilər tərəfindən qurulmuşdur) artıq türkcə danışmamasıdır.

Bunların ardınca daha nə kimi xəbərlər? Türk dili məktəblərdən, məhkəmələrdən və dövlət dairələrindən də qaldırılacaqmıdır? Sayı 2000-ə yaxın oduğu deyilən və türkcə tədris edən müəllimlər də hərbi məhkəmə qarşısına çıxarılacaqmı? Tədrisin farslaşdırıldığı, mətbəə və qəzetlərin bağlandığı düzdürmü? Türkcə milliyyətçi nəşrinə icazə veriləcəkmi? Bütün sosial-iqtisadi islahatlara bir bolşevik damğası vuraraq, bolşevik kollektiv gözətçilərindən heç də fərqlənməyən əli qamçılı azğın dərəbəylərin hakimiyyəti yenidən qurulacaqmıdır? Türk düşmanı panarianistlərin ambisiyalarına meydan verərək Azərbaycanı azərbaycanlılardan boşaltmaq üçün cənuba doğru toplu halda sürgünlər ediləcəkmidir? Yəni, ərəb fəthlərindən sonra tarixə qovuşan İranı bir dövlət halına gətirib, əsrlərlə idarə etmiş Azərbaycan Türkü qızıl fəlakətdən qurtulub bu dəfə hökümət əli ilə bir başqa formada fəlakətə sürüklənəcəkmidir?

Bunların tam əksini eşidib, öyrənmək qədər sevindirici başqa bir xəbər təsəvvür edilə bilməz.

Mirzə BALA

(1) M. Nizaməddin Təbrizli, “Bugünkü Azerbaycan davası”, İstanbul 1946, səhf. 77.

(*) Ərəbistan Fevzistanının adı farslar tərəfindən verilmiş etnik adıdır. Beləki, Azərbaycana da bəzən Türkistan deyilir. — M. B.

(**) Mecellesi siyasi  ve edebi musavver “Ayende”, sayı 8-9 (19-20), Tahran 1928.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.