Niyə bəzi millətlər uğursuz olurlar?

Google+ Pinterest LinkedIn Tumblr +

Niyə bəzi millətlər varlı, başqaları isə yoxsul olurlar? Bu fərqlilik hardan qaynaqlanır? Kültür fərqliliyindən? Yoxsa yerləşdikləri coğrafiyadan? Bəlkə də buna səbəb düzgün siyasətin nə olduğunu bilməməkdir? Əslində, iqtisadçılar, sosioloqlar, və siyasətçilər, millətlərin sosial rifahlarına  görə fərqlənmə səbəblərini əsrlərdir araşdırırlar. Bu sual günümüzədək hələ də bir tapmaca kimi izahsız qalıb.

Bu haqda tanınmış iqtisadçı professor Acemoğlu və onun əməkdaşı professor Robinson 15 illik araşdırmalarının nəticələrini “Millətlər niyə tənəzzül edir?” adlı kitabda qələmə alıblar. Onlar, bu kitabda millətlərin varlı və ya yoxsul olmaqlarının əsas səbəblərini açıqlamaq üçün cəhd ediblər. Onların araşdırmalarına görə, millətlərin iqtisadi baxımdan uğurlu və ya uğursuz olmaqlarının təməli, məhz onların siyasi və iqtisadi qurumlarından asılıdır. Nümunə üçün cənubi və şimali  Koreya ölkələrini düşünün. Hər iki ölkənin xalqları kültür, dəb, adət və ənənə baxımından dünyanın ən seçilən millətlərindən sayılsalar da, Şimali Koreyanın əhalisi yer üzündə ən yoxsul əhali sırasında, Cənubi Koreyadakı qardaş bacıları isə ən zəngin cəmiyyətlər arasında yer alırlar. Belə olduğu halda, iki Koreya ölkəsinin arasında olan fərqliliyi nə ilə açıqlamaq olar?  Acemoğlu və Robinson bu fərqliliyin səbəblərini yalnız bir məsələ ilə əsaslandırırlar: Cənubi Koreyada hakim olan inklüziv siyasi və iqtisadi qurumlar! Cənubi Koreyanın siyasi və iqtisadi qurumları nə qədər inklüzivdirlərsə, Şimali Koreyadaki qurumlar bir o qədər eksklüzivdirlər. Cənubi Koreya, yaradıcılığı alqışlayan, texnologiya yeniliyini mükafatlandıran və bütün vətəndaşlar üçün iqtisadi fəaliyyətə şərait yaradan inklüziv bir sistemə malikdir və buna əsasən  keçmiş üç onillik ərzində Cənubi Koreyanın iqtisadiyyatı davamlı olaraq artmışdır.  Bunun tam əksinə, Şimali Koreya xalqı keçmiş onilliklər ərzində sonsuz aclığa, siyasi basqılara məruz qalıb, çox fərqli iqtisadi qurumlara görə  dünya üzrə ən yoxsul xalqlardan birinə çevriliblər.

Bu kitabda, Acemoğlu və Robinson, Roma İmperiyasından, orta əsrlər Venesiyasından, Sovet İttifaqından, Latın Amerikasından, İngiltərədən, Avropadan, ABŞ-dan və Afrikadan fövqəladə tarixi nümunələr göstərərərk, dövlət qurmaq üçün yeni bir siyasi-iqtisad nəzəriyyəni ortaya qoyub günümüzün ən böyük suallarını cavablamağa çalışıblar. Bu sualları cavablamaqda bu kitabın böyük əhəmiyyəti var. Çinin siyasi sisteminin avtoritar olmasına baxmayaraq, iqtisadiyyatının artmasının əsas səbəbləri nədir? Bu artış əbədi davam edib qərb iqtisadiyyatlarını alt-üst etməyi bacaracaqmı? Amerikanın ən yaxşı günləri arxada qaldı? Cəmmiyyətlərin aydın düşüncəliləri, avtoritar hakimiyyətləri gücsüzləşdirən sistemlərin yerinə inhisarı gücləndirib kiçik bir azlığı zənginləşdirən rəzil bir qurumları dəstəkləməyə keçiblər? Milyardlarla insanı yoxsulluğun dibindən varlılığa çatdıra bilən ən təsirli yollar hansılardır? Qərbin zəngin xalqlarından daha çox yardım almaq, yoxsulluğu aradan qaldırmaq üçün nə qədər səmərəlidir? Yoxsa  inklüziv siyasi və iqtisadi qurumlar yaratmaq lazımdır? Bu sualların cavabını bilmək istəyən şəxslər, bu kitabı oxumağı qaçırmamalıdırlar. Bu kitabı oxuduqdan sonra keçmiş onilliklərdə qərb ölkələrinin Əfqanıstanda həyata keçirdikləri siyasətlərin nə qədər yalnış olduğunu görəcəksiniz. Mənim fikrimcə bu kitabın ən maraqlı nöqtələrindən biri onun yazıçılarının həm Amerika, həm də Çin haqqında ortaya qoyduqları xəbərdarlıqlardır.

Bu kitabın müəlliflərinə görə millətləri varlılıq baxımından fərqləndirən ən əsas amil, onların siyasi və iqtisadi qurumlarının inklüziv və ya eksklüziv olmasıdır. İnklüziv siyasi və iqtisadi qurumların bərpası iqtisadiyyatın yüksəlişinə və millətlərin zənginləşməsinə səbəb olur. Onun əksi olan, eksklüziv siyasi və iqtisadi dövlət qurumlarına sahib olan cəmiyyətlərdə ölkənin bütün resursları və bütün siyasi güc yalnız cəmiyyətin kiçik bir hissəsinin ixtiyarında olur. Belə siyasi sistemlər, xalqın böyük hissəsindən uzaq, əllərində olan eksklüziv siyasi gücü qorumaq üçün bir tərəfdən  təbii resursların ixracına əsaslanan iqtisadi sistemlər qururlar. Digər tərəfdən, eksklüziv sistemin içində olmayan cəmiyyətin digər hissəsinin iqtisadi resurslarını əllərindən çıxarıb onların rifahlarını oğurlamağa cəhd edirlər. Belə bir sistemin nəticəsində, cəmiyyətin böyük hissəsi yaradıcılıq və texnologiya yeniliklərinə olan maraqlarını itirirlər və  buna görə də bu millətlər uğursuz olurlar. Bunun əksinə, inklüziv iqtisadi sistem cəmiyyətinin mülkiyyət hüquqlarını təmin edib qoruyur. Onları yeni texnologiya və bacarıqlara yatırım yatırmaq üçün təşviq edir, və bütün iqtisadi tərəflər üçün bərabər rəqabət imkanı yaradıb iqtisadiyyatın artmasını təmin edir. İnklüziv iqtisadi qurumlar  çoxulcu (pluralist) siyasi qurumların bərpasını dəstəkləyirlər və qarşılıqlı olaraq çoxulcu siyasi qurumlar da inklüziv iqtisadi bir sistem qurmaq üçün cəhd edirlər. Belə bir iki-tərəfli sistemlərdə  güclər və imkanlar yalnız bir kiçik qrupa aid deyil bütün cəmiyyət arasında bölüşdürülür.

Acemoğlu və Robinsona görə, ölkələr, bütün vətəndaşlarının potensiallarından faydalanıb onları yenilik və yatırım yatırmağa imkan verən inklüziv bir iqtisadi qurumlar yaratmaqla inkişaf edirlər. Bunu açıq-aydın görmək üçün Sovet İttifaqından sonra Şərqi Avropa və orta Asiya ölkələrinin iqtisadiyyatlarını tədqiq etmək lazımdır. Misal üçün Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstan, Özbəkistan kimi ölkələrin iqtisadiyyatlarını, ərəb ölkələri ilə müqayisə edəndə inlklüziv və eksklüziv iqtisadi və siyasi qurumların təsirlərini daha aydın görə bilirik.  Tarixi nümunələrdən faydalanaraq onlar yazırlar: Düzgün siyasi qurumlar olmadığı təqdirdə düzgün iqtisadiyyat da qurula bilməz. Elə məhz buna görə də Çin iqtisadiyyatının artmasını əbədi yox tam keçici olaraq dəyərləndirirlər. Müəlliflərin fikrincə Çinin kommunist partiyası bu günə qədər siyasi gücləri inhisar edib Çin cəmiyyətinin bütün potensialını, iqtisadiyyatının artmasına imkan verən qədər səfərbər etməyi bacarmışdısa artıq bu artım tam keçicidir. Çünki Çinin eksklüziv siyasi və iqtisadi qurumları yeniliyə qarşı bir sistemdir və texnologiya yenilikləri, siyasi qurumlar tərəfindən gücləndirilmir.

Acemoğluya görə dayanıqlı iqtisadi artım, yeniliklər tələb edir. Yenilik isə köhnə texnologiyanın məhv edilməsi ilə ortaya çıxır. Beləliklə, iqtisadi sahədə yeniliklər, siyasi qurumlarda yerinə oturmuş  güc münasibətlərini poza biləcək səbəblərdən biridir. Başqa sözlə desək, Çinin avtoritar siyası qurumu yaşadıqca iqtisadi yeniliklər gerçəkləşə bilməz! Çinin iqtisadiyyatı yaradıcı yeniliyə əsaslanan iqtisadiyyata keçid etmədikcə onun inkişafı davamlı olmayacaq.

Acemoğlu və Robinson həmçinin Orta Şərq və ya Afrika ölkələrində qərbin zəngin dövlətləri tərəfindən hayata keçirilən siyasətləri tənqid edib belə yazırlar: Misirin eksklüziv dövlətinə daha 1.3 milyard dollar hərbi yardım vermək yalnış addımdır. Misirdə demokratik bir sistem görmək istəyiriksə, Misir dövlətindən bütün sektorları təmsil edən komitənin qurulmasını istəməliyik. Bu komitə hansı qurumların (məktəblər, xəstəxanalar, və ya universitetlər)  xarici yardıma ehtiyaclı olduqlarını qərb dövlətlərinə bildirməlidir. Beləliklə, xarici yardımların harda və necə xərclənməsi aydın olar və Misirə verilən bu iqtisadi yardımlar yalnız Misirin avtoritar hakimiyyətini deyil xalqın digər qruplarını da rifaha çatdırmaqda köməkçi olar. Acemoğlu yazır: Misir və ya başqa ölkələrə pul yardımı edəcəyiksə, onların dövlətlərini geniş bir masa açamaq üçün məcbur etməliyik. Bu masa inklüziv olub demokrtiyanın köklərini gücləndirməlidir. Orta Şərq və Afrika ölkələrində xalqlar inklüziv iqtisadi və siyasi sistem qurmaq istəyirlərsə və  bu ölkələrdə demokratiyanın kökləri təzə təzə göyərirsə biz onun köklərini gücləndirməliyik. Halbuki, keçmiş 10 illiklər ərzində, Əfqanistan və ya ərəb ölkələrində, rahatlıq sevən qərb ölkələri düzgün olmayan siyasətləri ilə demokratiyanın kökləri ilə deyil, ona alternativ olan avtoritar güclərlə  müttəfiq olublar.

İnklüziv sistem gərəkli olsa da, yetərli deyil

Acemoğlu həm də əlavə edir ki , inklüziv siyasi və iqtisadi qurumların bərpası, təkbaşına, həqiqi demokratiyanı gerçəkləşdirmək üçün yetərli deyil. İqtisadi bərabərsizlik inklüziv iqtisadiyatı səmərəli fəaliyyətdən yayındıra bilər. O qeyd edir ki, toplumda iqtisadi bərabərsizlik dərin olduğu zaman, iqtisadi bərabərsizlik siyasi bərabərsizliyə çevrilə bilər.  Misal üçün, ABŞ-da prezident seçkilərində, bir şəxs təkbaşına bir namizədin bütün təbliğat xərclərini qarşılaya bildiyi təqdirdə, prezidentliyə seçilmiş bu namizəd yəqin ki, onun fikirlərinə qarşı olan rəqib səsləri eşitməyəcək. Başqa sözlə desək, iqtisadi bərbərsizlik hətta inklüziv qurumları avtoritar bir sistemə çevirə biləcək qədər təhlükəlidir.

Paylaş.

Müəllif haqqında

Behzad Jeddi

Behzad Jeddi (1984) Təbriz Universitetində Tətbiqi Riyaziyyat bölümünü bitirdikdən sonra Roma Tor Vergata Universitetində İqtisad üzrə magistr dərəcəsini əldə etmişdir. 2016-cı ildə ABŞ-a köçüb, East Carolina Universitetindən Kəmiyyət iqtisadiyyatı və ekonometrika bölümündə ikinci magistr dərəcisini alıb. Iowa Dövlət Universitetində İqtisadiyyat fakültəsində PhD təhsilinə başlamışdır. Çevrə və davranış iqtisadiyyatı, siyasi iqtisad, qlobal istiləşmə və ekonometrika sahələri araşdırma maraqlarından sayılır.

Şərhlər bağlıdır.