Orhan Pamukun Türkiyəsində Atalar, oğullar və qərb

Google+ Pinterest LinkedIn Tumblr +

2017-ci il oktyabrın 30-da The Newyorker saytında dərc olunan bu məqalə Ətəkyazı tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Orhan Pamuk bu ay yenidən nəşr olunan “İstanbul: Xatirələr və şəhər” adlı xatirə kitabında etiraf edir: “Bir gözü həmişə Qərbdə olan bütün digər İstanbul yazıçıları kimi, mən də bəzən çaşqınlıq içində yaşayıram”. Pamuk izah edir ki, çaşqınlığın kökü on doqquzuncu iyirminci illərdə, Osmanlı İmperiyasının dağıldığı, Türkiyə Respublikasının doğulduğu və Prezident Mustafa Kamal Atatürkün ölkəni fərmanla modernləşdirdiyi onilliyə dayanır. Atatürkün islahatları nəticəsində dövlət dünyəviləşdi; əlifba latınlaşdırıldı; təqvim Qriqorian təqviminə döndü; fəs taxmaq qadağan oldu.

Pamukun fikrincə, bu dövrün türk elitası Osmanlı keçmişini qoyub Qərbə meylli gələcəyə qədəm qoyma yarışında gələcək nəsilləri buraxmayacaq bir səhvə yol verdilər: “Onlar şərqlə qərbin orqanik birləşməsi olacaq bir İstanbul mədəniyyəti yaratmağa çalışmadılar.” 2005-ci ildə Paris Revyuya verdiyi müsahibəsində dediyi kimi, “Onlar şərq və qərbə aid əşyaları bir yerə topladılar.”

Lay, Rüstəm yoxsa Atatürk

Pamuk uzun müddətdir ki öz bədii əsərlərində, Türkiyənin modernləşməsi və qərbləşməsi ilə bağlı narahatlıqlarını dilə gətirir. Onun (Ekin Oklap tərəfindən tərcümə olunan) “Qırmızı saçlı qadın” adlı yeni romanı Pamukun şərq və qərbin baş mifləri hesab etdiyi əfsanələri bir araya gətirir: Firdovsinin fars eposu “Şahnamə” və Sofoklun “Kral Edip” faciəsi. Bu ikisi bir-birinin tərsidir. “Edip”-də oğul atasını öldürür; “Şahnamə” hekayələrinin birində isə ata oğlunu öldürür. Amma Pamuk “Qırmızı saçlı qadın”-da adı açıqlanmasa da kitabın üstündə durduğu başqa bir ata ilə məşğul görünür: Atatürk, hərfi mənada “türklərin atası”. Bu roman, Atatürkün islahatlarından təxminən bir əsr sonra bu islahatları qiymətləndirir və Türkiyənin dünyəvi ideallarından uzaqlaşdığı bir vaxtda, kitab bir ölkənin siyasi atası ilə getdikcə daha da qarışıq vəziyyətə gələn münasibətlərini təsvir edir.

Pamuk bu hekayəni söyləmək üçün Türkiyədə 1980-ci il hərbi çevrilişindən sonra tək bir həyat yolunu izləyir. “Qırmızı saçlı qadın” romanı başlayanda İstanbulda yaşayan yeniyetmə Cem Çelikin taleyindən bəhs edir. Öz atası çevrilişdən sonra siyasi baxışına görə həbs olundu, lakin bu müddət ərzində Cemin baxışları sırf daxilidir(sosial deyil). O, romanın ilk sətirində “Mən yazıçı olmaq istəyirdim” deyir. Cem kitab mağazasında işləyir və anası ilə birlikdə yaşayır – atası həbsdən çıxandan sonra da ortalıqda yoxdur – və Freydin yazılarından əmələ gələn bir antologiyada “Kral Edip”-in xülasəsinə rastlaşır. “Edip” tezliklə onun həyatını dəyişir və bir dram əsərinə bənzəyir.

Məktəb üçün pul tapmağa ehtiyac duyduğundan, ölkənin periferiyasında daha yaxşı maaşlı, lakin yorucu bir iş tapır və burada gün ərzində quyu qazan işçiyə kömək edir. Gecələr Öngören qəsəbəsində gəzir və romanın adındakı qırmızı saçlı qadını orada görür. O, səyyar teatr truppasının üzvüdür və Cem ustasının istəyinə zidd olaraq onların əxlaq oyunlarına qatılır.

Quyuda baş verən qəzadan sonra Cem ehtiyatsızlığının quyu qazan şəxsin ölümünə səbəb olduğuna inanır və bu hadisədə məsuliyyət daşıyacağından qorxur. Hadisə yerindən qaçmaq və ya orda qalmaq barəsində qərarsızlıqdan əsəbiləşərək “Edip”dən aşağıdakı hikməti götürür: “Bir hekayəni və bir peyğəmbərliyi təkzib etməyə cəhd edən Edip öz atasını öldürdü. . . Beləliklə, başa düşdüm ki əgər hamı kimi “normal, adi” bir həyat yaşamaq istəyirəmsə, Edipin etdiklərinin əksini etməli və pis heç nə olmamış kimi davranmalıyam”.

Roman bu şəkildə davam edir – hər bir ardıcıl süjet inkişafında iki mədəniyyət mifinə sədaqətlə, üstü örtülü də olsa salam verir. Orta yaşda Cem yazıçı olmamış, lakin “Şahnamə”də həlak olmuş Söhrabın adını daşıyan tikinti şirkəti qurmuşdur. O, kollec sevgilisi ilə evlənib və varlı olub. Amma təqsir hissi onun ruhunu yeyib bitirməyə davam edir. O, həyatını tərcümə etməli bir sıra nişanələr kimi görməyə başlayır və hər bir nişanə onu həqiqətlə hesablaşmağa məcbur edir; tərk edən ata (gerçək atası), (yüksək ehtimalla) öldürmüş olduğu ata fiquru (ustası) və hələ də ola biləcəyi ata (öz övladının atası).

Böyük bir mədəniyyətin yanmış torpaqları üzərində

Bir axşam Tehranda bir məclisdə iştirak edir, sanki iş üçün gedib. Həmin məclisdə divarda “Şahnamə”dən bir səhnəni əks etdirən miniatür görür. Miniatür Rüstəmin yenicə öldürdüyü oğlu Söhrabı qucağına aldığın səhnəni göstərir. Bir az sərxoş olan Cem, müasirləşmə axtarışında Türkiyə Şərqə baxsaydı bu gün(vəziyyəti) necə ola bilərdi deyə düşünməyə başlayır. “Türkiyədə biz qərbə üz tutan kimi İranla bağlı hər şeyi unutmuşduq” deyə gileylənir. “İranlılar (yazıçı farsları qəsd edir) biz türklər kimi qərbləşib köhnə şairlərimizi və əfsanələrimizi unudan deyillər. Onlar heç vaxt unutmazlar, xüsusən də şairlərini.”

Pamuk bu sətirləri ilə sanki Avropa müasirliyinə qovuşmaq üçün Türkiyədə Osmanlı qalıqlarını bir kənara atmış kosmopolit türklərin nəsillərini təhqir edir. Pamuk xatiratında bu proses üçün mükəmməl metafora tapır: Osmanlı dövrünə aid taxtadan tikilmiş malikanələrin və ya yalıların Boğaziçi boyunca kortəbii olaraq alovlanmaları. Bu yanan imarətlər Pamuk nəsli üçün “İstanbulu bir qərb şəhərinin solğun, kasıb, ikinci dərəcəli bir imitasiyaya çevirmək həvəsimiz istiqamətində, miras almağa layiqsiz və ya hazır olmadığımız böyük bir mədəniyyətin və böyük bir sivilizasiyanın son izlərinin qəfil məhv edilməsini” simvolizə edirdi.

Miflər təkrar yaşanır

Cemin həyatı boyu İstanbul əhalisi çoxalır və onun ata qatilliyi və övlad qatilliyi hekayələrinə olan marağı hardasa bir mübtəlalığa çevrilir. Evliliyindən övladı olmadığı üçün Sofokl və Firdovsinin əsərlərinin izini Qustav Moronun rəsmlərində, Pier Paolo Pasolininin filmində və “Şahnamə”nin əlyazmalarında axtarmaq üçün vaxtı var. O öz-özünə deyir: “Əgər mən bu ucsuz-bucaqsız hekayələr dənizini araşdırmağa davam etsəm, nəhayət öz həyatımın tapmacasını həll edib dinc sahillərə çıxa bilərəm”. Pamukun bir çox obrazı kimi Cem də sənəti həyatdan ayıra bilmir.

Sofokl və Firdovsinin faciəvi qəhrəmanlarının başına gələn taleləri canlandıran “Qırmızı saçlı qadın”-da iki ifrat əhval-ruhiyyə hökm sürür: sükunət və bomba. Roman son fəsillərində daha sabit bir templə davam edir. Serhat adlı yeni personaj meydana çıxır. O, dindar bir müsləmandır və vaxtını anadan olduğu eləcə də Cemin tikinti şirkətinin fəaliyyət göstərdiyi Öngörəndə dini şeirlər yazaraq keçirir. Serhat, şirkətin şəhərdə etdiyi təqdimatdan sonra Cemlə tanış olur və ondan xoşu gəlmir; Cem, İstanbuldan gələn qərbçi və ölkənin siyasi dinamikasını yaxşı anlamayan biri kimi görünür. Serhat, ömrünü bütün sivilizasiyaları köhnə hekayələrə tətbiq edərək keçirən Cemə: “Mən sağ-sol, dindar və ya müasir kimi yalançı dixotomiyalara (ikiliklərə) qapılmayacağam” deyir.

Ərdoğan Kimdir ki, Atatürkün oğlundan başqa

Serhat Pamukun yazılarında nadir görünən bir xarakter tipidir: gənc mühafizəkar. O, Türkiyənin çağdaş sağa dönmək meylinin simvoludur. Eyni zamanda o bu ilin əvvəlində seçici saxtakarlığı iddiaları ilə müşayiət olunan referendumda inanılmaz prezident səlahiyyətlərini ələ keçirmiş prezident Rəcəb Tayyib Ərdoğanın siyasətini dəstəkləyəcək bir millətçidir.

On doqquzuncu iyirminci illərdə Atatürk tərəfindən bir kənara qoyulan, lakin Ərdoğanın dəstəklədiyi dini, neo-Osmanlı baxışı yüksəlir. Bu baxış təkcə Serhat kimi radikallar tərəfindən deyil, həm də Türkiyə kəndlərinin dindar sakinləri tərəfindən də dəstəklənir. Serhat ortaya çıxanda romanın canverici ideyası nəhayət aydın olur. “Qırmızı saçlı qadın” Türkiyənin siyasi vəziyyətini mif dili ilə ört-basdır edərək, qədim Edip və Lay, Söhrab və Rüstəm cütlüyünün indiki vaxtda dostluq edə biləcəyini göstərir. Axı Ərdoğan kimdir ki, Atatürkün oğlundan başqa?

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.