Orientalizm və Güney Azərbaycan

Google+ Pinterest LinkedIn Tumblr +

Orientalizm, Azərbaycan türkcəsi ilə şərqşünaslıq/şərqçilik olaraq bilinən sosial hadisə, ilk olaraq Eduard Səid (1935-2003) tərəfindən ortaya atılmış bir termindir. Fələstinli yazıçı Harvard və Prinston kimi bilik yurdlarında oxuyub və sosial elmlərə böyük töhfələr verib. İnsan hüquqları müdafiəçisi olan Səid 1978-ci ildə nəşr edilmiş “Orientalizm” adlı kitabı ilə dünya şöhrəti qazanıb.

Bəs “orientalizm” nə deməkdir? Orientalizm olduqca sadə sözlərlə, təhlükəli təmsil prosesidir. Bu proses dünyaya avropalı olmayan insanların mədəni, elmi və iqtisadi cəhətdən əskik olduğu mesajını göndərir. Burada şərq ölkələri təkcə aşağı hesab edilmir eləcə də, təhlükəli və aciz göstərilir. Eduard Səid məşhur mütəfəkkir Mişel Fukonun işlərindən təsirlənərək daima qərb və şərqin güc dinamikasını təhlil edirdi. O bu prosesi bir qərb layihəsi olaraq görürdü və bu gün gördüyümüz kimi, orientalizm uzun, lakin təsirli bir beyin yuma formasıdır.

Mediya (xəbərlər, filmlər, musiqi v.s.) şərqşünaslığın ən yaxşı dostlarından biridir. Qərb mediyası dünyaya hakim olduğu üçün, bizim normal qəbul etdiyimiz şeylər da qismən onlara əsaslanır.

Bunun ən son nümunələrindən biri, Rusiyanın Ukraynanı işğal etməyini mediyada işıqlandırılmasıdır. Xəbərlərdə “bura Orta Şərq deyil” və ya “bunlar ərəb deyil, savadlı avropalılardır” kimi bir çox irqçi şərhlərə rast gəldik. Niyə dünyanın müəyyən yerlərində baş verən müharibələri normal qəbul edirik ancaq 11 sentyabr hadisələrini heç vaxt unutmuruq? Niyə baxdığımız bütün filmlərdə terrorçu ya da əlində silah olan adam həmişə ərəb, müsəlman və ya afrikalı olur? Biz ki, ən çox silah alverinin Çin, Rusiya, ABŞ və İsrail kimi ölkələr tərəfindən edildiyini bilirik. Niyə müsəlmanlar qərb ölkələrində öz dini azadlıqlarını həyata keçirmək üçün təhlükəsiz şəraitdə məscidlərə gedə bilmirlər, amma qərbli missionerlər xristianlığı bütün dünyanı gəzərək yaymaq imtiyazına malikdirlər? Niyə dünyadakı narkotik ticarətinin çoxunun Afrikadan gəlmədiyini bilsək də həmişə filmlərdə və təsəvvürümüzdə narkotik alverçisi qaradərili bir adam olur? Niyə mediya Rusiyanın Ukraynanı işğal etməsini pis göstərir, amma ABŞ-ın Əfqanıstanı, İraqı və ya Somalini işğal etməsini yaxşı və hətta zəruri olduğunu göstərir? Və bəlkə də ən vacib sual, niyə xilaskar, qəhrəman, hamını azad edən insan həmişə ağdərili, sarışın, avropa görünüşlü bir adamdır? Bütün bu sualların cavabları sizə təkcə əsl güc dinamikasını göstərməklə qalmayacaq, bu güc dinamikasının necə qorunub saxlanmasının yollarını da işıqlandıracaq.

Orientalizm tarix boyu bir çox mənada istifadə edilmişdir. ən məşhur nümunələrindən biri ingilislərin Hindistanı işğal etməsidir. Burada şərqşünaslıq mədəniyyətsizlərin müstəmləkələşdirilməsinə nəzəri cəhətdən haqq qazandırmaq üçün istifadə olunurdu. Britaniya imperiyası bu icmalara kömək etdiyini əsas göstərsə də, əslində onlar təbii sərvətləri oğurlayır və Hindistanın bu gün də çıxa bilmədiyi bir çuxur yaradırdılar. İngilislərin Hindistandan 45 trilyon dollar oğurladığı təxmin edilir. Bu işğal Hindistanın bu gün üçüncü dünya ölkəsi, ingilislərin isə birinci olmasının səbəblərindəndir.

Orientalizm bir çox hallarda feminizmdən faydalanıb. Məsələn, erkən qərb (Avropa, Şimali Amerika və Avstraliya) feministləri qanuni hüquqlar əldə etmək üçün orientalizmdən faydalanırdılar. Özlərini qərbdəki qadınlarla müqayisə edib iddia edirdilər ki əgər xalq və hökumət olaraq şərqdəki ölkələrdən daha mədənidirlərsə, deməli “üstün” qərb millətlərindəki qadınların vəziyyəti, şərqdəki “vəhşi” millətlərdən daha yaxşı və daha yüksək olmalıdır. Bu strategiya ağdərili və pullu qadınların emansipasiya edilməsinə və qanuni bir şəxs olaraq görülməsinin səbəblərindən biridir.

Orientalizmi başa düşdüyümüz və onun əsas dildə necə işlədiyinin nümunələrini gördükdən sonra, vaxtı gəldi şərqşünaslıq və Güney Azərbaycan haqqında danışaq. Sizcə yuxarıdakı nümunələr İran və Güney Azərbaycanın güc dinamikasına oxşamır?

Əlbəttə oxşayır! Rza şah hakimiyyətinin əsaslandığı ideologiyalardan biri modernləşmənin manipulyasiyası idi. Bu yol ilə torpağın və xalqın farslaşdırılma layihəsinə başlamışdı. Rza şah iqtidarı eynilə avropalılar Amerikanın şimalında və cənubunda, eləcə də Avstraliyada yerli aborigen millətləri assimilyasiya etdikləri kimi, ölkədə yaşayan fərqli etnik kimliyə sahib millətləri farslaşdırmağa başladı. Bu məqsədə çatmaq üçün o, fars dilini yeganə rəsmi dil elan etdi və İrandakı  bütün digər dilləri qadağan edib onların istifadəsini də kriminal hesab etdi. Əksər icmalar öz mədəniyyətlərini və dillərini məhv edən sistematik ayrıseçkilik prosesi ilə üzləşsələr də, köçəri tayfalar daha pis aqibətlə üzləşmişdilər. Bu qeyri-qanuni edam idi.

Yuxarıda qeyd olunan hesablara əlavə olaraq, bir çox yerlər öz orijinal türk adlarından qoparılıb farsca adlandırıldı və bu strategiya İslam İnqilabından sonra bu günə qədər də davam edir. Azərbaycan xalqını parçalamaq üçün vilayətlər yenidən quruldu. Ədəbiyyat yalnız fars dilində nəşr oluna bilərdi, hətta fars dilindən başqa ana dilində musiqi və şeir də yaradıla bilməzdi.

İslam inqilabından sonra vəziyyət dəyişmədi, sadəcə düşmənin siması dəyişdi. Orientalizm yeni hökumət tərəfindən fars irqinin üstünlüyünü göstərmək üçün istifadə edilməyə başladı. Sözsüz ki, dil İranda istifadə edilən ən böyük və ən təsirli silahdır. Bu təkcə ayrıseçkilik və irqçilik deyil, həm də assimilyasiya məqsədinə çatmağa xidmət edir. Farslaşmış təhsil sistemində “başqa” qrupların dili, mədəniyyəti, tarixi və normaları bütün tarixi izlərdən və istinadlardan təmizlənir. Dil, məktəb və media vasitəsilə digər etnik mənsubiyyətləri aşağı göstərməklə, insanlar yalnız standart fars dilində danışmağa və fars kültüründə tətbiq etməyə məcbur edilir.

İranda zarafatlar belə başqa etniklərin üstünə ayaq basmaq üzərində qurulub. Niyə həmişə bir ərəb, türk və ya lor zarafata əsas olur? Fars mediasında türklər niyə həmişə savadsız, qəzəbli və axmaq kimi göstərilir? Niyə heç vaxt bu mediyada bacarıqlı etnik qruplar yoxdur? Niyə hökumət Mana Neyestaninin türkləri insanlıqdan kənar göstərən karikaturasının nəşrinə icazə verir? Niyə bizim uşaqlara tualet fırçası ilə dişlərini fırçalayan türklərin cizgi filmi göstərilir? “Tork-e khar” (eşşək türk) ifadəsini istifadə etmək niyə normallaşdırılıb? Hadi Hicazifər qürurla “türkəm” deyəndə niyə hamı ona gülür? Necə ki, avropalıların yuxarı olduğunu öyrədən sistem qurlub, İran hökuməti də fars etnik mənsubiyyətinin üstün olduğunu öyrədən budaqlar yaradıb.

Ümid edirəm ki, bu məqalədən götürdüyünüz bir şey varsa, o da sual soruşmağın əhəmiyyəti olar. Aşkar olandan daha çox olmayan şeylər ilə maraqlanmaq və hər şeyin niyə belə olduğunu düşündürən suallar soruşmaq arzusu ilə.

Paylaş.

Müəllif haqqında

Türkan Bozkurt

Şərhlər bağlıdır.