Sosial Hərəkatların Əsas Özəllikləri

Google+ Pinterest LinkedIn Tumblr +

 İlkin nəzəriyyəçilər 18-ci əsrdə ictimai hərəkatın meydana çıxması ilə hərəkatlarda ən çox qorxduqları üç yönə diqqət yetirdilər: ifratçılıq(Aşırılıq), məhrumiyyət və zorakılıq. Həm Fransız İnqilabı, həm də 19-cu əsrin əvvəllərində sənayeləşmə bu mənfi reaksiyaya güc verdi. Sosioloq Emil Durkhaymın öncüllük etdiyi 19-cu əsr tədqiqatçıları sosial hərəkatları anomiya və sosial nizamsızlığın nəticəsi kimi görürdülər – “dəli izdiham” o dövr haqqında ən yaxşı ifadə və ən yaxşı təsvirdir.

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Sosial Demokrat və İşçi partiyalarında hərəkat fəallığının normallaşması müşahidə edilsə də, müharibələrarası dövrdəki hərəkatlar – italyan faşizmi, alman nasizmi və sovet stalinizmi formasında – əvvəllər Fransa və Sənaye İnqilabları tərəfindən dəstəklənən zorakılıq və ifratçılıq xüsusiyyətlərinə uyğun gəlirdi. 1989-1992-ci illərdə kommunizmin çökməsindən sonra etnik və millətçi gərginliyin kəskin artması və 21-ci əsrin birinci onilliyindəki terror vəhşiliyi ardından ictimai hərəkatlara mənfi baxış daha da gücləndi. Biz bu baxışın 1990-cı illərin Balkan münaqişələrinə dair “əcdad nifrəti” baxışlarında yenidən ortaya çıxdığını gördük, bunların əksəriyyəti ictimai hərəkat nəzəriyyəsindən xəbərsiz idi. Avropada mühacirlərə qarşı müharibələrarası illərin dəhşətlərini xatırladan zorakılıqda da bunu bir daha müşahidə etdik. Bunu ən qabarıq şəkildə isə əsrin əvvəlindən bəri Əl-Qaidə və digər islamçı hərəkatların militantizminə verilən reaksiyalarda görürük.

Lakin bunlar ictimai hərəkatların daha fundamental xüsusiyyətlərinin ifrat versiyalarıdır. Aşırılıq və ya ifratlıq mənaca dramatik şişirdilmədir və bütün ictimai hərəkatlarda rast gəlinir. Məhrumiyyət isə ümumi məqsədlərin xüsusi formasıdır, bütün hərəkatlar onu açıqlayırlar, zorakılıq kollektiv meydanoxumanın kəskinləşmiş formasıdır. Bu isə fəalların niyyətindən çox polislə ictimai qarşıdurmaların məhsuludur. Sosial hərəkatları ifratçılığın, zorakılığın və məhrumiyyətin ifadəsi kimi təyin etməkdənsə, onları elita, rəqiblər və hakimiyyət orqanları ilə davamlı qarşılıqlı əlaqədə ümumi məqsədlərə və sosial həmrəyliyə əsaslanan kollektiv meydanoxuma kimi təyin etmək daha yaxşıdır. Bu tərif dörd təcrübi xüsusiyyətə malikdir: Kollektive meydanoxuma, ümumi hədəf, ictimai həmrəylik və davamlı qarşılıqlı əlaqə.

Kollektiv Meydanoxumalar

Kollektiv fəaliyyətin bir çox formaları var: seçki və maraq qruplarına aidlikdən binqo yarışları və futbol oyunlarına qədər. Lakin bunlar ictimai hərəkatlar mahiyyətində olan fəaliyyət formaları deyil. Hərəkatlar xarakterik olaraq elitalar, hakimiyyət orqanları və digər qruplara və ya mədəni kodekslərə qarşı birbaşa pozucu fəaliyyət yolu ilə çəkişməçi meydanoxumaya başlayırlar. Çox zaman mahiyyətcə ictimai olsa da, pozuculuq bəzən tənzimlənmiş şəxsi müqavimət və ya yeni dəyərlərin kollektiv şəkildə təsdiqi şəklində də ola bilir.

Çəkişməçi kollektiv meydanoxuma daha çox başqalarının fəaliyyətinə qarşı pozuculuq etmək, maneə törətmək və ya qeyri-müəyyən şəraitə səbəb olmaqla seçilir. Lakin xüsusilə açıq etirazın repressiya oluna biləcəyi diktator/avtoritar sistemlərdə onlar həmçinin şüarlar, geyim və ya musiqi formaları, qraffiti, yeni və ya fərqli simvollarla tanış əşyaların adının dəyişdirilməsi ilə simvollaşdırıla bilər. İnsanlar hətta demokratik dövlətlərdə belə kollektiv məqsədlərini ifadə etmək üçün istifadə olunan sözlər, geyim formaları və ya müraciət formaları, özəl davranışlar vasitəsilə hərəkatlarla identifikasiya olunurlar.

Çəkişmə ictimai hərəkatlarla məhdudlaşmır, ancaq çəkişmə digər oyunçularla qarşılıqlı əlaqənin ən xarakterik yoludur. Maraq qrupları bəzən siyasi partiyalar, könüllü birliklər və başqalarına qarşı iddiaların müvəqqəti üst-üstə düşüyü zaman və başqa heç bir ortaqlığı olmayan adi vətəndaş qrupları kimi birbaşa çağırışlarla məşğul olurlar. Həmçinin kollektiv çəkişmələr hərəkatlarda gördüyümüz yeganə fəaliyyət forması deyil. Hərəkatlar – xüsusilə də təşkilatlanmış hərəkat – üzvlərə “seçimli təşviqlər” verməkdən tutmuş hazırkı və ya gələcək tərəfdarlar arasında icma yaradılması, lobbiçilik və rəsmilərlə danışıqlar, yeni dini və ya şəxsi təcrübələr vasitəsilə mədəni kodekslərə etiraz etməyə kimi müxtəlif fəaliyyətlərlə məşğul olur.

Son onilliklərdə, maraq qrupları və digərləri getdikcə çəkişməçi siyasətlə məşğul olduqları kimi, hərəkat liderləri də çəkişmə ilə iştirak etməyi institutlarda birləşdirə bildilər. Səhiyyə barədə müzakirələrin 2009-2010-cu illərdə Amerika siyasətini necə sarsıtdığını düşünün. Konqres debatlarındakı nitqlər və güclü Vaşinqton lobbilərinin maliyyə dəstəyi ilə bu mövzunun üstünlük təşkil etməsinə baxmayaraq, ictimaiyyətin çoxu bunu “Çay qonaqlıqları” – Amerika İnqilabına təsir buraxan “Boston Çay qonaqlığını”nı təqlid edərək – və islahatları dəstəkləyən Konqres üzvlərinə qarşı yaxşı təşkil edilmiş çağırışların təşkil edildiyi “şəhər yığıncaqları” kimi gördülər.

Lobbiçilik, hüquqi meydanoxumalar, toplumla əlaqələrdə artan inkişafa baxmayaraq çəkişməçi meydanoxuma sosial hərəkatların ən seçilən özəlliyi olaraq qalır. Bunun səbəbi hərəkat liderlərinin psixoloji olaraq zorakılığa meyilli olması deyil, onların maraq qruplarının və partiyaların nəzarət etdiyi sabit resurslara:  pul, təşkilat və dövlətə çıxışının olmamasıdır. Onlar sadəcə seçki dairələrinə müraciət edərkən və iddialar irəli sürərkən çəkişmə hərəkatların nəzarət etdiyi yeganə mənbə ola bilər. Hərəkatlar tərəfdarların mərkəz nöqtəsi olmaq, rəqiblərin və üçüncü tərəflərin diqqətini cəlb etmək və təmsil etməkdən ötrü seçki dairələri yaratmaq üçün kollektiv çağırışlardan istifadə edir.

Ortaq Hədəflər

İnsanların ictimai hərəkatlara özlərini bağlı bilmə səbəbləri haqqında indiyə qədər bir çox fikirlər önə sürülmüşdür. Bəzi hərəkatların oyun və karnaval ruhu ilə, ya kütlənin qəzəbli çılğınlığı ilə ortaya çıxdığı qeyd olunsa da, insanların hərəkatlarda birləşməsinin daha çox ciddi səbəbi var: rəqiblərə, yəni: rəsmilər və ya elitaya qarşı ümumi iddialar irəli sürmək. Bu cür münaqişələrin heç də hamısı sinfi maraqlar əsasında yaranmır, onların ümumi hərəkatlarının əsasını ümumi və ya üst-üstə düşən maraqlar və dəyərlər təşkil edir.

Həm “əyləncə və oyunlar”, həm də qəzəbli mafialar nəzəriyyələri yaxşı silahlanmış hakimiyyət orqanlarına qarşı birgə hərəkət etmənin risk və ziyanlarını görməzdən gəlir. Roma İmperiyasına meydan oxuyan üsyançı qullar müəyyən risk götürmüşdülər və məğlub olduqları zaman ölümlə üzləşdilər; Katolik Kilsəsinə qarşı Protestant islahatını başladan müxaliflər də oxşar riskləri gözə aldılar. Amerikanın cənubunda ayrıseçkilik mahiyyəti daşıyan nahar piştaxtalarında əyləşən Afro-amerikalı kollec tələbələri də onları beysbol ağacı ilə döyüb təhqir edən quldurlarla əyləncəli an keçirəcəklərini gözləmirdilər. İnsanlar çəkişməçi siyasətlə məşğul olmaq üçün öz varlıqlarını riskə atmır və ya vaxtlarını qurban vermirlər, təbii ki, əgər bunun üçün yaxşı səbəbləri yoxdursa. İnsanları risk götürməyə yönəltmək və çəkişməçi siyasətin xərclərini ödəməyə sövq etmək üçün ümumi məqsəd tələb olunur.

İctimai Həmrəylik

Beləliklə, ictimai hərəkatların ən ümumi məxrəci “maraq”dır, lakin maraq müşahidəçiyə zahirən obyektiv görünən kateqoriyadan başqa bir şey deyil. Hərəkat potensialını hərəkət keçirən isə tərəflərin öz ortaq maraqlarını “tanımaları”dır. Hərakat liderləri ortaq fikirləri səfərbər etməklə ona təkan verməkdə də vacib rol oynayırlar. Lakin liderlər yalnız köklü həmrəylik və ya kimlik hisslərinə toxunduqda və onları genişləndirdikdə ictimai hərəkat yarada bilərlər. Demək olar ki, buna görə keçmişdə hərəkatlarda millətçilik və etnik mənsubiyyət və ya dinin sosial siniflərin kateqorik zəruriyyətindən daha etibarlı təşkilati əsasları olmuşdur.

Təcrid olunmuş çəkişməçi bir insident – məsələn, iğtişaş və ya özbaşnalıq – ictimai hərəkatdırmı? Adətən, yox, çünki bu çəkişmə formalarının iştirakçıları müvəqqəti həmrəyliyə malik olurlar və rəqiblərinə qarşı meydanoxumalarına davam edə bilmirlər. Ancaq bəzən hətta iğtişaşlar da ümumi məqsəd və ya həmrəyliyin işarə edən ipucularını verirlər. 1960-cı illərdə Amerikanın hər yerində və ya 1992-ci ildə Los-Ancelesdə getto iğtişaşları özlüyündə hərəkat sayılmazlar, lakin onların polis zorakılığı ilə başlaması geniş yayılmış ədalətsizlik hissindən yarandıqlarını göstərirdi. Kütlələr, iğtişaşlar və kortəbii toplaşmalar hərəkatın özündən daha çox hərəkatın formalaşma prosesinin göstəricisidir.

Davamlı çəkişmə

Mütəşəkkil hərəkatlar başlamazdan çox əvvəl, çəkişməçi siyasət qida iğtişaşlarından və vergi üsyanlarından tutmuş dini müharibələr və inqilablara qədər müxtəlif formalar aldı. Yalnız antaqonistlərə qarşı kollektiv fəaliyyətin davam etdirilməsi ilə çəkişmə özlüyündə ictimai hərəkata çevrilir. Ümumi məqsədlər, kollektiv kimliklər və müəyyən edilə bilən problemlər hərəkatlara bunu etməyə kömək edir; lakin onlar öz çağırışlarını davam etdirə bilməsələr, hərəkatlar Ceyms Skottun “müqavimət” adlandırdığı fərdi incikliyə, savadlı və ya məzhəbi firqələrə çevriləcək və ya onların üzvləri aktivlikdən ayrılaraq təcrid vəziyyətinə düşəcəklər. Güclü rəqiblərlə qarşılıqlı əlaqədə kollektiv fəaliyyətin davam etdirilməsi ictimai hərəkatı tarixdə ondan əvvəl yaranmış və bu gün onu müşayiət edən əvvəlki çəkişmə formalarından ayırır.

Lakin hərəkatlar nadir hallarda tək bir liderin və ya təşkilatın nəzarəti altında olur; şəxsi qorxu və ya eqoizm, sosial nizamsızlıq və dövlət repressiyası qarşısında kollektiv çağırışları necə qorumaq və davam etdirmək olar? Bu, son bir neçə onillikdə kollektiv fəaliyyət nəzəriyyəçilərini və ictimai hərəkat alimlərini düşündürən və ardınca canlandıran dilemmadır. Mənim ən güclü arqumentim o olardı ki, kollektiv iddiaları olan insanlara yeni çəkişmə mərhələlərini işə salmaq üçün ən vacib stimulları yaradan ictimai siyasi fürsətlər və məhdudiyyətlərdəki dəyişikliklərdir. Bu isə öz növbəsində həm üsyançılar, həm də sonra hərəkata qoşulanlara, sonda isə rəqiblər və güc sahibləri üçün yeni fürsətlər yaradır. Nəticədə yaranan çəkişmə dövrləri – və nadir hallarda, inqilablar –  bu oyunçuların faydalandıqları və ya yaratdıqları kənar təsirlərə əsaslanır. Bu cür çəkişmə dalğalarının nəticələri hərəkatın qayəsinin ədalətliliyi və ya hansısa hərəkatın qaneetmə gücündən deyil, bəlkə hərəkatların genişliyi və elitalar və digər qrupların reaksiyalarından asılıdır.

“Obyektiv” fürsətlərin insanların nə düşünməsindən və hiss etməsindən asılı olmayaraq, avtomatik olaraq çəkişməçi siyasət və ya ictimai hərəkat mərhələlərinə səbəb olduğunu iddia etmirəm. Fərdlər siyasi fürsətləri dərk etməli və ehtimal ki, riskli və əlbəttə ki, baha başa gələn kollektiv hərəkatlarda iştiraka sövq ediləcəksə, öz iddiaları ilə emosional şəkildə məşğul olmalıdırlar; və bu cür hərəkətlər etməkdən çəkinəcəklərsə, məhdudiyyətləri dərk etməlidirlər. Deməliyəm ki, fərdlər çox vaxt fürsətlərin mövcud olduğunu və ya məhdudiyyətlərin aradan qalxdığını dəyərləndirməkdə gecikirlər. Bu öz növbəsində, təşəbbüskarların və ya fürsətləri dəyərləndirən, başqalarına əlverişli fürsətlərin olduğunu göstərən and çəkişməçiliyi tətikləyən fərdlər və qrupların önəmli rolunu izah etməyə yardımçı olur. Bu həmçinin bir çox hərəkatların niyə faciəvi şəkildə uğursuzluğa düçar olduğunu izah edir – çünki o hərəkatların liderləri zəif ya da əldən getmiş fürsətləri qavrayırlar.

Qaynaq: Power in Movement, Sidney Tarrow

Paylaş.

Müəllif haqqında

Sidney Tarrow

Şərhlər bağlıdır.