Türkcə adlara qadağa: Alparslan adına şəxsiyyət vəsiqəsi verilmir

Google+ Pinterest LinkedIn Tumblr +

Güney Azərbaycanda övladına türk adı qoyan bir ailə onun üçün dövlətdən şəxsiyyət vəsiqəsi ala bilmir. Alparslan noyabrın 11-də anadan olsa da qeydiyyat idarəsi hələ də ona şəxsiyyət vəsiqəsi vermir. Uşağın atası Mustafa Əvəzpur bildirib ki qeydiyyatda olmayan uşağı peyvənd etdirmək mümkün deyil. O həm də rəsmi qeydiyyatları olmadığı üçün uşağın bəzi xəstəliklərinin də müalicəsinin də dövlət tərəfindən qarşılanmadığını deyib.Güneydə türkcə adlarla bağlı olan mübahisələr illərdir davam edir. Burada iş yalnız insan adları ilə bitmir. Bundan bir neçə müddət əvvəl Tehran polis qüvvələrinin komandanı Nadir Muradi Tehranda xidmət sahələrinə aid olan obyektlərə (dükan, kafe, restoran) türkcə ad qoyulmasının qadağan olduğunu bildirmişdi. Bu bəyanatı böyük reaksiyaya səbəb olduğu üçün Nadir Muradi sonradan bu fikrindən geri çəkilərək belə bir söz demədiyini iddia etdi.

Bundan qabaq Ümumi Mədəniyyət Şurasının müdiri olan Məcid İmami iranlı uşaqlara qırğızca və monqolca adların qoyulmasının  təhlükə olduğunu deyib. O, insanların qeyri irani ad seçib sonradan qeydiyyat idarəsindən sənəd ala bilməyib məhkəməyə getdiklərini deyib. Hələ də ölkədə islami və irani adların üstün olduğunu bildirərək qırğızca , monqolca və avropa adlarının çoxalmasının təhlükə olduğunu deyib.

Son illər İranda övladına türkcə ad qoyanların sayı artıb. Bir çox azərbaycanlı valideyn qeydiyyat idarəsinin türkcə adlara qarşı münasibətinə baxmayaraq mübarizə aparır, məhkəmə yolu ilə də olsa, illər keçsə də övladlarına sənəd ala bilirlər. Hər bir halda çətinliklərə baxmayaraq türkcə ad qoyanların sayı günü gündən artır.

İranda türklərin sayı çox olsa da İran bir dövlət kimi türkləri İranın bir parçası kimi qəbul etməyərək onları iranlı kimi tanımır. Onlar iranlı dedikdə yalnız fars etnik kimliyinə mənsub insanları və fars tarixi və mədəniyyətini nəzərdə tuturlar.

Türkcə ad seçmək bir mədəni dirəniş yolu kimi

Güney Azərbaycanda valideynlərin övladlarına türkcə adlar seçməsi və qeydiyat idarəsinin buna qarşı çıxması uzun illərdir təkrarlanır.  İranda Qeydiyyat İdarəsinin hazırladığı adlar siyahısı var. Və valideynlər də gərək uşaqlarına bu siyahıdan ad seçsinlər. Bu siyahıda bəzi türkcə adlar da var. Lakin əgər kimsə bu adlardan başqa türkcə ad qoymaq istəyirsə onun bu istəyini Tehranda olan bir heyət dəyərləndirməlidir. Valideynlərin bu istəyi təmin edilmədikdə isə iki yol qalır: dirənmək və ya təslim olmaq.

Bu siyahıdan kənar türkcə ad seçən və mübarizə aparan bir çox ailə var. Onların arasına illərlə sənəd ala bilməyənlər də var. Onlardan biri də Makıda yaşayan Oğuzdur.

Oğuz Makıda yaşayan milli fəal Sadıq Feyzullahnejadın oğludur. Onun adı məlum siyahıda olmadığı üçün baxılması üçün heyətə göndərilib. Onlar da öz növbələrində valideynlərin istəyini təmin etməyiblər. Lakin Sadıq bəy yolundan dönməyib və illərlə oğlunun sənədini almaq üçün çalışıb. Düz 6 il sonra Oğuz öz adı ilə rəsmi qeydiyyata düşərək sənəd ala bilib. Sənədi alana qədər isə o, 6 il sənədsiz yaşayıb.

Oğuzun balaca qardaşı Manas da eyni taleyi bölüşür. Ona da öz adına görə hələ də vəsiqə verilmir. Manasın artıq 2 yaşı olacaq.

Bir başqa nümunə Ərdəbildə yaşayan Ayılın hekayəsidir. Milli fəal və müğənni Səccad Colanı qızı Ayılın şəxsiyət vəsiqqəsini yalnız 9 ay sonra ala bilib. O Ərdəbil qeydiyyat idarəsinin qabağında çəkdiyi bir videoda Ayıl adının təsdiqlənməsi üçün Tehranda 3 ədəbiyyatçının qərar verməsinin diktatorluğun və mərkəzçiliyin nəticəsi olduğunu bildirmişdi. Onun çəkdiyi etiraz videosu geniş yayılaraq böyük etirazlara səbəb olmuşdu.

Bu hadisə cəmiyyətdə reaksiyalara səbəb oldu. İnsanlar sosial mediada və küçələrdə etirazlarını dilə gətirdilər. Sosial mediada başlayan kampaniyada insanlar valideynin uşağa ad seçməyini onların təbii haqqı olduğunu müdafiə edirdilər. Sonradan Ərdəbildə divarlarda “Uşaqların kimliyini qoruyun”, “Hökumətin övladıma ad seçmək haqqı yoxdur” kimi şüarlar yazılıb.

Həmin vaxt məlum oldu ki eyni dövrdə Ayıl kimi bir neçə uşaq da öz türkcə adına görə vəsiqə ala bilmirlər. Bu adların içində Anar, Yağış, Manas, Sevgi, Atakan və Huntay adları da var. Bu isə bu mövzuda bir çox valideynin mübarizə apardığını bildirir.

Güney Azərbaycanda yeni doğulan uşaqlara türkcə ad seçmək mədəni bir dirəniş kimi davam edir.

Dirəniş nəticəsində

Hazırda Güney Azərbaycanda türkcə adlar ən çox sevilən adlara çevrilib. Makılı Sadıq Feyzullahnijad indi qohumlarında da yeni doğulan uşaqlara türkcə adlar qoyulduğunu deyib. Araz, Aytək, Babək, Sevda, Sevil və Ayxan kimi adlar ən çox sevilən türkcə adlardır.

Şərqi Azərbaycan Qeydiyat İdarəsinin müdiri Əhməd Cudi deyib ki, Şərqi Azərbaycan vilayətində adların 40 faizi türkcədir. Daha sonra əlavə edib ki bir çox ad qeydiyat idarəsinin siyahısında əvvəlcə olmayıb, sonradan artırılıb. O həm də deyib ki hər il bu siyahıya bir neçə yeni ad da əlavə edilir. Lakin bu əlavələri də ad komitəsi təsdiqləyir.

Uşaqlara türkcə ad seçmək dirənişi gözlənilən nəticəyə çatıb. Hazırda Rza şah dövründən başlanan və bu günədək davam edən eksklüziv millətçilik qeyri-farslar tərəfindən qəbul edilməməkdədir. Türkcə yer adlarına dözə bilməyən hökumət hazırda geniş şəkildə yayılan türkcə insan adlarını çətinliklə də olsa qəbul etməli olub.

Ümumi Mədəniyyət İdarəsinin müdirinin mənasız gördüyü “qırğızca və monqolca” olan adlar, əslində Güney Azərbaycan və başqa türk yurdlarında yerli və mənalı adlardır Və türkcə olan həmin adların sayı günü gündən artır.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.