Sosiologiya Nədir?

Google+ Pinterest LinkedIn Tumblr +

Sosiologiya, Latıncada cəmiyyət anlamına gələn Socius və Yunancada məlumat anlamına gələn Logos’dan təşkil olunub. Kəlmə anlamı sosial bilgi deməkdir və ümumiyyətlə cəmiyyəti araşdırır.

Sosiologiya; sosial qrupları, qurumları, təşkilatları və təşkilatlararası əlaqələri, hadisələri, sosial əlaqələri, dəyişiklikləri və inkişaf proseslərinin səbəb-nəticəsini tədqiq etmək üçün elmi metodlardan istifadə edən sosial elmdir. Sosiologiya cəmiyyətin ümumi qanunlarını, sosial davranış tərzlərini öyrənməyə çalışır. Sosiologiya cəmiyyəti bir bütöv olaraq araşdırır.

Sosiologiya bir elm kimi yaranarkən, 16-cı əsrdən bəri inkişaf edən təbiət elmlərindən və fəlsəfi düşüncədən, 18-ci əsrdə isə sənaye inqilabından və 1789-cu ildə Fransa İnqilabından təsirlənmişdir. Sənaye İnqilabı və 1789 Fransa İnqilabı daha təsirli olmuşlar. Sənaye İnqilabı ilə Avropada dərin, köklü və sürətli sosial və iqtisadi dəyişikliklər meydana gəldi. Şəhərlər və fəhlə sinfi ortaya çıxdı. Fransız İnqilabı Avropanın siyasi və sosial strukturuna böyük təsir göstərdi. Sənaye inqilabından sonra ortaya çıxan sosial böhran Fransa İnqilabından sonra daha da artdı və bu da cəmiyyətin araşdırılmasını tələb etdi. Bundan başqa, intellektual alimlərin varlığı və düşüncənin azad mühiti sosiologiyanın doğulmasına təsir göstərdi. Sosiologiyanın doğulmasında təsiri olan alimlər, A. Comte, E. Durkheim, Le Play, K. Marx və M. Weberdir. Sosiologiyanın təsisçisi Avqust Comtedir. Emil Durkheim isə sosiologiyanın mövzusunu və üsulunu (metodunu) müəyyən edərək sosiologiyanın bir disiplin kimi qurulmasında təsirli oldu.

Ancaq sosiologiya metodu yüzlərlə il əvvəl də istifadə edilmişdi. İbn Xəldun (1332-1406) Müqəddəmə adlı kitabında yeni bir elm yaratmaq istədiyini və bunda uğurlu olduğunu ifadə edir. O, bu elmə “Mədəniyyət” adını verdi. Bu yeni elmin incələyəcəyi mövzular ictimai həyat və təşkilatlardır.

Sosiologiya fərdi problemlərlə məşğul olmaz, çünki onun mövzusu sosial hadisələr və faktlardır. Sosial hadisələrin və faktların ortaq nöqtələrindən hərəkət edərək ümumi mövzulara çatır. İctimai hadisələrin çoxtərəfli və çoxfaktorlu bir şəkildə ələ alaraq səbəb-nəticə əlaqələrini (determinizm) araşdırır. Sosiologiya ictimai hadisələri, ümumi faktları və cəmiyyəti bütövlükdə analiz edir. O, lazım olanı deyil, mövcud olanı olduğu kimi araşdırır. Yəni tərəfsiz olmağa çalışır.

Sosiologiya cəmiyyətin necə dəyişdiyini, tarixi olaraq necə inkişaf etdiyini və bu proseslərini incələyən elmdir. Sosiologiyanın bizə qazandırdığı bilgi sayəsində cəmiyyətdə görünənin arxasındakını görüb anlayıb və şərh edirik. Habelə, Sosiologiya ilə cəmiyyət içində bilsək də bilməsək də sosial rollarımızı və statularımızı öyrənirik.

Sosiologiya cəmiyyətlərin eyni olmadığını bildiyi üçün bütün cəmiyyətlərə tətbiq edəcək universal prinsiplər müəyyən etməz. Ən yaxşı cəmiyyət modelini (ideal cəmiyyət və ya utopiya) ortaya qoymaq istəməz. Çünki sosiologiya normativ (qayda qoyucu) bir elm deyildir. Yəni sosiologiya cəmiyyəti və cəmiyyət içindəki əlaqələri obyektiv və elmi olaraq tədqiq edən pozitiv bir elmdir. Tənqidi düşüncənin də meyarı olan obyektivlik, sosioloqun duyğu-düşüncə və təəssüratını kənara buraxması deməkdir.

İlk sosioloqlar yaşadıqları cəmiyyətlərin mənalı bir varlıq olduğunu ortaya qoymaq istəyirdilər. Onlar öz cəmiyətlərinin və o zamanki hadisələrini şərh etməkdən başqa çox şeylər də istəyirdilər. Daha da önəmlisi, sosial dünyanın incələnməsində ümumiyyətlə cəmiyyətin necə işlədiyini izah edə biləcək yolları araşdırdılar. Buna baxmayaraq, Durkheim, Marks və Weber sosial dünyanın təhlili üçün çox müxtəlif yanaşmalara sahibdirlər. Məsələn, Durkheim və Marks fərdlərin xaricindəki qüvvələrə önəm verirkən, Weber fərdlərin xarici dünyadakı yaradıcılıq qabiliyyətlərini çıxış nöqtəsi kimi qəbul edirdi.
Marx iqtisadi problemlərin prioritetinə baxarkən, Weber iqtisadiyyatdan başqa digər önəmli amillər ilə maraqlanırdı. Weber Tarixin materialist təfsirini və sinif mübarizəsini rədd etdi. O iqtisadi amillərin əhəmiyyətini qəbul edir amma düşüncə və inancın da sosial dəyişikliyə təsirini göstərməyə çalışıbdır. Bu yanaşmalardaki fərqlər sosiologiya tarixində davam etmişdir.

Əsasən Comte, Marks, Durkheim və Weberin düşüncələri əsasında formalaşan sosiologiya üç perspektivlə izah edilə bilər: Funksionalizm, toqquşma (conflict) və simvolik etkiləşimçilik(symbolic interactionism).

Son olaraq klassik sosiologiya daha çox anomi, bürokratiya, pozitivizm, sinif, ictimai həmrəylik kimi mövzularla maraqlanarkən, müasir sosiologiya feminizm, elm sosiologiyası, dil, tənqid, etnometodologiya, hegemonluq, şəhər, yoxsulluq, paradiqmalar, dünyəvilik, istehlak kimi məsələləri incələyir. Postmodern sosioloqlar isə informasiya cəmiyyəti, mədəniyyət tədqiqi, qloballaşma, legitimlik böhranı, risk cəmiyyəti, sənaye sonrası cəmiyyəti, simulyasiya və diskurs(söyləm) kimi mövuzlarla maraqlanır.

Paylaş.

Müəllif haqqında

Bilal Hatəmi

Bilal Hatəmi (1983), Təbrizdə Sosiologiya üzrə bakalavr təhsilini bitirdikdən sonra Türkiyəyə mühacirət edib Hacettepe Universitetində Sosiologiya üzrə magistr dərəcəsi almışdır. Eskişehir Anadolu Universitetinin Tarix Bölümündə Ph.D. öyrəncisi kimi təhsilə davam edir. Avrasiya Universitetində Sosiologiya müəllimi kimi çalışır. Siyasət Sosiologiyası, Tarix Sosiologiyası, Kültür, Kimlik, Sosial Siyasət kimi sahələrlə maraqlanır.

Şərhlər bağlıdır.