Təbrizin nəfəsi kəsilib: Elektrik stansiyası mazut yandırır

Google+ Pinterest LinkedIn Tumblr +

Təbrizin havası bir günlərdir ki həssas qruplara aid insanlar üçün dözülməz olub. Buna səbəb isə Təbriz İstilik Elektrik Stansiyasının mazut yandırmasıdır. TİES-nın əsas yanacağı qaz olsa da Milli Qaz Şirkətinin stansiyaya gələn qazı kəsməsi onların mazutdan istifadə etməsinə səbəb olub. Bu isə havanın çirklənməsi ilə nəticələnir.

Belə bir hadisə keçən il də baş verib. Onda “Bitcoin” istehsalına görə yaranmış elektrik çatışmazlığı mazutdan istifadəyə səbəb olmuşdu. Bu isə hava çirkləndirdiyi üçün insanların da narazılığına yol açıb.

15 noyabrdan etibarən mazut yandıran Təbriz İstilik Elektrik Stansiyası havanı çirkləndirməsinə eləcə də insanların narazılığına baxmayaraq buna davam edib. Ən son xəbərlərə görə Noyabrın 25-də Təbrizin havası bir daha dözülə biləcək hala gəlib.

Verilən əmr ləğv edilməlidir

Təbriz millət vəkili Mütəfəkkir Azad Milli Qaz Şirkətinin qərarına etiraz edib. O bildirib ki, verilən bu qərara əsasən yalnız iki stansiyanın Təbriz və Səhənd stansiyalarının qazı kəsilib. Qazı kəsilən hər iki stansiyanın Təbriz yaxınlığında olması isə bu qərarın qəribə olduğunu göstərir.

Ruhulla Mütəfəkkir Azad Təbriz İstilik Stansiyasının qazının kəsilməsinin gündə 1 milyon 800 min litr mazutun yanmasına səbəb olduğunu bildirib. Bu isə hər gün 350 ton kükürdün atmosferə atılması deməkdir. Deməli keçən 10 gün ərzində Təbriz stansiyası 3 min 500 ton kükürdü atmosferə buraxıb.

Təbriz millət vəkili Mütəfəkkir Azad Neft Nazirliyindən Milli Qaz Şirkətinin əmrini ləğv etməsini istəyib. O həm də Təbriz əhalisin az qaz işlətməsinə görə alqışa layiq olduğu halda belə cəzalandırılmasının haqsızlıq olduğunu deyib.

Milli Qaz Şirkəti hər il soyuq fəsildə qaz məsrəfini azaltmaq üçün stansiyaların kvotasını kəsirdi. Lakin bu il şirkət qazı daha tez kəsib ​ və stansiyanın mazut yandırması digər illərə nisbətən daha tez başlayıb.

Mazut kimi ziyanlı yanacaq yalnız Təbrizdə azaddır

Təbriz cümə imamı da etiraz edənlərə qatılıb. O necə olur ki Tehran, Kərəc və İsfahan kimi şəhərlərdə stansiyaların mazut yandırmasına icazə verilmir, ancaq Təbrizdə buna icazə verilir deyib. Ayətullah Ali-Haşim Təbriz əhalisinin Enerji Nazirliyindən narazı olduqlarını, məsələnin tez həll olunmasının vacibliyini bildirib.

Şərqi Azərbaycanda ali rəhbərin nümayəndəsi olan Ali-Haşim Təbrizi Tehran və İsfahan kimi şəhərlərlə müqayisə edərək ayrıseçkiliyə işarə edərək çıxış edib.

15 noyabr tarixindən bu günədək təxminən hər gün Təbrizin havası yalnız həssas quruplara ziyanlı idisə, 21 noyabr tarixində havanın keyfiyyət indeksi 153 olub və bu göstərici təkcə həssas qruplar üçün yox bütün insanlar üçün ziyanlıdır. ​

23 noyabrda Şərqi Azərbaycan valisi Təbriz stansiyası üçün qaz kvotası ayrıldığını bildirib. Yeni kvota Heris stansiyasından Təbriz stansiyasına çəkiləcək. Hava keyfiyyəti göstəricisi (AQI) 0-dan 50-dək yaxşı, 51-dən 100-dək orta, 101-dən 150-dək həssas qrupa aid insanlar üçün təhlükəli, 150-dən çox olarsa havanın bütün insanlara ziyanlı olduğunu göstərir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.