Uşaqsaldırma və Amerikanın ikiüzlülüyü

Google+ Pinterest LinkedIn Tumblr +

Son günlər xəbərlərdə ABŞ-da qadınların öz bədənləri ilə bağlı hüquqlarını qorumağa çalışdıqlarını görürük. Qadınlar küçələrə çıxıb “Roe v. Wade” qanunu ilə bağlı, Ali Məhkəmənin gözlənilən qərarına etiraz edirlər. Gəlin, “Roe v. Wade” qanunun nə olduğunu və ləğv edildiyi təqdirdə bunun Amerikadaki qadınları insan hüquqlarından necə məhrum edəcəyi haqqında danışaq.

“Roe v. Wade” 1973-cü ildə hamiləliyin birinci trimestrində uşaqsaldırma hüququnu qoruyan qərardır. Amerika federal bir hökumət olduğuna görə və bu qərar Amerika torpaqları üzərindəki ən yüksək məhkəmə olan Ali Məhkəmə (Supreme Court) tərəfindən verildiyi üçün bu qərar bütün Amerika əyalətlərinə məcburi təsir göstərir. Bu qanun 7-2 səsi ilə qəbul edilib və Amerikadakı bütün aşağı məhkəmələr bu qərara tabe olmalıdırlar.

Abort (uşaqsalma, balasalma, uşaqsaldırma) hamiləliyə son verən tibbi prosedurdur. Bu, milyonlarla qadın, qız və hamilə qala biləcək digər insanlar üçün əsas bir sağlamlıq ehtiyacıdır. Təcrübəli tibb işçisi tərəfindən təmiz və sanitar şəraitdə həyata keçirildikdə, uşaqsaldırma mövcud olan ən təhlükəsiz tibbi prosedurlardan biridir. Qeyd etmək lazımdır ki uşaqsalma prosedurlarının çoxunda, ortada bir uşaq yoxdur.

Bu prosedurlar statistik olaraq ən çox birinci trimestrdə, sonra isə əsasən ikinci trimestrdə olur. Qadın bədənindəki dölün (fetus) və eləcə də öz bədəninin sahibidir. Və uşaq dölü ilə bağlı qərar vermək qadının insani, reproduktiv və fiziki hüququdur. Necə ki sağlam qidalanma və idman ilə bədənimizi qoruya bilmək, bədənimizi döymə və ya plastik əməliyyatla dəyişdirmə haqqımız var, və hətta siqaret, içki və ya fast fud kimi yemək vasitələri ilə bədənimizə zərər vermək haqqımız var, burada qadınların öz bədənləri ilə bağlı istənilən qərarı vermək hüququ olmalıdır.

Üçüncü trimestrdə abortlar çox vaxt yalnız ana üçün risk olduqda edilir. Çünkü, hələ doğulmamış və ya varlığını dərk etməyən bir canlıdansa, yaşayan, şüurlu insanı qorumaq hökumətin və həkimin vəzifəsidir. Bu, hökumətə güc verən sosial müqavilənin bir hissəsidir.

Bundan əlavə abort bir sosial ədalət məsələsidir. Uşaq saldırma qanuni olmayanda, bu prosesi dayandırmır, tam əksinə onu ölüm-qalım məsələsi edir. Beynəlxalq Amnistiya Təşkilatının hesablamalarına görə, hər il 25 milyon təhlükəli abort edilir. Hökumətlər qadınların bu hüququnu əlindən alanda, insanlar gizli, təhlükəli abortlara baş vururlar. Xüsusilə də gənc qızlar, səyahət edə bilməyənlər, kasıblar və azlıqlar bundan ən çox təsirlənirlər. ABŞ-da bu o deməkdir ki, ağdərili qadınların hələ də təhlükəsiz abort etmək imkanı olacaq çünki ağ qadınlar ekonomik və sosial cəhətdən daha yaxşı vəziyyətdədirlər. Ancaq rəngli qadınlar, yerli qadınlar, immiqrant qadınlar, və əlil qadınlar üçün bu ya zorla hamiləlik, ya da professional olmayan, təmiz olmayan, bir yeraltı mamaça tərəfindən ediləcək olan yüksək riskli və uzun həbs cəzası təhlükəsi olan bu prosedur arasında qərar verməyə məcbur qalacaqlar.

Birləşmiş Ştatlarda bunu dəstəkləyən insanlar varlı, xristian, mühafizəkar icmalardır və onlar öz fərdi fikirlərini plural cəmiyyətə qəbul etdirməyə çalışırlar. Ali Məhkəmənin üzvlərinə nəzərə salsaq, qadınlar üçün qərar verən bir ovuc kişidir (6 kişi, 3 qadın). Bu qadınların hamısı ağ dərilidir və onlardan, Amy Coney Barrett-in sağ, xristian, və ağ üstünlükçü (white supremacist) qruplarla çox yaxşı əlaqələri var.

Burada gördüyümüz Birləşmiş Ştatlar hökumətinin ikiüzlülüyüdür. “Covid” dövrü boyunca, Amerika hökuməti maskalar taxmaq və Covid peyvəndi olmaq haqqında danışarkən, insanlara “mənim bədənim, mənim hüquqlarım” deməyə icazə verdi. Lakin indi, axmaq və qeyri-elmi bir mandatın icrasına imkan verir, ki bu baxış cəmiyyətin kiçik bir qisminin dini baxışlarına əsaslanır. İmkanlı qadınlara surroqat analıq icazəsini verir, ancaq təcavüzə uğrayan 18 yaşında bir qıza abort icazəsini vermir. Onlar hətta tibbi səbəblərə görə hamiləliyin dayandırılmasına da icazə vermirlər. Əgər “Roe v. Wade” qanunu götürülsə Amerikanın cənub ştatlarında, birinə təcavüz etməyin qarşılığında olan həbs cəzası, abort edənlərə qarşı tətbiq olunan həbs cəzasından daha az olacaq.

Bu qanuna qarşı olanlar həmişə bu arqumenti gətirirlər ki, siz uşağı dünyaya gətirib uşaq evinə verin. Cəmiyyətdə onları övladlığa götürəcək insanlar var. Reallığa baxanda, isə biz görürük ki, milyonlarla uşaq hələ də uşaq evlərində övladlığa götürülməyi gözləyirlər. Bundan başqa övladlığa götürülmək də həmişə yaxşı seçim yolu deyil. Bəzən biz övladlığa götürülənlərin pis ailələrə düşdüklərini, təcavüzə, psixoloji və fiziki zorakılığa məruz qaldıqlarını, sevgisiz yaşamağa məcbur olduqlarını da görürük.

Burada böyük və aşkar bir məntiq problemi var. Qadınlar aborta inanmırlarsa, aborta məcbur edilmirlər. Bu, onların fərdi hüququdur. Lakin o qadınlar ki tibbi, iqtisadi və ya sadəcə başqa bir insanın məsuliyyətini almağa hazır olmadıqları üçün abort etmək istəyirlərsə, ömürlərinin sonuna qədər bununla yaşamağa məcbur olurlar. Biz dərindən baxıb soruşmalıyıq ki, dövlət üçün qadınların bədənlərini kontrol etmək niyə bu qədər vacibdir? Qadınların öz bədənləri haqqında qərar verə bilməməsi kimə və niyə sərf edir?

Paylaş.

Müəllif haqqında

Türkan Bozkurt

Şərhlər bağlıdır.